2873 ulduza örnək Mübariz!

Rate this item
(2 votes)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Çəkdin yağıların sinəsinə dağ,

Nərəndən titrədi əsir Qarabağ,

Nədən qürurluyuq ölüyük, ya sağ?!

Bu dərddən kükrəyib durdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.

          

Qisasın yolunu öyrətdin bizə,

Mənfur iblislərə nifrətin nizə,

Yaradan bu şərdən xilası çözə,

Dərdi nə ağırmış yurdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.

            

Yetdin şəhidliyə şir ürəyinlə,

Mübarək bahadır, pir ürəyinlə,

Əlləşdi, vuruşdu sirr ürəyinlə

Bu sirdən bir tarix qurdun, Mübariz,

Düşməni köksündən vurdun, Mübariz.

 

(Şirinxanım Kərimbəyli Şadimanın şeirindən bir neçə bənd)

 

Ulduzlar tək səmanı bəzəmir, məncə, ulduzlar tək göylərdə olmur. Şəhidlər də torpağın ulduzlarıdır. Onların qanı hesabına bu torpaq işıqlanır, bu torpaq canlanır və vətən vətən olur, millət də millət. Necə deyərlər... Torpağa şəhid qanı tökülübsə, o torpaq vətəndir. 

Bu torpağın İkinci Qarabağ müharibəsində 2783 ulduzu oldu. Onların hesabına bu torpaq vətən oldu. Lakin İkinci Qarabağ müharibəsi igidlərinin örnək aldığı, dərsliklərdə haqqında oxuyub ürəklərinə igidlik toxumu əkən igidlər var. Bu igidlərdən biri də Mübariz İbrahimovdur. O Mübariz İbrahimov ki, onun cəsarətinin qabağını heçnə kəsə bilməmiş 2010-cu ildə  təkbaşına 1 kilometr (0.62 mil) məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edə bildi. İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşdü və səhər saatlarında şəhid oldu. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Milli Qəhrəman adı Mübariz İbrahimova "Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə" verilmişdir. Bundan başqa İlham Əliyevin İbrahimovun xatirəsini əbədiləşdirmək üçün imzaladığı sərəncamda qeyd edilmişdir: "Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin; Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin". 

15 iyun 2011-ci ildə onun adını daşıyan məktəbin qarşısında Azərbaycan Mərkəzi Bankının sponsorluğu ilə Mübariz İbrahimovun 4 metrlik qranit heykəlinin açılışı olmuşdur. 

Mübariz İbrahimov 2010-cu ildə ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda "ilin adamı" seçilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)