Hun-Türk Qurultayı türk dünyasının əzəmətini bir daha nümayiş etdirdi Featured

Rate this item
(0 votes)

 

Bildiyiniz kimi, Macarıstanın Buğac bölgəsində avqustun 12-14-də Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun–Türk Qurultayı keçirilib. Türk dünyasının birliyini təcəssüm etdirən beynəlxalq qurultay Macarıstanın Budapeşt, Keçkement, Şiofok şəhərlərində də coşqu ilə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə ölkəmiz də geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VII Hun-Türk Qurultayında dəstəkçi təşkilat kimi çıxış edib. Fondun və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tanınmış tarzəni Arslan Növrəsli, Azərbaycanın Əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Kamran Kərimov, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu qurultayda iştirak edib. Sənətçilərin türk dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanaraq, alqışlarla müşayiət olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunda deyilir: “Mən əminəm ki, qurultaya qatılan hər bir türk minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duymaqdadır. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynayır”.

Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların Türk Dünyasının dörd bir yanında, o cümlədən Bursada, Şuşada, Türküstanda, Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühüm önəm daşıyır. Beləliklə, türklər olaraq, öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bu günümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.

Bəli, şəksizdir ki, bu isti avqust günlərinə sərinlik gətirən Hun-Türk Qurultayı türk dünyasının əzəmətini bir daha dünyaya nümayiş etdirib.