“Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı tədbir təşkil edilib

Rate this item
(0 votes)

Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı yekunlaşsa da, festivalda baş tutmuş tədbirlər barədə sizləri məlumatlandırmağı davam edirik. Festival çərçivəsində Türkmənistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirilib. 

 

Öncə Fondun nümayəndəsi, şair Fərid Hüseyn təşkilatın Türk dünyasının maddi–mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. Fondun Türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunmasına və təşviqinə böyük önəm verdiyini bildirən F.Hüseyn tədbir iştirakçılarına Nizami Gəncəvi, Əlişir Nəvai, Abay, Ömər Seyfəddin, Çingiz Aytmatov və Türk dünyasının digər görkəmli söz ustalarının əsərlərinin təşkilat tərəfindən nəşr olunması, eləcə də “Manas” dastanı ilə bağlı tədqiqatların aparılması barədə məlumat verib. Növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Türk dünyasının qüdrətli qələm sahiblərinin ədəbi irsinin tanıdılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini qeyd edib. O, eyni zamanda Türkmən ədəbiyyatının klassiki olan Məhdimqulu Fəraqi haqqında Fondun keçirdiyi tədbirin əhəmiyyətini vurğulayaraq, əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu da bildirib.

Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdiri, tanınmış mətnşünas alim Rəhmanberdi Qodorov və İnstitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcədə haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndirdiklərini qeyd ediblər. 

Daha sonra tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.

Sonda görkəmli şair haqqında olan kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)