Meyd in Çina turizmimizə möhür vurur

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Növbəti Açıq Portfel statistikasını Dövlət Turizm Agentliyinə istinadən təqdim edirəm. 

Demək, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.

Qeyd edim ki, Azərbaycan Turizm Bürosu yerli tərəfdaşlarla birlikdə noyabrın 15-17-də Pekində keçiriləcək Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM 2023) turizm sərgisində təmsil olunacaq.

 

Və ardınca Çinlə və turizmlə bağlı əldə etdiyim digər məlumatları da sizə əlçatan edirəm. Belə ki, Çin turistləri üçün “China Ready” konsepsiyasının tətbiqi planlaşdırılır. “China Ready” layihəsi Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi istiqamətə çevirmək məqsədi daşıyan proqramın bir hissəsidir. Proqram turizm sənayesinin çinli qonaqları qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulub.

Proqram çərçivəsində mehmanxanalar, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək. İlkin olaraq 100 iştirakçı üçün nəzərdə tutulan, Çin mədəniyyəti, turist gözləntiləri, çin dilinin tədrisinin nəzərdə tutulduğu 12 aylıq təlim proqramının sonunda iştirakçılara “Çinli turistlərin dostu” sertifikatı təqdim ediləcək.

Bundan əlavə, turizm və qonaqpərvərlik sənayesi nümayəndələri Azərbaycanı çinli səyahətçilərə effektiv şəkildə təqdim etmək üçün xüsusi təlimatlar və strategiyalar haqqında məlumat əldə edəcəklər. Həmçinin çinli ziyarətçilər üçün ödəniş variantlarının təklif edilməsi, ənənəvi Çin yeməklərinin hotel menyularına inteqrasiyası və daha çox birbaşa uçuş variantlarının təklif edilməsi kimi münasib imkanların yaradılması planlaşdırılır.

Bir sözlə, turizmimizdə Çin faktoruna önəm verilir, əlbəttə ki, dünyanın ən çox əhalisi olan dövlətlə bu əməkdaşlıq olduqca faydalıdır.

Çoxları Çin deyəndə keyfiyyətsiz məhsul anlamını xatırlayıb ağız büzür. Şəxsən mən düşünürəm ki, Çin böyük imkanlar və şanslar rıçaqıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)