“İndi hər ayrılıq ömürdən uzun…” Featured

Rate this item
(0 votes)

Qısa fasilədən sonra “Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən Əlizadə Nuri görüşünüzə gəlir. Bu dəfə “Kül” adlı şeiri ilə. 

Şair yenə ovsunlayacaq, yenə təəccübləndirəcək! 

 

 

Kağızın içində yandı bu ömür-

Mən adam külüyəm, ya kağız külü?

Alışan bu canda o qız da yandı-

Bir az öz külümdü, bir az qız külü…

 

İndi hər ayrılıq ömürdən uzun,

Ölümlə oyunda ömür uduzur.

Hər axşam yandırır ayı -ulduzu

Tanrı səhər yığır ay-ulduz külü…

 

Dərd çaxmaq daşıdı- daşdan yanmışam,

Ayaqdan od alıb, başdan yanmışam.

… İlahi, nə yaxşı, eşqdən yanmışam-

Baha eləmişəm bu ucuz külü…

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)