Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” mövzusuna həsr olunan təlimlərə yekun vurulub

Rate this item
(0 votes)

 

UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyası mövzusuna həsr olunan təlimlərə yekun vurulub. Təlimlər Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində təşkil edilib. 

 

AzərTAC xəbər verir ki, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə dörd moduldan ibarət təlim kursunun sonuncu gününün mövzuları və mövzu ətrafında məruzə edəcək qonaqlar barədə ətraflı məlumat verib. 

Türkiyənin “Ənənəvi incəsənət dərnəyi“ (“Geleneksel Sanatlar Derneği”) rəhbəri Ahmet Akcan dərnəyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, tərəfdaşları, beynəlxalq səviyyədə icra olunan təşəbbüslər barədə iştirakçıları məlumatlandırıb. A.Akcan Türkiyədə mədəniyyət sahəsində idarəetmə və siyasətin həyata keçirilməsində dövlət-özəl, dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığı nümunələrindən, ənənəvi sənətlərin qorunması və inkişafında aktiv fəaliyyət göstərən fond, dərnək, vətəndaş cəmiyyəti və üst qurum təşkilatlarının fəaliyyətindən bəhs edib. O, bu istiqamətdə Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyətini qeyd edib. 

ADA Universitetinin müəllimi Lalə Kişiyeva yaradıcı sənayenin əsas anlayışları, tarixi inkişaf mərhələləri, qlobal kontekstdə statistik rəqəmləri təqdim edib. O, əsas təməli insan yaradıcı düşüncəsinə dayanan bu sənaye növünün yeni rəqəmsal dövrdə açdığı imkanlardan danışıb. İnteraktiv sual-cavab şəklində aparılan sessiyada iştirakçıların fəaliyyət sahələrində tətbiq edilən rəqəmsal texnologiyalar haqqında fikir mübadiləsi aparılıb və real keyslərin üstünlükləri müzakirə edilib. 

Təqdimatda, həmçinin blokçeyn texnologiyalarından yaradıcı sənaye məhsullarının dayanıqlı marketinqi və monetizasiyası üçün əsas vacib tətbiq istiqamətləri və tələbləri izah edilib. Sessiyada fərqli ölkələrdən mədəni fəaliyyət sahələrində uğurlu layihələrdən bəhs edilib və milli kontekstdə uğur hekayəsi olaraq sessiyaya kreativ sahibkar kimi dəvət edilmiş “Ninka Cards&Gifts” şirkətinin rəhbəri Nərgiz İbrahimova təlim iştirakçıları ilə öz uğur hekayəsini bölüşüb. 

“Arts Council” Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov milli mədəni irsin və sənət ənənələrinin xarici ölkələrdə təbliğinə dair reallaşdırılan təşəbbüslər haqqında ətraflı məlumat verib. Mədəniyyət və incəsənət sahəsi üzrə beynəlxalq ekspert Cahangir Səlimxanov mədəni layihələrin ərsəyə gəlməsində kreativ yanaşmalar, həllər, innovasiyalar mövzusunda təqdimatında müxtəlif layihə və proqramlar üzərindən kreativ metodika, uzlaşdırma qabiliyyətləri, kreativ ekspertimentlərindən danışıb. 

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov nazirliyin ölkəmizdə yaradıcı sənayelərin inkişafı sahəsində strateji fəaliyyət istiqamətləri və Milli Prioritetlər çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə təqdimat etdi. 

Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, Education HUB və “Zəka İşığında” ictimai birliyinin nümayəndələri iştirak ediblər. 

Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.