AYB sədri WOW prezidenti Ilə görüşüb Featured

Rate this item
(0 votes)

Fevralln 21-də Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan Ədəbiyyat Fondunun dəvəti ilə ölkəmizdə olan WOW  - World Organization of Writers (Ümumdünya Yazıçılar Təşkilatı) prezidenti Marqaria Al ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varisin iştirakı ilə keçən görüşdə Azərbaycan ədəbiyyatının dünyada layiqincə təmsil olunması yollarından, ədəbiyyatımızın beynəlxalq müstəvidəki yerindən, görülən və görüləcək işlərdən bəhs edilib, Azərbaycan ədəbiyyatına aid uğurlu ədəbi işlərin dünya oxucularına çatdırılması zərurəti vurğulanıb. 

Marqarita Al bildirib ki, Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin dünyada sabitliyin qorunmasında həlledici rolunun təmin edilməsidir. 

Azərbaycan Ümumdünya Yazıçılar Təşkilatı üçün xüsusi statuslu bir ölkədir, belə ki, məhz bura Ümumdünya Yazıçılar Təşkilatının yaranması ideyasının beşiyi olub. Belə ki, 2019-cu ilin 1 oktyabrında  BMT-nin patronajlığı altında Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən LiFFt festivallar festivalı zamanı “Ədəbiyyatda gələcək insan obrazının yaranması” panelində Marqarita Al və dünyaşöhrətli yazar Oljas Süleymenov belə bir böyük əhatəli ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndirmişlər. Sonradan 2023-cü ilin 2 fevralında Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Memorandumunu imzalamışlar. 

Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.

Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişi səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycan yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil edilmələrini təmin etməkdir. 

Hər iki tərəf görüşdən məmnunluğunu ifadə etmiş, kitab mübadiləsi etmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)