Respublika Gənclər Kitabxanasının əməkdaşı beynəlxalq təlimdə iştirak edib

Rate this item
(0 votes)

 

Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycanı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nübar Cəlilova təmsil edib. 

 

Bu barədə Respublika Gənclər Kitabxanasından məlumat verilib. Beynəlxalq tədbirdə Nübar Cəlilova bu il 95 illik yubileyini qeyd edən Respublika Gənclər Kitabxanasının daxili strukturu, fond tərkibi, fəaliyyəti, kitabxanada tətbiq edilən milli sistem – “Alisa” proqramı haqqında ətraflı məlumat verib. Kitabxanada rəsmi sayt üzərindən təqdim edilən elektron xidmətlər, virtual ünsiyyət vasitələri, kitabların elektron formata keçirilməsi, həmçinin kitabxana əməkdaşlarının təlimlərə cəlb olunması prosesindən danışıb. 

Təlim iştirakçıları Moskvanın ən böyük kitabxanalarında olublar. Sonra Rusiya Dövlət Kitabxanasının Elmi və tədris fəaliyyəti departamentinin direktoru Yevgeniya Quseva və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə rəsmi şəxs Dmitri Polikanovla görüş keçirilib. Görüşün sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, beynəlxalq humanitar əməkdaşlığın “Yeni nəsil” proqramı çərçivəsində təşkil edilən təlim kursunda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistanın kitabxanalarından 53 gənc mütəxəssis iştirak edib. Təlim kursu çərçivəsində kitabxanalarda prioritet fəaliyyət istiqamətləri, nümunəvi bələdiyyə kitabxanalarının yaradılması, kitab nəşrlərinin rəqəmsallaşdırılması və Milli Elektron Kitabxananın portalında yerləşdirilməsi üzrə Rusiyanın milli layihələri, müasir dövrdə kitabxanalar qarşısında duran vəzifələr və s. bu kimi mövzular müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)