“Torpaqda anasız qalmasın deyə, torpağın qoynuna köçür insanlar…” deyən Hüseyn Arifin 99-cu ildönümünə Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” üçün Güllü Eldar Tomarlı yazır

 

Dünən Xalq şairi Hüseyn Arifin doğum günü idi. Ruhu şad olsun.

...Hüseyn Arif adlı bir xalq şairinin böyüklüyünü və əlçatmazlığını bütün Azərbaycan bilir. Və ondan hər kəs danışır. Təkcə danışmaq yox, onun yaradıcılıq yolunu poeziya aləmindəki məqamını bilməyən və sevməyən, məncə, tapılmaz.

Böyük Səməd Vurğunun qidalandığı və ilham aldığı, daha sonra bütöv bir millətin gözündə dağlar qədər ucaldığı dövrün arxasınca gələn və qüdrətli ədəbiyyat nəhənglərindən biridi Hüseyn Arif. O, yetişdirdiyi ədəbi nəslin gələcək nəsillərə ən layiqli işıq tutanı kimi də barmaqla göstərilir həmişə. Sözlərinə bəslənən mahnılar dillər əzbəridi yarandığı gündən. Aşıq şeiri üslubunda yazdıgı qoşmaları, gəraylıları öz saflığı və büllurluğu ilə seçilib həmişə. Elə ona görə də hər kəsin yaddaşında həmişəlik həkk olub onlar. Ən adlı ustadlar ağır məclislərini Hüseyn Arifin seirləri ilə gözəlləşdirib hər zaman.

Dövrünün ən böyük ustad aşıqları məclisin istəyi ilə onun sözlərini gətirib sazın dilinə. Azaflı Mikayıl, Hüseyn Xaloğlu, aşıq Qədir, Murad Niyazlı, aşıq İmran, aşıq Əmrah, aşıq Kamandar, aşıq Ədalət və saymaqla bitməyən bütün el sənətkarları Hüseyn Arif şerlərindən qidalanıb həmişə. İndiki nəsil gənc aşıqlarda ustadlarının getdiyi yolu seçir və seçəcək.

Hüeyn Arif Azərbaycanın ən böyük təbiət şairidir. Bunu ən böyük qələm sahibləri söyləyir. Onun təbiət şeirləri Azərbaycanın gözəlliyini dünyaya poeziyanın dilii ilə daha çox sevdirir və innən sonra da sevdirəcək hər zaman.

Sözləri, fikirləri, deyimləri atalar sözü kimi, zərb məsəl kimi, hikmət boxçası kimi yayılıb el arasında. Onun elə beytləri, misraları, bəndləri var ki, hər biri böyük əsər gücündədi. ”Torpaqda anasız qalmasın deyə, torpağın qoynuna köçür insanlar". "Bir gün bu dünyadan köçəsi olsam, Tək onda demərəm sən mənimlə get ". "Qoşqarı çiynində gətirər ellər, Ona dərman ücün qar gərək olsa" və bu kimi onlarla, yüzlərlə fikir süzgəcinnən keçərək bəşəriləşən düşüncə məhsulları innən sonrakı bütün zamanlarda insanların mənəvi düşüncələrinə bir örnək olaraq həkk olacaq və onların təfəkkür nurunu aydınlığa qovuşduracaqdır. 

Hüseyn Arif poeziya aləmində etnik şeirin-poema janrınıda cox kəhkəşanınıda daha da genişləndirmişdir. Bunlara nümunə "Yolda" poemasinı və "Dilqəm" poema dastanını misal gətirsək kifayət edər.

Bunlardan əlavə Hüseyn Arif elmi axtarışlara imza atmış bir böyük sənət xiridarıdı. Aşıq Alı və Dilqəm sorağıyla hec kəsin demədiklərini tapıb yazıya alıb.

Bütün Azərbaycanı, Göyçə mahalını, Borçalını, Türkiyəni qarış-qarış gəzib dolaşan ustad şair çox-çox yaddaşlarda mürgüləyən söz incilərini üzərə çıxarıb. Azərbaycan Aşıqlar Birliyinin ilk yaradıcısı və rəhbəri kimi də nə qədər yaddan çıxmış saz-söz ustalarının izinə düşüb, onlara yiyəlik edib.

Qələm tutan barmaqları gözəl saz havaları da çalıb Hüseyn Arifin. Yaradıcılığı hələ də lazımınca təhlil olunmayıb. Vaxtaşırı adının hallanması qədirbilən insanlarımızın ona böyük sayğısının nəticəsidir. 

2014-cü ilin payızında Bakıda və Qazaxda anadan olmasının 90-illiyini böyük təntənə ilə qeyd olundu. Orda elm adamları, sairlər, aşıqlar, incəsənət nümayəndələri ustadı ürək odolusu yad elədilər.

O gözəl anları ürəknən yaşayanlar arasında mən də vardım. Əlbəttə ki, böyük sairin dəyərləri bununla bitmir. O, həmişə anılır, həmişə xatırlanır. Hüseyn Arifin adının vaxtaşırı anılması indi də var və bundan sonra da olacaq. Hüseyn Arifin adı innən belə neçə-neçə yüzillərdə anılacaq.

Allah rəhmət eləsin.

Bu şeirim də ruhuna töhfə olsun.

         

VARIYDI

Hüseyn Arif elə söz çəməniydi,

Qəlbinin yaşılı-alı varıydı.

O, haqdan bizlərə  ərmağanıydı,

Ruhumun nə gözəl halı varıydı.

 

Hərdən asta-asta saz da çalardı,

Gedib xəyallara, fikrə dalardı.

Gahdan boşalardı, gahdan dolardı,

Ələsgər varıydı, Alı varıydı.

 

Dərya - ümmanıydı, gahdan coşardı,

Eşqin səməndiylə daglar aşardı.

Hərdən gözəllərə söz də qoşardı,

Dilinin ucunda balı varıydı.

 

Bəzən hissin fitvasına uyardı,

Ceyranların səksəkəsin duyardı.

Sarp qayada kəkliklərə qıyardı,

Dag kəliylə cəng-cidalı varıydı.

 

Mənə şandı dərs aldığım hər sözü,

İmdadıma yetişsəydi kaş özü...

Düşüb cığırına bu Eldarqızı,

Güllünün də öz xəyalı varıydı.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)