“Ad günümdür bu gün. Çoxlu-çoxlu təbrik edin, tərifləyin məni” Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki;- “Poeziyaya gələndə hərfləri təzə öyrənmişdim. Bir dəfə rəhmətlik atamla o zamanki yeganə televiziya kanalı, Az tv-ni izləyirdik. Məktəbli bir qız Bəxtiyar Vahabzadənin "Ana" şeirini söyləyirdi. Atam köks ötürüb dedi ki, kaş mənim də üç övladımdan biri şeir yazardı. Dedim, nə var ki, şeir yazmağa. Mən yazaram. Elə o vaxtdan, hər gecə atam zavoddan yorğun işdən gələndən sonra, rəsm albomuma yazdığım “şeirlərimi” atama oxuyurdum. Sonra uzun illər yazmadım.”

 

Onu “Facebook” sosial platformasından tanıyıram, necə deyərlər, üzünü görmədiyim dostlarımdandır. Heç bilmirəm, harada çalışır, nə işlə məşğul olur, bircə onu bilirəm ki, gənc şairlərdəndir. 

 

“Asosial insanam, özümü sosial şəbəkələrdə daha rahat ifadə edə bilirəm. Qoy, elə aktivliyim də, “məşhurluğum” da sosial şəbəkədə qalsın. Həmişə deyirəm ki, mən dördayaqlılardan yox, ikiayaqlılardan qorxuram. Düzdür, meşədə ayı ilə rastlaşsaydım, bəlkə də qorxardım. Adətən xanımlar, itdən, pişikdən qorxurlar. Amma onlara deyirəm, qorxmayın, rahatlıqla keçin gedin. Siz heyvanlara dəyməsəniz onlar sizə toxunmazlar.”- söyləyir.

 

Şairi tanımağa nə var ki? Yetər ki, bir neçə şeirini oxuyasan. Mən də sosial şəbəkədən onun bir neçə şeirini tapıb oxudum. “Şəhid evi” şeirində yazır:

 

Mən elə bir məmləkətdə doğuldum ki,

Gənc ömürlər, yarpaqlardan öncə solur.

Köçəri quşlardan öncə, şəhidlər uçur cənnətə

Belə gəlir payız fəsli bu yerlərə.

Bahardan doymayan pöhrələr…

Atadan doymayan körpələr…

Xəzan anaların saçından başlayır burda.

Torpaq ataların ürəyindən başlayır çürüməyə…

Mən elə bir məmləkətdə doğuldum ki,

Şəhid evləri, UÇUQ-SÖKÜK damlardan asılmış

TƏZƏ bayraqlardan bəlli olur...

Mən elə bir məmləkətdə doğuldum ki,

Kişilər ya şəhid olur ölür,

Ya da utandığından ölür...

 

Bu gün yaşadığımız həqiqətləri gözəl ifadə etməyibmi? Bu poeziya nümunəsində həm giley-güzar, həm biganəlik və həm də qeyrət hiss olunmurmu? Və ya məhəbbət şeirlərindəki həsrət yanğısını duymamaq mümkün deyil. Obrazlı desək, sanki bu yanğını təsəllinin vasitəsilə soyutmağa çalışır. Və “Soyuq əllər” şeirində yazır:

 

Ayrı-ayrı yaşayırıq,

Eyni hava, eyni şəhər

Sən o yanda, mən bu yanda

Eyni gecə, eyni səhər.

 

İsitdiyin əllər indi

Soyuqdur sənsiz boş qalıb

Barmağının ucunadək

Darıxıram, yada salıb.

 

Bir çırpınır iki ürək,

Gecələrin birindəyik

Buludlar da sevdamıztək

Qaralıb, qəm içindəyik.

 

Pay gətirir sənə yellər

Dəli bir eşq, şirin yuxu

Məndə qalsın soyuq əllər

Yuxusuzluq, bir də qoxun...

 

Deyir ki;- “Bir dəfə sosial şəbəkədə də bununla bağlı paylaşmam vardı: Elə etki, bir də şeir yazmayım, mən xoşbəxt olanda yaza bilmirəm. Yazmasam, demək ki, başım xoşbəxtliyimə qarışıb. Təki xoşbəxt olaq, bütün xanımlara, bunu arzu edirəm.”

 

Bəlkə də bu söhbəti heç açmazdım. Şəxsən tanımıram deyə, haqqında danışmağa sözüm çox azdır. Onun “Facebookda” indicə paylaşdığı- “Ad günümdür bu gün. Çoxlu-çoxlu təbrik edin, tərifləyin məni”- sözləri bir kövrək ruhlu şair xanımın səmimiyyətinə biganə qala bilmədim. Yəqin ki, o, sizin də dostluğunuzda var- Günel Balakişini deyirəm...

 

“Nifrət ürəkdə qalmağın bir formasıdır. Sevgimin ən çarəsiz halında nifrətinə də razıyam, Zeyd. Sevmirsənsə, nifrət et. Yetər ki, unutma məni, Zeyd.

Nifrət ümiddir. Nifrət nə zamansa yenidən sevilmək ehtimalıdır. Unudulmaqsa sondur. Unutma məni, Zeyd, unutma...”- söyləyir…

Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)