Ədəbiyyat azadlığı sevir Featured

Rate this item
(3 votes)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyat   bütün ədəbi, dünyəvi, tarixi, ictimai prosesləri özündə ehtiva edən elmdi. Sözə söykənən bu elm bütün emosional  yükü özündə birləşdirmək iqtidarındadı həm də. Şablonçuluqdan söhbət getmir ha, əsl ədəbiyyatdan gedir söhbət. Ütüsüz, bəzəksiz, vüqarlı, özün güvənən azad ədəbiyyatdan.

 

Boğazdan yuxarı, diktə ilə, sıxıla-sıxıla, əzilə-əzilə yazılan ədəbi nümunələrin yolu çox uzun ola bilməz. Hardasa itəcək, batacaq, yox olacaq.  Bu gün ağızdolusu dünya ədəbiyyatından nümunələr gətiririk. Dostoyevskini, Hüqonu, Çexovu, Tolstoyu əlimizdə bayraq etmişik. Kitaba biganə olan indiki nəsil də yenə bu yazıçılardan nəsə oxuya  bilir. Demək biz özümüz də azad ədəbiyyata meylliyik gənclər kimi. Anlayırıq ki, dünya ədəbiyyatı  bizimkindən qat-qat azaddı. Demək ona görə oxunur, sevilir,  yaşayır. Ruhu, canı varsa toxunacaq bu yazılar ürəyinə. İrqindən, milli mənsubiyyətindən, kimliyindən asılı olmayaraq əsər sənlə danışa bilirsə, demək  əsl  ədəbiyyatdı. Ədəbiyyat eyni zamanda cəmiyyətin aynası olmalıdı. İnsan özünü, cəmiyyəti,  eybəcərlikləri, həqiqətləri bu aynada görə bilmədikcə, əmin olun ki, bu kitabları rəflərdə toz basacaq. Buxovlanmış ədəbiyyat nə qədər ki, zəncirləri qırıb tökməyib, bu belə də davam edəcək.

Ədəbiyyatçılarımızın böyük qismi məddahlıqla məşğuldu. Bu bütün dönəmlərdə belə olub. Saray ədəbiyyatı anlayışı da burdan yaranıb. Bu ədəbiyyatın  ömrü nə qədər uzun ola bilər ki? Həmin  əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayırmı? Sevilirmi? Deyəcəksiz ki, o dövr bunu tələb edirdi. Axı bizə hər dövrün eybəcərliklərini açıb tökən əsərlər lazımdı. Hər dövrün öz qadağaları, çətinlikləri, əzabları, qanunsuzluqları, mübarizələri olub. Bütün bunlar ədəbiyyatda da öz əksini tapıb.  Bəs tarix harda yaşamalıdı? Təkcə tarix kitablarındamı? 

Mütləqdimi ki, tarixi ört-basdır edəsən? Həqiqətlərin üstündən keçəsən, özünün də inanmadığın yalançı, qondarma tarix yaradasan? Alqışlayasan, bər-bəzək vurasan, malalayasan? Təhrif olunmuş, qondarma ədəbiyyat kimə lazımdı axı?  

Qələm həqiqətə söykənə bilmirsə bir gün mütləq yıxılacaq. Nəticədə ədəbi nümunə şikəst qalacaq. Əlsiz, qolsuz, ayaqsız, kor. Olmazmı ki, duyğularını azadlığa öyrəşdirəsən? C. Məmmədquluzadə kimi, Sabir kimi, Haqverdiyev, Çəmənzəminli, Axundov kimi. Görün bu yazarlar necə köklü əsərlər yazıb qoyub gələcək nəsillərçün. Həmişə aktuallığında, nəfəsi yerində, diri. Axı ölü, qorxaq ədəbiyyat kimə lazımdı?  Bonumuza alaq ki, bizdə ədəbiyyat tam anlamı ilə azad deyil. Sözü boğa-boğa, nəfəsi kəsilə -kəsilə qoyublar. Poeziya qafiyədən kənara çıxa bilmir. Qəlibdədi. Fikir qıraqda qalır, qafiyələr gözə girir. Köhnəlmiş, didilmiş, əzik-üzük qafiyələr adamı uzaqdan dondurur. Ruh yoxdu. Boğazdan yuxarı "şeir" ləri oxuduqca peşman olursan. Vaxtına yazığın gəlir.

Hər sahədə yenilik olduğu kimi ədəbiyyatda da sıçrayış, yenilik olmalıdı. Bir də təkrar edirəm ki, söhbət əsl ədəbiyyatdan gedir. Köksüz, havadan asılı, məzmunsuz, mənasız söz yığınından yox. Əsas odu fikir olsun, məna, məzmun olsun. Oxucunu düşündürməyi bacarsın. Qoy sənin oxucun az olsun. Amma ortalığa gözəl ədəbiyyat nümunəsi qoy. Uğur budu. Yenilik gətir. Sələflərin kimi. 

Dediklərim nəsrdə də keçərlidi. Uzun, sicilləmə, saqqız kimi uzanan yazılardan uzaq durmaq lazımdı. Qələmi konkretliyə, yığcamlığa, həm də mücərrədliyə öyrətmək gərəkdi. Axı əsrimiz sürət əsridi. Bir də  düşündürməyi bacarmalısan. Oxucunu  məcbur etməlisən ki, yazdığını təkrar-təkrar oxusun. Hər oxuyanda yeni nəsə kəşf etsin. Oxucunu yormaq lazım deyil.  Onsuz da oxucu yetərincə yorğundu. Gündəlik qayğı, problemlər gündəmi əməllicə zəbt edib. Fikirləri dağda, daşda azdırmaq nəyə  lazım?  Birbaşa da yazmaq olar  ürəyindən, ağlından keçənləri. 

Bir sözlə, ədəbiyyatı bir az azadığa, bir az həqiqətə, bir az da müxtəsərliyə öyrətmənin əsl vaxtıdı.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)