Yazıçı Piter Reynoldsun bir romanı ilə bağlı təqvim günü

Rate this item
(0 votes)

 

15 sentyabr. Beynəlxalq nöqtə günü

 

Kitabsevərlər, hamının öz nöqtəsi olsa belə bugünkü nöqtə məhz sizin nöqtənizdir. 2009-cu ildən qeyd edilən bu əlamətdar günün tarixi ingilis yazıçısı Piter Reynoldsun “Nöqtə” kitabı ilə bağlıdır. Həmin kitabın baş qəhrəmanı Vaşti adlı bir qızdır. Şəkil çəkə bilməyən Vaşti rəsmxətt dərsində qələmi vərəqə taqqıldatmaqla nöqtələr yaradırdı, amma onun bu boşuna məşğuliyyəti nəticəsində yaranan nöqtələr müəllimin diqqətini cəlb edir, bu nöqtələr sürprizlərə və kəşflərə səbəb olur. Terri Şay adlı bir müəllimə Reynoldsun kitabından ilhamlanıb şagirdlərdə gizli istedadlar üzə çıxarandan sonra təklif verib ki, gəlin təqvimə xüsusi bir gün salaq, həmin gün istedadlar üzə çıxarılsın. Beləcə də bax bu nöqtə günü yaranıb. Özü də çox effektiv gündür, doğrudan da üzə çoxlu istedadlar çıxarılır. Bəlkə bizlər də beynəlxalq təqvimin əlamətdar günlərinin qeyd edilməsinə əməl edək, mahiyyətinə varaq ki, zərər yox, yalnız xeyir götürərik?

 

15 sentyabr, Bakının azad olunduğu gün

 

Təqvimdə elə günlər var ki, bir xalqın bütün sonrakı müqəddəratını o günlər həll edir, xalqın mövcudiyyatını təmin etmiş olur. Azərbaycan xalqı üçün də belə günlər, təbii ki, istisna deyil. Sentyabrın 15-i Bakının bolşevik-daşnak, yəni rus-erməni işğalından azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də türk oğlu türk Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməklə Azərbaycanın müstəqilliyi təmin edib, ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyub. Tarix mahiyyətcə eynidir, məzmunca nisbətən fərqlənir.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Yazılanlara görə, Bakı, Şamaxı və Quba qırğınlarından sonra gözüqıpıq qalan həmvətənlilərimiz Türk ordusu tərəfindən bolşevik-daşnak birləşməsinin burnunun ovulmasını, Bakının işğaldan azad edilməsini əsl bayram təmtəraqı ilə qeyd ediblər. İnsanlar gözlərində sevinc yaşı küçələrə axışıb xilaskarlarına tamaşa edib, onları alqışlayıblar. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə ənamlar təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.  Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə "Türk Şəhidliyi" abidəsi bu münasibətlə ucaldılıb. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, “Türk Şəhidliyi" abidəsi önündə anım mərasimi keçirilir.

 

Türkiyə Azərbaycanın ən böyük dostu, arxadaşı, güvənc yeridir. Bu gün bunun əksini düşünənlər böyük suç daşıyırlar.

 

15 sentyabr. Limfomlarla ümumdünya mübarizə günü

 

Limfom – immun sistemi hüceyrəsi şişidir, bədxassəli şiş növüdür, insanın limfa sisteminə – dalaqdan ta ki beyin iliyinə qədər böyük bir vacib əraziyə nüfuz edən bir bəladır. Limfoma bir xəstəlik deyil, 30 müxtəlif xəstəlik qrupudur. İmmun sistemi şişinin iki tipi var: Hodjkin və qeyri-Hodjkin limfomu. Hər il dünya əhalisinin hər 100000 nəfərindən 12-15 nəfəri bu xəstəliyə məruz qalır, amma vaxtında tədbir görülsə, 80 faiz insanda onun müalicəsi uğurla başa çatır. Limfomun yaranma səbəbi təbii ki, əksər digər xəstəliklərdəki kimi həyat tərzinin düzgün seçilməməsidir. Oturaq həyat, qeyri-sağlam qidalanma, stress və depressiyalar – bunlar insanı bəlaya yuvarladan əsas nəsnələrdir, Allah hamını limfomlardan qorusun!

 

15 sentyabr. Google-ın doğum günü

 

Əziz və hörmətli Quql. Bu gün sənin doğum günündür. Sən 1997-ci ilin bu günündə Stendfordda dünyaya gəlmisən. Orada təhsil alan 24 yaşlı iki tələbə - Lari Peyc və Sergey Brin səni yaratmaqla dünyanı silkələyəcək bir yeniliyə imza atıblar. Adını necə qoyublar? Axı google sözü heç bir anlam kəsb etmir. Lari seminar zamanı  riyazi termin olan googol-u hərf səhvi ilə google kimi yazıb, bunu müəllim ona irad tutub, həmin dönəmdə yeni kəşflərinə həyat vəsiqəsi verməyə hazırlaşan və ona ad axtaran dostlar üçün Larinin bu səhvi göydəndüşmə olub, onlar səni google sözü ilə adlandırıblar.

 

Sən elə bir fədakar sistemsən ki, hər bir şəxs sənin axtarış çubuğuna lazım olan sözü yazanda, həmin söz barədə məlumatlar orta hesabla 2500 kilometr məsafə qət etməklə informasiyanın araşdırılması mərkəzindən axtarış verən şəxsin hüzuruna gəlir. Bax bu cəfakeşliyinə görə sənə çox sağ ol deyir, doğum gününü təbrik edirəm. Bir tuş!

 

15 sentyabr. Bilik günü

 

Azərbaycanımızda bilik günüdür bu gün. Bizim nəsil, bizdən əvvəlkilər və bizdən sonrakılar həmişə bilik gününü 1 sentyabrda qeyd edərdik. Doğrudan da, bu qeydetmənin rəmzi mənası vardı, yay qurtardımı, yay tətili qurtardımı, haydı, məktəbə. 2004-cü ildə 1 sentyabrı 15 sentyabra niyə keçirdilər? Tutarlı bir səbəb gətirilmir. Ancaq mənim yadımdadır ki, həmin il şiddətli istilər düşmüşdü, sentyabrın əvvəllərində 40 dərəcə isti var idi, olsun ki, bu səbəbdən bilik gününün vaxtı dəyişdirildi. Budur, sentyabr əvvəlki qaydada payız ayı imicinə qayıtdı, bir baxın, havalar necə sərin, hətta deyərdim ki, soyuq keçir, amma bilik günümüz 15-i tarixinə pərçimlənərək qaldı.

 

İndi də korona işə pəl vurur, bu il sentyabrın 15-i məktəblər açılmayacaq, bilik günümüz daha bir həftə o yana – üzü oktyabra doğru atılacaq. Hər nədirsə, xeyirlisi, bayramınız mübarək, bilik verənlər və bilik alanlar!

 

15 sentyabr. ABŞ-da dördqat bayram

 

Macəra dolu Amerikanın mətbəx macəraları bitirmi, bitmir. ABŞ-da bu gün Milli pendir tostları günüdür. Narahat olmayın, holland pendirini çörəyin üstünə qoyub tosteri işə salın (tosteri olmayanlar dədə-baba qaydası ilə qazın üstünə qoyulan yumru dəmirlərdən istifadə etsinlər, onların üstündə çay, aş dəmə qoyulur, xörək qızdırılırdı), pendir tostunuz hazırdır. Amma sevinməyin, qayğılar bununla bitməz ki. Bu gün ABŞ-da nanə-çovhərli likyör günüdür həm də. Burda müsəlmançılıq məsələsini irəli sürüb “spirtli içki içmirəm” deyibən bayramdan vaz keçmək olar. Di gəl, bu gün Amerikada Linquin günüdür həm də. Linquin nədir? Biz yeyən makaronun bir qədər iri forması. Bakıda linquin tapılmaz yəqin, eyb etməz, adi makaron yeyib də məsələni həll etmiş olarıq. Amma o nə amerikalıdır ki, işdən iş çıxartmasın. Heç bu da demək, hamısı deyilmiş. Bu gün həm də Amerikada ikiqat çizburger günüymüş. Daha nə söyləyim, reklam olmasın deyə adını çəkməyəcəyəm, amma uşaqlarınızın əlindən tutub yekə M hərfi ilə paytaxtımızda bərqərar olan restoranlar şəbəkəsinə təşrif buyurmaq zorunda qalacaqsınız, ikiqat çizburgerlərdən yeyib amerikalıların və əlbəttə ki, uşaqlarınızın sevincinə sevinc qatacaqsınız.

 

15 sentyabr. Beynəlxalq Demokratiya Günü

 

Demokratiya özündə elə bir siyasi rejimi ehtiva edir ki, orada qərarlar kollektiv və kollegial şəkildə verilir, hər bir fərdin con yekun nəticəyə təsiri olur. Demokratiyanın mexanizmi xalqın öz iradəsini azad ifadə etməsində, insan azadlığının tam bərqərar olmasındadır. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlləri beynəlxalq arenada əsas trend məhz demokratiyadır. Demokratiyanın əksi isə hakimiyyətin qeyri-legitimliyi, bir əldə cəmləşməsi, insanların hüquq və azadlıqlarının, xüsusən seçki azadlığının  məhdudlaşdırılmasıdır.

 

Yeri gəlmişkən, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cumhuriyyətinin paralel olaraq işlənən adı Azərbaycan Demokratik Respublikası olub, ulu babalarımız Şərqdə ilk demokratik dövlət qurublar. Demək, Azərbaycan da demokratiyanın dadını hiss edib.