Turizm imkanlarımız İsraildə təbliğ olunur

Rate this item
(0 votes)

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2024) sərgisində təbliğ olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı agentliyə istinadən məlumat verir.

 

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

Milli stendi Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov ziyarət edib.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, adət-ənənələri, mədəni irsi, UNESCO-n un Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar. Bundan əlavə, qonaqlar ölkənin mədəni landşaftının unikallığını nümayiş etdirən Azərbaycanın qədim yəhudi irsi haqqında məlumat əldə edirlər.

Stendin ziyarətçiləri üçün Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılır.

Aprelin 4-dək davam edəcək sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı 29 093 İsrail vətəndaşı ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)