Arzu Muradın “Məktub”ları Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün qarşınızda Arzu Murad və onun məktublarıdır. 3 məktubdur cəmi. Buyurun, 1-cini oxuyun.

 

                                          

MƏKTUB 1

 

Bizi ən gözəl Ağ şəhər tanıyır, o, şahiddir bizə. Bütün ilklərimizə. Gözlərin mənə dəyəndə özümü itirməyimə, qızarmağıma, əlindən tutanda titrəyişimə, yanağıma qonan öpüşlərinə, saçlarınla ilk dəfə təmas quran əllərimə, ən bəsit səbəblərdən küsmələrimizə, dalaşmalarımıza və bir toxunuşunla yumşalan əsəblərimə. Əgər bir gün səni sevməyi buraxsam, ilk nəyindən başlayacam, bilmirəm. O qədər imkansız gəlir mənə. Noyabrın üzü dönsün, varlığımı unutduğum, məni atıb, səni tutduğum o gün oldu nə oldusa.

Bəzən o qədər təəccüb edirəm ki, hardan gəlib girdin həyatıma deyə. Bəzən də mənə elə gəlir ki, səni uzun illərdir tanıyıram. Hər cizgin, hər zərrən o qədər doğma gəlir mənə.

Daha gilas görəndə səni xatırlayıram, mandarinin saplarını təmizləyəndə ağlıma ilk sən gəlirsən. Həyatımın hər tərəfində xatirən var, gözün aydın olsun.

Gülüşün, gözlərindəki işıq o qədər əzizdir ki... Qaranlığa qərq olsam, qəti qorxmaram, çünki gözlərin gələcək gözümün önünə, üzümü güldürəcək, dərdimi unutduracaq. Bir pişiklənməyin var adama, baxışlarınla, qollarınla, dünyanın ən gözəl neməti deyərdim.

Darçın qoxusuna nifrət edən mən indi üstümdə darçın gəzdirirəm, sənsizliyimi unudum deyə. Hətta ilk görüşümüzdə utandığımdan darçını sevmədiyimi də deməmişdim, məcburən darçınlı çaya qatlanmışdım. Sonralar da məndən yaxşı aktyor çıxar, demişdin, sənə bunu hiss etdirmədiyimə görə.

Ən mənasız yeməklər belə sənlə dünyanın ən ləziz təamı olur, nə qəribədir. Ayrılığımızda günləri sayıram, yenidən sənə qovuşacağım günləri. Yanında olanda da bir dərd, səndən ayrılacam deyə, gecə gözümə yuxu getmir. Səni doya-doya seyr edirəm. Gözlərimə yığıram, ürəyimə yığıram, qoxunu içimə çəkirəm. Yollar bitmək bilmir. Nə sənə gələn, nə də səndən gedən yollar. İş burasındadır ki, səni unutmaqçün yollar belə yetmir, yer üzünün bütün yolları sənə qurban olsun. Dünyanın harası olsa, düşünmədən gələrəm. Nə uzaqlıq, nə maddiyyat saxlamaz məni.

Bəzi şeylər var ki, onlar səninçün çox xırda görünsə də, mənimçün çox şeyi müəyyən edir. Məsələn, sənin məni sevib-sevməmən bir o qədər əhəmiyyət kəsb etmir. Mən səndən heç nə istəmirəm, nə də gözləmirəm. Təkcə üzün gülsün, qəlbin fərah olsun. Harda olursan-ol, hansı yüksəkliyə qalxırsan qalx, səni ən alçaqdan da olsa, sevə-sevə seyr edərəm. Bəlkə, gözümün görmə uzaqlığı belə yetməz sənə, amma qəlbimlə duyaram.

Mən sınıq-salxaq adamam, toparlanmağımçün illər lazımdır. Xoşbəxtlik, sevgi mənimçün o qədər əlçatmaz olub ki, daha əlim çatsa belə, mənasızdır. Amma sən həyatını yaşa, hər şeyin ən gözəli, ən yaxşısı, ən saf və təmizi sənin olsun. İnan ki, bütün qəlbimi sərmayə qoyaram sənin məsud olman yoluna. Balaca əllərim dediyini də daxil, məndə sevdiyin nə varsa, qurban olsun ömrünə, o gözəl ürəyinə, məsum baxan gözlərinə...

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)