“Bir azdan Ay doğacaq” – İsa Muğannanın nəvəsi Səmanın hekayəsi Featured

Rate this item
(0 votes)

“Qəlbindən silsən də, tale, alın yazısı insanın ən böyük düşmənidir, çünki heç vaxt silinmir”....

Reyhanın kənarı yanmış dəftərində nə qədər gizli arzular, tükənməz sevgi varmış. Əgər o gün, məhz təqvimdə yazılan o tarixdə Reyhan Muradı bağışlasaydı, onlar xoşbəxt olacaqdı. Bu küçədə, bu otaqda Reyhanın qoxusu dolaşırdı. Dəli olan Murad Reyhanın qoxusunu kənardan qoxulayırdı. Dəli-divanə olduğu bu eşq onun qəlbinə ağır bir silah kimi tuşlanmışdı.

Şəkillər kimidir sevgi. Bir foto çəkdirərsiniz və bütün sevginizi o şəkilə ərmağan edərsiniz. O şəkil paralana, cırıla, hətta yanıb kül ola bilər, ancaq bilirsinizmi ki, hər foto məhv olarkən onun içindəkilər də məhv olar? Açarla qapını açırsınız. Kilid açılır. Bəs fotoların kilidi nədir? Sevgi. Sevgi şəkillərin ən böyük kilididir. Bu kilidi açıb qazanmaq üçün yalnızca bağışlamaq lazımdır. Bəs, Reyhan Muradı bağışladımı? Nə zaman? Yaxın əyləş, əziz oxucum! Mən söyləmişdim axı, mənim hər günüm filmdir. Gəl bu filmi birlikdə izləyək...

Axşam saat 21:00 radələri idi. Soyuq, qüssəli payız elə bil bu dərdləri vücuduna don geymişdi. Reyhansa evdə tək-tənhaydı. Stolun üstündə isti çay, yanan şam və dəftəri vardı. Nə edə bilərdi başqa? Onun da tək təsəllisi bu idi...

Birdən qəfildən qapı döyüldü. Diksinərək ayağa qalxıb qapıya keçdi: -“Kimsiniz?” deyə fısıldadı.

-Mənəm, Murad. Reyhan, qapını aç, xahiş edirəm!

-Rədd ol, sənin kimi birisini tanımıram. Çıx həyatımdan!

-Xahiş edirəm, ölürəm. Son nəfəsimi sənin qollarında təslim etmək istəyirəm.

-Çıx get dedim!

-Qapını açıb baxsan, görəcəksən ki, həqiqəti deyirəm!

Reyhan tərəddüd içindəydi. Düzmü deyirdi? Qapını açsınmı? Bu, tilsimi məhv edəcəkdimi? Açar kilidi açıb Reyhanla Muradı birləşdirəcəkdimi? Sualların cavabı Reyhanda idi, ancaq Reyhan özü də qaçırdı bu suallardan. Bilirdi, bilirdi ki, açarla açılan bütün qapılar hər zaman xoşbəxtliyə aparmır.

Açar sevginin düşmənidir, əziz dost. Qıfıla bənzəyir. Bizim taleyimizdəki nöqtələri bir-birinə doğru açmır, əksinə, bağlayır...

Reyhanın son qərarı qapını açmamaq oldu. Göz yaşlarına hakim ola bilmirdi, ancaq onun göz yaşlarını heç kəs duymurdu, yalnız Muraddan başqa...

-Reyhan, bilirəm ki, yenə göz yaşlarına boğulmusan. Aç qapını, danışaq.

-Mən sənə bir damla da göz yaşı tökmərəm! Yetər!

-Bəs niyə susursan?

Murad çox yaxşı bilirdi ki, Reyhan susduqda göz yaşlarına boğulur. Həmişə çiyinlərində ağlayan qadın indi ona üz çevirmişdi. Əslində, bu göz yaşları Reyhanın deyildi, bunlar Muradın həyat hekayəsinin damla-damla yığılan və səhifələrində quruyub ölən çiçəkləri idi. Sevgi şəkilə bənzədiyi kimi göz yaşlarına da bənzəyir. Damla-damla dolur və sonunda yaşaya bilməyib tərk edir bu fani dünyanı, insanları da.

-Açırsan qapını? Ölürəm axı.

-Sən ölən deyilsən. Boş sözlərdir.

-Yalvarıram, Reyhan, aş qapını. İnan ki, son nəfəsimdir.

-Murad, sənin simanı görmək bir yana, sənin səsini belə duymaq istəmirəm!

Xənçər kimi ürəyinə batan bu sözlərdən sonra Murad daha səs gəlmədiyinin fərqində oldu. Duydu ki, Reyhan daha qapının əks tərəfində deyil.

Reyhan isə çaşqınlıq və həyəcan içində stola tərəf yaxınlaşanda ehtiyatsızlıq etdi, isti çay üstünə dağıldı və yanan şam dəftərin üzərinə düşdü. Reyhandan qəfildən bir qışqırıq qopdu. Ardınca o, hönkürtü çəkdi. Bütün taleyi o dəftərə bağlı idi, ancaq indi dəftərin kənarı yanmışdı.

Bununla belə, elə bir hiss vardı, sanki Muradın da əcəli onu qapının dalından aparmağa gəlmişdi...

-Muraaad!

Səs gəlmədi. Reyhan daha dözə bilməyib qapını açdı. Murad divara söykənmiş haldaydı. Demə yağış da yağırmış, Murad yağışın altında islanmışdı. Nəfəs almırdı, ancaq simasında qəribə təbəssüm vardı.

Reyhan onu qollarının arasına alıb:-“Muraaad, Muraaad” deyə səslədi. Səs gəlmirdi. Sadəcə Reyhana gülümsəyən bir sima vardı orada.

 

1 il sonra....

Reyhan yenə də otağında dörd divarın bir küncünə sığınıb ağlayırdı. Bir il boyunca Reyhan bu cür yaşamışdı? Bəli. Gözlərində kainata sığmayacaq sevginin kədərli baxışları yatırdı, ancaq Reyhanın göz yaşlarıyla birgə onlar da oyanmışdı. Səssizcə gəzinən körpə onun göz yaşlarını silər və yenə “tənhalar ölkəsinə” qayıdardı. Qapı döyüldü. Kim gəlmişdi? Bilinmirdi. Dəfələrlə Reyhanın qapısı çalınmış, ancaq o, Muradı itirdikdən sonra bir dəfə də olsun geriyə dönüb baxmamışdı. Qapını bu dəfə açarla deyil, qıfılla bağlamışdı. Çıxmayacağı otağın qapısını nə ilə bağlayacağının fərqində idi.

Reyhana xatirə qalan yalnız Muradla olan fotoları idi. Hər dəfə şəkillərinə baxdıqda göz yaşlarını saxlaya bilməz və onlarla söhbətləşərdi...

Başlıqda qeyd etdim ki, sevgi şəkillər kimidir. Şəkillər də gizlənər. Sevdiyiniz  insan həyatımızda oldu, olmadı sizi həmişə izləyər. Bəs yanan dəftərçə? Niyə məhz o gün şam o dəftərin üzərinə dağıldı və niyə dəftərin yalnız kənarı kül oldu? Niyə onun kül olmasıyla birgə Murad da fani dünyadan köç etdi? Çünki şam da insan ömrü kimidir.Yanarkən sönər, alovlanarkən üsyan edər.

Bəs bu dəftərçənin günahı idi? Bu yaşananlara şahid olmasımı?

Şahid olduğumuz hadisələr filmə bənzəyə bilər, ancaq insan taleləri film deyildir. Qatar kimi gəlib keçər...Yolda olan qatar yenə gecikdi. Sizə Reyhanın Murada yazdığı son məktubunu oxumaq istəyirəm. İndi Reyhan haradadır? Sualın cavabını məndən soruşmayın, çünki yoxdur. Mən tale izlərini izləyərək qələmə aldım. “Tənhalar ölkəsindən” iki sevdalı da köç edib getdi...

 

“Gecədir. Bir azdan Ay doğacaq”...

Murad, bu sənə son məktubumdur. Bəlkə də səhv edirəm sənə yazmaqla, ancaq sən bu məktubu oxuduqda mən burada olmayacam. Mən “Tənhalar ölkəsini” bir azdan tərk edirəm, Murad. Bir azdan taleyimdə gizlənmiş bütün sirrləri göz yaşlarım yuyub apardıqda mən də çiyinlərimə yeni yükləri alıb gedəcəyəm. Bu sənə sevgi mesajı deyil. Bəlkə də bu məktub başqa birisinin əlinə keçərsə, o da elə düşünər, ancaq bu bir əlvida məktubudur. Məni bilirsən, təsadüfləri sevmədiyim kimi əlvidaları da sevmirəm, ancaq qərarım qətidir. Bəlkə bir gün səni bağışlayacam, amma bu, yalnız sonsuz kainatda olmayanda baş verəcək. Bəlkə bir gün göz yaşlarım səni bağışlayacaq. Nə bilmək olar? Mən tale yüklərimi çiyinlərimə alıb gedirəm. Bir azdan sən doğulacaqsan. Axı gecədir. Bax, Günəş bir neçə saat öncə qürub edib. Günəş axı mənəm, Murad. Sənin hər səhər səbirsizliklə oyanıb gözlədiyin doğmayan Günəşin... O Günəş heç vaxt doğulmadı. Tanrının hüzurunda sənə əlini uzatsa da, doğulmadı. Bəlkə də sən onun əlini tutsaydın, o doğulacaqdı.

Murad, sənin sevgini, sənin özünü, duyğularını çox yaxşı bilirəm, əzizim. Sadəcə bizim alın yazımız buna icazə vermədi. Həmişə, yadındadırmı, deyirdim ki, insanın ən böyük düşməni tale nöqtələri və alın yazısıdır? Çünki onlar bizim əlimizdə deyil təəssüf. Biz onları idarə edə bilmirik. Onlar xəritədə yollarını itirərlərsə, bizi qurban verərlər. Verdilər. Noldu? Ayrıldıqmı? Əlbəttə ki, yox! Sadəcə bu fani dünyada qovuşmaq bizə qismət olmadı. “Qovuşmaq” sözü bilirsən necə ağırdır? Çünki göz yaşları olan yerdə qovuşmaq deyə bir şey yoxdur! Mənim göz yaşlarım damla-damla axdı, ancaq sonunda sel oldu. Xəritədə yollarını itirdilər. Səni itirdilər. Mən səni, sən məni itirdin. Hamısı bilirsən niyə? Göz yaşlarıma və açara görə.Talelərimizi birləşdirən açar qapalı qapıların kilidini açmadı. Bəlkə də mən açsaydım, bu belə olmayacaqdı. Nə açar, nə də sən izin verdin. Ola bilər ki, bu yazını oxuduqda məni günahkar hesab edəsən, ancaq günahkar mən deyiləm! Nə mən, nə o kimsəsiz körpə! Mən dəli olmuşam artıq, sən görmürsənmi? Ölü bir insana məktub yazmaq da nə demək? Yenə qapını açarla kilidləmişəm və qarşımda əriyən şamla, kənarı kül olan dəftərçəm mənə baxır. Hər gecələri və hər səhər tezdən bir uşaq gəlir yanıma. Balaca qızcığaz. Məni bəzən əzizləyir, bəzən boğmağa çalışır. Məni incidir və hər dəfə sənin ölümünlə bağlı məni günahkar hesab edir. Bu uşaq kimdir, Murad? Nolar axı, Murad, əvvəl yuxularıma gəldiyin kimi yenə gəlsən? Dərdlərimə dərman olsan? Ancaq sən də qaçırsan. Bilirəm, əzizim, günahkar sən deyilsən, amma bil ki, mən də deyiləm! Günahkar tale nöqtələri alnımıza yazılan alın yazımızdır! Necə ki, təqvimdəki tarixləri, yaddaşımızdakı düşüncələri silib ata bilmiriksə, eynən onlar da elədir. Görürsən bir-birlərinə necə bənzəyir? Bu fani dünyada bir-birinə zidd olan yalnızca gündüz-gecə, Günəş və Aydır! Mən qürub edən Günəş, sən gecənin ən səssiz zamanında doğulan, işıldayan Ay...Ulduzların içində tənha deyilsən, əzizim, əksinə, daha çox xoşbəxtsən. Sənin xoşbəxtliyin mən deyiləm, Murad. Mən qürub edən Günəşəm... Həm taleyində, həm də yaddaşında. Yalnızca qəlbində səhərlərinin aydınlanan Günəşiyəm...

Əlvida, əzizim. Mən “Tənhalar ölkəsindən”  göyərçin kimi köç edib gedirəm. Gözlərini qırılmış qanadlarımla örtüb gedəcəyəm, narahat olma. Bu dəfə salamat qal deyil, “əlvida” deyirəm...

Gecikən qatar tez gəlsə də, burada bir cəsəd yatırdı. İnsanlar bu cəsədin üstündən atlayıb keçirdi. Kimiləri ağlayırdı, kimiləri təəccüb içindəydi, kimiləri də qaçırdı “Tənhalar ölkəsinin” gecikən qatar stansiyasından.

“Gecikən qatar” stantiyasında cəsəd tapıldı! Reyhan adlı bir şəxs.Yaxınları haradadır?

Heç kəs bu sualın cavabını bilmirdi, amma bütün qəzetlər Reyhandan danışırdı. Bütün qəzetlərdə Reyhanın şəkilləri vardı. Demək, Reyhanın düşmən bildiyi alın yazısı yenə də ona oyun oynamışdı, ancaq bu dəfə tək “alın yazısı” deyil, şəkillər də bu oyunda qalib gəlmişdi. Bəzən şəkillər də acımasız ola bilirmiş...

Reyhanın qapısında yatan Muradın cəsədi, “gecikən qatar” stansiyasında isə  Reyhan. Bu dəfə tale nöqtələri onları o biri dünyada qovuşduracaqdımı? Bəs, qürub edən Günəş və gecənin səssizliyində doğulacaq Ay harada idi? Bəs, Reyhanın göz yaşları?

Hər şey dayanmışdı. Neçə-neçə insan “Tənhalar ölkəsindən” qaçırdı. Demək olar ki, heç kəs qalmamışdı. Tək qalan Reyhanın gözlərində qurumayan göz yaşları idi. Son damlası da gözlərində qurudu Reyhanın...

Hamının cəsəd kimi gördüyü bu iki sevdalı, əslində, ruhlarını təslim etmişdi Tanrıya. Payızın da soyuq vücuduna geyindiyi don kimi onlar da vücudlarındakı sevgini Tanrıya təslim etmişdilər. Əcəl gəldikdə isə onların yalnız soyuq, çürümüş vücudlarını aparmağa gəlmişdi. Heç kəs..Heç bir insan bu iki sevdalının yaşadıqlarını bilmədi.Bu hadisələrin şahidi yalnız şam,süfrəyə dağılan çay və kül olan dəftər oldu...

Reyhanın ayaq izləri “gecikən qatar” stansiyasına kimi davam edirdi. Qatar dayanmış, amma ayaq izləri silinməmişdi. “Tənhalar ölkəsinə” qar da yağdı, çovğun da başladı, lakin bu ayaq izləri silinmədi. Artıq “Tənhalar ölkəsində” heç kəs qalmamışdı, zatən burada yaşaya da bilməzdilər. Burada yalnızca yaşayan Murad və Reyhanın ruhu idi. Bu iki ruh da ayrı-ayrı evlərdə dörd divara qapanmışdı.

Doğru, bəlkə də onlar bu dünyada qovuşmadı, lakin Tanrı onları öz yanına aldı.. Onların sevgisi çəkilən şəkillərdə hələ də yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)