Komitə sədri Xalq artistini təbrik edib

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Xalq artisti Qabil Quliyevi 75 illik yubileyi ilə bağlı təbrik edib.

Komitə sədrinin Xalq artistinə ünvanladığl məktubu “Ədəbiyyat və incəsənət” portalı sizin diqqətinizə çatdırır:

 

“Hörmətli Qabil müəllim,

Sizi – Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan tanınmış teatr və kino aktyorunu 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

Siz M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU-nun) “Dram və kino aktyorluğu” fakültəsində - görkəmli sənətkar-pedaqoqlar Əliheydər Ələkbərov və Rza Təhmasibin sinfində təhsil almısınız (1968-1972). Hələ tələbəlik illərində Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) çalışmısınız. Siz öz sənət taleyinizi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına bağlamısınız. – 1973-cü ildən bu teatrda aktyor vəzifəsində çalışırsınız. Yüzdən çox tamaşada rol almısınız. Siz həmçinin bir neçə bədii filmə çəkilmisiniz. Siz pedaqoji fəaliyyətlə də məşğul olaraq Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs demisiniz.

 

Siz 1979-cu ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adına, 2012, 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illərdə Prezident mükafatına layiq görülmüş, habelə Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatı (2009) və “Sənətkar” medalı (2019) ilə təltif edilmisiniz. 2020-ci ildənsə Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüsünüz.

 

Sənətşünaslar Sizin teatr səhnəsindəki rollarınızı qədirbilənliklə vurğulayır:

Oqtay (C.Cabbarlı, “Oqtay Eloğlu”), Mirzə (Ü.Hacıbəyli, “Olanlardan-keçənlərdən”), İsgəndər (C.Məmmədquluzadə, “Ölülər”), Qacar (S.Vurğun, “Vaqif”), Xosrov (S.Vurğun, “Fərhad və Şirin”), Fərhad (Ş.Qurbanov, “Sənsiz”), Yanar (N.Xəzri, “Sən yanmasan”), Şahsuvarov (İ.Əfəndiyev, “Atayevlər ailəsi”), Saleh (R.İbrahimbəyov, “Yaşıl qapı arxasında qadın”), Aslan (B.Vahabzadə, “Yağışdan sonra”), Şamxal (ANAR, “Şəhərin yay günləri”),

Firuz (N.Hikmət, “Bayramın birinci günü”), Pavel (M.Xubai, “Neron”), Poliksen (U.Şekspir, “Qış nağılı”), Fon Moor (F.Şiller, “Qaçaqlar”), Zemlyanika (N.Qoqol, “Müfəttiş”), Ninkoviç (B.Nuşiç, “Nazirin xanımı”), Edip (Sofokl, “Şah Edip”), Kapitan Kartaşov (M.Musiyenko, “Nəsillər eşidin”), Valter (N.Miroşniçenko, “Üçüncü nəsil”), Kapitan (V.Vişnevski, “Nikbin faciə”), Ağıllı (S.Stratiyev, “Avtobus”), Antonio (Y.Edlis, “Kölgələrin oyunu”), Ksanf (Q.Fiqeyredo, “Ezop”) və b.

 

“Gürzə”, “Cavad xan”, “Köhnə dəyirman”, “Yol” və b. Sizin filmoqrafiyanıza daxildir.

 

Sizi yaradıcılıq uğurlarınız və 75 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)