“Gözümü açandan qaçaqaçdayam...” – Əvəz Qurbanlının şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlər üçün Əvəz Qurbanlının şeirlərinin dərcini davam edirik.  Hamısını birdən niyə vermirik? Çünki şeir çox olanda dadı-duzu qaça bilər.

 

 

 

YOLAM – YOLÇULARDAN BEZƏN ŞAİRƏM

 

Mən dövrün sözünü deməyə gəldim –

Bu gizli hikməti sezən şairəm.

Mən yolçu deyiləm, yollardan bezəm,

Yolam – yolçulardan bezən şairəm.

 

Çox gördüm canını yol üzən şair,

Küsüb bu dünyadan əl üzən şair.

Sən ey söz bağından gül üzən şair,

Mən söz dənizində üzən şairəm.

 

Ruzimi verən var əl bəhrəsindən,

Yoxdu umacağım Yer kürəsindən.

Minnət götürmərəm el süfrəsindən,

Heybəsi çiynində gəzən şairəm.

 

Əyrilər düzümün qabağındadı,

Min qoşun sözümün qabağındadı.

Dar qəbrim gözümün qabağındadı,

Gen səbrim ondandı – dözən şairəm.

 

Kimi istəyirlər, alqışlasınlar,

Kimi istəyirlər, qarğışlasınlar.

Qoy məni yamanlar bağışlasınlar,

Nəfsi yaxşılıqla əzən şairəm.

 

Məni küsdüyümlə barışdırmayın,

Yanaşı qoymayın, yarışdırmayın.

Başqa şairlərlə qarışdırmayın,

Mən yazan deyiləm, düzən şairəm.

 

Elə bir cihaz qur, tərəzi burax:

Məndə cövhəri tut, ərəzi burax.

A kişi, gördüyün Əvəzi burax,
Özümü özümdən süzən şairəm...


KÖRPÜ MƏSƏLƏSİ...

 

Sən də mən yaşdasan, özünü dartma,
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
“Çuval dağarcığa tay” məsələsi?..

 

Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər –
Nəydi o... “payızda say” məsələsi...

 

Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu “torpaqdan pay” məsələsi...

 

Deyirlər, yaltaqlıq toxumu artıb,
Azımı çoxalıb, çoxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb –
Körpü məsələsi, çay məsələsi...



GİZLƏDİRƏM 


Görməmiş deyiləm, gözə soxulam,
Göz-gözə gələndə göz gizlədirəm.
Qorxuram itirəm, bir sifətim var,
Demə, həyalıyam, üz gizlədirəm.

Hər sözü, incimə, sap eləmirəm,
Kitablar yığılır, çap eləmirəm.
Hər bekar qulağa səpələmirəm,
Biganə görəndə tez gizlədirəm.

Atılır ünvana, dəyir hədəfə,
Enir dərinliyə, çatır sədəfə.
Özümdən böyükdü iyirmi dəfə,
Beş göstərirəmsə, yüz gizlədirəm.

Təbin ürəyində döyünə gərək,
Sirri verməyəsən beyinə gərək.
Əhli olmayanın nəyinə gərək?
Əcəb eləyirəm, düz gizlədirəm.

Durub öz ölçünü əynimə biçmə,
Min dəfə seçdiyim sözləri seçmə.
Sözümün yanından kor kimi keçmə,
Mən sözün içində söz gizlədirəm...



ÖPÜRƏM, “ABİ...”


Gözümü açandan qaçaqaçdayam,

Ömrümü yollara səpirəm, abi!

Bəlkə də, bir yana çıxmadım özüm

Baxma kimlərəsə ləpirəm, abi...

 

Dərdimi dillərdən yan gəzdirirəm,

Dilimdə bir ovuc qan gəzdirirəm.

Bir-iki xurmaya can gəzdirirəm,

Mən ki nə dərvişəm, nə pirəm, abi!

 

Hayana üz tutum? Nə umacam ki?

Elə bağlanmayıb qapım-bacam ki...

Yaxşılıq görməyə elə acam ki,

Görəndə gözümə təpirəm, abi...

 

Yalan otururlar, yalan dururlar,

Haqqı büt başına dolandırırlar.

Elə ürəyimi bulandırırlar,

Az qalır hər şeyə tüpürəm, abi!

 

Harda dolaşıq var, rastıma çıxır,

Çözürəm, bir ucu sistemə çıxır.

Zibil qalaqlanıb üstümə çıxır,

Bilmirəm, hansını süpürəm, abi!..

 

...Dünənin işləri sabaha qalıb,

Ümid nə gədaya, nə şaha qalıb.

Sən get yat, mənimki Allaha qalıb,

Gecən xeyrə qalsın... öpürəm, abi...

 


BASABAS

 

Burda bu təzə hamamı,

köhnə libası kim qoyub?

Bapbalaca adamlara

bu boyda tası kim qoyub?

 

Mən bu şəhəri seçməzdim,

bu şəhər məni seçsə də...

Mən bu küçədən keçməzdim,

bu küçə məndən keçsə də...

 

Ey tak-tuk oyaq səsləri!

Ey tək-tük ayaq səsləri!

Bu üç adamlıq küçədə,

Bu üç addımlıq küçədə

Bu basabası kim qoyub?!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)