“Liman” – Güneyli yazar Əli Çağlanın hekayəsi Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində bu gün sizlərə portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Liman” hekayəsini təqdim edəcəyik.

 

 

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zincirləri qıram gərək, qıram, qıram!..

Xəlil Rza Ulutük

 

Uzaqdan əzanın səsi eşilirdi. "Bir neçə dəqiqədən sonra Təbrizin xiyabanlarında olanişıq dirəklərinin hamısının işığı bir göz qırpımında söndürüləcəkdir. Qızım, qaranlıqdan qorxmadın? Sonra kimisə qayışını bağlaya-bağlaya evdən küçəyə atılıb yerə tüpürəcəkdir. Qızımı sənə tapşırıram ilahi? Bələdiyyəişçilərinin süpürgəsinin səsini avtomobillərin uğultusu batıracaqdır. Qızım ağıllıdır, bilirəm. Hansısa əsgərin çiynində özündən böyük çantası ilə yorğun ayaqlarına təpilmiş məcburi botlarının bağını bağlamayıb tappıldada-tappıldada kazarmaya geri dönəcəkdir. O gün qızım hara qaçırdı? Kimisə ərini işə getmək üçün oyatdığı zaman, evləndiklərindən bəri it kimi boğuşsalar da, onun gecədən öldüyünü sezdikdən sonrahay qopararaq başına döyüb qonşuları şirin yuxusundan eləyəcəkdir. Qızım gecəni şirin yata bildinmi? Sonra şəhəri günəşin işığı bürüyəcək, ölü daşıyan avtomobilin sürücüsü mürgülədiyi anda tibb bacısı zəng açıb o kişinin cəsədini daşımaq üçün ünvanını təkrarlayacaq. Qızım harda yatdın bu gecəni?Bir neçə Adəm də gecələr Həvvanın yuxusunu görüb sayaqladıqdan sonra gözünün içini ova-ova çörək növbəsində dayanacaq. Qızım, ac deyilsən? Kimisə tələsə-tələsə bankdan növbə alıb ac-susuzcasına bank işçisinin yuxudan oyanıb iş başına dönməyini gözləyəcəkdir. Qızım, pulun yox idi, anan ölsün qızım..." - deyərək polis idarəsinin kamerasının soyuq kafelinin üzərində uzanıb şəhərdəki özgür insanlara fikirləşirdi. Kameranın qapısının cüyültü səsi qulağının içinə girmək istəyən milçək kimi vızıldamağa başladı. Məhbus qadın, diskinib yerindən qalxdı. Uzandığı yerdən boylanıb kor adamlar kimi tor pəncərəyə baxıb gözlərini qırpdı. Hələ gün təpələrin arxasında gizləndiyinə əmin idi.

"Əşhədü ən la ilahə illa allah" - səsini uzaqdan yel gətirmirdi, polis idarəsinin həyətinin o tayında yerləşən məscidin audio lentindən qalxan səs idi. Qapını açıb içəri keçən Agent qadının üzü açıqcasına görünmürdü. Yerdə uzanan Məhbus qadın ayağa qalxmağa çalışsa da, gecədən göm-göy göyərən yaraları ağrımağa başladı. Anidən beyninə “Nə çətindir! Bir var insan vurularkən gözləri açıq olub haradan dəyiləcək zərbənin yerini bədənində qısmağa çalışsın, bir var qapalı gözləri ilə birdən-birə bədəninin naməlum yerinə zərbə vurulsun! Görünən zərbəni işkəncə, görünməyən zərbəni cinayət adlandırmaq olar!..” fikiri çatdı.

Ancaq qadın bir şeyi bilmirdi. O da zərbə vuranın əllərinin məsələsi idi. Əslində sillə yeyən şəxsin təkcə üzü deyil, sillə vuranın əllərinin içi də onun üzü qədər ağrıyır. Bunu işkəncə verən şəxs hamıdan daha yaxşı anlayır, amma üzə gətirmir.

Qara çarşablı Agent qadın, boğuq səsi ilə yerdə uzanan Məhbus qadını ayağa qaldırmağa çalışdı. Çarşabının altından qandalı çıxarıb yuxulu Məhbus qadının qoluna bağladı. Çarşablı Agent qadının sağ qolundakı qızıl bilərziklər bir-birinə toxunaraq səs salırdılar, sarı qızıllar qaranlığın bağrını yararaq gözə girirdilər, qızıldan biraz üstlükdə paltarının iki qolunda isə par-par parıldayan içi boş iki sarı ulduzlar Agent qadının qızıllarına tay parıldasa da, qızıldan deyildi, amma Agent qadın onlara qızıldan daha çox dəyər verdiyi məlum idi. Məhbus qadının heç zaman taxa bilmədiyi qızıl, bəzək əşyaları yadına düşdü. İnsan bir işi görməyirsə, bir şeyi təcrübə etməyirsə, o görmədiyi iş necə yadına düşə bilər?

Çarşablı Agent qadın "Qorxma qızım, səni həkimə aparıram, gecə səni çox əziyyət eləyiblər, bədənin zəifləməyə başlayıbdı. Bir ağrıkəsici iynəsi vurandan sonra rahat olacaqsan." - deyib Məhbus qadını razı salmağa başlasa da, Məhbus qadın iki könüllü qalmışdı. “Ya məni asmağa aparırlar, ya da həqiqətən xəstəyəm. Axı dünən kamera çox soyuq idi. Hə, ümid hər nədən yaxşıdır, məni bu Agent qadın həkimin yanına aparır.” – deyərək düşünürdü.

Dərd insanı boğduğu zaman, insan hər nəyi unutmağa məruz qalır. Bu iki gündə Məhbus qadına görülən işkəncələrə görə niyə, necə xəstələndiyini özü də anlaya bilmirdi.

Addımlarını birgə atan iki qadın, xəlvət zalın bir başından gəlirdilər. Agent qadının yeridiyi anda qara çarşabı havada fırlanıb özü zənn etdiyi azadlıq bayrağı kimi dalğalanırdı.

 

Səkkiz yaşlı qızını özü böyüdürdü. Lənətə gəlmiş narkoman əri gecələr evə gələndən sonra onu cəlladlar kimi döydüyündən bezar olandan sonra işləri məhkəməyə çəkib boşanmışdılar. Qızını məktəb qabağında gözləyəndən sonra məktəbin son zəngi vuruldu. Məktəbin həyət darvazasının ağzında dayanmış qadın, qızını məktəb uşaqlarının hamısının bir geyindiyi paltarların arasında tanıyıb əl salladı. Uşaqların hamısı çığıra-çığıra atalarının qucağına qaçırdılar, amma qadının kiçik qızı məyuscasına ağır addımları ilə anasına tərəf yeriyirdi. Anası onun kövrək olduğunu düşünüb qucağını açıb qızını səslədi. Nə adı ilə səslədi? boş ver, onsuz da bu ölkədə yaşayan qızların adının dəyəri yoxdur, hamısı qızdır, hamısı sabah böyüyəndən sonra döş çıxardacaq, qırmızı pomada vuracaq, açıq-saçıq paltar geyinib gəzəcəklər. Onları azadlıq xiyabanında dustaq etdikləri anda o səhnəyə şahid olan bığlı kişilər evlərinə dönüb ayaqlarını uzadıb çay içdikləri zaman qadınlarına “Bir neçə qızı açıq-saçıq gəzərkən dustaq etdilər” deyib çaylarının soyumamasına tələsək qurtu ilə içəcəklər.

Ana ilə bala qucaqlaşdıqdan sonra, kiçik qız başındakı yaylığı çıxardıb anasına verdi. Qadın, yaylığı özü götürdüyü çantanın içinə qoydu.

- Ana, Bəyani müəllimə sprey almağımızı istədi. Dedi sabah məktəb həyətinin divarında rəsim çəkəcəyik.

- Həmən gedib alarıq qızım, nigaran qalma.

Qadının yannda pul az olsa da qızının könlünə toxunmağa dəyməzdi. “Olsun, bu gün taksi pulumuz olmasa da, evə piyada gedərik” – deyə fikirləşdi. Məktəbin yan xiyabanındakı qələm-dəftər satılan dükana keçib iki qara rəngdə sprey alıb qızının çəhrayı çantasına qoydu.

Onlar xiyabandan keçdikləri anda, qızı uzun bir dəmirin üstündən dalğalanan İranın bayrağını göstərdi:

- Ana... Ana... – dedi. – Bayraq necə dalğalanır? Bu nə səbəbdəndir? Bəyani müəllimə yelin əsdiyinə görə onun dalğalandığını deyir. Ana, axı indi yel əsmir, o necə dalğalanır?

Qadın, kiçik qızının qulpundan yapışdığı məktəb çantasını qolunu aşıraraq çiyninə atdı.

- Qızım – dedi – bayraq dalğalanmır, bayraq yel ilə birgə əsmir. Bayraq rəqs edir, bilirsən?

- A... Bu olan işdir axı?

Qadın bu işin həqiqi olub-olmamasını dəqiq bilməsə də, öz sözünə yekun vurub təsdiqləməyə məcbur idi:

- Bəzən qeyri-adi işlər olmağa başlayır. Hər ölkənin bayrağı da yelin qammaları ilə rəqs edir. Bir bayraq zəfər qammaları, bir bayraq kədər qammaları, məğlubiyyət qammaları ilə rəqs edir. Bax qızım, indi sənin sarışın saçların da rəqs edir, sənin yeriş qammaların ilə.

- Bunu Bəyani müəllimyə danışacağam.

 

Polis idarəsinin uzun, xəlvət zallarında addımlayan Agent qadının çarşabı dönümləri döndükcə daha çox rəqs etməyə başlayırdı. Məhbus qadının çarşabı kədər, ayrılıq, dustaq, işkəncədən yaranan qammalar ilə, qızıl bilərzikləri cingildəyən Agent qadının çarşabı isə özündə vizuallaşdırdığı dindən yaranan özgürlük, sevinc qammaları ilə rəqs eləyirdi. Məhbus qadının kiçik qızının sarışın saçlarının necə rəqs elədiyini gözündən yayındıra bilmirdi.

Məktəbdən qızı ilə qayıdan zaman “Bu yol nə qədər uzundur, niyə evə çatmırıq?” – deyən qadın, indi isə klinikaya getdiyi yolun uzun olduğunu düşünən Məhbus qadın xarakterinə çevrilmişdi.

- Bu boyda polis idarəsinin işkəncə bölməsinin bir klinikası var – Agent qadın yorulmuşdu. – Biri xəstələnərsə kameradan klinikaya gələnə qədər yeddi kəfən çürüdər.

Məhbus qadının canına qorxu çökdü:

- Biri xəstələnərsə? Məgər mən xəstələnməmişəmsə klinikada nə işim var?

Artıq azanın səsi kəsilmişdi. Agent qadın nəfəsini dərib saxlayandan sonra qabaq dişlərinin sınıq yerindəneşiyə buraxdıqda, xəlvət zalda firt səsi divarlara dəyib qayıtdı:

- Füsssüüüü... Bu yollarda sümük sındırmışam,  sonunda kəfən çürütməsəm yaxşıdır.

Məhbus qadının kiçik qızı yadından çıxmasa da dilinin altında mızıldadı:

- Sən niyə narahatsan?

 

- Narahatam ana, bilirsən nədən?

- Sənə qurban olum qızım, nədən narahatsan?

- Saçlarımın necə dalğalandığından narahatam. Saçlarımdan qorxuram, birdən kədər qamması ilə dalğalandığından qorxuram. Kaş oğlan olaydım ana, böyüdükdə saçlarımı qırxdırıb şəhərdə yaylıqsız özgürcəsinə gəzə bilərdim.

Qadın qızının əlini bərkdən sıxaraq udqundu:

- Yox, qızım, bu sözü bir də dilinə gətirmə. Sənin saçlarının dalğalanması özgürlük qammaları ilə dalğalanır. Qızım, sənin saçlarının dalğalanmağını özün görmürsən, amma mən görürəm.

Kiçik qız anasının əlini bərkdən sıxaraq ah çəkdi. Xiyabanın o tayında üç erkək polis dayanmışdılar. Çiynində üç böyük sarı ulduzu olan erkək polis, sanki o biri dayanan erkək polislərin rəisi idi. Çiynində çəhrayı məktəb çantası ilə gedən ana ilə kiçik qızını görən kimi donub dayandı.

Gülə-gülə səkkidə addımlayan kiçik qız ilə qadının önündə dayandı. Bir əlini belindəki Zoaf adlı tapançasının qundağına, bir əlinin də iç üzünü açıq şəkildə qadın ilə kiçik qız gələn tərəfə tutub “Dayanın” – dedi. Kiçik qız ən gözəl sığınacaq yer anasının kürəyidir deyə anasının buduna sarılaraq gizləndi.

Qadın “Buyurun cənab, nəsə olub?” – dedi.

- Çantanı boşaldın.

- Hansı çantanı cənab.

- Hər ikisini də.

- Nədən?

- Sizə deyirəm çantaları boşaldın.

 

- Sənə deyirəm çantanı boşalt.

Həkim qadın idi, əsəbiləşmişdi.

Agent qadın, ayağa qalxıb iynə, şərbət, dərman olan çantaya tərəf addımladıqda dönüb Həkim qadının önündə kinolarda bir-biri ilə öpüşən iki aşiq kimi üzünü üzünə yapışdıraraq:

- Mənə bir də belə əmr eləmə. Səni it gününə qoyaram. Hambal axtarırsansa odur, rəisə məktub yaz, yardım üçün yanında tibb bacılarından birini gecələr saxlasın, nə istəyirsənsə qabağında tir-tir əssin.

Həkim qadın uşaqyana sifətini çevirib öz işinə görməyə başladı. Ona toxunsaydın, ağlayacaq kimi görünürdü. Sanki evdəki böyük bacısı üstünə çımxırıb ona yemək payını az vermişdi. Məhbus qadın klinikanın içinə ayaq basdığı andan fikir boğurdu.

 

- Fikirləşməyə gərək yoxdur. Bir polis olaraq çantaları boşalt deyirəmsə, boşaltmalısan.

Erkək polis tapançasını çıxardıb qadına tərəf tutdu. Kiçik qız ağladı. Səhnəni dövrələyib baxan adamlar bir neçə addım geri çəkildilər. Xiyabanın o tayında polis avtomobilinə söykənən başqa erkək polislər də qadın ilə kiçik qızı, camaatın baxdığı sıradan səkkiz-doqquz addım qadın ilə kiçik qızın yaxınlığında mühasirəyə saldılar.

Qadın, kiçik qızına təsəlli verdi. İlk öncə öz çantasını çıxardıb yerə boşaltdı. Pomada, sürmə, bəzək əşyaları, qızının ağ yaylığından sonra heç nə yox idi. Özünü itirmədi, çantadan boşaldılan bəzək əşyaları ilə ağ yaylığı bir-bir çantanın içinə qaytardı.

- O biri çantanı da boşalt.

Qadın, kiçik qızının məktəb çantasını çiynindən aşırıb fermuarını açdı. Önündə dayanıb tapança ilə qadını hədəfə alan erkək polis qışqırdı:

- Çevir, nə varsa yerə boşalt.

Qadın, çantanı tərsinə tutub içində olan əşyaları boşaltdı. Çantanın içindən qızının dəftərləri, kitabları, qələmi yerə düşdü. Sonunda isə iki sprey yerə düşüb səkkidə diyirləndi. Erkək polis bir əlini tapança ilə qadının üstünə tutduğu zaman, bir əli ilə sinəsində olan ratsiyanın böyrünü sıxıb başını biraz da endirdi.

- Mərkəz... Mərkəz... Əməliyyat uğurla görüldü. Çantanı boşaltdıq, içində sprey var idi.

- Yox, yox, bizim heç günahımız yoxdur.

Kiçik qız qollarını anasının qıçına daha bərkdən dolayıb çığırdı:

- Ana... Ana...

- Bunlar... Bu... Bu... Bunlar nədir?.. Nə... Nəd...

- Ana, ana.

Erkək polislərin biri çığırdı:

- Sənə deyirik özünü təslim elə. Diz çök, əllərini başına qoy.

- Ana... Ana...

- Qızım... Qızım... – deyib erkək polisə üz tutdu – Nə olar? Qızımla işiniz olmasın. Qızım...

Mikroavtobusun arxasından iki qadın polis düşüb sel kimi dalğalanan camaatın arasından gəmi kimi yol açıb səhnəyə girdilər. Çarşablarını yellədə-yellədə xiyabanı adlayıb qadın ilə kiçik qızına tərəf gəldilər.

- Ana... Ana...

Bir qadın polis kiçik qızdan, o birisi də qadının qollarına qandal vurmaq istəsə də, ana ilə kiçik qızı dartınırdılar.

- Ana... Ana...

Kiçik qız, qadın polisin əllərindən qurtulub anasına tərəf qaçmaq istədiyi zaman, qadın polis kiçin qızın saçlarından yapışıb yoldu. Yerdə sürütləyib ayağa qaldırdı. Başının ortasından qapaz vurduğu zaman kiçik qız pişik kimi vəngilti səsi çıxartdı.

Qadın, bu səhnəni gördüyü zaman dartınıb onu qandallamaq istəyən qadın polisin əlindən çıxdı. İnsanın dişini, bağırsağını hirs kəsdiyi zaman daha çox güclənər, qabağını heç kim saxlaya bilməz. Qadının gözləri dərhal yerdə yarımçıq kərpiçə sataşdı. Bu kərpiçi bura kim atdığı ilə işim yoxdur, amma sanki kərpiçi ora qısas ilahələri qoymuşdular, birinin başına çarpılmaq üçün.

 

- Bu kərpiçləri bura nəyə qoyubsunuz?

Agent qadın idi. Çantanı yerə boşaldıb ayağa qalxdıqdan sonra gözlərinə sataşmışdı.

- Sabah, yox, yəni bu gün nahar çağı işçilər gəlib divar işləyəcəklər.

Həkim qadın, Məhbus qadının qolunu əli ilə açıb mavi rəngdə bir bağ bağlayıb sıxdı. Sonra alkoqollanmış pambığı damarın üstündə oynatdı. Sonu ölümə gedən yolda mehribanlıq nəyə gərəkirdi?

Alkoqol nə idi? pambıq nə idi? yoxsa özünü and içib xəstələrə yardım etmək üçün çalışan həkimlər kimi aparırdı? Bəlkə də bu iş adət üzrə idi.

- Əlini yum, sıx.

Məhbus qadın, iynənin damarına keçdiyi an qorxdu. Həkim qadın iynənin içini Məhbus qadının qanı ilə doldurdu. Agent qadın “Çəkdin?” – deyərək dodağındakı gülüşü saxlaya bilmədi.

- Siz demişdiniz iynə təzriq edəcəyik, xəstəsən. Bəs nədən qanımı çəkirsiniz?

Həkim qadın ilə Agent qadın qahqaha ilə güldükləri zaman klinikanın həmən otağındakı nahara qədər işçilərin yolunu gözləyən kərpiçləri diskindilər.

- Bir də çək, bir də çək.

Agent qadın idi. Həkim qadın sevindiyindən çığırdı:

- Birini də çəkirəm, daha bəsdir, urra... Aha...

İynə yenə də damara keçib qan ilə dolduqda Agent qadın üzünü arxada kreslonun üstündə olan şüşələrə çevirib saydı.

- Bir, iki, üç, dörd, beş, altı.

- Bunu da al.

- Yaxşı, yeddi. Hahahaha... Qəhbənin it canı var, qanını soruruq qurtarmır. Hahahaha...

Məhbus qadın artıq sözlərini də itirmişdi. Başı gicəllənirdi. Otaqda olan Həkim qadın ilə Agent qadın gahdan gözünün önündə şişirdi, gahdan neçə qadına çevrilirdilər.

- İtin qızı. Səni it gününə qoyacağıq.

Sanki burda adamları it gününə qoymaq dəbdir. Biraz öncə Agent qadın isə Həkim qadın ilə dalaşdığı zaman bu sözü deyirdi.

- Qəhbə...

 

Qadının əlindən kərpiç çıxdığı zaman qışqırdı:

- Qəhbə...

Atılan kərpiç qadın polisin başına dəyib yerə sərildi. Arxadan yetişən erkək polislər qadını zopa ilə xiyabanın ortasında döydülər. Qadın yerdə qan içində boğulurdu. Hələ də gözləri qızını axtarırdı. Gözləri camaata sataşdı. Camaat gözündə qoyuna çevrilmişdi. Sanki qoyunları hasarın o tərəfində saxlamışdılar, bu qoyunların dilini kəsmişdilər, mələyə bilmirdilər. Erkək polislərin bir neçəsi də yerə sərilən qadın polisin başının üstündə dayanmışdılar. Yerdə ayağından sürünən qadın başını səkkinin bu biri tərəfinə çevirdiyi zaman gözləri axtardığı nöqtəni tapmışdı. Kiçik qızı ağlaya-ağlaya dönüb anasına baxıb qaçırdı. Qadının gözləri zəiflədi, qaraldı, yumuldu. Bir də gözlərini açıb baxmaq istəyirdi. Gözünü açdıqda görə biləcək qabiliyyəti olduğundan əmin deyildi, kor olduğunu düşünürdü. Yavaş-yavaş, bir, iki, üç. Açdı.  Kiçik qız qaçıb uzaqlaşdıqca qadının gözlərində daha çox kiçilirdi. Sarışın saçları dalğalana-dalğalana qaçırdı... Qaçırdı... Qaçırdı...

Qadın, üzünün yerdə sürtülüb yaralandığı yaranı, zopa yerlərinin ağrısını unutmuşdu, gözləri sabit dayanaraq kiçik qızının qaçıb uzaqlaşdığı yola baxırdı.

Səhnəyə göydən baxsaydınız, daha aydın görünürdü. İki futbol topu kimi mütəhhəriksiz qan, bir sarı kərpiç, bir çəhrayı rəngdə məktəb çantası, kitablar, qələm çantası, dəftərlər, iki sprey, toplanıb hadisəyə baxan dilsiz qoyunların qara saçları, müxtəlif rəngdə köynəklərinin çiyinləri, qaçan adamlar, polislər, polis avtomobillərinin mavi-qırmızı sirena işıqları. Şəhər bir-birinə qarışıbdır. Səkkinin yanında olan baqqal bir vedrə su töküb qanları yuyur. Qan getdikcə sıvaşıb daş xalçalara yapışır.

Ax-ax... Getmə, dayan, səhnəni çək yaxına gətir. O nədir? Hə, qandır, mən də dedim bəs nədir, qadının yerdə sürtülmüş üzünün qanıdır. Qandır, qan, qan...

 

- Mənim qanımı neynəyirsiniz?

- Hahahaha...

- Qanını sorub içirik.

- Hahahaha... Şərbətdir elə bil, bəh-bəh.

 

Baqqal bir vedrə də su töküb mızıldandı:

- Mürəbbədir. Qan deyil ki, mürəbbədir elə bil.

 

Agent qadın qan dolu bir şüşəni əlinə alıb Məhbus qadına göstərərək: “Qan deyil ki, mürəbbədir elə bil.” - deyib Həkim qadına üz tutdu.

 

Qadını mikroavtomobilə mindirdilər. Həzyan deməyə başlamışdı:

- Qızım. Hardasan? Qammalar. Dalğalar. Bayraqlar. Sarışın. Qızım. Saçlar...

 

Artıq gicəllənməyin sonuna çatmışdı. Bu qədər qan əldən verəndən sonra iki qadının gülüş səsini eşidirdi. Həzyan deyirdi:

- Qanım... Qızım... Qanım dalğalanır... Qızım rəqs edir...

- Hahahaha...

- Mən... Ölürəm... Bayraqlar... Rəqs eləyir... Qızım... Qammaların üstünə yel əsir.

- Yox, yox. Ölmə, sən ölsən biz yaşaya bilmərik.

- Hahahaha...

- Mən ölürəm qızım... Ölürəm... Ölürə... Ölür... Ölü... Öl... Ö...

- Hahahaha...

- Hahahaha...

- Rəisə zəng aç. Haha...

Həkim qadının həddən artıq güldüyünə görə gözlərindən yaş axırdı.

Agent qadın mobili dinamikə vurub Həkim qadına üz tutdu:

- Bu bizim dərəcəni nə zaman verəcək? Hahaha...

Yuxudan təzəcə oyanan bir şəxs, mobilin o tayından səsləndi:

- Alo, buyur, eşidirəm.

- Alo, rəis, qurtardıq.

- Cəsədini qızı ilə bir yerə qoyun, limana göndərəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)