“Bir gözüm Urmiya, bir gözüm Göyçə” - Əli Qayib Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Əli Qayibin həftəsidir. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

URMİYA-GÖYÇƏ

 

Ömürlük mənimdir ata bilmərəm,

Onsuz məzarda da yata bilmərəm,

Cənnətdə də qərar tuta bilmərəm,

Bu hayat baxçamda açandan qönçə,

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Vətənsiz yaşamaq haramdır haram,

Xoş günü xoş günüm yarası yaram,

Heç zaman özümdən ayıranmaram,

Ortadan ürəyim süngüyə keçə,

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Göy üzündən baxan ey ulu Rəhman!

Parça-parça olmuş ,can Azərbaycan!

Olarmı bir ata övladlarından_

Bəzisin ayıra bəzisin seçə?!

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Bu yerlər vətənim Qayıbdır adım,

Zikrimdir adları hər addım-addım,

Bunların eşqiylə yazıb yaratdım,

Vermədim ömrümü bir anlıq heçə,

Bir gözüm Urmiya, bir gözüm Göyçə.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)