Bolqarıstanda “Struma səhnələri” festivalı çərçivəsində Azərbaycan mədəniyyəti təqdim olunur

Rate this item
(0 votes)

Sentyabrın ilk günlərində Bolqarıstanın qədim şəhərlərindən biri olan Küstendildə ənənəvi olaraq “Struma səhnələri” beynəlxalq festivalı keçirilir.

 

AzərTAC xəbər verir ki, Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi açılıb. Yeddi günlük festivalda, həmçinin Bolqarıstan, Yunanıstan, Avstriya, İsveçrə, Çin, Marokko, Efiopiya və digər ölkələrin nümayəndələri iştirak edirlər.

 

Açılış mərasimində çıxış edən festivalın direktoru Nadejda Dimitrova bu cür mədəni tədbirlərin region üçün vacibliyini vurğulayıb.

 

Sərginin açılışında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış edərək cari il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin isə 10 illiyinin qeyd edildiyini bildirib. Sərginin bu mühüm yubileylərə həsr edildiyini diqqətə çatdırıb.

 

Sonra mərkəz direktoru sərgidə nümayiş olunan fotolar barədə məlumat verərək bu şəkillərin 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı Aureliya Nəsirova tərəfindən çəkildiyini, onun əsərlərinin bir sıra beynəlxalq müsabiqəsində yer aldığını qeyd edib.

 

Açılış mərasimində Sofiya Universitetinin Türkologiya ixtisasının tələbəsi Melisa Ramadan milli geyimdə Azərbaycan rəqsini ifa edib.

 

Qeyd edək ki, sentyabrın 9-dək davam edəcək və Bolqarıstanın ictimai və mədəni həyatında gözəl mədəni hadisəyə çevrilən “Struma səhnələri” Beynəlxalq Festivalı Küstendil şəhərinin sakinləri və qonaqlarına Azərbaycan təbiətini və mədəniyyətini “Bratstvo 1869” icma mərkəzində festivaldan sonra da nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)