Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

5-ci dərc

Bəzən hansısa məsələdə ilk baxışdan məntiq pozulursa, bu heç də həmin məsələdə məntiqin olmaması anlamına gəlmir. Bir adamı izləyən biri üçün bu kişinin yol verdiyi çoxsaylı səhvlərin də bir məntiqi izahı olmalı idi.

Pomidor-yumurtadan yeyə-yeyə həmin məntiqi tapmağa çalışacağam. Deyək ki, qarşı tərəf bizim məlum qətl hadisəsi ilə bağlı araşdırmalara başladığımızı öyrənib. Hansı yolla, necə öyrəniblər, bunu sonraya saxlayaq. Bu halda hansı addımlar atacağımız barədə məlumatlı olmaları, kimlərlə görüşəcəyimizi bilmələri, əks addımlar atmağa hazır olmaları üçün onların məni də, polkovnik Dadaşzadəni də izləmələri normaldır.

Polkovnik Dadaşzadənin qətl barədə məlumatı aldığı günün səhəri artıq mənim izlənilməyə başlamağım qarşı tərəfin də olduqca məlumatlı və kifayət qədər ciddi bir tərəf olduğunu bir daha təsdiqləyir. Bu halda onların mənim, xüsusilə də müəllimimin neçə-neçə dolaşıq cinayətləri açmış peşəkarlar olduğumuzu bilmələri də şübhə doğurmur.

Yaxşı, bəs onda, məni izləməyə göndərdikləri, kafeyə girdiyi ilk beş dəqiqədə beş səhv buraxmış, adətən izləməyə cəlb olunan, heç nə ilə yadda qalmayan xarici görünüşə malik şəxslərdən tam fərqlənən, yadda qalan xarici görünüşü ilə elə uzaqdan adamın «gözünə girən»  bu yemişbaşla nə demək istəyirlər?

Variantları sayaq.

Birincisi - bizim kimi adamları nə iləsə qorxudub geri çəkilməyə vadar edə bilməyəcəklərini bildiklərindən, bu, sadəcə xəbərdarlıq mesajıdır. Yəni, bilirik, məlumatlıyıq, peşəkarlığınızı dəyərləndiririk, amma yaxşı olar ki, işimizə qarışmayasınız.

İkincisi - aşkar izlənilməyimizi təşkil etməklə bizi tələsməyə, hansısa səhv buraxmağa vadar etmək.

Üçüncüsü - qarşı tərəf kifayət qədər məlumatlı, geniş imkanlara malik ciddi bir tərəfdir, bəlkə də hansısa məsələlərdə onlarla rəqabət apara biləcək çox az adam var, ancaq «fəaliyyət» istiqamətləri başqadır. Yəni, adicə kimisə izləmək və buna bənzər işləri gördürmək üçün xüsusi hazırlıq keçmiş adamları belə yoxdur və indi aşkar etdiyim səhvlər bunun nəticəsidir.

Onlar xüsusi xidmət orqanlarında istifadə olunan eynəyi də, ona bənzər bir çox şeyləri də hansısa yollarla əldə edə və ya kustar üsulla hazırlatdıra bilərlər. Ancaq tətbiqinə gələndə mütləq axsamalıdırlar. Belə eynəyə malik olmaq hələ heç nə demək deyil. Məsələn, mən bu eynəkdən istifadə etməklə kimisə izləməli olsam, yer seçərkən mütləq işığın düşmə bucağını nəzərə alar, heç vaxt tavandakı lampanın düz altında oturmazdım. İşıq düşmədiyi təqdirdə eynəkdəki dəmir lövhələr çərçivədən heç nə ilə fərqlənmir və diqqəti cəlb etmir belə eynəklərdə. İzləyən isə, az əvvəl sadaladığım səhvlərdən başqa, heç bu adi şeyi də nəzərə almayıb.

Dördüncüsü - qarşı tərəf özü qorxuya düşüb və tələsik, elə əllərinin altında olan ilk adamlarını məni izləməyə göndəriblər.

Başqa nə variant ola bilər? Bəlkə, kimisə bu yolla bizimlə, ya da bizi kimlərləsə üz-üzə qoymaq istəyirlər? Hansısa öz maraqları xatirinə məlumatı hər iki tərəfə ötürüb, indi də oturub kənardan baxırlar? Onda bunu edənlər kimdir və niyə məhz bizi seçiblər? Yox, bu inandırıcı deyil. Polkovniki belə şeylərlə tora salmaq mümkün deyil. Əgər o, qətli araşdırmağımı istəyibsə, deməli, bir çox şeylər kimi, bunu da nəzərdən keçirib. Bu variantı bir kənara qoyaq.

Bunları saf-çürük etmək üçün bir qədər zaman lazımdır. Yeməyimi yeyib qurtarmışam. Burada boş-boşuna oturmağa dəyməz. Təbii ki, kafedən ardımca çıxacaq bu yemişbaşı az sonra azdıra bilərəm. Ancaq hələ ki, aktiv hərəkətlərə keçməmişəm, qoy onu deşifrə etdiymi anlamayıb izləməni davam etsin. Onsuz da ofisə qayıdıram.

 Ofisiant qıza hesabı gətirməsinə işarə verdim. Bir azdan əlində qəbz ilə yaxınlaşan qıza hesabı ödəyib ayağa qalxdım. Bunu görən yemişbaş yerində qurdalandı. Sonra qəzeti büküb qıza bir beşlik uzatdı. O, pulun qalığını gözləyərkən mən pilləkənləri qalxıb kafedən çıxdım. Pilləkənlərdə qəfildən ağlıma gələn bir fikri həyata keçirməkçün ofisə getməkdən vaz keçdim, əks tərəfə dönüb asta addımlarla «Sovetski» adlanan ərazinin içərilərinə doğru getməyə başladım.

Bir azdan təngnəfəs kafedən çıxan yemişbaş gözləri ilə axtarıb məni tapdı, çox uzaqlaşmadığımı görüb məsafədən ardımca gəlməyə başladı.

Onun bu diletantlığı artıq məni qıcıqlandırmağa başlayırdı. Zəif rəqibə qarşı oynamaq heç vaxt maraqlı olmayıb mənə. Təxminən yetmiş metr irəlidə, keçmiş 2-ci paralel küçəsində bir çəkməçi dükanının olduğunu bilirdim. Ağlıma gələn fikirdə bu dükandan istifadə edəcəkdim. Ona görə də elə həmin küçə ilə üzüyuxarı qalxırdım. Dükana çatanda qəsdən sağa-sola boylanıb dükanının qabağında oturmuş çəkməçiyə yaxınlaşdım. Usta yaşlı bir adam idi. Əlimi uzadıb onunla salamlaşdım. Sonra əyilib qulağına pıçıldadım:

-Ağsaqqal, dönə-dönə üzr istəyirəm, bu yaxınlarda ayaqyolu harada var?

Bunu deyərkən, ustanın salam verdiyi əlini hələ də əlimdə saxlamışdım. İzləyən, demək olar ki, lap yaxındaydı. Mənim ustaya, ustanın da mənə nə dediyini o eşitməməliydi. Usta isə, başqa suala yox, yalnız bu suala elə mənim kimi, etik normalara uyğun olaraq, pıçıltı ilə cavab verərdi.

-Nə deyim ay oğul, mən də hərdən bu sol tərəfdəki qonşudan xahiş edirəm, - düşündüyüm kimi, usta da pıçıltı ilə cavab verdi.

Əyilərkən sol əlimi usta görmədən, onun üstünə alətlər yığdığı kiçik masasının altına uzadıb guya masanın altına yapışdırılmış nəyisə götürürmüş kimi yenə geri çəkib tez cibimə saldım. 

-Bağışlayın dayı, narahat etdim, - yenə pıçıltı ilə deyib cəlb dikəldim və birdən ayağım nəyəsə ilişibmiş kimi səntirlədim. Usta yaşının imkan verdiyi sürətlə yerindən qalxıb yıxılmamağım üçün qolumdan tutdu.

Başımın işarəsi ilə təşəkkür edib, geriyə, bayaq gəldiyim yola tərəf yan aldım.

Yalandan səntirləyərkən yemişbaş düz tuşumuzdan keçirdi. Əgər bunu etməsəydim, ustaya «Eybi yox, Allah bağışlasın” və ya “Olan işdir» deməyə imkan verəcəkdim. Bu sözlərdən başqa heç nə eşitməyə müvəffəq olmayan izləyici, mütləq onları yadında saxlayacaq və onu göndərənlərə çatdıracaqdı. Onlar isə, düşünürəm ki, güdükçülərindən fərqli olaraq, kifayət qədər ağıllı adamlardırlar və göndərdikləri adamı deşifrə etdiymi, bunun ona qarşı işlətdiyim bir fənd olduğunu başa düşəcəkdilər.

İndi isə, qoy fikirləşsinlər pıçıldadıqlarım və masanın altından «qoparıb götürdüyüm» nə idi. Böyük ehtimalla, çəkməçi nəzarətə götürüləcəkdi. Baxaq görək, bunların nə qədər adamları var və bu gediş-gəlişin seyrək olduğu küçədə daimi nəzarəti necə təşkil edəcəklər.

Sonda hər şeyin üstü açılanda yemibaşın düşdüyü vəziyyəti fikirləşib gülümsədim. Amma deyəsən yenə də Layiqəsiz ötüşə bilməyəcəyəm. Yenidən geriyə, ofisə tərəf getməyə başladım. Beş dəqiqə sonra ofisin qarşısında idim. Avtomatik olaraq işarə veriləcək ağaca baxdım. Bəli… İşarə verilmişdi. Özü də bir deyil, iki. Ağacda təbaşirlə iki xətt çəkilmişdi. Biri ağ, biri isə çəhrayı təbaşirlə. Bu xətlər həm mənə çatacaq məlumatın hazır olmasından, həm də təhlükədən xəbər verirdi.

Qocaman polkovnik vaxtını boş yerə itirmir. İzlənməyimdən xəbəri var. Bəlkə də özünü də izləyirlər.

Qapını açıb içəri keçdim. Məni görən Layiqə ayağa qalxdı.

-Nuş olsun, şef.

-Sağ ol, Layiqə. Amma sən heç nə yemədin.

-Ürəyim istəmir nəsə.

-Yaxşı. Ancaq nəzərə al ki, növbəti iki gün çox yorulacaqsan.

Bu qız sual verməyi çox sevsə də, heç vaxt boş-boş suallar verməzdi. İndi də gözlərini qıyıb mənə baxdı: -Tapşırıq var, şef?

-Var Layiqə, bir azdan tapşırığının nədən ibarət olduğunu sənə deyəcəyəm.

-Yaxşı.

Keçib kresloma əyləşdim. Ofisin qarşısında, çöl tərəfdə quraşdırılmış kameranın görüntülərini monitora verdim. Yemişbaş yenə də yolun əks tərəfində, üzbəüzdəki avtobus dayanacağında idi. Qoy dayansın. Orada olmağı mənim xeyrimədir. İndi, növbəti hərəkət planımı dəqiqləşdirib sonra Layiqəyə nə etməli olduğunu deməli, bundan sonra isə ofisdən çıxıb izləyicini azdıraraq mənə çatacaq məlumatın ardınca getməliydim.

Çəkməçi ilə etdiyim fənd heç də yemişbaşla məzələnmək məqsədi daşımırdı. Əgər qarşı tərəf özü gəlib “mən buradayam” deyirsə, bundan niyə istifadə etməyim ki. Deməli belə. Əvvəla, bu etdiklərim çəkməçi üçün heç bir təhlükə yaratmırdı. Əvvəlcə mənimlə əlbir olduğunu düşünüb, duyuq salmamaqçün onu bir müddət izləyəcəklər. Sonra isə boş yerə vaxt itirdiklərini başa düşüb izləməni dayandıracaqlar.

Çəkməçinin yerinə yolboyu yerləşən, istənilən başqa obyekti də seçə bilərdim. Ancaq belə etməkdə bir fikrim var idi. Çəkməçi dükanı, dediyim kimi gediş-gəlişin seyrək olduğu bir küçədə yerləşirdi. Əgər izləmə təşkil olunarsa, müştəriləri bol olan digər obyektlərdən fərqli olaraq, bu küçədə izləyən adamı müəyyən etmək elə də çətin olmayacaqdı. Çəkməçinin izləniləcəyinə isə, nədənsə inamım böyük idi. Ən azından, artıq özüm izlənirdim və qarşı tərəfin metodları belə düşünməyimə əsas verirdi.

Əgər bu ana qədər etdiklərimdə qorxulu heç nə yox idisə də, mənim təkrar o küçədə görünməyim artıq çəkməçi dayı üçün xoşagəlməz vəziyyət yarada bilərdi. Buna isə yol verə bilməzdim. Ona görə də, qarşı tərəfin buraya göndərəcəyi adam olarsa, onu Layiqə müəyyən edəcəkdi. Belə bir adam olardısa, kimliyini müəyyən edib, onun vasitəsilə rəqiblərimizin kimlər olduğunu öyrənməyə çalışacaqdım. Kim olduğunu bildiyin rəqiblə vuruşmaq, kimliyi haqqında təsəvvürün belə olmadığı biri ilə vuruşmaqdan çox asandır. 

Bu günki dırnaqarası izlənməyim, bu işin cinayət aləminin elitasına bağlandığı barədə əvvəlki təhlillərimdə gəldiyim qənaətimi daha da möhkəmlədirdi. Bir tərəfdə olduqca məlumatlı olan cinayət aləminin nümayəndələri, onların atdıqları qətiyyətli addımlar, digər tərəfdə isə, çalıb-çapmaq, şantaj etmək, öldürmək və sair kimi dərindən mənimsədikləri spesifik bacarıqlarından bir qədər kənara çıxan işlərə - adam izləmək və sair kimi şeylərə baş qoşmaqla üzə çıxan diletantlığın yaratdığı təzadlar…

Görək indi onlara atdığım sümüyü çeynəmək üçün götürəcəklərmi?

-Layiqə, yaxın otur.

Layiqə yaxınlaşıb masamın kənarındakı stullardan birini çəkib, əlimlə göstərdiyim yerdə, mənimlə yanaşı əyləşdi.

Monitorda görüntünü yaxınlaşdırıb yemişbaşı Layiqəyə göstərdim.

-Bu adamı yadında saxla.

-Məncə, bu adamı bir dəfə görən ömrü boyu unutmaz, - Layiqə gülümsədi.

-Razıyam. İndi mənə qulaq as. Çox ciddi bir tapşırıq almışıq və düşünürəm ki, olduqca təhlükəli rəqiblərlə qarşıdurma gözləyir bizi. Gördüyün bu adam da qarşı tərəfin bizi nəzarətdə saxlamaq üçün göndərdikləri biridir. Bir azdan mən ofisdən çıxacağam. Gördüyün adam mütləq məni izləyəcək. Ofisdə özünə lazım olacaq əşyalarını topla. Adam mənimlə birlikdə uzaqlaşan kimi, ilk növbədə ofisin qarşısındakı ağacda təbaşirlə çəkilmiş, ağ və çəhrayı rəngli iki xətti diqqəti cəlb etmədən sil. Sonra əşyalarınla ofisi tərk et. Bu gün dincəl. Növbəti iki gün ofisə gəlməyəcəksən. Evdən birbaşa keçmiş 2-ci paralel, indiki Balababa Məcidov küçəsinə gedəcəksən. Yəqin tanıyırsan, buradan bir qədər yuxarıdakı küçədir.

-Tanıyıram, şef.

-Cəfər Cabbarlı küçəsi tərəfdən gedəndə, orada kiçik bir çəkməçi dükanı var. Usta yaşlı bir adamdır, kiçik bir masa qoyub, elə küçədə, dükanın qarşısında öz işini görür. Düşünürəm ki, sabah və ola bilsin ki, birisigün onu izləyəcəklər. Belə bir şey olarsa, izləyən adamın şəklini çək, maşını olarsa, dövlət nömrə nişanını, markasını, rəngini qeyd elə. Mümkün olarsa, sonradan o adamın gedəcəyi yeri, yaxud da görüşəcəyi adamı da müəyyən elə, ancaq çox riskə getmə. Yəqin ki, bayaq göstərdiyim, məni izləyən adam ofisi səhərdən müşahidə edir və səni ofisə girərkən görüb. Ona görə də, növbəti iki gündə indi olduğun qiyafədən tam fərqli qiyafələrdə ol. Elə et ki, səni tanıyan olmasın. Bu çox vacibdir. Çox güman ki, səhər saat 10-dan axşam 7-dək işləyər çəkməçi. Nə etmək lazım olduğunu özün bilirsən.

-Arxayın olun, şef.

-Mən də bu dəqiqədən etibarən qarşı tərəf üçün «yoxa çıxacağam». Deməli, ofisə gəlməyəcəyəm. Çıxarkən qaz tapançanı özünlə götür, işıqları söndür və mühafizə qurğusunu işə sal. Mobil telefonla əlaqə saxlama bir müddət.

-İzləmənin nəticəsi barədə məlumatı necə və ya harada sizə çatdırım?

-Sabah axşam saat 8-də «Moskva» univermağının girişinin qarşısındakı pilləkənlərdə. Sonrasına baxarıq.

-Yaxşı düşünmüsünüz, şef, deməli hamı bir tərəfə, mənsə əks tərəfə? - Layiqə gülümsədi.

Bu qız hər şeyi çox tez tuturdu. İndi təyin etdiyim görüş yeri, ilk baxışdan adi bir yer idi. Ancaq adi insan üçün. Əslində isə, həmin saatda univermaq bağlanır. İçəridə və qarşısındakı pilləkənlər boyu yerləşən bütün obyektlər eyni təyinatlı olmaqla, qızıl və gümüş alveri ilə məşğul olanlar olduqları üçün, dükan sahibləri dükanlarını bağlayaraq evlərinə getmək üçün eyni vaxtda hamısı pilləkənlərlə bir istiqamətə, yola və ya «Memar Əcəmi» metrostansiyasına doğru hərəkət edirlər. Enli pilləkənlər boyu və bilavasitə univermağın qarşısında nə bir iaşə obyekti, nə də yaşayış olmadığından, alıcılar da iş saatının bitdiyini bildikləri üçün dediyim saatda univermağa tərəf gedən bir adam da görə bilməzsən. Deməli, həmin saatda Layiqə görüş yerinə yaxınlaşarkən, ondan başqa bu insan axınına qarşı gedən ikinci şəxs böyük ehtimalla onu izləyən biri olacaq. Beləliklə, həm bunu öyrənəcək, həm də Layiqəni sığortalamış olacağam. Təhlükənin nə qədər böyük olduğunu nəzərə alaraq, Layiqəyə nə qədər arxayın olsam da, onu sığortalamağı lazım bilirdim indiki halda.

-Son dərəcə ehtiyatlı ol, Layiqə.

-Narahat olmayın, şef.

-Elədirsə, mən getdim.

-Mən də az sonra çıxıram.

Seyfi açıb silahımı götürdüm və pencəyin altından taxdığım, çiyinlərimə çarpaz keçirdiyim, dəridən tikilmiş qobura - sol qoltuğumun altına qoydum. Bunu etdikdən sonra ofisdən çıxdım.

Yolun o biri tərəfindəki əbləhdən yaxa qurtarmaq üçün metroya girəcəkdim.

Bir qədər soldakı işıqfora tərəf getdim. Orada yerüstü piyada keçidi var. Yaşıl işığın yanmasını gözləyib yolu keçdim. Pilləkənlərlə «Nizami» metrosuna tərəf qalxıb stansiyaya girdim. Belə hallar üçün həmişə başqa kartlarla birlikdə cibimdə gəzdirdiyim metro kartını çıxarıb turniketə yaxınlaşdırdım. Arakəsmə şaqqıltı ilə açıldı. Turniketi keçib eskalatora mindim. Platformaya düşəndə hər iki tərəfdən gələn qatarların intervalına baxdım. «Elmlər Akademiyası»na gedəcək qatar daha tez yaxınlaşmalı idi.

Həmin tərəfdə dayanıb qatarı gözləməyə başladım. Yemişbaşın stansiyadakı arkalardan birinin altında dayanıb yenə də məni izlədiyini görürdüm. Təxminən əlli saniyədən sonra qatar stansiyaya daxil oldu. Düşənlərə yol verdikdən sonra qəsdən qatara minənlərə də yol verdim və ən sonda qatara minib ayağımı qapılardan birinin qarşısına qoydum. Gözümün ucu ilə «dostum»un digər qapıdan mənim mindiyim vaqona girdiyini gördüm. Bu vaxt mikrofondan verilən elan səsləndi: «Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Elmlər Akademiyası». Məlahətli qadın səsi ilə verilən elan bitər-bitməz avtomatik qapılar tısıltı ilə bağlandı. Təkcə mənim ayağımı qoyduğum qapıdan başqa.

Qəfildən, -Eldar, Eldar, - deyə qışqırıb, hələ yerindən tərpənməmiş qatardan tullandım və qatara minməyə imkan tapmayan, platformaya yenicə yaxınlaşmış, təxminən mənimlə eyni yaşda olan kişini qucaqlayıb bağrıma basdım. Təbii ki, bütün bunları yemişbaş da gördü və uzaqlaşan qatarda mənim hələ də Eldar dediyim kişini bərk-bərk qucaqlayıb dayandığımı müşahidə etməkdən başqa bir çarəsi qalmadı.

Mən isə qucaqlamaqla kifayətlənməyib, kişini arxası qatara tərəf də fırlatdığımdan özüm üzü qatara tərəf olmaqla, gözümün ucu ilə yemişbaşın hansı təlaş keçirdiyini ləzzətlə seyr edirdim. Təlaşlı izləyicimi aparan vaqon tunelə girənə kimi döyüküb qalmış kişini buraxmadım. Nəhayət bundan bezən kişi:

-Əşşi, burax görüm. Eldar kimdir, sənə kim lazımdır? - dedikdən sonra üzümə təəccüb dolu ifadə verib kişiyə baxdım.

-Sən Eldar deyilsən? Rizvanam da, Rizvan, əsgərlik, eyni bölükdə idik, məni tanımadın? - deyə yenə süni təəccüblə kişiyə baxdım.

-Əşşi bir əvvəl soruş, sonra qucaqla da. Qabırğalarımı qırmışdın ki. Nə əsgərlik, mən əsgərlikdə olmamışam.

İndi qısaca kişidən üzr istəyib tez uzaqlaşmalıydım.

-Siz Allah bağışlayın, amma yaman oxşayırsınız.

-Eybi yox, olan işdir.

Sürətlə eskalatora doğru getdim.

Mən sadəcə qapılar bağlanarkən qatardan tullanıb izləyicimi növbəti stansiyaya yola sala bilərdim. Ancaq onu nə qədər ağılsız hesab etsəm də, bu halda izləndiyimi başa düşdüyümə onun şübhəsi qalmayacaqdı. Bu isə mənə lazım deyildi. Qoy elə doğrudan da çoxdan görmədiyim bir tanışımı gördüyüm üçün qatardan tullandığımı düşünsün. Ya da, ən azından ikifikirli qalsın. Hər halda, inandırıcı olmaq üçün o kişini elə qucaqlamışdım ki, heç ana doğma balasını belə qucaqlamır.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(16.06.2023)