Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

35–ci dərc

 

Qırmızı lampalı otaqda oturmuş adam az əvvəl ona verilmiş son məlumatı götür-qoy edirdi. Bu məlumat onu dərin fikrə getməyə vadar etmişdi. O, uzun illər xidmətində olan, ən çətin və əslində ən çirkin işləri həvalə etdiyi, bacarığına hədsiz dərəcədə güvəndiyi adamının sıradan çıxmasına heç cür inanmaq istəmirdi. Bu illər ərzində bir dəfə də olsun onu pis vəziyyətdə qoymayan adamının özü indi son dərəcə pis vəziyyətə düşmüşdü. Həkimlər adamın bir də heç vaxt gəzə bilməyəcəyini demişdilər.

Oturduğu kreslodan qalxıb otağın ortasındakı masaya yaxınlaşdı və masanın üstündə qoyulmuş düyməni basdı. Zəng səsi kəsilər-kəsilməz içəri girən köməkçisinə baxıb sakit, amma amiranə səslə dedi:

-Detektiv Bəxtiyar Nəzərli haqqında hər şeyi bilmək istəyirəm.

Köməkçi, -Baş üstə, -deyib otaqdan çıxdı.

Adam nazik ipək köynəyin üstündən geyindiyi toxunma naxışlı, uzun xalatın kəmərini açıb kresloya oturdu. Bir qədər fikirləşdikdən sonra cib telefonunu götürüb zəng etdi. Xəttin o biri başından cavab verilən kimi dedi:

-Başlaya bilərsən.

-Başa düşdüm, -xəttin o başındakı adam da, onun kimi qısa cavab verdi.

Telefonu bir kənara atıb yenə fikrə getdi. Az əvvəl səsləndirdiyi iki kəlmə ilə o, uzun illər tanıdığı, bel bağladığı «Qızılbaş»ın ölüm hökmünü vermişdi. «Qızılbaş» səhv buraxmışdı. Bu səhv ilk baxışdan xırda görünsə də, nəticədə peşəkar polis zabitləri olan qarşı tərəfin «Qızılbaş»a çıxdıqları məlum olmuşdu. Həmin küçənin yaxınlığında işləyən maşın ustası vəziyyəti öyrənmək üçün göndərdiyi adamına bir qızın «Nexia» markalı maşını axtardığını demişdi. Cavan usta  gözəlliyi onu cəlb etdiyi üçün, uzaqlaşan qızın arxasınca baxanda, onun «Qızılbaş»ın villasının qarşısında dayanıb yerə diqqətlə baxdığını, sonra bir qədər aralıda əyilib yerdən nə isə götürüb cibinə qoyduğunu görmüşdü. Bir gün sonra isə villanın izləndiyi üzə çıxmışdı. «Qızılbaş»ın adamının buraxdığı səhv hər şeyi alt-üst etmişdi. Qarşı tərəf ağılsız adamlar deyildilər və onlar bu səhv nəticəsində araşdırdıqları qətl hadisəsində kimlərin əli olduğunu öyrənə bilmişdilər. Bu çox pis nəticə verə bilərdi. İlk gündən onlar bu araşdırmanın müəyyən həddə qədər gəlib sonra daşa dirənəcəyini fikirləşmişdilər. Bu onları qane edirdi və bu halda, bir növ, öz işlərini də qarşı tərəfə həvalə edib özləri hər şeydən kənarda qalmış olurdular. Ancaq məsələ əndazədən çıxmışdı və ona görə də gecikmədən yuxarıya aparan bütün ipləri kəsmək tələb olunurdu. Bu iplər isə «Qızılbaş»dan uzanırdı. «Qızılbaş» hər bir adamının buraxdığı səhvə görə başı ilə cavabdeh olduğunu bilirdi. Ancaq bu səhvin qarşısını ala bilməmiş və hamını təhlükə qarşısında qoymuşdu. İndi cavab verməsi qaçılmazdır. Başqa günahı da var idi onun. Səhv etməsi bir yana, bu səhvi də gizlətməyə çalışmaqla «qaydalara» xəyanət etmişdi. Vaxtında onun yanına yerləşdirdiyi aşbaz qadın, onun səhvinə görə adamını necə danladığını eşidib bu barədə xəbər verməsə idi, «Qızılbaş» baş verənləri ondan gizlədəcəkdi. Belə şey isə heç bağışlanmır. Üstəlik, yanına yerləşdirdiyi aşbaz qadını deşifrə edib işdən çıxarması da onun əleyhinə işləmişdi. Deməli, «Qızılbaş» baş qaldırmağa başlayıb. Bundan sonra buraxa biləcək səhvlərini də gizlətməyə çalışacaq. Bu isə «müqəddəs» olan qaydalara ziddir. 

Adam kresloya yayxanıb gözlərini tavana dikdi. Sonra əli ilə çənəsini ovub başını yellədi. O, özü də uzun illər ona xidmət etmiş «Kölgə»nin səhvinə görə cavab verməli olacaqdı.

 

* * *

Ofisdə iş saat 9-da başlayırdı. Ona görə də 8 tamamda mən də, polkovnik də artıq oyanmış, səhərə yaxın dəmlənmiş çayı qızdırıb peçenye ilə içmişdik. Sonra da polkovniklə sağollaşıb ofisi tərk etmişdim. Öyrəncəli olduğum üçün, təxminən üç saat yatmağım mənə kifayət etmişdi. Özümü gümrah hiss edirdim. Nəhayət ki, araşdırmada növbəti fasilə yaranmışdı və mən Salamın yarımçıq qalmış işi ilə maraqlana biləcəkdim. Polkovnik Əmirxanın işi ilə bağlı daha heç bir addım atmamağımı tapşırmışdı. Salamın məsələsində isə sərbəst idim. İndi sakit bir yer tapmalı, bu işdə ilk gündən bu günədək öyrəndiklərimi yenidən bir-bir yaddaşımda geri qaytarıb təhlil etməli idim. Ancaq əvvəlcə Elbrusla görüşəcəkdim. Siyahılar istisna olmaqla, onun son günlərdə apardığı işlər barədə məlumat almağım işimə yaraya bilərdi. Avtobus dayanacağına gəlib lazım olan marşrut avtobusuna mindim. Təxminən iyirmi dəqiqədən sonra rayon polis idarəsinin qarşısında idim. İş vaxtı yeni başladığı üçün Elbrus yerində idi. Növbətçi zabitə gəlişimin səbəbini deyib yuxarı qalxdım. Müstəntiqlər ikinci mərtəbədə otururlar. Otağının qapısını döyüb açdım. Məni görən Elbrus ayağa qalxıb görüşdükdən sonra dedi:

-Gəlməyiniz yaxşı oldu. Bir azdan Salamın işi ilə bağlı prokurorluğa gedəcəm. Çalışacağam bir-iki gün də vaxt alım. Bəzi yeni məqamlar çıxıb ortaya. Sizdə nə xəbər var, siyahılar bir şey verdi?

Bu sualı gözləyirdim. Amma heyif ki, cavabı hələ qənaətbəxş deyildi.

-Mən də elə son vəziyyəti öyrənmək üçün gəlmişəm. Bu gün boşam, bütün günümü bu işə sərf edəcəm. Gözlədiyimin əksinə olaraq, siyahılar lazım olan nəticəni vermədi. Ancaq hələ ki, onları bir kənara atmıram. Çünki bunun belə olmayacağına çox əmin idim. Onların üzərində bir qədər də işləyəcəm. Bəs sizdə nə yeniliklər var?

Elbrus qalxıb axşamdan bağlı qalan kabinetin havasını dəyişmək üçün pəncərənin nəfəsliyini açdı.

-«Karat»ın sürücüsü dəfndən sonra yoxa çıxmışdı. Nəhayət dünən uşaqlar tapıb gətirdilər, ifadəsini aldım. Maraqlı şeylər üzə çıxdı. Ölümündən üç gün əvvəl axşam saatlarında «Karat» maşını «İzmir» parkına sürdürüb. Ona maşında qalmasını deyib, özü parkın içərilərinə gedib. Gec gəldiyini görən sürücü maşından düşüb boylananda uzaqdan onun bir kişi ilə söhbət etdiyini görüb. Bundan bir qədər sonra «Karat» qayıdıb maşına oturub və evə sürdürüb. Yolda bir şüşə konyak da alıb. Dediyinə görə parkdan qayıdan «Karat» çox əsəbi imiş. Yəqin konyakı da elə əsəbini soyutmaq üçün alıbmış.

-Bəs o kişi haqqında heç nə deyə bilmədi sürücü?

-Yalnız onun orta boylu və yaşının yetmişdən yuxarı olduğunu deyə bildi, uzaq olduqları üçün başqa heç nə görə bilməyib.

Sual dolu baxışlarla Elbrusa baxdım. Mənim nə demək istədiyimi göydə tutan müstəntiq tez əlavə etdi:

-Hə, təkcə «Karat»ın maşından düşüb getməsi və qayıdıb maşına oturması kameralara düşüb. O parkı tanıyırsız, hər yan sıx ağaclıqdı. Bunları müəyyən etdikdən sonra görüş yerinin təsadüfi seçilmədiyi qənaətinə gəldim. O adam kimdirsə, bu görüşün məxfi qalmasını istəyib.

-Başqa?

-Bundan sonra sürücü «Karat»ı iki gün adi qaydada işə aparıb-gətirib. Ölən günü isə saat 23-də sevgilisinin evinə düşürüb gedib. Adətən belə olanda səhər saat 9-da onu götürməyə gedirmiş. Bu dəfə «Karat» ona gəlməməsini tapşırıb.

-Aydındır. Böyük ehtimalla onun gecə saatlarında gedəcəyi yer var imiş və daha o evə qayıtmayacaqmış. Sürücüyə də ona görə səhər gəlməməsini tapşırıb. Ancaq o saatda onu evdən çıxmağa və harasa getməyə vadar edən səbəb nə ola bilərdi?

-Bax bunu aydınlaşdırmaq hələ ki, mümkün olmayıb, -Elbrus bunu deyib qaşlarını yuxarı qaldırdı.

-Daha vaxtınızı almayım. Bu gün nə isə aydınlaşdıra bilsəm, sizə zəng edəcəm.

Qalxıb Elbrusla sağollaşdım və kabinetdən çıxdım. Səhər sakit bir yer tapıb Salamın işini təhlil edəcəyimi düşünmüşdüm. Ancaq Elbrusdan aldığım məlumat planlarımı dəyişməyə vadar etdi. İndi polkovnikə veriləsi bir sual ortaya çıxmışdı. Ancaq daha az əvvəl tərk etdiyim ofisə qayıtmayacaq, sualı şəhər telefonu ilə zəng edib verəcəkdim. Cavabı gələnə qədər isə, Gülanənin yanına gedəcəkdim. Cavabı da elə şəhər telefonu ilə Gülanənin evinə zəng edib verəcəkdilər. İşlərin belə alınması çox yaxşı oldu. Gülanəni çox intizarda qoymuşdum son günlər. Elə özümə də duş qəbul etmək lazım idi. Təhlillərimi aparmaq üçün də ən ideal məkan elə bu sevimli qadının evi idi.

Əvvəlcə avtomat telefon tapmalı idim. Rayon polis idarəsindən çıxıb sola döndüm, iki tin getmiş telefon aparatını gördüm. Aparat boş idi. Mobil telefonlar dəbə mindikdən sonra avtomat telefonlardan çox az istifadə edilirdi. Yaxınlaşıb nömrəni yığdım. Zəngə polkovnik özü cavab verdi.

-Mənəm, Arif müəllim, -az əvvəl ayrıldığımız üçün salamlaşmadım.

-Danış, Bəxtiyar, -polkovnik aramla dilləndi.

-«Karat» ölümündən üç gün əvvəl, axşam saatlarında orta boylu, yaşlı bir adamla görüşüb. Böyük ehtimalla aralarında mübahisə olub. Mən Rəmzinin əlamətlərini bilmirəm. Ancaq mənə maraqlıdır, onun brilyant biznesi olub, ya yox?

-Rəmzinin yaşı bəllidir. Boyu da «Karat»ın görüşdüyü adamın boyu kimi ortadır. Brilyant biznesinin olub-olmamasını da qısa müddətə öyrənərik. Bu maraqlı məlumatdır. Deyəsən, hadisələr doğrudan da toqquşur.

-Hə, mən də elə düşünürəm. Sizə verdiyim şəhər nömrəsində olacam.

Sağollaşıb dəstəyi asdım və yenidən qaldırdım. Bu dəfə Gülanənin nömrəsini yığdım. Gülü zəngə dərhal cavab verdi.

-Mənəm, -dedim.

Araya uzun bir sükut çökdü. Nəhayət Gülü dilləndi:

-Gözləyim? -nə qədər gizlətməyə çalışsa da, səsindəki təlaş hiss olunurdu.

-Yarım saat.

-Yaxşı.

Dayanacağa tərəf gedib mikrorayonlar istiqamətinə işləyən avtobusa mindim. İyirmi dəqiqədən sonra avtobus məni ikinci mikrorayona çatdırdı. Gülünün evinə beş dəqiqəlik yol var idi. Yolumu tanış mağazadan saldım. Bir qədər bazarlıq etdim.

Zəngi basan kimi qapı açıldı. İçəri keçdim. Gülü zənbilləri əlimdən alıb mətbəxə keçdi və tez qayıtdı. Pencəyimi alıb asılqana asdı, sonra gülərüzlə dedi:

-Sizi görməyə şadam, cənab detektiv.

-Antirekord vuran biri belə şadyanalıqla qarşılanırmı? -zarafatla dedim.

-Baxır o antirekordun sahibi kimdir, -deyən Gülanə boynuma sarıldı. Bir müddət belə dayandıq. Onun saçlarının ətrini sinəmə çəkəndə bütün varlığımı bir doğmalıq bürüdü. Bu qadınla tapdığım rahatlığı yaşadığım otuz doqquz ildə heç kimlə tapmamışdım.

Gülü, sanki birdən ayılmış kimi aralaşıb üzümə baxdı:

-Səni də qapıda saxlamışam. Keç içəri, nahara az qalıb, yəqin acsan, tez yeməyi hazırlayım.

-Əvvəlcə çiməcəm.

-Yaxşı, sən çim, mən də süfrəni düzəldim. Üst-başın da nə gündədir. Paltarlarını dəyişərsən.

Yarım saatdan sonra çimib, üzümü qırxıb süfrədə oturmuşdum. Gülü həmişəki kimi süfrəni cürbəcür naz-nemətlərlə doldurmuşdu. Dadlı nahardan sonra bir stəkan da çay içib yerimi kresloya dəyişdim. İndi Salamın işi ilə bağlı öyrəndiklərimi bir daha beynimdən keçirəcək, nəyin harada qırıldığını tapmağa çalışacaqdım. Əvvəl öyrəndiklərimlə yanaşı bu gün Elbrus Cavadovun söylədikləri də mənim bu məsələdə doğru yolda olduğumu təsdiqləyirdi. Ancaq nəticə fərqli idi. Bunun bir açıqlaması olmalıdır.

Kresloda yerimi rahatlayıb ayaqlarımı jurnal masasının üzərinə uzatdım. Deməli belə, gecə növbəsində işləyən Salamla münasibəti olan birisi arabir onun yanına gəlir. «Karat» öldürülən gecədən əvvəlki gecə növbəsində Salamın qonağı olub, birlikdə çay içiblər, böyük ehtimalla qonaq elə dediyim adamdır. Elbrusla görüşündə Salam bu adamın adının Xamməd olduğunu deyib. Ruhi xəstələrlə bağlı spesifik qapalı müəssisə olduğu üçün yalnız konkret adamların gəldiyi bu müəssisədən təqdim olunacaq siyahılarda Salamın Elbrusa deyəcəyi adın mütləq olacağına əmin idim. Ancaq belə olmadı. Siyahılarda Xamməd adlı birisi yox idi. Əslində heç mən də Xamməd yox, başqa bir ad gözləyirdim. Bax «zəncir» burada qırıldı.

Təbii ki, xəstəxana yalnız stasionar müalicə üçündür, sonradan belə xəstələr poliklinikada qeydiyyata düşüb ambulator müalicə üçün müraciət edirlər. Salamın işlədyi xəstəxana Mərkəzi Şəhər Xəstəxanası olduğu üçün poliklinika da onun nəzdində yerləşir. Deməli, həm orada yatan, həm də gəlib-gedən xəstələr hamıya bəllidir. Salam isə, Xammədin xəstələrdən biri deyil, sadəcə tanışı olduğunu bildirib. İndi gələk kamera məsələsinə. Qətldən təxminən bir ay əvvəl xəstəxananın gözətçi otağındakı yeganə kamerada mütəmadi nasazlıqlar baş verməyə başlayır. Bu əvvəlcə iki dəfə aprel ayında gündüz saatlarında, sonra isə iki dəfə may ayında gecə saatlarında baş verir. Sonuncu iki nasazlığın hər ikisi məhz Salamın növbəsinə təsadüf edir, biri may ayının on üçünə, ikincisi isə on altısına. Bu, özü-özlüyündə çox şeydən xəbər verir. Orada apardığım araşdırma zamanı kameranın təsadüfən sıradan çıxmamasına əmin olmuşdum. Bunu edəninsə, bu xəstəxana ilə birbaşa əlaqəsinin olmasını təxmin etmişdim. Bu adamın orada hər şeyə yaxşı bələd olmasını təsdiqləyən sübutlar var idi. Belə fikirləşmək olar ki, konkret məqsədlə Salamla dostluq münasibəti quran adam, əvvəlcə kameranın naqilini kəsməklə, sonradan isə həmin yerdəki calağı zədələməklə iki dəfə gündüz saatlarında kameranı sıradan çıxarır. Bunu o, yalnız bir məqsədlə edib - hamıda, daha doğrusu aidiyyəti olan adamlarda kamerada nasazlıq olması fikrini yaratmaq üçün. Əsas məqsədi isə sonradan ona lazım olacaq iki gecə növbəsi imiş. Həm gündüz, həm gecə belə etməklə hər ehtimala qarşı şübhələri ona lazım olan gecə növbələrindən yayındırıb. Naqili kəsdikdən sonra, onun tam şəkildə yenisi ilə əvəzlənmədiyini, sadəcə kəsilən yerə calaq vurulduğunu öyrənib. Ona da elə bu, daha dəqiq desək bu calaq lazım idi. Məqsədi Salamın maşınını qaçırmaq olan bu adam çox güman ki, tək fəaliyyət göstərməyib. Ola da bilər ki, özü «Karat»ı güdərək onun sevgilisinin evinə getdiyini gördükdə, təcili xəstəxanaya gəlib, Salamı əvvəldən planlaşdırdığı kimi yatızdırıb, surətini çıxardığı açarlarla onun maşınını qaçırıb. Əlbəttə ki, sonradan bütün şübhələri ona yönəltmək üçün və buna da nail olub. «Karat»ı vurduqdan sonra maşını yerinə qaytarıb, çıxıb gedib. Sonrası məlumdur.

Bu ehtimallarıma çox əminəm. Adətən qətli sifariş verilən adam uzun müddət izlənilir, onun vərdişləri, getdiyi yerlər müəyyən olunur. Bundan sonra «Karat»ın sevgilisinin yaşadığı sakit, qaranlıq küçə qətl üçün ideal yer kimi seçilib. Belə düşünürəm ki, izləyən adam onun həftənin hansı günlərində sevgilisi ilə görüşdüyünü dəqiqləşdirib, bunun mütəmadi təkrarlandığına əmin olduqdan sonra, üç gündən bir işləyən Salamın növbəsi ilə eyni gecəyə düşəcək gedişinin də vaxtını bir ay əvvəl hesablaya bilib. Sonra hazırlıqlara başlayıb. Ancaq onun vərdişlərini öyrənən adam, «Karat»ın oradan həmişə səhər saat 9-da çıxdığını da bilməliydi. Bu zaman qətli həyata keçirmək üçün kimsə onu gecə saatlarında evdən çıxmağa sövq etməli idi. O kimdirsə, bunu hansısa yolla əvvəlcədən «Karat»la razılaşdırıb və heç də sıradan birisi deyil. «Karat» kimi biri hər adamın sözü ilə vərdişlərini dəyişib, sevgilisini tək qoyub gecə harasa getməz. Bu səbəbdən «Karat» sürücüyə səhər dalıyca gəlməməsini tapşırıb. Bu da, dediyim kimi, qatilin tək hərəkət etmədiyini, həm də az əvvəl dediklərimi sübut edir.

«Karat»ı gecə evdən çıxaran adamın ən azı onun kimi nüfuz sahibi olduğunu ehtimal etdikdən sonra, şübhələrim birbaşa Rəmziyə yönəldi.

 

 “Ədəbiyyat və incəsənət”

(03.08.2023)