Türkiyənin Bayburt şəhərində Beynəlxalq Dədə Qorqud Festivalının açılışı olub

Rate this item
(0 votes)

 

İyulun 18-də Türkiyənin Bayburt şəhərində Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalının açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə Bayburtda Dədə Qorqud məzar-türbəsini ziyarət edilib, önünə əklil qoyublar. 

Sonra Masat yaylağında çıxışlardan və bədii hissədən ibarət proqram olub. 

Daha sonra Bayburtun mərkəzində yerləşən Dədə Qorqudun abidəsi önünə əklil qoyulub.

Sonra Mehdəran orkestrinin müşayiəti ilə şəhərin mərkəzi prospektində yürüş keçirilib. Şəhər ictimaiyyəti musiqili-yürüşü böyük coşqu ilə qarşılayıb. 

Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün abidəsi önünə əklil qoyulandan sonra Türkiyənin Dövlət Himni səsləndirilib.

Festivalın rəsmi açılışında Bayburt Bələdiyyəsinin sədri Hükmü Pekmezci, vali Cüneyt Epcim, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Sadir Durmaz, TBMM-nin digər üzvləri Fətani Battal və Gökhan Zeybək, Ankara Hacı Bayram Veli Universitetinin dekanı Gültəkin Akenginin çıxışları dinlənilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, türk dünyasının, xalqlarımızın ortaq dəyəri olan Dədə Qorqud irsinin öyrənilməsi gənc nəslin düzgün tərbiyə olunmasında əvəzsiz mənəviyyat qaynağıdır. Dədə Qorqud şəxsiyyəti və mövzuda yaradılan əsərlər əsrlərə işıq salan milli-mənəvi gücümüzün, çoxşaxəli mədəniyyətimizin göstəriciləridir. 

Natiqlər Dədə Qorqudun türk xalqlarının ortaq dəyəri olmasını mənəvi dünyamızın zənginliyi olduğunu ifadə ediblər. 

Ənənəvi olaraq 26-cı dəfə təşkil edilən festivalın məqsədi türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, tarixi irsimizlə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Beş gün davam edəcək festival çərçivəsində türk dünyasına aid foto, rəsm və kitab sərgiləri təşkil olunacaq.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzalayıb.

Festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.