“Nə qədər yara var, yoxdur əlacı…” - Xaliq Oğuzun şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı şair mərhumsumqayıtlı şair Xaliq Oğuzun şeirlərini təqdim edir.

 

 

 

Ağrıma ürəyim, ağrıma belə

 

Kiməsə ümidəm, kiməsə dayaq,

Kiməsə bir quru təsəlliyəm mən.

Hardasa şöləsi zəif bir çıraq,

Hardasa lap günəş məsəlliyəm mən.

Çağırır ardınca neçə yol, cığır,

Əlçatmaz zirvələr səsləyir məni.

Bir ana mən gedən yollara çıxır,

Bir gözəl nigaran gözləyir məni.

Nə ömür yarıdır, nə mənzil hələ.

Ağrıma ürəyim, ağrıma belə.

 

Yenə təbiətin bahar çağıdır,

Şeirlər cücərir çölün düzündə.

Torpağın donunu nəğmə dağıdır,

Ümidlər göyərir pöhrə gözündə.

Qartallar qıy çəkir zirvə taxtına,

Gədiklər bürünür dumana, çənə.

Sevənlər tələsir vədə vaxtına,

Kövrək bulaqlar da dil açıb mənə

Deyir, qələmini tez ol al ələ.

Ağrıma ürəyim, ağrıma belə.

 

Yanımda-yörəmdə doğmam dayanıb,

Məni xəbər alır yaxın da, yad da.

Bu dünya əzəldən sirrə boyanıb,

Nə qədər düyün var möcüzə adda.

Hər canlı işığa, nura can atır,

Yarasa zülmətə sarılıb qalır.

Min illik yol var ki, əlimiz çatır,

Bir addım yol var ki, qırılıb qalır.

Neçə ocaq yanır tüstüsü acı,

Nə qədər yara var yoxdur əlacı.

Ovunmaq da olmur təsəlli ilə.

Ağrıma ürəyim, ağrıma belə.

 

Qoltuq ağacının qoltuqdur yeri,

Kiminsə yükünü daşıyır ancaq.

Mənəm deyənlər var, indi əksəri

Özgə qoltuğunda yaşıyır ancaq.

Qalxsa da zirvəyə caynaqda cücə

Hünər qartalındır, qartala alqış.

Cücədən qartallıq umasan necə,

Zirvə fəth etməyə qartal yaranmış.

Mən də od övladı, Qorqud soyuyam,

Çətin əqidəmdən dönəm, soyuyam.

Neçə ki, bağlıyam vətənə, elə,

Ağrıma ürəyim, ağrıma belə.

 

Qəlbimdə nə qədər arzu-kamım var,

Ülvi istəyim var, xoş məramım var.

Ümidə, gümana sığınmışam mən,

Bu günə, sabaha bir inamım var.

Oğul böyüdürəm vətənə əsgər,

Gəlin həvəsində, toy həvəsində,

Hələ yazılmamış nə qədər əsər

Beləcə dustaqdır döş qəfəsimdə.

Tale də vaxt tapıb qurmağa tələ,

Ağrıma ürəyim, ağrıma belə.

 

 

Deyirlər ki, atam saxlayıb məni

 

Deyirlər ki, atam saxlayıb məni,

Büküb yapıncının ətəklərinə.

Bələyib qəlbinin hərarətinə.

Kiçik yaşlarımdan həsrət qalmışam,

Ana istəyinə, məhəbbətinə.

 

Deyirlər ki, atam saxlayıb məni,

Qəlbinin yağını yedirib mənə,

Gözünün nurunu əmizdiribdir.

Beləcə, o məni anamdan qalan

Şirin xatirə tək əzizləyibdir.

 

Deyirlər ki, atam saxlayıb məni,

Almışam əlindən rahatlığını,

Qovmuşam gözünün yuxusunu da.

Deyrilər, o məndən, tək mənim deyil,

Alıbdır anamın qoxusunu da.

 

Deyirlər ki, atam saxlayıb məni,

Laylayım bir kövrək çoban bayatı,

Yüyrüyüm atamın qolları olub.

Yastığım bir nimdaş motalı papaq,

Beşiyim bənövşə kolları olub.

 

Deyirlər ki, atam saxlayıb məni,

Bəzən gizləyərək öz aclığını,

Sonuncu tikəsin yedirib mənə.

Ancaq dil açanda hər şeydən qabaq,

“Ana” kəlməsini dedirib mənə.

 

Deyirlər ki, atam saxlayıb məni,

Şehlər üz-gözümdən yuxunu yuyub,

Küləklər saçıma sığal veribdir.

Hər novruz bayramı yetişən zaman

Kəndimizdə neçə ana olubsa,

Hamısından mənə sovqat düşübdür,

Hərə bir bağlama qoğal veribdir.

 

Deyirlər ki, atam saxlayıb məni,

Arabir girərək yuxularıma,

Üzünü ömrümdə görəmmədiyim

O gəlin anam da yoxlayıb məni.

Deyirlər ki, atam saxlayıb məni.

 

 

Hər gün görüşünə tələsirəm mən

 

Hər gün görüşünə tələsirəm mən

Adlayıb illərin üstdən harayla.

Hələ də barışmır ürəyim nədən

Taleyin bəxtimə yazdığı payla.

 

İstək bir tərəfə, qismət bir yana

Niyə belə olsun? Niyə? Bilmirəm!

Dünyanın dərdinə mən yana-yana

Kimsəyə dərdimi deyə bilmirəm.

 

Göydə uldularsa həyan olaydı,

Əlim çatmasa da, çataydı ünüm.

Məni bircə nəfər duyan olaydı,

Təsəllim olaydı tək bircə günüm.

 

Bu lal sükutların qulağı karmı?

Dinləyə dərdimi, bilə dərdimi.

Soyuq divarların insafı varmı

Barı bircə dəfə bölə dərdimi.

 

Mənim şeirlərim həsrət qoxuyan,

Hər misram özümə göz dağı olur.

Eh, axı bunları kimdir oxuyan?

Bütün nakamların yazmağı olur.

 

Bütövlük ömrümün naxışı, tacı

Yarımçıq nə varsa, heçdir, hədərdir.

Nakam məhəbbətin tüstüsü acı,

Yandırıb-yaxmağı qəbrə qədərdir.

 

Hər gün görüşünə tələsirəm mən

Adlayıb illərin üstdən harayla.

Ürəyim barışmır heç cürə nədən?

Taleyin bəxtimə yazdığı payla.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)