Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

4-cü dərc

Elmi araşdırmalar əsasında belə qənaətə gəlinib ki, yuxu tipinə görə insanlar iki qrupa bölünür-«torağay»lar və «bayquş»lar. Birincilər tez yatıb tez duranlar, ikincilər isə gec yatıb gec duranlardırlar. Dağlı məhəlləsində bir çox şeylər kimi bu qruplar də bir qədər fərqli idi. Elə «torağaylar»ımızı götürək. Onlar özləri də hələ elmi araşdırmaların diqqət mərkəzinə düşməmiş iki qrupa bölünürlər - Kərbəlayi Meydan kişinin oyatdıqları və Məsmə arvadın oyatdıqları altqruplar. İndi deyəcəyəm niyə. Məhəlləmizin səhəri qonşumuz Kərbəlayi Meydan kişinin evinin damında quraşdırdığı, gah xışıldayan, gah da ikimetrlik özbək zurnasının səsinə oxşar səslər çıxaran köhnə səsgücləndiricidən yayılan azan səsi ilə açılır. Məhəllənin yarısı bu səsə oyanır. Bundan bir qədər sonra məktəbə gedən uşaqların haray-qışqırığı aləmi başına götürür. Onlarla eyni vaxtda, nəvələrini yola salmağa çıxan Məsmə arvad, mütləq qaydada onların on-on beş addım uzaqlaşmasını gözləyib var gücü ilə arxalarıyca «məktəb pulu»na yolda nə isə, çox vaxt da peçenye almağı, ac qalmamalarını qışqırır. Elə bil, rəhmətliyin qızı uşaqlar aralaşmamış bu sözləri deyə bilməz. Bu səhnə hər səhər təkrarlandığından Kərbəlayi Meydanın verdiyi azan səsinə oyanmayan «torağaylar» Məsmə arvadın qışqırığına şirin yuxudan oyanırlar. Çünki hamı bilir ki, Məsmə arvadın bu harayı zəngli saat kimi düz saat 07:45-ə «qurulub» və deməli, işə getmək üçün durmaq lazımdır. Məsmə arvadın peçenyeyə bakılıların təbirincə «piçenik» deməsi isə bu baş verənlərə xüsusi bir kolorit qatır.

Bir sözlə, «torağaylar» qrupuna aid olan və onsuz da obaşdan durmalı olan məhəllə adamlarımız öz adətləri üzrə tezdən oyanmağa imkan tapmamış onları oyanmağa vadar edən bu səbəblər bu iki altqrupun yaranmasına gətirib çıxarıb. 

Deyə bilərsiniz ki, bəs bazar günləri məktəb yoxdur axı. Düzdür, yoxdur. Əvəzində Məktəbalı kişi var. Həftənin altı gününü haradasa icarəyə götürdüyü dülgər emalatxanasında işləyən Məktəbalı bazar günləri həyətində quraşdırdığı dülgər dəzgahını səhər saat 8-də işə salıb bir vıyıltı qoparır ki, nəinki «torağayalar»ımız, «bayquşlar»ımız da yuxudan dik atılırlar.

Mən Kərbəlayi Meydan kişinin rəhbərlik etdiyi qrupa daxiləm. Çünki hətta Meydan kişi özü yatıb yuxuya qalsa, ya da azanı səsləndirən maqnitofonu hərdən xarab olsa da, on yeddi yaşımdan, Moskva Ali Milis Məktəbində təhsil aldığım illərdən dan yeri sökülərkən oyanmağa adət etmişəm.

Bir qədər də sonra işə gedənlərin hay-küyü, maşınlarının səs-küyü qalxır və bundan sonra Dağlı məhəlləsinə günortaya, uşaqlar məktəbdən gələnə qədər nisbi sakitlik çökür. Niyə nisbi, çünki bu sükutun özünü də qısa fasilələrlə pendir, qatıq, göyərti satan və köhnə dəmir yığanların heç də melodik olmayan səsləri pozur. Bu yaxınlarda onların sıralarına, mənşəyi məlum olmayan balıq satan biri də əlavə olunub. Peyda olduğu son iki ayda ondan heç bir məhəllə sakininin bir balıq belə almaması onu qətiyyən ruhdan salmır, o, hər iki gündən bir səhər saatlarında məhəlləmizə gəlib, «Balıq var, təzə balıq» qışqırmağı özünə borc bilir.

Evimlə ofisim arasındakı məsafə piyada iyirmi dəqiqəlik yol olduğundan, nə qədər tez oyansam da evdən çıxmağa tələsmir, bu səbəbdən də hər səhər məhəlləmizdə baş verənləri axıra kimi izləməli oluram. Adətən ofisi saat 9-da açıram.

Bu gün isə bir qədər tez gedib Layiqə gəlməmiş, hər ehtimala qarşı onun iş masasının üstünə qoyduğum, ünvan yazılmış kağız parçasını götürməliydim. Layiqə detektiv köməkçisi kimi özünü tam doğrultsa da, mənim məxfi agentlərimlə görüşdüyüm ünvanı onun bilməməsi lazım idi.

Ona görə də saat 08:00-da evdən çıxdım. İyirmi dəqiqə sonra ofisin qapısını açıb içəri keçdim. Kağız parçasını götürüb tikələrə böldüm və unitaza atıb suyu buraxdım. Elə bunu etmişdim ki, qapı açıldı və Layiqə ofisə girdi.

-Salam, şef.

-Salam, ey əvəzolunmaz köməkçim. Nə yaxşı belə tez gəlmisən?

Layiqə Buzovna qəsəbəsində yaşayırdı.

-Əmimoğlu qonaq gəlib, gecəni bizdə qaldı. Səhər tezdən şəhərdə işi vardı. Dedim, elə hazır maşın varikən, daha avtobusla niyə gəlim? Sağ olsun, düz ofisin qarşısında düşürdü məni.

-Hə, öz maşınının olması yaxşı olardı.

-Mən öyrəşmişəm şef, mənə çətin deyil. Bəs siz maşınınızı niyə satdınız, axı sizə maşınsız daha çətindir?

Bu sualı cavablandırmaq fikrim yox idi. Ona görə də Layiqəyə mücərrəd bir cavab verdim:

-Vaxtı gələndə yenə alaram.

-Hə, mütləq alın, ora-bura çox gedirsiniz, belə çətindir.

Bunu deyib, Layiqə son dəbdə olan əl çantasını iş masasının üstünə qoydu, sonra mətbəxə keçdi.

Mən də keçib kresloma oturdum. İndi polkovnik Arif Dadaşzadədən bir xəbər gözləməli, o vaxta qədər bəzi şeyləri özüm üçün dəqiqləşdirməliydim.Deməli, belə. Son gəldiyim qənaət hələlik budur ki, bu qətldə cinayət aləminin üsullarından birindən istifadə olunub. Başqa sözlə, qətl «torpeda» tərəfindən törədilib. Elə bu ehtimal üzərində davam edək. Bu halda qətli törədənin Day-dayın oğlu ilə şəxsən heç bir ədavətinin olmaması, onun yalnız verilən tapşırığı yerinə yetirməsi bəlli olur. Buradan da belə məlum olur ki, bu gəncin ölümü sifarişli qətl olub.

Əgər belədirsə, qatilin özünü müəyyən etmək boş yerə vaxt itirmək olacaq. Çünki, bu qətli törətmək üçün onun hər-hansı motivi olmayıb. O sadəcə «ölüm maşını»dır. Kimi və niyə öldürməyin onun üçün heç bir fərqi yoxdur. İşini gördü, borcunu verdi və yoxa çıxdı. Motivi bilmədən isə, hansısa cinayəti açmaq çox çətin olur. Bəlkə də, sifarişçi məlum olandan sonra qatilə çıxmaq olar. Ancaq fikrimcə, indiki halda birbaşa yox.

Sifarişçi kimdirsə, bax onun belə qərar verməsinə hansısa, özünə məlum olan bir səbəb olub. Motiv də burada gizlənir. Deməli, bir qədər keçmişə gedə bilsəm, o illərdə baş vermiş hansısa olayın izi ilə ola bilsin ki, motivi müəyyən edə bilərəm. Bu isə artıq işin yarısı demək olacaq.

 Əslində, bu heç də asan olmayacaq. Polkovnik Dadaşzadə bu işin qətl olduğunu deyirsə, deməli yüz faiz belədir. Müəllimimin hələ səhv etdiyini xatırlamıram. Həmin illərdə bu işi araşdıran kifayət qədər təcrübəli əməkdaşlardan təşkil olunmuş istintaq qrupu isə bir nəticə əldə etməyib, hətta hadisənin qətl olmaması, gəncin təsadüfən gecə saatlarında, qaranlıq küçədə maşınla vurulması qənaətinə gəlib. Ziddiyyətlər yaman çoxdur.

Belə çıxır ki, mən həmin istintaq qrupunun buraxdığı səhvləri də aşkar etməliyəm. Bu çox gurultulu səslənmir ki?

Tərəzinin bir gözünə məni, o biri gözünə isə kifayət qədər araşdırma mexanizmlərinə, kriminalistik ekspertiza imkanlarına malik, bir neçə peşəkarı birləşdirən qrupu qoysaq, mən çox yüngül gəlmərəmmi bu tərəzidə? Bütün bunları gözəl başa düşən polkovnik bu işi mənə tapşırırsa, görəsən hələlik gizlətdiyi daha nələr var və zamanı gəldikcə nələri mənə açıqlayacaq?

Ofisə girdikdən bir qədər sonra giriş qapısı ilə yan-yana yerləşən, birbaşa Cəfər Cabbarlı küçəsinə baxan pəncərələrin pərdələrini tam açmışdım. Mənə təbaşirlə işarə veriləcək ağac pəncərədən görünürdü. Hələ ki, bir xəbər yox idi.

Çayxanada müəllimimə dərhal işə başlayacağımı deyəndə, dünəndən indiyənədək etdiyim təhlilləri nəzərdə tuturdum. Bizim işimizin səksən faizi analitik işdir. Təbii ki, Arif müəllim də nə demək istədiyimi gözəl anlayırdı. Peşəkarların öz danışıq dilləri var. Deməli, əslində mən artıq araşdırmalara başlamış, lazım olan təhlilləri etmiş və hətta bəzi qənaətlərə də gəlmişdim. İndiki fazada bu qənaətlərimin doğruluğunu yoxlamaq üçün ad və ünvanları mənə veriləcək, yalnız özümə məlum üsullarımla ətraflarında bəzi tədbirlər həyata keçirəcəyim şəxslər barədə məlumatı gözləyirdim.

Məlumatın hazır olduğunu bildirəcək işarə isə hələ ki, verilməyib. Deməli, ya siyahı çox böyükdür, ya da siyahıdan başqa da nəsə hazırlanır.

Saata baxdım. Təhlillərim xeyli vaxt aparmışdı. Nahar vaxtına az qalırdı. Ofisdə Layiqə ilə məndən başqa heç kim olmadığı üçün nahar fasiləsi anlamı yox idi. Köməkçimə kifayət qədər sərbəstlik vermişdim və xüsusi tapşırıqları yerinə yetirdiyimiz günlər istisna olmaqla, istədiyi vaxt istədiyi yerə gedə bilərdi. Harada və saat neçədə nahar edəcəyinə də özü qərar verirdi.

Sərbəstlik yalnız və yalnız işçinin iş qabiliyyətini və işin səmərəsini artırır. İnsan işlədiyi yerdə özünü hansısa qadağalarla əhatə olunmuş, əli-qolu bağlanmış kimi hiss etməməlidır. Əksinə, sərbəst olması fikri onu ruhlandırmalıdır. Əgər mənim bir yox, on köməkçim də olarsa, bu idarəçilik prinsiplərimdən imtina etməyəcəyimi dəqiq bilirəm.

Bəzi cinayətləri araşdıranda köməkçimlə gecələri də yatmır, gündüzlər isə çay içməyə belə imkan tapmırıq. Bax bu sərbəstlik həmin gərgin günlərin kompensasiyasıdır.

 Üzümü Layiqəyə tutdum:

-Nahar edəcəksən?

-Nəsə həvəsim yoxdur.

-Mənsə, edəcəyəm. Yəqin ki, bir saata qayıdaram.

-Oldu şef, ofisdə olacağam. Elə bir işim yoxdur.

Məlumatı almamış növbəti iş barədə Layiqəyə heç nə deməməyi qərarlaşdırmışdım. Bu təhlükəli araşdırmaya onu cəlb edib-etməyəcəyim də hələ məlum deyildi. Ona görə də, hələ ki, susmağa üstünlük verirdim.

Kifayət qədər təhlükəli olan sonuncu əməliyyatımız zamanı Layiqə üçün risk faizini nə qədər minimuma endirsəm də, sonda qatı cinayətkarların olduğu məkana birinci elə o daxil olmuş və bizim üçün yol açmışdı. Layiqənin nə qədər qorxmaz bir qız olduğunu bilirdim. Yanımda olduğu bir ilə yaxın müddətdə topladığı təcrübə də öz yerində. Bununla belə, yenə də aldığım tapşırıq barədə hələ ona nəsə deməyə tələsmirdim. Siyahını görəndən sonra, bir də bəzi şeyləri aydınlaşdırandan sonra qərar verəcəkdim.

-Sənə nəsə alım, gələndə?

-Yox, əziyyət çəkməyin. Ürəyim bir şey istəsə, yaxındakı kafedən sifariş verərəm.

-Yaxşı, onda mən getdim.

Ofisdən çıxıb piyada üzüyuxarı, əvvəllər bütün Bakıda çox dadlı göyərti qutabı ilə tanınan «Pürrəngi» yeməkxanasına tərəf qalxmağa başladım. Adı dəyişsə də, obyekt yenə də kafe kimi fəaliyyət göstərirdi. Ofis ilə kafenin arası yüz əlli metr olardı. Fikrim yüngülvari bir nahar edib sonra ofisə qayıtmaq, hərəkətə keçmək üçün mənə veriləcək gizli işarəni gözləmək idi.

Əlbəttə, Arif müəllim hələlik Day-dayın iki yaxın dostundan, dünyasını dəyişmiş Səttarın yaxınlarından və sağ olan Səlimdən başlayacağımızı bildirmişdi. Ancaq nədənsə bunu etməyə tələsmir, siyahının mənə verilməsini gözləməyə üstünlük verirdim. Siyahının bu gün mənə çatacağına əmin idim və ona görə də hələ gözləməyi qərara almışdım. Bir neçə saat heç nəyi dəyişmirdi indiki məqamda.

Kafedəki müştərilərin sayı elə də çox deyildi. Boş masalardan birinin arxasına keçib əyləşdim. Mənə yaxınlaşan ofisiant qız salamlaşıb nə sifariş verəcəyimi soruşdu. Pomidor-yumurta sifariş verib gözləməyə başladım.

Yadınızda qalsın. Heç bir peşəkar daxil olduğu məkanda arxası qapıya tərəf əyləşməz. Üzü qapıya əyləmək olduğun məkanda vəziyyəti nəzarətdə saxlamaq üçün çox vacibdir.

Mən də əyləşərkən boş masalardan ən əlverişli olanını seçdim. Kafedəki on bir masadan dördündə müştərilər oturmuşdu. Mənim masamı saymasaq, altı masa boş idi.

Çox keçməmiş, başının ortası dazlaşmış, arxa və yanlarındakı saçlarını isə yəqin ki, çox qıvrım olduğundan darayıb formaya sala bilməyən, təxminən qırx yaşında, arıq bir kişi kafeyə girib boş masalardan birinə, arxası mənə tərəf oturdu. Bu kişinin başının arxadan görünüşü daha maraqlı idi. Sanki, bir çəngə daranmamış qara qoyun yununun düz ortasına bir Cərco yemişi qoymuşdular. Kişinin uzunsov başının yanlarında bitən qıvrım saçları ən çox bu oxşamaya uyğun gəlirdi. El arasında zarafatla yayılmış «keçəl-buruqsaç» deyimi yadıma düşdü, öz-özümə gülümsədim. Yaxınlaşan ofisianta çay sifariş verən kişi əlində bürmələdiyi qəzeti açıb oxumağa başladı.

Bir azdan mənə sifariş verdiyim yeməyi, bir qədər də sonra ona çay gətirdilər.

Pomidor-yumurta birbaşa kiçik tavada qarşıma qoyulduğundan çox qaynar idi. Soyumasını gözləyib məndən sonra gələn kişiyə baxmaqda davam edirdim. Ona baxmağım adi maraqdan irəli gələn bir baxmaq deyildi. Ofisdən çıxarkən, adətim üzrə, ətrafı nəzərdən keçirəndə bu kişini ofislə üzbəüzdə, yolun əks tərəfindəki avtobus dayanacağında dayanan görmüşdüm. Əgər nəzərə alsaq ki, həmin dayanacağa yaxınlaşan avtobuslar indi oturduğum kafe tərəfə yox, əks istiqamətə gedirlər, o zaman orada avtobus gözləyən birinin məndən bir qədər sonra məhz mənim girdiyim kafedə peyda olmasını tərəddüd etmədən maraqlı təsadüf saymaq olardı, razısınızmı?

Kişi qəzeti oxumağa başlamazdan əvvəl cibindən çıxardığı qalın şüşələri olan, qalın çərçivəli eynəyi gözünə taxmışdı. Eynəyin qara rəngli çərçivəsinin içəri sol və sağ yuxarı künclərində çox kiçik metal lövhəciklər var idi. Kişi başını tərpətdikcə, tavandakı işıq bu lövhəciklərə düşüb bərq vurduğundan arxadan, mən oturduğum yerdən lövhəciklər dərhal diqqəti cəlb edirdi. Görəsən, onsuz da belə qalın çərçivəsi olan eynəyə daha da möhkəm olması üçün bir də metal bərkitmə verməyə ehtiyac var idimi? Məncə, yox. Bəs onda bu nə ola bilərdi? Yalnız xüsusi cilalanmış dəmir lövhəciklər belə parıldaya bilərdi. Bundan, burunda eynəklərə azca fokus verməklə lövhəciklərin üzərində əks olunanları, yəni arxada baş verənləri görmək üçün istifadə edirlər. Təbii ki, bütün eynəklərdə yox, xüsusi məqsədlər üçün hazırlanmış eynəklərdə. Bunun üçün isə eynək, gözlərdən mümkün qədər aralıda, burunun üzərinə qoyulur. Çünki, eynək burunun lap yuxarısında, gözlərə ən yaxın məsafədə yerləşdirilərsə, lövhəciklərdə əks olunanları yox, heç onların özlərini də görmək mümkün olmaz. Arxadakı müşahidə obyektini izləmək üçün isə, gözün birini yummaq lazımdır. Soldakı lövhəciyə sağ, sağdakı lövhəciyə sol gözü yummaqla baxmaq olur.

Bu hərifin kafedə bu qədər boş masa olduğu halda, düz üzbəüzdəki masada arxası mənə tərəf oturaraq xüsusi lövhəcikləri arxaya baxan eynəyi taxması, taxarkən bir qədər aşağı-yuxarı sürüşdürüb sonra burnunun üstündə konkret nöqtədə saxlaması, özünü guya qəzet oxuyurmuş kimi göstərməsində məqsədi nədir?

Ayrıca, bir eynəkdən uzun müddət istifadə edən şəxslərdə eynək bir növ burunun üzərində özünə yer edir və taxan adam birbaşa eynəyi vərdiş etdiyi, həmişəki yerinə avtomatik olaraq qoyur. Gözlərdən ona ən rahat olan, öyrəşdiyi məsafədə. Bu isə bir xeyli aşağı-yuxarı sürüşdürdü eynəyi, niyə?

Üstəlik, başının hərəkətini izlədikcə onun qəzeti oxumadığını da müəyyən etmişdim. Kişinin başı növbəti sətiri izləmək üçün cüzi, zorla hiss olunacaq dərəcədə aşağı enməli olduğu halda, gah birdən-birə on-on iki sətir ölçüsündə aşağı enir, gah da sürətlə yuxarı qalxırdı.

Çəngəli götürüb bir qədər soyumuş yeməyimi yeməyə başladım. Bu yemişbaşın təkcə eynəyi mənə maraqlı gəlməmişdi. Eynəklə əlaqəli maraq doğuran başqa bir səbəb də var idi. Eynəyin belə qalın şüşələri yaxını olduqca pis görən adamlar üçün nəzərdə tutulub. Belə fiziki qüsuru olan insanlar isə adətən ayaqlarının altını yaxşı görmür, yeriyəndə, xüsusilə pilləkənlə qalxanda və ya enəndə çox ehtiyatla davranırlar ki, yıxılmasınlar.

Kafe yarımzirzəmidə yerləşirdi və bura enən pilləkənin altı pilləsi var idi. «Dostumuz» kafeyə girərkən bu pillələri çox sürətlə enmişdi, belə fiziki qüsurlu insanlara xas olmayan sürətlə. Düşənlər üçün pilləkənin sağ tərəfi divar, sol tərəfi sürahi idi. Qəzet kişinin sol əlində olduğu üçün heç əli ilə sürahidən də tutmamışdı, bu dəqiq yadımdadır.

Bu cür sərbəst pillələri enən birinin birdən-birə gözləri yaxını olduqca pis görməyə başladı? Bu da çox maraqlıdır.

Aramla yeməyimi yeyir, kişini gözdən qoymur, hiss etdirmədən hərəkətlərini izləyirdim.

Əgər bu adam məni izləyirsə, gör belə hallar üçün bağışlanmaz olan neçə səhvə yol verir? Hələ çayı qaynar içdiyindən, stəkanından qalxan buğdan eynəyinin şüşələrinin tərləməsinə baxmayaraq, onları silmədən özünü qəzet oxuyan kimi göstərməkdə davam etməsini demirəm…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(14.06.2023)