31 milyon dollarlıq saat, Ümumdünya Qarpız Günü və Günəşə ən yaxın olan ölkə Featured

Rate this item
(2 votes)

 

1-10 avqustun təqvimi Varisin təqdimatında

 

 

 

1 avqust. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

 

 Avqustun biri ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Bu gün milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

 

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün əhəmiyyətli hadisə idi. 1995-ci ildə müstəqil dövlətimizin ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bundan sonra hökumət səviy-yəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul olundu. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi növbəti uğurlu addımlar oldu. 9 avqust 2001-ci il tarixli  “Azərbaycan əlifbası və Azərbay­can dili gününün təsis edilməsi haqqında” prezident fərmanı ilə avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublika­sının Qanununun qəbul edilməsi Azər­baycan dilinin dövlət dili kimi işlə­dilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım oldu. Müxtəlif vaxtlarda imzalanan “Azər­baycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediya­sının hazırlanması haqqında” prezident sərən­camları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

 

2018-ci il noyabr ayının 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında növbəti prezident fərmanı imzalandı. Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiya- sı yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırıldı.

 

1 avqust, Dəmiryolçu günü

 

Məlumdur ki, 1804-cü ilin 1 avqust günündə ingilis ixtiraçı Riçard Trevetik ilk paravozu hazırlayıb. Amma paravoz o qədər ağır olub ki, vurub dəmir yolunu dağıdıb. Nəticədə, bu işi relsə salmaq üçün cənab Trevetik çox əziyyətlərə qatlaşıb. Onun bu relsəqoymasından günü bu gün də bütün dünyanın dəmiryolçuları, o cümlədən də bizimkilər bəhrələnirlər. Mən bilmirəm, əvvəlki dəmiryolu başbiləni Ziya Məmmədov, yaxud hazırkı başbilən Cavid Qurbanov cənab Trevetikin adını eşidiblərmi? Bilirlərmi ki, ilk qatar altına düşən şəxs ingilis dülgər Devid Brukdur (hadisə 1821-ci ilin 5 dekabrında – tufanlı bir gündə baş verib)? Yaxud, xəbərdardırlarmı ki, dəmir yolunda ilk sərnişindaşıma xətti 1830-cu ildə Liverpul – Mançestr xətti olub? Avropanın ən uzun dəmiryolu platformasından – İngiltərənin Fokston şəhərindəki 791 metrlik Çeriton terminalından necə, xəbərləri varmı? Bəs bahalı dəmiryolu oyuncaqları barədə necə, bizim başbilənlərimiz eşidiblərmi? Məsələn, 12 kilometrlik miniatür Hamburq dəmir yolu barədə? Qiyməti 12 milyon dollara olan bu oyuncağa sahib olmaq çox qürurvericidir, barı bunusa bilirlərmi?

 

Nədənsə, biz qatarların həmişə gecikməsini müşahidə edirik. Tək bizdə yox, bütün dünyada belədir, təyyarə dəqiq, qatarsa qeyri-dəqiq nəqliyyat vasitəsi hesab edilir. Bu yerdə maraqlı bir detalı da söyləyim. “Qatar” sözü onun yaradıcıları olan ingilislərdə “train” kimi səslənir. Oksford ingilis lüğətinə görə, 14-cü əsrdə bu söz “satqınlıq”, “dönüklük”, “aldanış” mənalarını verirmiş.

 

1 avqust. Rəssam Həsənağa Mustafayevin 125 illiyi

 

Biz incəsənət xadimlərimizi yetərincə tanımırıq. O cümlədən də rəssamları. Teatr rəssamlarını isə ələlxüsus. Həsənağa Hacağa oğlu Mustafayev 1896-cı il avqust ayının 1-də Bakıda anadan olub. 1925-ci ildə Bakı Ali Rəssamlıq Məktəbini, 1931-ci ildə Moskva Ali Bədii Texniki İnstitutunu bitirib. 1933-1937-ci illərdə SSRİ Böyük Teatrında fəaliyyət göstərib. Azərbaycan Opera və Balet Teatrında “Nərgiz” (1938, M. Maqomayev), “Şah İsmayıl” (1940, M. Maqomayev), “Stansiya nəzarətçisi” (1939, A. Kryukov) və s. operalara, Azərbaycan Musiqili Komediya Teatrında “Evliykən subay” (1939, Z. Hacıbəyov), “Beş manatlıq gəlin” (1939, S. Rüstəmov), ”O olmasın, bu olsun” (1946, Ü. Hacıbəyov) və s. komediyalara bədii tərtibat verib. Azərbaycan sovet təsviri sənətində ofort, ksiloqrafiya və linoqravüra texnikalarını ilk dəfə Həsənağa Mustafayev tətbiq edib. Onun “Arabaçı” (ofort, 1928), “Üzüm” yığımı” (ksiloqrafiya, 1928), “Zorxana” (linoqravüra, 1934) kimi əsərləri diqqət çəkir. Həsənağa Mustafayev 1938-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1940-cı ildə “Əməkdar artist” fəxri adlarna layiq görülüb. O, 1977-ci il aprel ayının 22-də Bakıda vəfat edib.

 

1 avqust. Körpələrin ana südü ilə yedizdirilməsinə dəstək həftəsinin başlanması

 

Bəli, Ümumdünya Səhiyyə Təşkilatı bu gündən etibarən bir həftə ərzində dünya analarını körpələrini təbii yolla yemləməyə çağırır, ümumiyyətlə, tövsiyyə edir ki, ilk altı ayı körpələr mütləq əmizdirilməlidir, süni qidalara keçilərsə də, yalnız bundan sonra keçilməlidir. Ana südü körpə üçün ən ideal qidadır, onun tərkibində çoxlu vitaminlər, minerallar var, o cümlədən də antitel var ki, bu da yeni doğulanları ən çox yayılmış uşaq xəstəliklərindən – diareyadan, pnevmaniyadan qoruyur. Erkən uşaq ölümlərinin də əsas səbəbləri məhz bu iki xəstəlikdir.

 

O ki qaldı avqustun 1-i tarixinə, ilk dəfə 1990-cı ilin bu günündə körpələrin ana südü ilə qidalanmasına dəstək Deklorasiyası imzalanıb, bu Deklorasiyaya 32 ölkə imza atıb.

 

1 avqust. İnkassator Günü

 

Bu gün əlləri pulla, özləri də taleləri ilə oynayan bir peşənin sahiblərinin – inkassatorların günüdür. Zirehli avtomobillə, əllərində silah gəlib banklardan, iri dövriyyəsi olan ticarət obyektlərindən pul aparan, bankomatlara pul gətirən təhlükəli peşə sahibləridir inkassatorlar. Yüksək fiziki hazırlığı olan bu insanlar kifayət qədər cəld, ayıq-sayıq və soyuqqanlı olurlar adətən. Quldurların daim basqılarına məruz qalır, həyatlarını itirirlər. Hamı öz pulunun güdazına gedir, onlarsa başqalarının pullarının güdazına gedirlər.

 

Nə deyə bilərəm onların bayramı günündə? Ən yaxşı halda quldurlara səslənə bilərəm ki, bu gün bank-filan yarmasınlar. İnsaf da dinin yarısıdır.

 

1 avqust. Beynəlxalq Bağışlama Günü

 

Bu günün başqa bir adı da küsənlərin barışması günüdür. Beynəlxalq təşkilatlar xahiş edirlər ki, ay insanlar, ilin bu günündə umu-küsüləri bir araya qoyun, inciklikləri unudun, mehriban olun.

 

Niyə də yox?

 

1 avqust. İsveçrə Konfederasiyasının yaranışı günü

 

Vətənini nə qədər sevsə də, hər bir kəsin hansısa səbəblərə görə gözü qalan bir ölkə var. Müdhiş gözəlliklərinə görə, insan hüquqları və azadlıqlarına görə, insan kapitalına verilən böyük dəyərə görə, ədalətliliyin bərqərar edildiyinə görə, həyat şəraitinin möcüzəli dərəcədə yüksək olmasına görə, insanlara istedadlarına görə yaşıl işıq yandırılması səbəbindən mənim də gözüm həmişə İsveçrəyə zillənir.

 

Buranı kimisi saatlar ölkəsi, kimisi şokoladlar ölkəsi, kimisi pendir ölkəsi, kimisi müharibələrə qoşulmadığı üçün neytral ölkə adlandırır. Bu əsrarəngiz ölkənin ərazi quruluşu ştatlardan deyil, kantonlardan təşkil edilib. Əhalinin 23 faizini əcnəbilər təşkil edirlər. Orada pendirin 450 sortu istehsal edilir. 2012-ci ildə isveçrəlilər dünya rekorduna imza atıblar, 172 376 ton şokolad istehsal ediblər.

 

1541-ci ildə mürtəce kalvinistlər zinyət əşyaları gəzdirməyi qadağan edəndə Cenevrədə ustalar qol saatını kəşf edib onun istehsalına başlayıblar, hazırda dünyanın elə bir guşəsini tapmaq olmaz ki, orada İsveçrə saatları dəbdə olmasın. Tarixin ən bahalı saatı isə Patek Philippe Grandmaster Chime (Ref. 6300A-010) markasıdır ki, 2019-cu ildə Cenevrə auksionunda bir naməlum şəxs ona nə az, nə çox, düz 31 194 000 dollar sayıb. (Yeri gəlmişkən, həmin saatı milyonluq İsveçrə saatlarını uf demədən oğurlatmağa alışmış biz azərbaycanlılardan hansısa birimizin ala bilməsi də istisna deyil).

 

İsveçrəlilər dünyanın hər guşəsində istifadə edilən neytral Helvetica şriftini də icad ediblər. Dünyada yaşı 100-dən yuxarı olan əhalinin fazi hesabına görə də liderdirlər.

 

İsveçrə konfederasiyasının yarandığı yer Uri kantonundadır, Lüsern gölünün sahilində, Rütli çəmənliyində. Həmin günün tarixi uzaq 1291-ci ilə gedib çıxır.

 

Bayramı bütün ölkə coşquyla qeyd edir, Rütli çəmənliyində əsas şənliklər keçirilir. Prezident xalqı təbrik edir, hər yerdən bayraqlar asılır, küçələrdə konsertlər, teatr tamaşaları keçirilir, fəvvarələr rəngbərəng işıqlandırılır, göylərə fişənglər atılır, tonqallar yandırılır. Gecə uşaqlar və gənclər kağız fonarlarla gəzintiyə çıxır.

 

İsveçrə barədə mən çox şey deyə bilərəm, amma elə bununla fikrimi yekunlaşdırsam, məncə, bəsdir: Orada günəş hamı üçün eyni dərəcədə işıq saçır.

 

1 avqust. Digər əlamətdar hadisələr

 

Beninin müstəqillik günüdür. Beninliləri təbrik edirəm. 1-ci dünya müharibəsində həlak olanların xatirə günüdür. Ruhları şad olsun. Fransada Breton milli bayramıdır, İngiltərədə Yorkşir günüdür, Kambodcanın qələbə, Tailandın qadın, Anqolanın, Livanın və Çinin silahlı qüvvələr günüdür, Konqoda valideyinlər günü, Tonqoda kralın taxtaçıxma günüdür. Butanda Budda ritualları günüdür həmçinin. Barbados, Bermud, Trinidad və Yamaykada Karib karnavalı keçirilir, belə ki, 1833-cü ilin bu günündə bu xalqlar Britaniya quldarlarından azad olaraq öz adlarından “qul” sözünü götürüblər. Bu günün bir maraqlı qeydolma səbəbi də onun Ümumdünya Skaut Yaylığı günü (Word Scaut Scarf Day) kimi qeyd olunmasıdır.

 

Və əlbəttə ki, ABŞ-da da mütləq mətbəxlə bağlı bir bayram var. Bu, milli südlü kokteyl günüdür.

 

2 avqust. Azərbaycan Kinosu Günü

 

1898-ci il avqust ayının 2-də neft Bakısında bir proqram hazırlandı və bu proqrama “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin paroxodla yolasalınma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” bədii kino süjetləri daxil edilmişdi. Bu kino süjetlərini fransız yəhudisi, 25 ildən artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə almışdı. Bununla da Azərbaycanın kino tarixi başlandı.

 

Həmin kinosüjetlərdən 2-si – “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana gətirilib və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. Azərbaycan Respublikasının mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kino seansının həyata keçirildiyini nəzərə alaraq, Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan etmişdir.

 

2 avqust. Qaraçıların genosidi günü

 

23 noyabr 1996-cı ildə Avropanın və ABŞ-ın qaraçı təşkilatları birləşib 2-ci dünya müharibəsində faşistlər tərəfindən qətlə yetirilən qaraçıların xatirə gününü təqvimə salmağa nail olublar.

 

Bizdə də qaraçılar yaşayırlar. Hind-Avropa mənşəli bu köçəri xalqın nümayəndələrinin əsas məskəni Yevlax rayonundadır. Azərbaycanda qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars və kurmanç dilində danışanlar.

 

Biz qaraçılar barədə Prosper Marimenin “Karmen” əsərini oxumuşuq, sovet kinomatoqrafiyasının yaratdığı Budulay kimi yaddaqalan qaraçı obrazını bəyənmişik.

 

Dünyada təqribən 10 milyon qaraçı yaşayır. Ən çox qaraçı Bolqarıstan (325 min), Rusiya (205 min) və Makedoniyadanın (55 min) payına düşür.

 

Əlbəttə, pul dilənməklə və fala baxmaqla pul qazanan qaraçılardan daha çox biz gitara çalıb rəqs eləməklə pul qazananlara rəğbət bəsləyirik. Halal yolla pul qazanmaq gözəldir axı.

 

3 avqust. Ümumdünya Qarpız Günü

 

Sabirabadlılar, yaxın oturun. Bu gün məhz sizin bayramdır.

 

Demək, giləmeyvə sayılan, amma meyvə-tərəvəz kimi qəbul edilən bu üstü yaşıl, içi qırmızı bitkinin vətəni Cənubi Afrikadır. (Vallah, məndən olsa, deyərdim ki, Sabirabaddır, onun Cavad adlı bölgəsidir). Qarpızın 92 faizi sudan ibarətdir. Bu səbəbdən o, yay vaxtlarında insanın susuzluğunu gözəl yatırır. Tərkibində A, B, C vitaminləri, çoxlu minerallar var. Məsələn, qarpızın tərkibində ən güclü antioksidant sayılan likopin maddəsi var. O, vaxtından əvvəl qocalmaya və xərçəngə qarşı ən yaxşı vasitələrdən hesab edilir. Qarpızın dəriyə, saça da müsbət təsiri var.

 

Şəxsən mən indiyə kimi bilmirdim ki, qarpızın kəsib tulladığımız ağ yerində situllin adlı doymuş turşu var, o, bizim bədənimizdə arqininə çevrilir, arqinin də qan təzyiqini aşağı salır, yaraları sağaldır, indi aktual olan immuna sisteminin möhkəmləndirilməsi işinə də töhfə verir. (Əminəm ki, bundan sonra qarpızın ağ hissəsini də həvəslə yeyəcəyik).

 

Qarpız barədə məşhur bir məsəl var, onu Molla Nəsrəddinə də, Bəhlul Danəndəyə də aid edirlər. Bir gün molla qonaq gedirmiş, özü ilə qarpız aparırmış. Yolda bərk susayır, məcbur olur qarpızı kəsib yesin. Öncə qarpızın özəyini yeyib qalanını atır. Deyir, qoy keçənlər görsünlər ki, bunu ağa yeyib. Bir qədər keçmiş geri qayıdıb qarpızın ağ hissəsini də yeyir. Deyir, keçənlər deyəcək ki, ağanın yanında nökəri də olub. Təkrar yola düzəlir, amma tamahını saxlaya bilməyib yenidən geri qayıdır, bu dəfə qarpızın qabığını da yeyır, deyir, qoy desinlər, ağanın yanında eşşəyi də olub.

 

3 avqust. Kapoera Günü

 

Ölkəmizdə kapoera həvəskarları az deyil, özündə rəqs və akrobatika elementlərini birləşdirən bu Braziliya milli döyüş incəsənəti həm gözəlliyi və həm də gücü birgə təbliğ eləməkdədir. Bizim kapoeraçılarımız pullu bölmələrdə bu təmrinin sirlərini öyrənirlər. Amma onu göstərməyə meydan demək olar ki, yoxdur. Hərdən diskotekalarda kimsə başqalarının təəccübünə rəğmən, başlayır kapoera göstərməyə, hərdən kimsə cürətlənib lap elə Fəvvarələr meydanında da kapoera göstərir. Amma bunlar, təbii ki istisnadır. Braziliyada isə kapoera adi məişətdir, həyat tərzidir.

 

4 avqust. Tanınmış diktor Rafiq Hüseynovun 75 illiyi

 

Uşaqlığımızdan gözümüz bu adamın simasına, qulağımız səsinə alışmışdı. Diktor Rafiq Eyyub oğlu Hüseynov! 1946-cı il avqust ayının 4-də Şuşa şəhərində anadan olan Rafiq (heyif, Şuşanın azad edilməsini görə bilmədi) məktəbdə oxuyan vaxtlardan “Azərbaycanfilm” dövlət kinostudiyasında uşaq rollarını dublyaj etmişdi, 100- dən çox filmlərin səsləndirilməsində iştirak etmiş, 18 yaşından Azərbaycan televiziyasına gəlmiş, 1960-cı ildən etibarən diktorluq fəaliyyətinə başlamış, səsinin ahəngi, diksiyası, gözəl natiqlik qabiliyyəti ilə seçilmişdir.

 

1990-cı ildən Azərbaycan televiziyasından uzaqlaşsa da o, kinostudiyada fəaliyyətini davam etdirmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Politologiya və Sosial İdarəetmə İnstitutunda dərs demiş, professor elmi rütbəsini almışdır. Rafiq Hüseynov bir arada mahnı da oxumuş, disk buraxdırmışdır. 2007-ci ildə AzTV aparıcılarının bədii rəhbəri vəzifəsinə təyin edilməklə o, yenidən doğma televiziyaya qayıtmışdır. Bu gün onun Rafiq Həşimov kimi çoxsaylı yetirmələri var. Göstərdiyi xidmətlərə görə “Xalq artisti” fəxri adına layiq görülən Rafiq Hüseynov bir sıra filmlərin müəllifi kimi də öz adını mədəniyyət tariximizə yazmışdır. 1991-ci ildə “Ölü zona” filminə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Planları çox idi, daha nələr, nələr edəcəkdi, amma...

 

Amansız ölüm onu 2017-ci il oktyabr ayının 26-da Almaniyanın Düsseldorf şəhərində yaxaladı. Cənazəsi Almaniyadan Bakıya gətirildi. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olundu.

 

4 avqust. Şampan şərabı günü

 

Deyilənə görə, 1693-cü ilin bu günündə fransız monaxı Dom Perinyon Şampan əyalətində ilk şampan şüşəsini ortaya qoyaraq onun hazırlanma sirlərini bəyan edib.

 

Bir vaxtlar – biz sovetlər dönəmində yaşayanda belə bir ənənə var idi. Hər il dekabrin 31-i saat 00.00-da insanlar şampan partladaraq yeni ilin gəlişini qeyd edirdilər. “Sovetskoye şampanskoye” brendi çətin tapılan idi, əlaltından satılırdı, bahalı idi. Odur ki, hər bir ailə süfrəsinə bu təamı qoya bilmirdi. Amma daha ucuz, şirpotreb “Şipuçi” içkisi də var idi, kasıb süfrələrini bəzəyirdi.

 

Şampansevərlərin menyüsünə: Şampanın xüsusi hazırlanma qaydaları var. Onu yalnız 3 əsas üzüm sortundan (şardone, pino nuar və pino menye) hazırlamaq olar, daha 4 sortdan isə əlacsız qalanda hazırlamağa icazə verilir ( pino blan, pino qri, pti melye və arban). “Şampan” brendi altında başqa üzüm sortlarından şərab hazırlamaq yasaqdır. Şampanın probkası açılarkən 100 km/saat məsafəyəcən sürət yığa bilir. Avtomobil yarışlarında qaliblər mütləq şampan duşunda çimizdirilir. 2020-ci ildə bütün dünyada 245 milyon şüşə şampan içkisi satılıb, istehsalçılar 4 milyard avro gəlir götürüblər. Tarixdə məlum olan ən bahalı şampan  270000 dollar qiymətində olub. Heidsieck adlı bu şampan rus imperatoru II Nikolay üçün hazırlanıb. Müasir dövrdə isə ən bahalı şampan 40 min dollara satılan Dom Perignon markasıdır.

 

4 avqust. Ünlülərin günü

 

Bu gün Barak Obamanın, Yasir Arafatın, Con Makkartinin, Lui Armstronqun, Uilyam Hamiltonun doğum, həmçinin Yuriy Levitanın, Andria Della Robbianın, Hans Kristian Andersenin vəfatı günüdür.

 

 

 

5 avqust. Azərbaycanın hərbi dəniz donanması günü

 

1918-ci ildə - milli hökumətimiz tərəfindən yaradılıb dəniz donanmamız. İlk dönəmlərdə tək-tük gəmidən ibarət olub. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana veriblər. Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub. Keçmiş SSRİ-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. Hərbi gəmilərin Azərbaycanın balansına qəbul edilməsində HDQ-nın keçmiş komandanı, kontr-admiral Rafiq Əsgərov mühüm rol oynayıb. 1992-ci ilin iyul ayında Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında ilk dəfə Xəzərin sularına çıxıblar. Hazırda Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin sayı 3000 nəfərdən çoxdur.

 

1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunub və həmin ildən Heydər Əliyevin Fərmanı əsasında 5 avqust tarixi Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd edilməyə başlanılıb.

 

5 avqust “İt kimi işlə” günü

 

Günün daha mədəni adı da var, “Arı kimi çalış” günü. Həmin gün insan özünə cəfa verərək çalışmalıdır, özünü ağır əməyə alışdırmalıdır. Deyilənə görə, bir gün insan bunu etsə, sonradan ömrü boyu tənbəlliyin daşını atar.

 

“İş insanın cövhəridir” məsəlini xatırlayırsınız da yəqin. Bəs “İşləməyən dişləməz”i necə?

 

Əslində, “İt kimi işlə” günü işləməyib qazananlar üçün nəzərdə tutulur. Elə ölkələr var ki, onların əhalisinə milli sərvət bölgüsü ilə adambaşı pul paylanır, bütün işləri isə miqrantlar gəlib görürlər. Bax həmin ölkələrin tənbəlləşmiş əhalisi ildə bir gün işləməyə çağırılır bu gün. Başqa biçarələr isə onsuz da il boyu gərgin əməyə qatlaşırlar. 

 

5 avqust. Beynəlxalq İşıqfor Günü

 

Bu günü dünya təqviminə niyə salıblar? Çünki 1914-cü ilin bu günündə ABŞ-ın Klivlend şəhərində ilk işıqfor işə düşüb. Əksər ölkələrdə yol polisi işçilərinin sayı barmaqla hesablanacaq dərəcədə azdır. Qaydaları pozmamaq sürücülərin insafına qalıb. Ona görə də qaydayaradanlar heç olmasa bir gün – işıqforun doğum günündə məcburi şəkildə qaydaları pozmamağa çağırırlar. Azərbaycanda isə təxəyyülə varsaq, hər sürücüyə bir yol polisi düşür. Bizləri ildə bir dəfə qaydaları pozmamağa çağırmaq absurddur, odur ki.

 

5 avqustda digər əlamətdar hadisələr

 

1967-ci ilin bu günündə əfsanəvi “Pink Floyd” qrupu ilk albomunu buraxıb, 1965-ci ildə Hindistan və bizə dost Pakistan arasında müharibə başlayıb, 1924-cü ildə Türkiyədə çoxarvadlılıq qadağan olunub, 1884-cü ildə Nyu-Yorkdakı Azadlıq statuetinin ilk daşı qoyulub, 1789-cu ildə Fransada təhkimçilik hüququ ləğv edilib. Bu gün amerika astronavtı Nil Armstronq, fransız yazıçısı Gi De Mopassan, rus rəssamı İlya Repin, norveç riyaziyyatçısı Nils Abel (BDU-nun sabiq rektoru, riyaziyyatsevər Abel Məhərrəmovun adı onun şərəfinə qoyulub) doğulublar. Yaponiyalı avtomobil sənayeçisi Soiçiro Honda (Honda şirkətini o yaradıb), eləcə də dünya gözəli fransız Merilin Monro vəfat ediblər.

 

6 avqust. Xalq şairi Söhrab Tahirin 95 illiyi

 

Bizim Cənubi Azərbaycan həsrətimizə iki şair su çiləyərdi həmişə - böyük Şəhriyar, bir də Söhrab Tahir. Söhrab Əbülfəz oğlu Tahiri (Söhrab Tahir) 1926-cı il avqust ayının 6-da Cənubi Azərbaycanın Astara şəhərində anadan olub, çox ağır və məşəqqətli həyat sürüb. 1939-1943-cü illərdə “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə tornaçı, qaynaqçı, motorçu işləyib. 1941-ci ildə ailəsi ilə Təbrizə köçüb. Cənubi Azərbaycanda Milli hökumət qurulan zaman Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsi təşkilat şöbəsinin partiya- bilet bölməsində möhürdar vəzifəsində işləyib, güzəranı nisbətən düzəlib. İlk mətbu şeiri olan “Yaşa qüdrətli qoşun” 1949-cu ildə “Azərbaycan” qəzetində dərc olunub. O vaxtdan müntəzəm olaraq dövri mətbuatda “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərini, hekayələrini, ədəbi-tənqidi və publisistik məqalələrini dərc etdirib.

 

1946-cı ildə tale Söhrab Tahiri Bakıya gətirib, o burada orta ixtisas təhsili alıb, diş həkimliyi və feldşerlik mək­təbini bitirib. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 1959-1961-ci illərdə Moskvada M.Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1959-1961-ci illərdə həm də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin təlimatçısı, ADF-nin Bakı şəhər komitəsinin birinci katibi, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi olub. İndiyə qədər 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi publisistik məqaləsi çap olunub. 2005-ci ildə 20 cilddə “Əsərləri” nəşr olunub.

 

İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təb­rizdə “21 Azər” medalı ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 2010-cu ildə Rusiya Yazıçılar İttifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif olunub. 1984-cü ildə “Əməkdar mədəniy­yət işçisi”, 1998-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb. 2006- cı ildə Azərbaycan Respublikası Prezi-dentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

 

Söhrab Tahir 2016-cı il may ayının 4-də Təbriz həsrəti ilə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

 

6 avqust. Beynəlxalq Dünya Həkimləri Sülh Uğrunda Günü

 

Bu günü dünya həkimləri 1945-ci ilin 6 avqustunda yapon şəhəri Xirosimaya ABŞ-ın atom bombası atmasının ildönümü münasibəti ilə qeyd edirlər, bu simvolik gündə insanlığı müharibə əleyhinə köklənməyə çağırırlar. Eyni zamanda, həkimlərin necə ağır zəhmətə qatlaşaraq yaralıları xilas etmələrini diqqətə çatdırırlar.

 

6 avqust. Beynəlxalq Pivə Günü

 

Fikir verirsinizmi, Bakıda intellektual klublar, mədəniyyət mərkəzləri, kitab evləri, kinoteatrlar, konsert salonları, dini ocaqlar və bu sayaq digər mənəviyyat yerləri azalır, əksinə, addımbaşı Şərab evləri peyda olur. Adicə, köhnə İnqilab küçəsinin bu başından girib o başından çıxmaq istəsəniz, yan-yana yüzə yaxın Şərab evi görərsiniz. Demək, Pivə Gününün çak-çuku ikiqat olacaq, əksəriyyət şüşə bokallarda bu sarı mayedən içməyə səfərbər olunacaq.

 

İnsanlar eradan əvvəl 6000-ci ildən pivə içirlər. İlk dəfə pivə bayramı onun vətəni Almaniyada yox, ABŞ-da – Kaliforniyada, Cessi Avşolomov adlı birisinin təşəbbüsü ilə qeyd edilmişdir. Beynəlxalq pivə günündə məqsəd nədir? Dostlar yığışıb pivədən ləzzət alsınlar, yeni pivə sortları ilə tanış olsunlar, pivənin tarixşəsinə nəzər yetirsinlər.

 

Hazırda pivə saçaqlı pendir, sardelka, krevetka, şprot, qızardılmış düşbərə, çipslərlə nuş edilir. Amma dədə-babadan azərbaycanlılar açıq havada klassik pivəxanalarda pivəni noxudla və quru balıqla vururdular. Pivəsatanlar isə “köpüyə min bərəkət” söyləyərək həm qazandıqları qəpiklərə, həm də pivənin bokalını yarıyacan doldurub onlara xeyir gətirən köpüyə şükür eləyirdilər.

 

6 avqust. Ərəb Əmirliyinin milli bayramı

 

Azərbaycanlılar Dubayın yolunu su yoluna çeviriblər, odur ki, bilsələr yaxşı olar, bu gün  Birləşmiş Ərəb Əmirliyində milli bayramdır, 1966-cı ildə Abu-Dabidə şeyx Zeyd ən-Naxayan (erməni deyil, sadəcə -yan var adın sonluğunda, erməninin Ərəbistan taxt-tacında nə iti azıb) taxt-taca çıxaraq Birləşmiş Əmirliyin əsasını qoyub.

 

6 avqust. Nələr olub?

 

1940-cı ildə Estoniyanı zorla SSRİ-yə birləşdiriblər. 1932-ci ildə Venesiya kinofestivalı siftə eləyib. 1890-ci ildə qatil Kemmler elektrik stulunda edam edilən ilk adam kimi tarixə düşüb. 1889-cu ildə Londonda “Savoy” adında tarixdə hər nömrəsində vanna otağı olan ilk hotel açılıb. 1790-cı ildə “Peterburqdan Moskvaya səyahət” kitabına görə yazışı Radişşevi ölüm cəzasına məhkum ediblər.

 

7 avqust. Balet ustası Rəfiqə Axundovanın 90 illiyi

 

Balet sənəti - haqqında ən az danışılan bir sənət olsa belə ən kübar incəsənət növlərindən biri hesab edilir. Bu sənətdə adını tarixə qızıl hərflərlə yazdıran həmyerlilərimiz var, onlardan biri də Rəfiqə Axundovadır. 1951-ci ildən ömrünü Azərbaycan Opera və Balet Teatrına bağlayan Rəfiqə Axundova 20 il burada solist kimi çalışıb. Uzun müddət həmin teatrın baletmeysteri olub, 1990-cı ildə isə baş baletmeysterliyə yüksəlib. l998-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni­versitetində plastika və baletmeyster sənəti fənlərindən dərs deyib. Onun təşəbbüsü və rəhbərliyi ilə universitetdə “rəqs laboratoriyası” yaradılıb. “Qız qalası” (Ə.Bədəlbəyli), “Yed­di gözəl”, “İldırımlı yollarla” (Q.Qa­rayev), “Məhəbbət əfsanəsi” (A.Məlikov), “Jizel” (A.Adan) və s. baletlərdə əsas partiyaların ifaçısı olub Rəfiqə xanım. Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (T.Bakıxanov), “Qobustan kölgələri” (F.Qarayev), “Azərbaycan süitası” (R.Hacıyev), “Şelkunçik” (P.Çaykovski) baletlərinə, hətta 1975-1978-ci illərdə Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərinə quruluş da verib. Uzun müddət Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib, Əlcəzairdə “Üç inqilab” adlı baletini və “Muğam” musiqili xoreoqrafiya lövhəsini tamaşaya qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə həkk etdirib. XX əsrin 70-ci illərində Novosibirskdə “İldırımlı yollarla” baletinə quruluş verib, Qahirədə “Yeddi gözəl”, Antverpendə “Kaleydoskop” baletlərini tamaşaya qoyub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq Rəqs Festivalında onun iştirakı ilə “Xəzər balladası”, “Qobustan kölgələri”, “Azərbaycan süitası” nümayiş etdirilib. Paris Rəqs Akademiyasının diplomuna layiq görülən Rəfiqə Axundovanın özünəməxsus sə­nəti və istedadı haqqında Fransa mət­buatı maraqlı rəylər dərc edib. Rəfiqə xanım həmçinin 1994-cü ildə Qara Qarayevin “Yeddi gözəl” baletini Ankarada tamaşaya qoyub.

 

“Dədə Qorqud”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Yeddi gözəl”, “Bəyin oğurlanması” filmlərində Rəfiqə Axundovanın özünəməxsus, şux milli rəqsləri yaddaşlara həkk olunub. Azərbaycan baletinin inkişafındakı xidmətlərinə görə o, 1958-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1970-ci ildə “Xalq artisti” fəxri adlarına, “Şərəf nişanı” ordeninə layiq görülüb.

 

7 avqust. Peşəkar spiker günü

 

Spiker deyəndə ağlınıza Milli Məclisin spikeri Sahibə Qafarova gəlməsin. Bu bayram natiqlər, yəni nitq icad edənlər üçündür. Mühazirə söyləyənlər, idman şərhçiləri, iclas çıxışçıları – bir sözlə, bəlağətli nitqlə auditoriyanın diqqətini cəlb etmək amacında olan şəxslərin günüdür.

 

7 avqust. Kompüterin doğum günü

 

1944-cü ildə ABŞ-da ilk proqramlaşdırıcı komputer – “Mark 1” fəaliyyətə başlayıb.

 

8 avqust. Ümumdünya Pişiklər Günü

 

İnternational Cat Day adlı bayramın mübarək, ay Məstan pişik! Heyvanların Beynəlxalq Müdafiə Cəmiyyətinin təşəbbüsü ilə keçirilən bu bayram 2002-ci ildən qeyd edilir.

 

Pişiklər ən qədim zamanlardan insanları müşayət ediblər. Odur ki, insanların pişik sevgisi bir ayrı sevgidir. Bu bayram günündə xüsusən evsiz pişiklərin qayğısına qalmaq lazımdır. Kim harda pişik görsə onun başına tumar çəkməli, yaxınlıqdakı marketdən viskas alıb onu yemləməlidir.

 

8 avqust. “Xöşbəxtlik var” günü

 

Happiness Happens Day. 1999-cu ildən qeyd edilən bu bayramın məğzi belədir: Etiraf et ki, bu gün sən xoşbəxtsən. Bu bayramı düşünənlər, əslində, psixoloji bir gediş ediblər. Təbiətən naşükür olan insanı ildə bir dəfə məcbur edirlər ki, xoşbəxt olduğunu etiraf etsin, gileylənməsin.

 

8 avqust. Beynəlxalq Alpinist Günü, üstəgəl Beynəlxalq Oftolmoloq Günü

 

1786-cı ilin 8 avqustunda fransız Mişel Pakkar Avropanın ən hündür zirvəsi olan Monblanı fəth edib, bu şərəfə bu gün alpinist günü elan edilib. Ancaq mində bir insan dağa çıxıb alpinistlik edir, odur ki, bu günə təsadüf edən digər bayram – oftolmologiya bayramı, düşünürəm ki, azərbaycanlılar üçün daha önəmlidir. Gözü qüsurlular, görməsində problem olanlar çoxdur. Kimisində hərfi mənada, kimisində məcazi mənada.

 

8 avqust. Əlamətdar günlər

 

Tarixdə bir günə nə qədər əlamətdar hadisə düşərmiş. 8 avqusta düşən belə günlər yüzlərcədir. Mən bəzilərini seçirəm. Məsələn, Belçikada MeyBoom gününü qeyd edirlər. Nədir MeyBoom? Meybum plantasiyalarında bu sevinc gətirən ağac üçün bayram keçirirlər. Bizdə bu sevinc ağacından bitirmi, bax bunu bilmirəm. Bu gün türkmən qardaşlarımız yemiş bayramı keçirirlər. İsveçdə Kral günü, Çində və Braziliyada atalar günü, Tanzaniyada fermer günü (ay bərəkallah), Çilidə şokolad günüdür. Əlbəttə ABŞ-da da bayramdır. Onlarda bu gün tort kremi bayramıdır. Çexlərdə isə qara bayramdır, ən məşhur çex avtomühəndisi Şkodanın vəfatının ildönümüdür.

 

2008-ci ilin bu günündə “yerli rus əhalini qorumaq” adı altında Rusiya Cənubi Osetiyada Gürcüstana qarşı təcavüzə başlayıb. 1998-ci ildə 14 yaşlı amerikalı Maykl Kirni tarixə ən gənc magistr kimi düşüb. 1985-ci ildə Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılıb.1974-cü ildə Ueterqeyt qalmaqalına görə ABŞ prezidenti Riçard Nikson istefaya gedib. 1966-cı ildə Çində mədəni inqilab elan olunub. 1949-cu ildə Strasburqa Avropa Şurasının ilk iclası keçirilib. 1899-cu ildə amerikalı A.Marşall soyuducunu ixtira edib. 1815-ci ildə Napoleon Müqəddəs Yelena adasına sürgün edilib.

 

9 avqust. Beynəlxalq köklü xalqlar günü

 

BMT-nin hesabatına görə, hazırda 70 ölkədə 370 milyon köklü xalq yaşayır. Köklü xalq təsnifatına öz tarixi torpaqlarında yaşasalar da dövlətçilikləri olmayan xalqlar aid edilirlər. Onlar 5000 xalqa mənsubdurlar, 4000 müxtəlif dillərdə danışırlar. Bəzilərinin dilləri itmək üzrədir.

 

Bu cür xalqlardan ən çoxuna Amazon hövzəsində rast gəlinir. Burada 400 müxtəlif xalq yaşayır. Təəssüf ki, bu xalqların hüquqları pozulur, əraziləri zəbt edilir, özləri də assimilyasiyaya məruz qalırlar.

 

Bizim Azərbaycanda da belə xalqlar vardır. Az qala bəşər tarixi ilə yaşıd olan, əfsanəyə görə, Nuhun gəmisinin lövbər saldığı yer hesab olunan Xınalığın yerli xınalıq xalqı bu cür xalqlardandır.

 

9 avqust günü belə xalqların mədəniyyəti, adət-ənənələri, dilləri, əlifbaları gündəmə gəlir, böyük xalqlar bir daha onlara hörmət və ehtiram göstərirlər.

 

9 avqust. Müsəlman təqvimində yeni il

 

İslam təqvimi ilə bugünkü gün – Məhərrəm ayının birinci günü yeni ilin gəlişi hesab olunur. Bu günə Ərəb yeni ili, İslam yeni ili, Hicri yeni ili də deyilir.

 

9 avqust. ABŞ-ın milli kitabsevərlər günü

 

Mətbəx bayramları ilə bol olan ABŞ bu gün nəhayət ki, kitab bayramını qeyd edir. Əslində, onlarda bu gün həm də düyü pudinqi (bizim təbirimizcə desək, südlü sıyıq) günüdür, amma biz pudinqi bir kənara qoyub kitabdan danışaq. Dünyanın ən böyük kitab istehsalçısı olan bu ölkədə bu günün çağırışı belədir: rahat bir yer tap, gərginlikdən qop, yüngülləş və kitab oxu.

 

Kitab oxumaq gözəl hobbidir. Çox faydalıdır. Həm elm alırsan, həm informasiya. Həmin gün amerikalılar kitaba sarılırlar, parkda ota döşənib oxuyan kim, skamyada oturub oxuyan kim, su hövzəsinin kənarında uzanıb oxuyan kim. Bir sözlə, bütün ölkə kitab oxuyur. Gözəl təcrübədir. Sağ əlləri bizim başımıza.

 

10 avqust. Tanınmış filosof Əlisa Nicatın 85 illiyi

 

Azərbaycanda çağdaş dövr filosoflarından kimin adını çəkmək olar? Mən Əlisa Nicatın adını çəkərdim. Əlisa Qulam oğlu Hüseynov 1936-cı il avqust ayının 10-da Azərbaycanın Lerik rayonunun Yuxarı Gədik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb, “Bircə söz” adlı ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. 1964- cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə ilk hekayələr kitabı olan “Bir qız, üç çinar” nəşr edilib. Əlisa Nicat 1990-cı ildən Bakıya köçüb mətbuat sahəsində çalışıb. 1991- 1992-ci illərdə “Turan” adlı müstəqil ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal buraxıb. “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitablarını nəşr etdirib, Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirib. Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınır. 55 cildlik “Əsərləri” külliyyatının hazırda 26 cildi nəşr olunub. 1999-cu il aprel ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi-maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülüb.

 

Ona uzun ömür, cansağlığı və bir də, yubileyi münasibəti ilə ən azından “Şərəf” ordeni arzulayırıq.

 

10 avqust. Ekvadorun Müstəqillik Günü

 

Müstəqilliyini qeyd edən digər ölkələr məni qınamazlar yəqin, ancaq Ekvador bir ayrı dövlətdir. Niyə? Bu ölkənin milli ağacı xin ağacıdır, ondan malyariyanın müalicəsi üçün xinin preparatı hazırlanır. Nə olsun? Sözümün Mustafası da var. Bu ölkə dünyada təbiətin hüququnu tanımış ilk ölkədir. Burada təbiət heç kəsin mülkiyyəti deyil, qorunmaq, böyümək, artmaq kimi konstusiyon hüquqları olan bir subyektdir. Bu bir. İkincisi, bu Cənubi Amerika dövlətinin paytaxtı yer kürəsindəki ən hündürdə yerləşən paytaxtdır, Kito dəniz səviyyəsindən 2850 metr yüksəklikdə yerləşir. Üçüncüsü, Kitodan 26 kilometrlik məsafədən ekvator xətti keçir, orada bir abidə və şərti məkan var ki, həmin məkanda dayansan, bir ayağın şimal, digəri cənub yarımkürəsində olacaq. Dördüncüsü, Günəşə ən yaxın olan Yer kürəsi nöqtəsi Çimboraso dağının zirvəsidir ki, həmin zirvə də Ekvadorda yerləşir. Beşincisi, həmin bu dağın ekvator xəttinə yaxın olmasına görə belə hesab olunur ki, kosmosa ən yaxın olan ölkə də Ekvadordur. Altıncısı isə siyasi məsələdir. 1809-cu ilin 10 avqust günündə ispan müstəmləkəçiliyinə qarşı ilk qalxan Latın Amerikası ölkəsi də məhz Ekvador olub, Kito üsyanı tarixə düşüb, Kitonun ardınca Karakas (Venesuelanın paytaxtı), Buenos-Ayres (Argentinanın paytaxtı), Boqato (Kolumbiyanın paytaxtı), Mexiko (Meksikanın paytaxtı) və Santyaqo (Çilinin paytaxtı) da üsyana qalxıb.

 

Ekvadorlular bu gün xalq şənliyinə çıxacaqlar, paraddan keçəcək, küçələr boyu rəqs edərək şənlənəcəklər.

 

Bu qədər fərqliliyi olan bir ölkəni haçansa görə bilmək ümidi ilə təqvimimizin növbəti on gününün yekununa keçirəm.

 

10 avqust. Ümumdünya Şir Günü və digər mətləblər

 

Ötən ongünlükdə ümumdünya pələng günündən yazmışdım, odur ki, şirlər məni bağışlasınlar, bir atım barıtım qalıb, onu başqa mətləblərçün istifadə edəcəyəm.

 

Məsələn, dollarsevənlərimiz heç bilirmi, 1966-cı ilin bugünkü günü ABŞ-da 2 dollarlıq banknotların çapı dayandırılıb? Ona görə də 2 dollarlıqlar indi əntiq əşyalar sırasındadır. Kimdə bir nüsxəsi varsa ilindən asılı olaraq onu ən ucuzu 50 manata, ən bahası isə 1000 dollara sata bilər. Amerikalıların bu günə repertuarları yenə zəngindir, məsələn, onların bugünkü bayramları “Öz itini sevindir” adlandırılır, itlərini çimizdirir, desert yedirdir, parkda bol gəzdirir, xaltasını-filanı da dəyişirlər. Tarixdə ilk beynəlxalq telefon danışığı da bu günkü günə təsadüf edir. 1876-cı ildə bunu kanadalılar amerikalılara zəng etməklə tarixə salıblar. 1664-cü ildə tarixdə sonrakı yüz illiklərin konturlarını cızmış çox məşhur bir olay da baş verib, Osmanlı İmperiyası ilə Roma İmperiyası arasında Vaşvar sülh müqaviləsi imzalanıb. Və ən nəhayət, 1519-cu ilin 10 avqustunda Fernan Magellan özünün yer kürəsi ətrafında ilk səyahətinə başlayıb.

 

Avqustda həm də nəyə görəsə adama elə gəlir ki, bir sevgi cəzbetməsi duyur. Deyəsən, bütün böyük sevgilər avqustda sınağa çəkilir. Bəlkə də ona görə ki, avqust payızın ərəfəsidir, payızsa ayrılıqlar fəslidir.

 

Tanrı sevgilərinizi qorusun!

 

10 avqust. Şeir bəndi

 

Mən bulaqtək quruyub,

 

Sən gül kimi solaydın.

 

Gərək ya mən öləydim,

 

Ya sən dəli olaydın.

 

O sevgi yuxu idi,

 

Gərək ayılmayaydıq.

 

Biz elə görüşmüşdük,

 

Belə ayrılmayaydıq.

 

N. Kəsəmənli