Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı davam edir

Rate this item
(0 votes)

 

Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində “Dədə Qorqud türk dünyasının mənəvi mirası” mövzusunda panel müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, birinci panelə professor Alpaslan Ceylan, ikinci panelə isə professor Zakir Avşar sədrlik ediblər.

Türk dünyasının tanınmış alimləri Firudin Ağasıoğlu, Nailə Əskər, Ahmet Bican Ercilasun, Mətin Əkici, Mutlu Türkmən, Fatih Kirişçioğluna və Kənan Çarboğa Dədə Qorqudun tarixi şəxsiyyət kimi türk xalqlarının dəyərlərinin qorunmasına və inkişafına təsiri, ona aid hadisələrin coğrafiyası, bu sahədə qədim irsin tədqiqi, Dədə Qorqud dastanlarında adı çəkilən şəxslər və coğrafi adlar barədə fikirlərini bölüşüblər.

Professor Alpaslan Ceylan diqqətə çatdırıb ki, Dədə Qorqud hadisələri ilə əlaqədar Azərbaycan başda olmaqla, bütün türk dünyasında ortaq tarixi irsimizin dərindən araşdırılmasına ciddi ehtiyac var. 

Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzaladığını xatırladan professor Zakir Avşar bu istiqamətdə görülən bütün işlərin ortaq türk tarixinə və mədəniyyətinə misilsiz töhfələr verdiyini ifadə edib.

Dədə Qorqud irsinin türk xalqlarının müasir düşüncəsinə təsir imkanlarının geniş olduğunu ifadə edən natiqlər indiki Ermənistan ərazisindəki yerlər və tarixi mədəniyyət abidələri ətrafında geniş müzakirələr aparıblar. Bildirilib ki, bu coğrafiyadakı bütün tarixi və mədəni izlər, insan amili ilə bağlı irs türk mənşəlidir. 

Alimlər Azərbaycanda Dədə Qorqud irsinin tədqiqini, bu mövzuda əsərlərin yazılmasını, kitabların nəşrini bütün Türk dünyası üçün böyük töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Türk dövlətləri arasında bu sahədə daha sıx əməkdaşlıq ortaq tariximizin və mədəniyyətimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.