Ağla, kamanım, ağla! Featured

Rate this item
(0 votes)

Xalq şairi Mirvarid Dilbazi doğum günündə anıldı

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 111 ili tamam oldu. Həmin gün bir qrup şair, yazıçı, yaradıcılığının pərəstişkarları ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət etdilər. 

Ziyarət mərasimi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı və “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuşdu. 

 

Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı ictimai birliyin şairin ədəbi irsinin təbliği sahəsində gördüyü işlər barədə məlumat verərək qeyd etdi ki, ötən il Qeyri-Hökumət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az saytı fəaliyyətə başlayıb. Şairin “Bənövşələr üstə göz yaşları” və “Çiçəkdən-çiçəyə” kitabları kiril qrafikasından latın qrafikasına çevrilərək yenidən nəşr olunub və ölkəmizin ayrı-ayrı bölgələrində 110 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib. 

Tədbirdə çıxış edən Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Əli Məhərrəmov, şair-publisist Rəfail İncəyurd, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Milli Kino Mərkəzinin rəhbəri Kəmalə Musazadə və başqaları Xalq şairinin keçdiyi yaradıcılıq yolu, poeziyası və poemaları, lirik şeirləri, şeirlərinə bəstələnmiş mahnılar barədə danışdılar. Qeyd olundu ki, onun klassik poeziya nümunələri ilə yanaşı, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin yaradıcılığında etdiyi tərcümələr oxucular tərəfindən maraqla qarşılanıb. 

Mirvarid Dilbazinin yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərə həsr etdiyi “Ağla, kamanım, ağla", qanlı 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün, bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirlərinin bu mövzuda qələmə alınan ən çox gözəl poeziya nümunələri olduğu vurğulandı. 

Elə bu yerdə xüsusən gənc oxucularımızı Mirvarid Dilbazi ilə yaxından tanış etmək zərurəti duyuruq. 

Özünün yazdığı kimi, od üstündə doğulmuşdu Mirvarid Dilbazi. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi o. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu. Beləliklə, böyük bir ailənin üzvlərindən heç birinə mənsub olduqları Dilbazilər nəslinin doğma kəndində - Qazaxın Xanlıqlar (indiki Musaköy) kəndində öz ulu babalarının yatdıqları torpaqda uyumaq qismət olmadı.

Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda - darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.

Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.

Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı - sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana - tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda” - deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

Öz içindən yanan bir ocağam mən,

Yandıqca daha gur yanacağam mən!

- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)