Yeni şeir, köhnə təəssürat - Sayman Aruz yazır Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı şair, AYB sədrinin müşaviri Sayman Aruzun bir şeirini təqdim edir. 

 

Hər zaman insanlıqdan yana olmuşam. Məni yaxınnan tanıyanlar bilir ki, hətta düşmənimə belə dost münasibəti bəsləməyə çalışıram. Ki, belə olmasaydı bu gün bəziləri şəxsi evlərində oturub bu statusu oxuya bilməzdilər. Gəlin razılaşaq kı, insan qədər sevimli və ali varlıq olmasa da, elə insan qədər də alçaq və şərəfsiz varlıq yoxdur...

 

Qızım, bütün güllər qızıl gül deyil,

Yaxana vurulan gülə fikir ver.

Hər eşqdən oxuyan bülbül də deyil,

Sevirəm söyləyən dilə fikir ver.

 

Sənə uzadılan əlin ovcunu,

Açıb öyrənmədən sıxıb eləmə.

Yaman qorxuludur insan ovsunu,

Sirrini daşa de, insana demə.

 

Sevgilə doğulmur hamı, ay bala,

Vallah bir çoxları doğulur elə.

Yaşayır sadəcə, nə ola, ola,

Nəfəs çəkə-çəkə boğulur elə...

 

Çoxları heç bilmir nə üçün gəlir,

Nə üçün yaşayır, nə üçün ölür.

Adam var bir ömür yatır dincəlir,

Adam var sadəcə öləndə gülür...

 

Aldanıb eləmə geyim-keçimə,

Geyimin altında gizlənir insan.

İsanın eşşəyi həcə getsə də,

Həci olsa belə eşşəkdir, inan...

 

Paltar insanlığı aşılasaydı,

Eşşək də geyinib adam olardı.

Qızım, su tökməklə quyu dolsaydı,

Cəhalət quyusu çoxdan dolardı.

 

Hayıf Allaha ki, insan əlində,

Hökmət qurmaq üçün silah olubdur.

Hayıf Qurana ki, molla dilində,

Bütün savabları günah olubdur..

 

Hayıf o dağ-daşa, hayıf o gülə,

Hayıf təbiətin təravətinə.

Hayıf təmənnasız sevən bülbülə,

Hayıf buludların saf niyyətinə...

 

Vallah hiss edirəm bəlkə də insan,

Kiçik tanrıların böyük səhvidir.

Bu qədər xəyanət, cinayət, yalan,

Elə insanlığın özün məhv edir...

 

Bu insan deyilən, adam deyilən,

Firona allahlıq tacı qoyandır.

Bismillah söyləyib özünü sevən,

Şeytanı daşlayınlb "hacı" olandır. 

 

Vallah daş yaxşıdır, nə inki insan,

O bizə ev olur, bu isə yıxır...

Gözümün önündə şərəfin satan,

Sürünə-sürünə zirvəyə çıxır...

 

Bəzən itdə olan saf sədaqətin,

Mində bir faizi insanda olmur.

Elə dərindi ki, nə etsən çətin,

Satqınlıq quyusu eşq ilə dolmur.

 

İnsan olammadı bu insan oğlu,

Nə Tövrat gücünə nə də ki, Quran.

İblisin, şeytanın, dəccalın qulu,

İnsandır, insandır, insandır, insan...

 

Çalış aldatmasın səni bu dünya,

Bulanıq dünyada duru ol, duru.. 

Qızım, nə bacarsan insan ol, amma

Çalış ki, özünü insandan qoru...

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)