“Yenə o həminki yolu gəlirəm...” – Əvəz Qurbanlının şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində Əvəz Qurbanlının şeirlərinin dərcini başa çatdırırıq.

Hamısını birdən niyə vermədik? Çünki şeir çox olanda dadı-duzu qaça bilər.

 

 

QURTARIR

 

Deyirdin, bağların bar vaxtı gəlib,

Ağaclar başını əyir qurtarır.

Deyirdin, gözlərin gün işığıdı,

Görəndə almalar dəyir qurtarır.

 

Yenə o həminki yolu gəlirəm,

Aşıb o çəpəri, kolu, gəlirəm.

Sənəcən ürəyi dolu gəlirəm,

Hər sənə çatanda... şeir qurtarır...

 

Bir gün bu "Allahın fağırı" itir,

O bağın o köhnə cığırı itir.

Kimin ayağının uğuru itir?

Kimin əllərində xeyir qurtarır?

 

Adım "bəduğurlar dilində" qalıb,

Bəxt də ki, ceyranın belində qalıb.

Fələk dərd satammır, əlində qalıb,

Hər məni görəndə deyir "qurtarır".

 

...Xaş bişir gecədən baş-ayaqlığa,

Göz dolub-boşalır köhnə sağlığa.

Mən niyə çatmıram bu qonaqlığa?

Hamı mən gəlincə yeyir qurtarır...

 

 

ÖYRƏŞDİRİM

    (qəzəl)

 

Nəfsimi çox da iki öynə*yə öyrəşdirdim,

Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim...

 

Bu yara day məni qoymaz səni yaddan çıxaram,

Qoparıb qaysağını göynəyə öyrəşdirdim.

 

Ürəyim buz kimi qalmaz bu soyuqluqlarda,

Canımı çillə günü köynəyə öyrəşdirdim.

 

Üzülüb, xəstə canım, iynə gözündən keçdin,

Ara yerdə səni də iynəyə öyrəşdirdim.

 

Mənə dövran nə yedizdirdisə, uddum getdi,

Səbrimi "eybi yox"a, "neynəy"ə öyrəşdirdim...

 

Boş yerə el deməyibmiş buna "öyrənmiş can",

Vallah, öyrəşdi elə hey, nəyə öyrəşdirdim.

 

Bilmirəm, saqqızımı harda oğurlatdım, Əvəz,

Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim.

 

öynə*: vaxt; dəfə

 


ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM...

Ay evin uşağı, açma qapını!

Görmürsüz gözümdə od gətirmişəm?!

 

...Qapını bağlayıb evdən çıxanda

Böyüklər aldatdı uşaqlarını.

İti addımlarla itilədilər

Bəzən qaçmaq üçün ayaqlarını...

 

Qurda göstərməyə buynuzları yox,

Göyə qaldırmağa dumbuzları yox!

İti addımlarla itilədilər

Bəzən qaçmaq üçün ayaqlarını...

 

Bəlkə, qurd görəndə qaçmadığından

Qurdlar o kişini azdırmaq üçün

Evinin yolunu dəyişdirdilər,

Küçənin adını dəyişdirdilər.

Gözünün odunu almadılar, yox!

Gözünün odunu dəyişdirdilər...

Yeyib şirin-şirin nağıllarını,

Ağzının dadını dəyişdirdilər.

 

Ay evin uşağı, açma qapını,

Desəm də bal kimi süd gətirmişəm.

Bəlkə, o südə də nəsə qatıblar,

Ağzımda ayrı cür dad gətirmişəm...

 

 

***

Yaxşı yadımdadı, açdız qapını;

Dünyadan xəbərsiz o ac baxışlar

Tökülüb üstümə yedilər məni.

Görəndə bir tikə çörək yerinə,

Özümlə qupquru ad gətirmişəm...

Ay evin uşağı, açma qapını,

O ad nəyinizə gərəkdi axı!

Təkcə umduğunuz çörəkdi axı...

Çörək o çörəkdi – qorxusun gözə,

Qoxusun qəlbimə əkib gəlmişəm.

Adəm babanızın günahlarıdı –

Sirli dəyirmanda çəkib gəlmişəm...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)