“Yerinə qayıdır hər şey, yerinə...” - Ramiz Qusarçaylı Poetik qiraətdə. Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizləri Qubada yaşayan ustad şair Ramiz Qusarçaylı ilə görüşdürəcəyik. 

 

Bülbüllər qayıdır qəfəs yerinə,

Balıqlar qayıdır nəfəs yerinə,

Sevgilər qayıdır nəfis yerinə,

Yerinə qayıdır hər şey, yerinə...

 

Ərinin yanına qayıdır arvad,

Arvadın yanına qayıdır əri.

Yerinə qayıdır efirdə urvat 

Yerinə qaytarır verilişləri.

 

Çöldəki “ürək”lər,

çöldəki “can”lar,

Evdə oğrun-oğrun baxışır indi.

Beş-altı villaya sığışmayanlar

Qayıdıb bir evə yığışır indi.

 

Yerinə qayıdır yetim ahları

Acılar qayıdır acılığına.

Yerinə qayıdır qibləgahları

“Hacı”lar qayıdır hacılığına.

 

Günlər bir boydadı,

gecələr uzun,

Birdi təşvişləri,təlaşları da.

Qiyməti kəsilən kasıb bir qızın

Yerinə qayıdır göz yaşları da...

 

Dizləri titrəyir fərari “ər”in,

Qımışır xeyir də, şər də yerində.

Qeybətdən buğlanan pəncərələrin

Xəcalət yellənir pərdə yerində...

 

Yerinə qayıdır din özəlliyi

Qayıdır dillərə Allahın adı.

Yerinə qayıdır Çin rəzilliyi

Yerinə qayıdır uyğur fəryadı...

 

Barmaqlar qayıdır çaxmaq yerinə,

Baxışlar qayıdır baxmaq yerinə,

Daha bu dünyaya inanan yoxdu

Dünyanı qoyublar axmaq yerinə...

 

Yerinə qayıdır qorxunun tamı,

İmdad da göydədi, pənah da göydə.

Allaha yalvarır evində hamı

Yerinə “qayıdır” Allah da göydə...

 

Bülbüllər qayıdır qəfəs yerinə,

Balıqlar qayıdır nəfəs yerinə,

Sevgilər qayıdır nəfis yerinə,

Yerinə qayıdır hər şey, yerinə...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)