Antarktida və Kürdəmir Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

1.

Əgər uşağınız pis hərəkət edirsə, ona nümunəvilik və əxlaqlılıq moizələri oxumayın. Əks təqdirdə o, pis hərəkəti bu dəfə məhz böyüklər kimi nümunəvi və əxlaqlı görüntüsü yaradaraq edəcəkdir. 

2.

Mikroskop nə qədər güclüdürsə, bir o qədər çox dəhşətlər görünəcək.

3.

Artıq bir zamanlar arzuladığımız zaman gəlib keçibdir. İndi növbətisini arzulayırıq, o da gəlib gedəcək. Ölənədək də belə olacaq. Və yalnız öləndə anlayacayıq ki, bütün ömrümüz boyu boşuna arzulamışıq.

4.

Bizim və Hollivudun kino sənayesində fərq nədir? Onlar pul qazanmaq üçün kino çəkirlər, biz pulu mənimsəmək üçün.

5.

Bir dəstə kişi oturub susurlar. Xeyli susub darıxdıqdan sonra başdakı nəhayət dillənir, deyir, gəlin bir oyun oynayaq. 

Soruşurlar, nə oyunu, deyir, susmaq-susmaq oyunu. 

Hamı razılaşır və başlayırlar yenə də susmağa. Amma bu dəfə oyun oynadıqları üçün susmaqları daha onları darıxdırmır. 

6.

Bir tülkü yolla gedir, birdən kolluqdan “quqquluqu” səsini eşidib özünü kolluğa atır.

Az keçmiş ordan qənimətini yeyib doyan canavar çıxaraq deyir:

-Xarici dil bilmək doğrudan da gözəl şeydir.

7.

Yuxu - eynən ətrafda gördüyümüz reallıq kimidir. Baxa bilirsən, amma dəyişə bilmirsən.

8.

Meşəbəyi Həsən heç vaxt meşənin bəyi olan ayı ilə rastlaşmamışdı. 

9.

Afrika aforizmi: İnsan bir girdiyi çaya ikinci dəfə girməz, əgər orda timsah görübsə.

10.

Quarama qanunu:

Antarktidanı yalnız Kürdəmirlə müqayisə etməyimiz üçün yaradıblar. 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)