“Sən məni qovduğunda da gedəcək və gələcək tək güman yerim yenə sən oldun”

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Oxucularımızın yaradıcılığı ribrikasında sizlərə kitabxana sektorunda çalışan Zahirə Cabirin “Həyata qayıdış” hekayəsini təqdim edirik

 

Bu gün hava çox isti idi. İyunun əvvəli olmasına baxmayaraq Günəş yeri-göyü yandırırdı. Hava necə olur-olsun Sadiq zəng vuranlara söz vermişdi, mütləq getməliydi. Qol, ayaq protezlərini könülsüz taxıb ayağa qalxdı. Şüşə sol gözü isə həmişəlik yerinə pərçimlənmişdi. Sağ əli ilə əynini geyindi. Bütün bunları etdikcə dişini-dişinə sıxır, “nə üçün, kimin üçün yaşayıram” sualını özü də hiss etmədən neçə dəfəyə təkrarlayırdı. Özünə güzgüdə baxıb ah çəkdi. “Nərmin, səni də itirdim”- dedi. Anidən bir damla göz yaşı yanağından üzü aşağı düşdü.

Vaxta hələ var idi. Televizorun pultunu əlinə götürüb kanallara baş vurdu. Mədəniyyət kanalında retro mahnılar verirdilər. Mirzə Babayevin “Necə unudum səni” mahnısı otağa yayıldı. Sadiq xəyallara daldı. Necə də xoşbəxt günlər idi. Hər ikisi birinci kursda bir-birini sevib əhd-peyman bağlamış, nişanlanmışdılar. İnstitutu bitirəndən sonra toyları olacaqdı. Gəl gör ki, sən saydığını say, gör fələk nə sayır. Müharibə başlayanda üçüncü kursda oxuyurdular. O da yoldaşları ilə birlikdə könüllü cəbhəyə yazıldı. Onunla gedən tanıdıqlarından təkcə sağ qalan Sadiq oldu. Üc bacının bir qardaşı Sadiq. Sadiq Füzulidə Narlıq deyilən sərt bir yerdə gedən döyüşlərdə “İsgəndər” adlanan mərmi partlayışından bədəninin yarısını itirmişdi. Uzun müddət əməliyyatlardan sonra bütün bunları tam dərk etmiş, həkimlərdən ona iynə vurub öldürmələrini xahiş etsə də, onu bu psixoloji gərginlikdən xilas edib yenidən həyata qaytarmışdılar. Nərmin onu hələ də sevdiyini etiraf etsə də, o artıq Nərmini sevmədiyini, onun üçün öldüyünü demiş, ürəyinə bir köz basaraq sevgisini yandırmışdı. Sevgi yansa da, amma kül hələ də yerindəydi. Ötən günlərə istəməsə də çaşıb boylanırdı... Dənizkənarı bulvarda dondurma yemələri, ən hündür karuseldə əylənmələri, Nərminin şaqraq gülüşləri,  daha nələr... İlk dəfə Nərmini onda qucaqlayıb, öpmüşdü. Onu nə qədər sevdiyini demişdi.

Ərik piroqunu çox sevirdi. Nərmin onu evlərinə çay içməyə dəvət edərkən sevdiyi piroqu masanın üstündə görəndə sevgilisinin ona qarşı necə diqqətli olduğunu anlamışdı. 

Bu xatirələri yada saldıqca hönkür-hönkür ağlamaq istədi. Yadına Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeiri düşdü. Amma nə qədər istəsə də ağlaya bilmədi. Sanki sinəsində nəsə düyünlənmişdi. Kim bilir, bəlkə də bu iki il ərzində axıda bilmədiyi göz yaşları və sinəsində boğduğu hıçqırıqlar idi. Nə qədər qəddar olsa, istəməsə də Nərmini tamam yaddaşından, ürəyindən silmək istəyirdi... Nərmin isə sevgisini göz yaşları içində kitabları arasında qurutduğu gül ləçəklərində axtarırdı. Tez-tez özlüyündə deyirdi: Müharibə - sevilən qızların arzularına atılan güllələrdir.

Sadiq telefonu açdı. Nərminin yazdığı mesajı bir də oxudu:

“Sevgilim, bir gün mənə bir şey olsa, sadəcə bil ki, həyatımda səndən özgə kimsə olmadı. Həyatıma səndən qeyri kimsəni almadım. Məni qovsan da başqasına qaçmadım, yenə sənə gəlmək istədim. Dərdini dərdim bildim. İtirdiklərini öz itkim saydım. Səni bu günə salan müharibəyə nifrət etdim. Allahıma dedim ki, “insafmı Allahım, insafmı? Sadiqim gör nə günə düşdü? Bütün arzularımız yarımçıq qaldı, daha heç vaxt çiçək açmayacaq”. Sənin qolun, qıçın, gözün olmaq istədim. Mənə heç yazığın gəlmədi, etibarsızçasına qovdun. Yarana məlhəm olmaq istədim, amma izin vermədin. Sən məni qovduğunda da gedəcək və gələcək tək güman yerim yenə sən oldun. Bir gün əgər mənə bir şey olsa bil ki, ürəyimdə sən oldun, sevgilim. Bunu sənə yazıram ki, heç olmasa bu mesajımı silib atma, qalsın. Bəlkə nə vaxtsa yadına düşsəm oxuyub məni azacıq da olsa anasan deyə. Biləsən ki, mən yalnız tək səni sevmişəm.”

İcra Hakimiyyətindən zəng edib ona ev verildiyini demişdilər. Bir neçə sənəd hazırlamalı idi. Telefonda onlara “evi istəmirəm, kimə istəyirsiz verin!”- desə də, icra nümayəndələri əl çəkməmiş, nəhayət onun inadını qırıb razı sala bilmişdilər. Sonda Sadiq evi avtomobil qəzasında həyat yoldaşını itirən bacısına verməyi qərara alaraq razılaşmışdı.

Taksi sifariş edib ASAN Xidmətə gəldi. Müştərilərə xidmət zalında iki növbə sırası vardı. Hərbiçilər, qazilər, şəhid ailələri üçün bir növbə, digər mülki vətəndaşlar üçün ayrı növbə. Gəlib birinci növbədə dayandı. Ondan qabaq dayanmış bir gənc əsgər geyimində idi. Deyəsən təqdim etdiyi sənəd düz deyildi, qız ona nəyisə başa salmağa çalışırdı. Sadiq oğlanın qıza qarşı çox aqressiv danışdığını eşitdikcə əsəbiləşirdi. Nəhayət qız: “bu arayışı gətirmədən siz sənədi ala bilməzsiniz”-deməsi oğlanı lap hövsələdən çıxartdı, əlini masaya bərkdən vurub: “Bilirsən nə var, sən gecələr ərinlə isti yataqda yatanda mən sənin kimilər üçün canımı güllə qabağına qoymuşam.” – dedi. Qız bu təhqirləri eşidib “bu nə sözdür mənə deyirsiz, mənim qardaşım da şəhid olub.” –deyərək ağlamağa başladı. Elə bu andaca Sadiqin cin təpəsinə vurdu. Sağ əli ilə toqqalı kəmərini belindən açıb qızı təhqir edəni gücü çatdığı qədər vurmağa başladı. Səsə ASAN Xidmətin rəhbər işçiləri, nəzarətçilər gəldilər. Onu tutmaq istəyəndə: “qolumdan tutmayın çıxıb əlinizdə qalar, ayağıma da dəyməyin yerindən çıxar. Qoyun bu əclafı necə lazımdır döyüm” deyərək onlardan kənarlaşdı. Sonra söyməyə başladı:

-Ay əclaf, sən qızlarımızın, gəlinlərimizin, analarımızın namusunu qoruyan oğul olsaydın bu sözü dilinə gətirməzdin. Hərbi forma geyinməklə sənə heç kim səlahiyyət vermir ki, xalxın qızını təhqir edəsən.

Nəzarətçilər güc-bəla ilə “əclafı” onun əlindən aldılar. Onu o biri xidmət zalına aparıb sakitləşdirdilər. “Vulkan” isə püskürürdü, sakitləşə bilmirdi. Rəhbərlik onu “əsil oğulsan”- deyib alqışladı, onun işsiz olduğunu biləndə hətta iş də təklif etdilər. Yaşıllaşdırmada bağban kimi....Sadiq isə  işləmək nədir, heç yaşamaq istəmirdi. Bu gün isə ona verilən evin sənədini almaq üçün uzun sürən yalvar- yaxardan sonra bura gəlmişdi.

"Müharibədə itirdiyim sol ayağımın, qolumun, gözümün təqaüdünü indi sağ tərəfimdəkilər alıb xərcləyir! Solun bütün əziyyətini sağ çəkir. Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən  aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir. Bir əsgərin ölüm günü başdaşının doğum günüdür. Hər ölüm bir məzarın doğumuna bərabərdir. İllər keçir və məzarlar doğulsa da, ordakı ölümlərin yaşı artmır."- dedi.

Həyatda hər cür insanlar var. Bəziləri insanların naxışı, bəziləri isə bədxahıdırlar.

Müharibəni yaşamayan adam müharibə haqqında danışa bilməz. Onun içində olmayan, düşmənlə üz-üzə gəlib, o qorxu hissini yaşamayan, mühasirəyə düşməyən, qucağında şəhid ölməyən, yaralının qolunu, ayağını əlində aparmayan adam müharibə nədi bilməz və o anları yaşamamısansa müharibə haqqında danışmağa haqqın yoxdur.

ASAN Xidmətdən çıxdı. Yaşamaq istəməyən Sadiqin  qəlbindəki sərt fırtınalar basılmışdı ... Dərindən nəfəs aldı. Bəli! ... Sanki tənhalığın, ümidsizliyin, çarəsizliyin yeganə əlacı olan sevgini tapmışdı. Həyata və insanlığa belə bir tükənməz sevgi üçün Tanrıya şükür etdi.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)