Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

45–ci dərc

 

 

Polkovnik bu deyilənlərə sakitcə qulaq asırdı. Söhbət əsnasında bir dəfə də olsun, gözünü dənizdən ayırıb həmsöhbəti tərəfə baxmamışdı. Onun danışdıqlarının bəzilərini buraya gələnə qədər özü təxmin etsə də, indi deyilənlərin çoxu onun üçün yeni idi. Adam da onun tərəfə baxmır, sanki özü-özü ilə danışırmış kimi söhbətinə davam edirdi.

Daha olan olmuşdu. İndi vəziyyətdən çıxmaq lazım idi. Rəmziyə qatil kimi verdiyimiz adamımız iki səhv buraxmışdı. Əvvəla, İsfəndiyarın yerinə oğlunu öldürmüşdü. İkincisi isə, onu qaçırdığı maşınla sakitcə vurub uzaqlaşmalı olduğu halda son anda maşının sürətlər qutusu ilişmişdi. Bu da onun ikinci səhvi idi. Belə işlərdə hər şeyi nəzərə almaq tələb olunur. O isə bu boyda şəhərdə qaçırmağa bir normal maşın tapmamışdı. Oğlanın maşından düşdüyü yerlə evin arasında bir neçə metr məsafə olduğundan, qaçırdığı maşının yerindən tərpənməyəcəyini başa düşən adam, düşüb hər ehtimala qarşı özü ilə götürdüyü dəmir parçası ilə oğlanı vurub öldürmüçdü. Çünki cəmi bir neçə saniyə vaxtı var idi. Sürətlər qutusu ilişəndə, akseleratoru bərk basmaqla o vəziyyətdən çıxarmaq olur. Adam da bunu edib sonra sürətlə oradan uzaqlaşmışdı. Əslində isə hər şeyi səssiz yerinə yetirməli idi. Elə buna görə də şahidlər maşın mühərrikinin, sonra isə təkərlərinin səsini eşitdikdlərini bildirmişdilər o vaxt. Onun bu səhvlərini düzəltmək, izləri itirmək lazım idi. Elə bundan istifadə edib əvvəldən planladığımız kimi, oğlanın maşınla vurulması versiyasına güc verdik. Ancaq meyiti müayinə edən ekspert olduqca təcrübəli idi. Oğlanın maşınla vurulmadığını müəyyən edəcəkdi. Onunla «söhbət» etməyi lazım bildik. Təbii ki, buna nail olduq. Elə həmin vaxt onun digər bir komissiyanın da üzvü olduğu aydınlaşanda, artıq əlimizdə olan biri kimi, qatili aradan götürməməyi, ehtiyatda saxlamağı qərara aldıq. Onun Ruhi-əsəb xəstəxanasına yerləşdirilməsini və anlaqsız olması barədə rəy verilməsinə nail olmasını ekspertdən tələb etdik. Çarəsi olmadığından bunu da etdi. Beləliklə, hamının axtardığı və bizə hələ gələcəkdə lazım ola biləcək adamımızı dəlixanaya salmaqla həm qorumuş olduq, həm də izləri itirdik. O vaxt iş necə bağlanıb, bilirsiz. Təcrübəli ekspertin rəyinə heç kim şübhə etmədi. Bundan sonra yenidən «yığıncaq» çağırdıq. Baş verənlərin İsfəndiyar üçün ölümdən də bətər bir cəza olduğunu nəzərə alıb hökmü icra olunmuş saydıq və İsfəndiyarın ölüm hökmü ləğv olundu. Bir daha heç kim bu söhbətin üstünə qayıtmadı. Beləcə, zaman-zaman hər şey yaddan çıxdı. O vaxta qədər ki, İsfəndiyarın ən yaxın dostu Səttar ölümündən bir qədər əvvəl bizimlə görüşmək istədiyini bildirdi.Onu dinlədik. Etiraf edim ki, onun danışdıqlarını eşidəndə təəssüf hissi keçirdim. İsfəndiyar günahsız imiş. Ən yaxın adamlarının olduğu bir məclisdə həddən çox spirtli içki içmiş Rəmzi vaxtilə bizi necə aldatmasını danışıb özünü öyüb. Həmin məclisdə olanlardan biri Səttarın da çox yaxın adamı imiş. Bu söhbət qulağına çatanda, onsuz da yaxında öləcəyini bilən Səttar orada danışılanları təfərrüatı ilə öyrəndikdən sonra, vaxtilə necə bir səhv etdiyini anlayıb və yanımıza gəlib. Ən yaxın dostuna xəyanət etmiş biri kimi, Səttarın vicdanının verdiyi iztirablar ona aid idi. Biz isə, illər keçsə belə, Rəmzinin bu xəyanətini cavabsız qoya bilməzdik. O, cəzalanmalı idi. Ancaq indi doxsanıncı illər deyil və biz hər addımımızı yüz ölçüb, bir biçməyə məcburuq. Özünüz başa düşürsünüz, dövran dəyişib. Ona görə də çalışırıq ki, ölüm işi kimi cinayətlərdə adımız hallanmasın. Rəmzi və həmin qatil isə həyatdan getməyə real namizədlər idilər. Zənnimizcə, ikisi də qırmızı xətti keçmişdilər. Qatili də ona görə deyirəm ki, Səttarın dedikləri ilə yanaşı Rəmzi barədə başqa şübhələrimiz də var idi. Rəmzinin vaxtilə ona verdiyimiz adamımızı pulla ələ alıb öz məqsədləri üçün istifadə etdiyindən şübhələnmişdik. Son illərdə iki müəmmalı qətl hadisəsi baş vermişdi. O hadisələr indiyə qədər açılmayıb, yeri gəlmişkən. Bizlik olmadığı halda, istər-istəməz şübhələrin üzərimizə yönəlməsindən narahat olduq. Araşdırdıq və qətlə yetirilənlərin hər ikisinin dolayısı ilə də olsa Rəmzi ilə əlaqələrinin olduğunu öyrəndik. Səttarın dediklərini də yoxlamağa ehtiyac var idi. Tələsmirdik. Belə qərara gəldik ki, əvvəlcə Rəmzinin vaxtilə bizi aldatdığı on min manatın əvəzini artıqlaması ilə çıxaq. Həmin məbləğin ekvivalenti və cəza kimi qat-qat çoxu Rəmzidən alınıb yerinə qaytarılmalı idi. Bunu qaydalarımız tələb edirdi. Mühasibat işinin «dahi»si olan bir adamımızı onun ən iri şirkətinə yerləşdirdik. Nəticədə adamımızın qurduğu bir sxem əsasında bizə axan pullar həmin şirkəti az qala müflis hala gətirdi. Rəmzi xəbər tutanda gec idi. Heç zərbənin ona haradan gəldiyini də bilmədi. Adamımızsa, indi çox uzaq bir ölkədə, səfalı bir yerdə dincəlir. Ancaq bu işlər bir ilə qədər vaxtımızı apardı. Paralel olaraq o iki qətllə bağlı apardığımız araşdırmalar başqa sübutları da ortaya çıxardı. Bu işlərdə Rəmzinin əli var idi. Elə o ərəfədə öyrəndik ki, onun «Karat»la sözü çəp gəlib. Nə isə baş versə, yenə biz ortalıqda qala bilərdik. Bax onda nöqtəni qoymağı qərara aldıq. Bu səbəbdən Səttarın əslində bizim üçün çox yerinə düşən, ölüm ayağında etdiyi və bizim də qəbul etdiyimiz xahişini işə saldıq, məlumatı sizə ötürdük. Xeyli müddət keçsə də, hər-halda ona verdiyimiz sözü tutmuş olduq. O, sizin İsfəndiyarla dost olduğunuzu bilirdi və belə bir məlumatı alarsızsa, sakit oturmayacağınızı demişdi bizə. Əlverişli təklif idi. Ölümcül xəstəliyi olan Səttarın motivlərini də haradasa təxmin edirdik. Onun özü üçün qorxacaq bir yeri yox idi, onsuz da həkimlər ona bir neçə ay vaxt qoymuşdular. Düşünürəm ki, oğluna görə narahat idi. Rəmzi «quşlamışdı» və bu söhbətin gec-tez lazımi qulaqlara çatacağından qorxan Səttar vaxtilə etdiyi xəyanətin qisasının o öləndən sonra oğlundan alınacağından ehtiyatlanırmış. Onu da, Səlimi də o vaxt İsfəndiyarın günahkar olduğuna Rəmzi inandırmışdı. Məsələnin ciddiliyi onları bərk qorxutduğu üçün sözü bir yerə qoymağı qət edibmişlər. Həmin vaxtlar, o qapıdan girənlər, kiçik də olsa günahları sübut olunarsa, başqa qapıdan çıxırdılar, yəqin özünüz başa düşürsüz. O cür ölümü isə, heç kim özünə arzulamır. Başqa bir şey də öyrəndik Səttarın dediklərindən. Heç demə, Rəmzi İsfəndiyara «yığıncağa» çağırıldığını deməyibmiş. Hər şeydən xəbərsiz adam, həmin gün rəhmətə getmiş əmisinin dəfnində iştirak etmək üçün rayona gedibmiş. İki gün sonra, qayıdan günün gecəsi isə bu hadisə baş verdi.

Bunları öyrənəndə, Rəmzinin bu etdiklərinin səbəbini də öyrənməyi lazım bildik. Burada, «kassa»mıza verilən pul səbəb ola bilməzdi. On min manat Rəmzi üçün böyük bir pul deyildi ki, ona görə bu addımı atsın. Heç bu riskə də dəyməzdi. Daha dərindən araşdırma apardıq. Məlum oldu ki, həmin ərəfədə İsfəndiyarın dövriyyəsi Rəmzidən bir neçə dəfə çox imiş. Elə pərakəndə satışla məşğul olanlar da, daha keyfiyyətli olduğu üçün malları İsfəndiyardan götürməyə üstünlük verirmişlər. Bu isə Rəmzinin bazarını əməlli-başlı öldürürmüş. Səlim və Səttar bizneslərini bir qədər fərqli istiqamətdə qurmuşdular. İsfəndiyar və Rəmzinin sexləri isə, əsasən geyim əşyaları istehsal edirdilər. Rəqabətə dözə bilməyən Rəmzi bizim əlimizlə İsfəndiyarı aradan götürməyi düşünüb və bu riskli addımı atıb. Belə məlum olur ki, hər şeyi də çox düzgün hesablaya bilib.

Dediym kimi, Səttara verdiyimiz sözü tutub, bu işi sizə yönəltdik. O, sizin araşdıracağınız təqdirdə, oğlunun amanda olacağını bilirdi. Səbəblərini deməsə də, hər şeyi başa düşürdük və onsuz da bizə sərf edən bu təklifini, həm də ölümqabağı xahişi kimi qəbul edib onu sakitləşdirdik. Əlbəttə, illərlə qardaşlarımıza etdiyi yardımları da nəzərə aldıq. Ancaq bir şərt qoyduq ona, sizə hadisənin qətl olduğundan başqa heç bir məlumat verməyəcəkdik. İstefada olsanız belə, siz polis əməkdaşısız və sizə hər-hansı adı ötürmək əqidəmizə ziddir. Verdiyimiz məlumat isə, ümumi bir məlumat idi və burada pis bir şey görmürdük. Əslində, hətta Rəmzinin adını vermiş olsaydıq belə, bu sizinçün heç nəyi dəyişməyəcəkdi. Məlumatı yoxlamadan, kor-koranə addımlar atmayacağınızı bilirdik. İstənilən halda, aldığınız məlumatı sübutlarla bərkitmək üçün bu son günlərdə keçdiyiniz yolu onsuz da keçməli olacaqdınız. Peşəkarlığınıza bələd idik. Bu işi tək görməyəcəyinizə də əmin idik. Sizin, yaxud da adamınızın lazım olan həddə, yəni Rəmziyə qədər gəlib sonra dayanmağınız bizə lazım idi. O həddən o tərəfə keçməyiniz arzuolunan deyildi. Ona görə də vəziyyəti nəzarətimizdə saxlamaq üçün kənardan müşahidə apardıq. Adamınız ilk gündən atdığı ağıllı addımlarla bizi qıcıqlandırmağa başladı, sonda isə, gözlədiyimizdən uzağa gedib bizim üçün real təhlükəyə çevrildi. Hər şey çox pis sonluğa gətirib çıxara bilərdi. Daha burada tərəddüdə yer yox idi. Onda, onun barəsində məlum qərarı verdik. Başqa çarəmiz qalmamışdı. Tərəzinin gözünə həddən artıq ağır şeylər qoyulmuşdu. Ancaq sizin Bəxtiyar, onu aradan götürəcək adamımızı xəstəxanalıq etdi. Belə məlum olur ki, ömürlük şikəst qalacaq. Adamımız olduqca peşəkar biri idi və bir dəfə də səhv buraxmamışdı, yerinə yetirə bilmədiyi tapşırığımız olmamışdı. Bəxtiyarın onu sıradan çıxarması bizə maraqlı gəldi. Etiraf edim ki, «fərman»ını vermiş olsaq belə, peşəkarlığı bizdə ona qarşı bir rəğbət oyatmışdı. Onunla daha ciddi maraqlandıq. Bax onda, öyrəndiyimiz şeylər qərarımızı dəyişməyə bizi vadar etdi. Çox şey öyrəndik haqqında. Başa düşdük ki, bu adam hər gördüyünü, eşitdiyini harada gəldi danışmaz. Başqa bir şey də öyrəndik. Bu yaxınlarda gənc bir qızın həyatını xilas edib. Təmənnasız. Amma bununla kifayətlənməyib. Əsaslı müalicə almazsa, qızın ömürlük şikəst qalacağını öyrənib. Kasıb nənə və babasının himayəsində olan bu qızın müalicəsini davam etdirə bilməsi üçün maşınını satıb pulunu özəl klinikalardan birinə köçürüb. Təbii ki, bunu hamıdan gizli saxlayıb. Qoy yollarımız fərqli olsun, amma biz də azərbaycanlıyıq, polkovnik. Belə oğullara əl qaldırılmaz, canına qıyılmaz. Yaxşı oğlan, hər yerdə yaxşı oğlandır bizimçün.

Polkovnik ilk dəfə başını çevirib uzun-uzadı həmsöhbətinə baxdı. Sonra yenə üzünü çevirib baxışlarını dənizin ləpələrinə dikdi. Diqqətlə baxan şəxs bu sərt baxışlı insanın gözlərinin dərinliyində zorla seçiləcək bir ifadə görə bilərdi. Bu, öz yetirməsi ilə sonsuz fəxr edən bir müəllimin gözlərindəki ifadə idi.

Polkovnikin ona baxdığını görən adam bir anlıq fasilə versə də yenə qaldığı yerdən davam etdi:

-Rəmzi onsuz da, yaşamayacaqdı. İntihar qərarını verməkdə düzgün addım atdı. O, başa düşürdü ki, bizim, hələ İsfəndiyar bilərsə, üstəlik də onun qisası çox dəhşətli olacaqdı.

-Yəqin deyəcəksiniz ki, kamerada asılmış vəziyətdə tapılan o qatil də həyatla könüllü vidalaşıb? -bayaqdan susan polkovnik sakit tərzdə soruşdu.

-Kim bilir, bunu ondan soruşmaq üçün çox gecdir. Ölülər danışmır.

Gözünü dənizin ləpələrindən ayırmayan polkovnik verilən cavabı eşidəndə  gülümsədi.

-Danışır, bəzən ölülər dirilərdən çox danışır.

 

 “Ədəbiyyat və incəsənət”

(17.08.2023)