Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

25–ci dərc

 

 

Evləri bir-birinə bitişik tikilmiş Dağlı məhəlləsinin özünəməxsus cəhətlərindən biri də budur ki, istənilən yerə əsas küçə ilə yanaşı bir neçə başqa küçə ilə də getmək olur. Bu köməkçi küçələrin bəzilərindən bir maşın zorla keçir, bəzilərindən isə yalnız piyada keçmək olur. Hətta elə küçələr var ki, üzbəüz gələn iki adamdan biri qayıdıb o birisinə yol verməli olur.

Layiqə Bəxtiyarın verdiyi əllə çəkilmiş sxemə bir daha nəzər salıb dolanbac küçələrdən birinə döndü. Bu, onun şefi Bəxtiyarın yaşadığı məhəlləyə aparan ara yollardan biri idi. Şefi əsas küçədən istifadə etməməsi üçün yaşadığı məhəlləyə aparan dolanbac ara yolların sxemini çəkib ona vermiş, necə getməyi ona izah etmişdi. İndi, lazım olan yerə getmək üçün adətən istifadə olunan ən rahat yolla deyil, tamamilə əks tərəfdəki ara yollardan biri ilə addımlayan Layiqə burada yaşayan Qələndər adlı birisini tapmalı, Bəxtiyarın verdiyi məktubu ona verməli, sonra texniki ekspertizanın rəyindən sonra sahibinə qaytarılmış «Jiquli» markalı maşını sürüb şefinin dediyi yerə gətirməli idi. Həmin yer çox da uzaqda olmayan qonşu məhəllədəki nisbətən enli ara yollardan biri idi və qəsdən seçilmişdi. Bu ara küçədə yol polisinin Layiqəni saxlaması ehtimalı yox idi.

Əslində, maşın bir-iki saat o küçədə qalacaqdı. Bundan sonra isə Layiqə qayıdıb onu gətirdiyi kimi də sürüb sahibinə qaytaracaqdı. Ona verilmiş təlimat belə idi.

Bir azdan lazım olan ünvanı tapan Layiqə Qələndər deyilən adamın qapısını döydü. Tünd albalı rəngli köhnə «Jiquli» bu evin qarşısında dayanmışdı.

 

* * *

 Xəstəxanadan gəldikdən sonra dünəndən verdiyim bir tapşırıqla bağlı «Ayna Sultanova» heykəlinin yaxınlığında Layiqə ilə görüşüb axşam polkovnik Arif Dadaşzadə ilə görüşə gəlmişdim. Üzbəüz oturduğum polkovnik qayğılı görünürdü. O da ötən yeddi gündə əldə etdiyimiz məlumatların yaxşı heç nə vəd etmədiyini gözəl başa düşürdü. Artıq istefada olan polis zabitləri kimi, qeyri-rəsmi apardığımız bu araşdırmada nədən, nə dərəcədə sığortalandığımız ikimizə də məlum idi. Hər an hər şey baş verə bilərdi. İndiki vəziyyətdə yeganə üstünlüyümüz qarşı tərəfin nəyi bilib, nəyi bilməməyimiz barədə məlumatsız olması idi. Ancaq bu müvəqqəti bir üstünlük idi və yaxınlaşmaqda olan son fazada aktiv addımlara keçməyimizlə rəqib hər şeyi başa düşəcək, bu üstünlük aradan gedəcək və tərəzinin gözü bərabərləşəcəkdi. O zaman bizə qarşı «ağır artilleriyası»nı işə salacaq cinayətkarların endirəcəyi zərbələrdən yayınmağımız üçün ikiqat diqqətli olmağımız, ən kiçik səhv belə buraxmamağımız tələb olunurdu. Bərabər mübarizədə çox vaxt tərəflərdən birinin buraxdığı ən kiçik səhv qalib tərəfi müəyyən etməkdə həlledici olur.

Nəhayət bir-birini sözsüz başa düşən iki peşəkar polis zabitinin baxışları ilə apardığı bu səssiz dialoqu polkovnikin aramlı, təmkinli səsi pozdu.

-Ünvanını verdiyin villa başqa adamın adına olsa da, əslində «Qızılbaş»a məxsusdur.

Bəli, ötən hər gün bir yeni sürpriz gətirir. Adı çəkilən adam adının çəkilməsi arzu olunmayanların siyahısında ilk yerlərdən birini tuturdu.

-«Qızılbaş» «Harun»un adamı olsa da, birbaşa onunla əlaqəyə çıxmır. Şəhərdə «Harun»un əsas adamı olan birisinin olduğu ehtimal olunur. Olduqca məxfi olan o adamın kimliyini hələ ki, öyrənmək mümkün olmayıb, -polkovnik sözünə davam etdi.

-«Qızılbaş»ın gördüyü «işləri» görə biləcək neçə nəfər var şəhərdə?

-Bir neçə nəfər də var. Ancaq «çəki»də ona yaxın gələni yoxdur.

-O zaman, bizimlə oyunda bütün təlimatların ona verildiyini ehtimal etmək olar.

Polkovnik başını tərpətməklə bu fikrimlə razılaşdığını bildirdi. Hadisələrin «Qızılbaş»ın ünvanına aparıb çıxarması buna dəlalət edirdi və bu qənaətin doğruluğunu təsdiqləyirdi.

-Səttarın oğlu Teymur nəsə bir məlumat verə bildi?

-Verdi, mənə verdiyiniz siyahıdakı Rəmzi adlı birini yoxlamaq lazımdır.

Polkovnikin qaşları çatıldı. Ancaq susub heç nə demədi.

-Başqa biri də var. 1990-cı ilin mayayında Mərkəzi Ruhi-Əsəb Xəstəxanasına yatırılmış, altı ay sonra ambulator qeydiyyatda saxlanılmaqla evə buraxılmış xəstələrdən biri bizim üçün maraq doğurur. İndi o adamın təxminən əlli yeddi yaşı olmalıdır.

Dediklərimi yadında saxlayan Arif müəllim başını tərpətməklə kifayətlənir, susub daha nə deyəcəyimi gözləyirdi. Görünür, sözümü kəsmək istəmirdi. Bunu görüb davam etdim.

-Yeni əlaqə vasitəsini bilmək istəyirəm.

-Əlaqə İstiqlaliyyət küçəsində, «Sabir» bağı ilə üzbəüzdə yerləşən paltar mağazası vasitəsilə olacaq. Çöldən vitrinə baxarkən ən sağda qoyulmuş kişi manekeninin əynində göy zolaqlı ağ köynəyin olması əlaqə üçün işarə olacaq.

Onsuz da, gözlənilən təhlükənin dərəcəsi aydın olduğundan təhlükə barədə işarəyə ehtiyac duymadığı üçün polkovnikin yalnız əlaqə vasitəsilə kifayətlənməsi başa düşülən idi. Araşdırmanın ilk günündən yaranmış təhlükə günü-gündən artmışdı və indi bütün hallarda son dərəcə ehtiyatlı davranmamız şərt idi. Nəticələr heç də yaxşı olmayan sonluq vəd edirdi. Daha hər-hansı yeni bir təhlükə barədə məlumatlaşmaq əhəmiyyətini itirmişdi. Qaradan da tünd rəng yoxdur ki…

-«Karat»ın ölümünə görə mənim qonşumun oğlu həbs edilib. Uşağın günahsız olduğuna şübhəm yoxdur. Müstəntiqlə görüşüb bəzi şeyləri araşdırmağımı razılaşdırmışam. Bu gün səhər uşağın qarovulçu işlədiyi Ruhi-əsəb xəstəxanasında oldum. Maraqlı şeylər aşkar etdim. Bəzi şübhələrim var. Siz nəticələri verənədək fikir yürütmək istəmirəm. Hələlik bu qədər.  

-Dediklərin qısa müddətə sənə çatdırılacaq.

-Aydındır.

-Bəs köməkçin barədə nə fikirləşirsən? Məncə o qızı oyundan çıxarmağın tam vaxtıdır.

-Qubada yaxın dostumun istirahət mərkəzi var. Danışmışam, Layiqə səhər tezdən oraya yola düşür. Hər şey yoluna düşənədək orada qalacaq. 

Razılıq işarəsi olaraq başını tərpədən Arif müəllim, bir neçə tapşırıq verdikdən sonra ayağa qalxdı. Bu, söhbətin bitməsinə işarə idi.

Müəllimim sağollaşmaq üçün uzatdığı əlini sıxanda, birdən başını qaldırıb gözlərimin içinə baxdı.

-Silahsız bir addım da atma. Qarşı tərəf əfi ilandır. Əfi ilan, quyruğunu tapdalayanı mütləq qayıdıb sancır.

Heç vaxt belə sözlər işlətməyən soyuqqanlı Arif müəllimin indi dediklərindən bir qədər duruxsam da, susub heç nə demədim.

Bayaqdan sıxıb saxladığı əlimi buraxan polkovnik daha bir kəlmə də demədən otaqdan çıxdı. Mən hələ on beş dəqiqə gözləyib sonra çıxmalı idim…

 

* * *

«KİA Sorento» markalı maşın şəhərkənarı yolla sürətlə irəliləyirdi. Bir azdan telefonundakı naviqatorun yaddaşına verdiyi marşrutun son nöqtəsinə yaxınlaşdığını görən sürücü sürəti azaldıb yolun əks tərəfindəki dayanacaqla üzbəüzdə maşını saxladı. Maşından düşən qara kostyumlu uzun adam bir qədər ətrafa boylandıqdan sonra yumruğunu zərblə maşının damına vurub yağlı bir söyüş söydü. Sonra hirslə maşına oturub sürətlə az əvvəl gəldiyi tərəfə geriyə istiqamət aldı.

Mobil operatorun mərkəzi ofisində yerləşdirilmiş adam uzun fasilədən sonra nəhayət ki, izlədiyi nömrənin koordinatlarını yenidən müəyyən edə bilmiş və lazımi yerə ötürmüşdü. Həmin koordinatlar üzrə indi olduğu yerə gələn qara kostyumlu bu şəhərkənarı yolda avtobus dayanacağından başqa heç nəyin olmadığını görərkən qəzəbindən az qala dəliyə dönmüşdü, ürəyində «Qızılbaş»ı söyürdü.

Belə koordinatlar bir neçə dəfə də verilmişdi ona əvvəlki günlərdə. Ancaq heç biri heç bir halda təkrarlanmadığından onlara əhəmiyyət verməmişdi. İndi çox uzun fasilədən sonra nəhayət ki, bunun hansısa ipucu olacağını düşünən «Qızılbaş» onu daha vacib işlərindən ayırıb bu yeni əldə edilmiş koordinatı şəxsən yoxlamağı, həmin ərazidəki obyektlərlə, ünvanlarla  maraqlanmağı ondan tələb etmişdi.

Peşəkar kimi bunun nə isə verəcəyinə heç bir ümidi olmayan kostyumlu adam özü də son günlərdəki axtarışlarında heç bir nəticə əldə edə bilmədiyindən, detektiv Bəxtiyar Nəzərlinin qətlini ona sifariş vermiş «Qızılbaş»a etiraz edə bilməmiş və bu qədər məsafəni qət etməyə məcbur olmuşdu. 

Bunun Bəxtiyar tərəfindən təşkil olunmuş növbəti qurma olduğunu əvvəlcədən gözəl başa düşən kostyumlu, bir peşəkar kimi araşdırmanın ilk günündən ən cüzi nəticə belə əldə edə bilməməsini də, az əvvəl baş verənləri də özünə sığışdıra bilmir, bunları fikirləşdikcə onun qəzəbi daha da artırdı.  

İrəlidə işıqforun qırmızı işığının yandığını görən adam qəfildən əyləci basdı. Sürətlə gedən maşın təkərləri vıyıltı sala-sala sürüşüb işıqforun qarşısında dayandı. İki əli ilə sükanı tutub sıxan adam qəzəblə nazik dodaqlarını bir-birinə sıxıb pıçıldadı:

-Sənin bağırsaqlarını töküb sonra əlimə dolamasam, mənə də «Kölgə» deməsinlər.

Bu adam, xüsusi xidmət orqanlarından qovulandan sonra orada ona verilmiş, çox az adamın bildiyi ləqəbini ilk dəfə idi ki, dilinə gətirirdi.

 

* * *

 İşlərim həddən çox idi. Üstəlik, bir məsələ ilə bağlı yenidən Matvey Semyonoviçlə danışmaq zərurəti də yaranmışdı. Bunu üzbəüz və ya telefonla edə bilərdim, hələ ilk dəfə ünvanı mənə verilərkən şəhər nömrəsi də qeyd olunmuşdu məlumatda. Hər halda, bu söhbəti axşama saxlamağı qərara almışdım.

Paralel araşdırdığım hər iki məsələdə buzun qırıldığını hiss edirdim. İndi tam mənzərənin yaranması üçün ayrı-ayrı «qırıntı»ları toplayıb yerinə otuzdurmalı idim. «Qırıntı»lar isə o qədər çox idilər və elə səpələnmişdilər ki, onları bir yerə yığmaq xeyli zəhmət və vaxt tələb edirdi. Ancaq bunu etmiş olsam, həm ilk növbədə doğru yolda olduğumu özüm üçün tam təsdiq etmiş olacaqdım, həm də növbəti, bəlkə də son gedişlərimi müəyyən edəcəkdim.

Rəmzi adını çəkərkən polkovnikin baxışlarının dəyişdiyini sezmişdim. Çox danışmağı sevməyən polkovnikin bu ada reaksiyası şifrlə bağlı irəli sürdüyüm ehtimalın doğru olacağına inamımı artırırdı. Bu isə daha şifrə vaxt itirməyəcəyimə, indiki halda mənim üçün qızıldan qiymətli olan vaxtımın daha çox olacağına gətirib çıxaracaqdı. Təki, hər şey düşündüyüm kimi olsun. Hər halda, şifri araşdırıb maraq doğuran birisi kimi müəyyən etməyimə baxmayaraq, Rəmzi adı mənə heç nədən xəbər vermirdi və onun barəsində yalnız Arif müəllim nəsə deyə bilərdi.

Son tapşırığımla Layiqənin gətirdiyi maşına baxış keçirməyim Salamın günahsız olduğunu bir daha təsdiqləmişdi. Dediyim kimi, Qələndərin bu işi araşdırdığımı bilməsini istəmirdim. Ona görə də, maşının bir neçə saatlıq mənə lazım olduğu barədə məktub yazıb Layiqə ilə ona göndərmişdim. Maşınımı satdığımı bilən Qələndərin yox deməyəcəyinə əmin idim. Əslində isə, mənə lazım olan bir məqamı yoxlamalıydım ki, bunu da az əvvəl dediyim kimi yoxlayıb dəqiqləşdirmiş və Elbrusa bildirmişdim. Bir müstəntiq kimi Elbrus lazım olanları edəcəkdi. Onsuz da Salamın işi ilə bağlı xeyli iş görmüş Elbrusun günahsız olduğuna əmin olduğu gəncə kömək məqsədi ilə ən xırda sübut və dəlilləri belə toplayıb lazımi qaydada sənədləşdirdiyini, bu məqsədlə nə vaxtdır tələb edilməsinə baxmayaraq materialı prokurorluğa ötürməyə tələsmədiyini bilirdim. Layiqədən maşını götürərkən Qələndərdən başqa bir şeyi soruşmasını da istəmişdim.

Məndən fərqli olaraq, hər bir fakt üzrə zəruri sənədləşmələr aparmaq, buna saatlarla vaxt itirmək kimi çətinliyi olan Elbrusun təklif etdiyim köməyə yox deməməsi də anlaşılan idi. Elə indiyənədək vaxt tapıb Salamın iş yerinə gedə bilməməsi də onun nə qədər yükləndiyindən xəbər verirdi. On səkkiz il polis sıralarında işləmiş biri kimi bu hal mənə tanışdır. Özüm dəfələrlə bu vəziyyətə düşmüşəm, günlərlə başımı qaşımağa belə vaxtım olmayıb.

İndi polkovniklə növbəti kontaktıma qədər az əvvəl bəhs etdiyim «qırıntı»ları toplamaq ən özünü doğruldan addım olardı ki, mən də bunu etməyə başlayıram. Bəzən ən xırda görünən detal cinayəti açmaqda ən əsas rol oynayır. Elə Matvey Semyonoviçlə edəcəyim söhbət də, «qırıntı» adlandırdığım xırda detallardan birini aydınlaşdırmaq üçün olacaq.

Necə deyərlər, «butun daşların tam yerinə oturması» üçün xırda daşları toplamaq vacibdir.

Polkovnikdən gözlədiyim məlumatlar gələnə qədər bu işdə bir fikir yürütmək istəmirəm. Ona görə də, təhlillərə Salamın işi ilə davam edək. Zənnimcə, Layiqə çoxdan maşını Qələndərə qaytarmış olmalıdır. Əslində, maşın mənə qətiyyən lazım deyildi. Məni onun açarları maraqlandırırdı. Ancaq maşının açarlarını istəməyim Qələndərdə artıq suallar doğurar və orada-burada danışıb ağzından söz qaçıra bilərdi. Sürülməklə gətirilən maşının isə açarlarının üstündə olacağı məlum məsələydi. Ona görə belə bir addım atmışdım.

İndi gələk «Karat»a. Hələ ilk dəfə məhəllədə Qələndər polis bölməsinin qarşısında yığışmış ölənin adamları haqqında danışanda və adamların ona hücum etdiklərini bildirəndə deyilənlərdən şübhələnmişdim. Polis bölməsinə gəlmiş adamların hamısının təxminən eyni, yəni qırx-qırx beş yaşda olmaları və hamısının da Qələndərin təbirincə desək, «quldura»ə oxşamaları bu şübhələrə əsas verirdi. Adətən belə hallarda gələnlərin içərisində həm ağsaqqal-qarasaqqallar, həm də nisbətən gənclər və hətta bəzən qadınlar da olur və əgər içərilərində bir-iki dəli-dolusu olub qarşı tərəfə hücum edirsə, qalan qohumlar onları ayırır. Bu yüz faiz belədir, bizim halda isə hər şey, dediyim kimi, əksinə idi. Yəni belə təəssürat yaranırdı ki, ölənin bütün qohum və dostları inkubator cücələri kimi oxşar tipli və eyni yaşda olan kişilərdən ibarətdir. Bu isə məntiqə sığmırdı. Bax bu dediklərimə görə, elə ilk aldığım informasiyadan ölənin elə-belə birisi olmadığı qənaətinə gəlmişdim və sonradan bu qənaətim, ölənin adı bir çox əyri işlərdə hallanan brilyant alverçisi «Karat» olduğu bilinməklə təsdiqləndi.

Ayrıca, adamların hamısının birdən Qələndərə hücum etmələrinin başqa bir məntiqi yozumu da var ki, sadəcə bunu təsdiqləmək üçün hələ yoxlamaq lazımdır. Əslində, bu ehtimalın da təsdiqlənəcəyinə qətiyyən şübhəm yoxdur, çünki bu ehtimal özü məntiqdən doğub. Başqa sözlə, qısa zamanda xəbərləşib polis bölməsinin qarşısına toplaşmaları bu adamların mərhum «Karat»a çox yaxın olmalarına və elə bu kontekstdən də yanaşsaq, onun son zamanlar kiminləsə çox ciddi konfliktinin olması barədə məlumatlı olmalarına bir işarədir. Məhz bu səbəbdən, ehtimal olunan bu konfliktin fonunda onlar «Karat»ın ölümünün təsadüfi olmadığını, bunun sifarişli qətl, Salamın isə bu qətli həyata keçirən biri olduğunu düşünüb ağına-bozuna baxmadan Qələndərə, başqa sözlə «qatil»in atasına hücum ediblər. Cinayətkarların psixologiyasına bələd olan, çox vaxt onların düşüncə tərzinin elə öz yaratdıqları yazılmamış qanunlarından irəli getmədiyini bilən biri kimi bu dediklərimə əminəm. Hətta aralarındakı kifayət qədər ağıl sahibləri olanlar da, adətən bu yaratdıqları «qayda»ların asılılığından kənara çıxa bilmirlər.

İndi gələk Salama. Kasıb bir ailənin uşağı olan Salam ailəsinə yük olmamaqçün zorla tapdığı, təhsil ala-ala işləməsinə imkan verən işini itirməyin qorxusundan heç bir halda postunu boş qoyub harasa getməzdi. Getmiş olsa belə, kimisə maşınla vurarsa, qoyub qaçmazdı. Əgər qorxudan, şok vəziyyətində qoyub qaçmış olsaydı belə, sonradan bunu boynundan atmazdı. Bunlar aksiomdur. Üstəlik, təcrübəsiz bir gənc cinayət törətmişsə, Elbrus Cavadov kimi neçə-neçə ağır cinayəti açmış bir müstəntiqin dindirməsində mütləq səhv buraxmalı idi. Elbrus isə, ifadəsini aldıqdan sonra onun günahsız olduğuna əminliyini bildirir.

Bütün bu dediklərimdən sonra az əvvəlki təhlillərim də təsdiqlənərsə, bu halda ortaya olduqca məntiqi bir sual çıxır. Ömründə «Karat»ın mövcudluğu barədə məlumatı olmayan, adi sirkon qaşı brilyantdan ayıra bilməyən bir gəncin böyük ehtimalla fəaliyyəti ilə bağlı öldürülmüş brilyant alverçisini qətlə yetirmək üçün hansı mötivi ola bilərdi?  Əlbəttə ki, heç bir.

Deməli, «Karat»ın ölümü kimlərəsə lazım imiş və bu «kimlər» də buna əvvəlcədən hazırlaşırmışlar. Qətli isə elə qurublar ki, bütün şübhələr sonda bir günahsız gəncə - Salama yönəlmiş olsun. Salamın iş yerindəki kameranın son bir ayda «möcüzəli» şəkildə tez-tez sıradan çıxması da zənnimcə, bu qətlə hazırlığın bir hissəsidir.

Ancaq hər-hansı bir cinayəti hazırlayarkən heç də hər şeyi tam nəzərə almaq mümkün deyil. Xəstəxananın təsərrüfat müdiri Mahmud müəllimin işə vaxtından bir saat tez gəlməsi vərdişini cinayətkarlar heç cür təxmin edə bilməzdilər. Bu vərdiş isə mənim işimə yaradı və indi Elbrusun təcridxanada Salamla görüşündən sonra və verdiyi sorğuların cavabları ilə böyük ehtimalla bu cinayətdə əli olanlardan birini müəyyən etmək mümkün olacaq. Bu isə, yumağı yığıb o biri başında kimlərin dayanmasını bilmək üçün çox vaxt kifayət edir.

Mahmud müəllimlə bağlı dediyim, cinayətkarların nəzərə ala bilmədiyi bir məqamdır. Mümkün bütün şeyləri isə onlar nəzərə almışdılar. Saata baxdım, 22:15 idi. Elektrik malları satan mağazalar çoxdan bağlanmışdı. Bu səbəbdən, mənə lazım olan bir şeyi yoxlamaq indi mümkün deyildi. Qalsın sabaha.

Müəllimimdən ayrılandan sonra piyada gəzməyə qərar vermişdim. Təmiz havada gəzə-gəzə fikirləşməyi xoşlayıram. Gülanənin evinə elə də çox məsafə qalmamışdı. Avtomat telefondan Matvey Semyonoviçi yığıb sonra evə qalxacaqdım. Görək xanım axşama hansı qəlyanaltını hazırlayıb…

 

 “Ədəbiyyat və incəsənət”

(19.07.2023)