Sizi deyib gəlmişəm... Featured

Rate this item
(2 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

”Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”. 

 

Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. 

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.  

 

Aprel ayının 7-si milli mətbuat tariximizdə çox əhəmiyyətli və əlamətdar bir gündür.

Belə ki, 7 aprel 1906-cı ildə mətbuat, ictimai fikir və ədəbiyyat tariximizdə əvəzsiz rol oynamış, Azərbaycanda ilk məktəb yaradan jurnal olmuş "Molla Nəsrəddin" jurnalının ilk sayı işıq üzü görmüşdür. "Molla Nəsrəddin" jurnalı ilə birlikdə həm də təkcə Azərbaycanda deyil İdel-Ural, Orta Asiya türk-müsəlman əhalisi arasında həmçinin İran və Osmanlıda satirik mətbuatın əsası qoyulmuşdur.Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin Tacir Məşədi Ələsgər Bağırzadənin köməyi ilə Tiflisdə açdıqları "Qeyrət" mətbəəsi geniş fəaliyyətə başladıqdan sonra onlar “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal nəşr etmək üçün  1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edirlər. Martın 4-ü Cəlil Məmmədquluzadəyə jurnalı çap etdirmək üçün qubernatorun dəftərxanasından şəhadətnamə verilir. 

Jurnalın baş redaktoru Mirzə Cəlil, baş yazarı isə Ömər Faiq Nemanzadə olur. 

Jurnalın 1-ci nömrəsi aprelin 7-si Tiflisdə 1000 tirajla çap olunur. 8 səhifəlik jurnaldakı məqalə felyeton və şeirləri Ömər Faiq Nemanzadə ilə Cəlil Məmmədquluzadə yazır. Karikaturaları isə Tiflisdə yaşayan alman mənşəli rus rəssamı Oskar Şmerlinq çəkir.

Cəhalətlə, dini fanatizmlə mübarizə aparmağı, xalqı qəflət yuxusundan oyatmağı qarşısına məqsəd qoymuş jurnalın ilk nömrəsinin üz qabığında yatmış insanlar təsvir olunmuşdu.

Jurnal tez bir zamanda dövrün maarifçilərini, ədiblərini öz ətrafına toplayır. Jurnalın müəllifləri arasında Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Cəfər Cabbarlı kimi ədiblər yer alır. Oskar Şmerlinqdən başqa o dövrdə  Tiflisdə yaşayan alman rəssan İosif Rotter, Əzim Əzimzadə, Xəlil Musayev, Seyid Əli Behzad kimi rəssamlar da jurnalla əməkdaşlıq edirdilər.

Sadə xalq tərəfindən böyuk rəğbətlə qarşılanan jurnal ruhanilər və dövlətlilər tərəfindən lənət və hədələrə məruz qalırdı. 

Molla Nəsrəddin jurnalı həmçinin azərbaycan qadınlarının azadlığı uğrunda, onların kölə vəziyyətindən qurtarması uğrunda da mıbarizə aparır, qadınların da kişilərlə bərabər hüquqlara malik olmasını tələb edirdi.

Cumhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsində qadın azadlığına xüsusi önəm verən Molla Nəsrəddin jurnalının da payı olmuşdur. 

Həftədə bir dəfə Azərbaycan dilində dərc olunan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. 

Fasilələrlə 25 il ərzində ümumilikdə 748 nömrəsi çap olunmuş jurnalın 340 nömrəsi Tiflisdə, 8 nömrəsi Təbrizdə, 400 nömrəsi isə Bakıda çap olunmuşdur. 

Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-illərdə Bakıda nəşr olunmuşdur.

1922-ci ildən etibarən Bakıda fəaliyyətə başlayan jurnaldakı məqalələr və karikaturalar Sovet hökumətinin xoşuna gəlmədiyi üçün Məmməd Səid Prdubadiyə jurnala nəzarət etmək tapşırılır. Hətta bəzi nömrələr Cəlil Məmmədquluzadədən xəbərsiz hazırlanıb çap edildiyi üçün Mirzə Cəlil jurnalın redaktorluğundan imtina edir. 

Molla Nəsrəddin jurnalının sonuncu nömrəsi 1932-ci ilin yanvarında çap olunub. 

2010-cu ildən aprelin 7-si "Molla Nəsrəddin" jurnalının şərəfinə Azərbaycan karikaturaçı rəssamlar birliyi tərəfindən karikaturaçılar günü elan edilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)