Ölkəmizdə niyə PR menecerlər hazırlanmır? Featured

Rate this item
(0 votes)

Vüsal Mətləb yazır

 

İbtidai insanlar yığıcılar və ovçular idi. Bu, ilk insan peşələri hesab edilir. Sonra əkinçilər onlara qoşuldu. Aqrar inqilab insanların işini artırdı, ərzaq çeşidi artsa da, qida təhlükəsizliyi nisbətən daha yaxşı təmin olunsa da...

Peşə bacarıqlarının artması, sənaye inqlibı və s. ilə yeni-yeni peşələrə yiyələndi insan nəsli.

Bu gün texnologiyanın, eləcə də iqtisadiyyatın inkişafındakı sıçrayış yeni ixtisaslar ortaya çıxarır. İnsanlar artıq gen mühəndisliyindən danışır, biotexnologiya, kibertəhlükəsizlik üzərində yeni axtarışlar edir - 300 min əvvəl od əldə edən Homosapiensin nəvələri indi yanğın təhlükəsizliyini süni intellektə etibar edir.

Daha bir peşə bu gün çox aktualdır və bazarda daim tələb olunur: PR menecer - ictimaiyyətlə əlaqələr (public relation) üzrə menecer. XXI əsrdə bazar iqtisadiyyatının amansız rəqabəti şəraitində şirkətlər ayaqda qalmaq, inkişaf etmək, rəqibləri ilə mübarizədə neytrallaşdırılmamaq üçün reklam, tanıtım, ictimaiyyətlə təmasa xüsusi fikir verməli olurlar.

PR menecer əslində, şirkətin reklam məsələsini həll edən adam deyil - o şirkətin simasıdır, onun təqdimatı şirkətin markalaşmasını, brendləşməsini təmin edir, onun gələcək aqibətini müəyyən edir və s.

Ümumdünya İctimai Əlaqələr Assosiasiyaları Assambleyası PR barədə belə tərif hazırlayıb: "Həm təşkilat, həm də ictimai maraqlara xidmət edəcək meylləri təhlil etmək, nəticələrini proqnozlaşdırmaq, təşkilat rəhbərlərinə məsləhət vermək və planlaşdırılmış fəaliyyət proqramlarını həyata keçirmək sənəti və sosial elm."

PR mütəxəssislər bu gün yalnız şirkətlərin satış həcmini artırmır, onların brendləşməsini, korporativ imicinin möhkəmlənməsini təmin etmir, həm də bütün sahələri əhatə edirlər, hətta siyasət meydanını. Siyasi texnoloqlar, ideoloqlarla bərabər onlar da siyasi proseslərə yön verir, siyasətçilərin imicinin formalaşmasında əhəmiyyətli dərəcədə iştirak edir, seçkilərin taleyinə təsir göstərir və s.

***

10 il öncə bir ərazinin "quş uçuşu" görüntüsünü əldə etmək üçün yekə bir vertolyot, yekə bir kamera ilə bazburutlu operatoru yuxarıya qaldırmalı idi - indi bu işi 500 qram ağırlığında dron və əlində pultla dayanan istənilən çəkidə idarəçi görür. Ola bilsin ki, bir neçə il sonra indi həyatımızda olan bir çox peşələr sıradan çıxacaq, ancaq PR menecerlər üçün belə risk görünmür.

Bazardakı bugünkü tələblərə rəğmən bir məsələ bizi qayğılandırmalıdır: axı niyə ölkəmizdə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər yetişdirilmir, universitetlərimizdə bu sahə üzrə ixtisaslar yoxdur? Bu işlə məşğul olanların bir qismi xaricdə təhsil alıb, böyük bir hissəsi isə keçmiş jurnalistlər, filoloqlar və digər yaxın (bəzən isə uzaq) sahələrin əsasən mediada çalışmış yetirmələridir.

Bəlkə də ali təhsil müəssisələrinə qəbul apardığı ixtisasları müəyyənləşdirməkdə sərbəstlik vermək vaxtıdır. Onlar marketinq araşdırması ilə bazarda hansı ixtisaslara tələbin olduğunu öyrənməli və qəbul planını buna uyğunlaşdırmalıdır.

İstənilən vakansiya saytına baxsaq, onlarla PR, sosial media, KSM (korporativ sosial məsuliyyət) meneceri kimi vakansiyalara rast gələ bilərik. Bu, bazardakı tələbin bir hissəsidir. Təklif isə yetərincə kompetent deyil. Çünki Dövlət İmtahan Mərkəzinin ixtisas seçimi jurnallarında hələ ki, bu ixtisasların adları görünmür.

 

Valideynlər sənaye inqilabına necə mane olurlar? 

 

Ölkənin yeni çağırışlara uyğunlaşmamasının günahı fəhlə-kəndli sinifində yox, əsasən bürokratlardan ibarət məmur ordusunda idi.

İnəyini satıb oğlunu Bakıya oxutmağa göndərəndə ucqar kənddəki Tamerlan kişi övladı üçün katib olmasa belə kolxoz sədri, prokuror, müstəntiq... xəyalları qururdu. Onun arzularının arasında oğlunun kosmosa raketlər uçurmağa həvəsli olan SSRİ-nin tanınmış mühəndisi, robot texnologiya mütəxəssisi olması yox idi.

 

SSRİ-də internet şəbəkəsinə kimlər mane oldu?

 

...1970-ci il 1 oktyabr. Kompüter alimi Viktor Qluşkov bütün ölkənin komputür şəbəkəsini əlaqələndirəcək layihəsini təqdim etmək üçün Kremlə gəlmişdi. Yeri gəlmişkən, SSRİ-nin əsas rəqibi ABŞ artıq bundan 1 il əvvəl oxşar texnologiyanı tətbiq edirdi. Qluşkovun layihəsi üçün ciddi vəsait tələb olunurdu.

Maliyyə naziri Vasili Qarbuzov və həmfikirlərinin isə başqa hədəfləri var idi, həm pul onlara və digər nazirliklərə də lazım idi, həm də maliyyəni bu cür "israf" etmək olmazdı. Beləliklə, yeniliklərə müqavimət göstərənlərin çoxluğu sayəsində Qarbuzov klassik metodların inkişafının tətbiqinin daha təhlükəsiz olduğuna Politbüronu inandırmaqla Qluşkovun ideyasını dəfn etdi.

Nəticədə, bürokratik əngəllər Sovet ölkəsini bəlkə də bir neçə on il geri atdı. Faktiki olaraq SSRİ-ni çökdürənlərlə bu cür ənəgəllərlə inkişafı tormozlayanlar eyni qrup adamlar idi.

Bir sözlə, ölkənin yeni çağırışlara uyğunlaşmamasının günahı fəhlə-kəndli sinfində yox, əsasən bürokratlardan ibarət məmur ordusunda idi.

 

Sənaye inqilabını prokurorlar edəcək?

 

Bu gün dünya IV Sənaye İnqilabı dövrünü yaşayır. Azərbaycan yeni çağırışlar qarşısında çevik reaksiya verməyə çalışır, yeni texnologiyaların ölkəmizə gətirilməsi prioritet istiqamət kimi müyyən edilib.

Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. "Doing Business 2019" hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda qurulan "ağıllı" kənd və şəhərlər yeni modellərin tətbiqi baxımından önəmlidir - həm də ona görə ki, bu təcrübənin bütün ölkəyə yayılması nəzərdə tutulur. Ancaq bir sual yaranır: bu texnologiyaların istifadəsinin davamlılığının təmin olunması üçün yerli kadrlar varmı? Və biz cəmiyyət olaraq yeni sənaye inqilibanın ardınca gedirikmi?

Təəssüf ki, yox. Yenə də Tamerlan kişi oğlunun prokuror, hakim, katib (oxu: icra başçısı) olmasını arzulayır. Onun hədəfləri sırasında oğlunun robot və ya gen mühəndisi olması yoxdur.

Ali məktəblərə aparılan qəbul imtahanlarının nəticələrinə baxdıqda bu, aydın görünür: humanitar ixtisaslarda "tıxac"dır, III qrup ixtisaslarda hər il yaşanan rəqabət, balların yüksəlməsi təsadüfi deyil. I qrup ixtisaslarda - yəni əsasən mühəndislik ixtisaslarında isə (komputer, robototexnika, mexatronika mühəndisliyi və s.) yerlər boş qalır. Bəzən 150-160 bal tələbə bileti almağa bəs edir... Və biz mümkün 700 baldan 150 bal toplayan tələbədən kosmosa raket uçurmasını təbii ki, çox da gözləmirik.

Halbuki, dünya süni intellekt, insansız maşınlar, genlərin dəyişdirilməsi, təkrar edirəm, bəli, genlərin dəyişdirilməsi üzərində işləyir - bu, artıq möcüzə deyil.

İkinci Qarabağ Müharibəsi yeni texnologiyaların, süni intellektin əhəmiyyətini bir daha nümayiş etdirdi. "Bayraktar" ənənəvi silahlara qan uddurdu və sübut etdi ki, gələcək innovasiyalardan asılıdır.

 

Nə baş verəcək?

 

Bu il yeni vakansiyalar tibb və robototexnika qovşağında yaranacaq, vakansiyaların artımı isə İT, sığorta və bank sektorunda davam edəcək. Bunu "Rabota.ru" sayının iş axtarışı və kadr seçimi xidmətinin baş direktorunun müavini Aleksandr Veterkov Sputnik radiosunun müsahibəsində deyib.

İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu da tezliklə hansı peşələrin yerini süni intellekt alacağı ilə bağlı araşdırma aparıb. Tədqiqatçılar belə qənaətə gəliblər ki, texnologiya mühasibləri, fotomodelləri, poliqrafiya sənayesində, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorlarını, kassirləri və satıcıları, kənd təsərrüfatı üzrə kiçik kadrları, təmizləyiciləri, maşinistləri, montyorları, kiçik inzibati işçiləri, qaynaqçıları, tikinti işçilərini, sürücüləri, meşəçiləri və poçtalyonları əvəz edə bilər.

Süni intellekt insanları işsiz qoyacaqmı - indi hər kəsi bu sual da qayğılandırır. Ancaq əksər tədqiqatçılar o fikirdədirlər ki, texnologiyalar ənənəvi peşələri sıradan çıxarsa da, paralel olaraq onlardan daha çox sayda yeni peşələr meydana gətirir.

Odur ki, işsizlik yox, işçi problemi ilə üzləşməmək üçün övladımızın "katib" olması arzusunu hansısa yeni texnologiya mütəxəssisi olması arzusu ilə əvəz etməliyik.