Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

3-cü dərc

 

Məhəlləmizdə həyat öz axarında gedirdi. Hava qaralsa da, hələ küçədən yığışmayan uşaqların səsi, bağça adlanan hissədə tut ağacından asılmış yüzlük elektrik lampasının işığında samovar çayı içə-içə domino çırpan kişilərin, uşaqlarını evə çağırmaq üçün küçəyə çıxmış arvadların qışqırığı bir-birinə qarışmışdı.

Parkdakı bayaqkı səs-küydən fərqli olaraq, Dağlı məhəlləsi üçün adi bir şey olan bu haray-qışqırıq mənə qətiyyən təsir etmirdi. Çünki mən bu məhəllədə böyümüşdüm. Bu səslər də mənə olduqca doğma idi. Bu ora-bura qaçışan uşaqlar kimi, eynilə əyri-üyrü küçələrdə özümüzün fikirləşdiyi, «altı ağac», «yeddi şüşə», «naqquli» və bir çox başqa oyunlar oynaya-oynaya keçmişdi uşaqlığım. Dondurmasatan gələndə əvvəlcə hamı pul üçün evə qaçır, sonra eyni vaxtda qayıdıb dondurmaçıya hücum çəkirdik. Dondurma ilə birlikdə dil-ağız edib aldığımız tüstülənən dondurma buzunu azca su ilə şampan şüşəsinə töküb qapağını vurur, sonra yerə qoyub xeyli aralıda durub gözləyirdik. Su ilə qarışan buz çox sürətlə əriməyə başlayır və şüşə bir anda qatı ağ tüstü ilə dolurdu. Bir azdan şüşənin içində yaranmış təzyiqdən qapaq partıldı ilə yerindən çıxıb göyə millənirdi. Bizim üçün o şampan qapağı sanki bir raket idi və əldə etdiyimiz buzun miqdarından asılı olaraq şüşənin içində yaranan təzyiqdən şampan qapağı nə qədər yüksəyə millənərdisə, bir o qədər çox sevinərdik. Qapaq isə, doğrudan da çox yüksəyə millənirdi.

Bizim uşaqlığımızda nə indiki pirotexnika, nə fişənglər, nə də başqa oxşar əyləncələr yox idi. Hətta bəzi uşaqların böyüyənədək heç bir oyuncağı da olmurdu, çox şeyi özümüz fikirləşib tapırdıq. Elə buna görə də, həmin uşaqlıq indikindən qat-qat maraqlı idi.

Hələ Tarzan adlı bir qoca, kürən itimiz də var idi. Qonşu məhəllələrin uşaqları ilə vuruşmağa gedəndə Tarzanı da özümüzlə aparırdıq. Qarşı tərəf sayca bizdən nə qədər çox olsa da, Tarzanı görən kimi hamı qaçıb aradan çıxırdı və biz, bircə yumruq belə atmadığımız halda, döyüşdən qalib çıxan əsgərlər kimi sinəmizi qabağa verib geriyə, məhəlləmizə gönürdük.

Bir gün kiminsə mağazadan qayıdarkən yerə dağıtdığı qəndləri Tarzanın xartaxartla yediyini gördük. O gündən hərə oynamağa gələndə evdən Tarzana bir neçə qənd gətirməyə başladı. Cibimizdə gətirdiyimiz qəndləri növbə ilə Tarzana yedizdirir, ona böyük yaxşılıq etdiymizi düşünürdük. Nəticədə, bəlkə də hələ bir neçə il qonşu məhəllələrlə döyüşlərdə bizə kömək edəcək Tarzan iki aydan sonra öldü. Bu bizə çox pis təsir etsə də, həmin vaxt onun nədən öldüyünü başa düşmədik. Çox sonralar bildim ki, itlərə və atlara qənd vermək olar, amma hərdən, lap gec-gec və azcana.

Maşından düşən kimi domino oynayan məhəllə kişiləri məni səslədilər: -Bəxtiyar qədeş, gəl çay iç.

Çay içmək istəməsəm də məhəllənin adətləri yaxınlaşıb onlarla görüşməyi tələb edirdi.

-Salam, oyunçu aparsın. Çay içmişəm, siz nuş edin, - yaxınlaşıb hamı ilə görüşdüm.

-Sağ ol, qədeş, elə oyunçu aparır, - «Professor» ləqəbli Qələndər bir qədər qürurla dominoda udduğunu vurğuladı.

Qələndər dominonu həqiqətən yaxşı oynasa da, mən burada qürrələnməli bir şey görmürdüm. Ancaq bunu ona deməyi lazım bilmədim. Ən yorğun, yuxusu gözündən tökülən insana hobbisi barədə bir sual verin, o dəqiqə yuxunu da, yorğunluğu da unudub həvəslə danışmağa, gözləri parıldamağa başlayacaq. Bu da məhəllə uşağının hobbisidir, nə etmək olar. Qoy əsl dominoçu kimi hamının ona necə həsəd apardığını düşünüb nə qədər istəyir qürrələnsin. Qələndərdi də…

-Yaxşı, mən yorğunam, evə keçirəm. Bir şey lazımdırsa, deyin, təşkil edim.

-Sənin sağlığın, Bəxtiyar. İşində ol, biz də bir azdan keçirik evə.

Evin qapısını açıb içəri keçsəm də, dəhlizin işığını yandırmağa tələsmədim. Uzun illər tək yaşadığım bu evdə gözüyumulu da gəzə bilərdim. Ancaq işığı dərhal yandırmamağımın səbəbi bu deyildi. Həmişə evə girəndə bir müddət dayanır, sakitlikdə özümə məxsus, xüsusi bir hissiyyatla evin ab-havasını dinləyir, sonra içəri keçirdim. Söhbət hansısa təhlükədən getmirdi. Zaman-zaman bunu də, digər şeylər kimi özümə təlqin etdiyim üçün, bu məndə bir növ vərdiş halını almışdı. Hər vəziyyətə hazır olmaq üçün heç də real təhlükənin başının üstünü almasını gözləmək lazım deyil. Hadisə bir dəfə olur. Nə vaxt, hansı şəraitdə səni haqlayacaq, bax bunu heç vaxt bilmirsən.

Hər şey qaydasında idi. İşığı yandırıb otağa keçdim.

Televizoru işə salıb yuyunmaq üçün hamamxanaya keçdim. Qayıdıb televizorla üzbəüz qoyulmuş divana oturdum. Əl-üzümü quruladığım dəsmal hələ də əlimdə idi. Gözlərim televizora baxsa da, fikrimdə bu günkü görüşün detallarını saf-çürük edirdim. Beynimdə həmin görüşdə edilən söhbəti sanki maqnitofon lenti kimi geri fırlayır, təkrar-təkrar dinləyirdim.

Bayaq müəllimimin bildiyi, ancaq hələlik mənə demək istəmədiyi bir şeyin olduğunu düşünmüşdüm. Əgər məntiqlə yanaşsaq, bu nə ola bilərdi? Məntiq bu halda nə deyir?

Təcrübəli polkovnik uzun illər bu işin qətl olduğuna inanaraq ipucu axtarıbsa və ehtimalları təsdiqləndikdən sonra əvvəlkindən on qat çox ehtiyatla davranırsa, deməli elə hadisə baş verən vaxtdan onun şübhələndiyi, ancaq əlində konkret dəlillər olmadığı üçün adlarını çəkmədiyi şəxslər var. Bu şəxslər isə, hər kimdirlərsə, onlar üçün adam öldürməklə bir milçək öldürməyin heç bir fərqi yoxdur. Daha doğrusu, kimisə öldürməyin yox, ölümünə fərman verməyin. Adətən belə insanlar özləri əllərini qana batırmır, bununçün əllərinin altında saxladıqları, hər bir tapşırıqlarını yerinə yetirməyə hazır olan buyruqqulu insanlardan istifadə edirlər. Onları insan yox, insan materialı adlandırsaq daha düzgün olar.

Amma yox. Tam olaraq belə deyil. Hər bir əlaltıdan istənilən məqsədlə istifadə etmək olmaz. Belə əlaltıların hərəsinin öz təyinatı var. Qatil olmaq hər kəsin bacaracağı iş deyil. Cinayət aləmində qatillər xüsusi kateqoriyaya aiddirlər. Deməli, köməkçilərin də içində seçilmişləri var. Qətl törətməyə hazır olanları. Əgər polkovnikin şübhələndiyi adamların əlləri altında bircə beləsi var idisə, bu yetərli idi. Hamısının belə olması vacib deyildi.

Yaxşı bəs bu sənə nəyi xatırladır, Bəxtiyar?

Televizorun səsini bir qədər azaltdım.

Əgər bu dediklərimi həqiqətə yaxın ehtimallar kimi qəbul etsəm, bu ehtimallar birbaşa cinayətkar aləmin «elita»sını hədəfə götürür. Çünki bütün bu indi düşündüklərim həbsxana qanunları ilə eynilik təşkil edir.

Yaxşı, cinayət aləminin yazılmamış qanunları barədə məlumatlısan. Elə isə, yaddaşındakıları təzələ və gör araşdırmağa başladığın ölüm işində bu sənə nəsə verəcəkmi?

Nədən başlayaq? Müəyyən yaş dövründən sonra bütün mövcudluqları, hətta azadlığa çıxdıqdan sonra da həbsxana ilə birbaşa bağlı olan insanların təhlilinə elə həbsxanalardakı qaydalardan başlasam, məncə, düz olar. Bu aləmin ierarxiyasında insanlar təbəqələrə bölünürlər. Bu təbəqələr də, cinayət aləminin digər qanunları kimi vaxtilə on beş respublikanı özündə birləşdirən SSRİ-də formalaşıb və hazırda da elə ən çox həmin on dörd respublikanın «böyük qardaş»ı sayılan Rusiyanın azadlıqdan məhrumetmə yerlərində yaşamaqdadır.

Ən aşağı təbəqədə «üzdəniraq»lar dayanır. Bu təbəqəyə, əsasən, təbiətən bu işə meyli olanlar, uşaqbazlar, aktiv və passiv pedarastlar, zorlama maddəsi ilə məhkum olunanlar aid edilirlər və elə məhkumluqlarının ilk günündə onlara yerləri göstərilir. Ancaq onlarla yanaşı, cəza növü kimi, hansısa «səhv»ə yol verərək içərinin yazılmamış qanunlarını pozmuş məhbuslar da bu təbəqəyə atıla bilərlər.

Onlara yaxın olan bir kateqoriya məhbuslar da var ki, «üzdəniraq» olmasalar da, bunlar üst-başlarına fikir verməyən, olduqca pinti olan və elə bu məziyyətlərinə görə birincilər kimi hamının aralı gəzdiyi məhbuslardırlar. Birincilərlə də, ikincilərlə də əl tutub salamlaşmaq belə, dərhal onların sıralarına qoşulmağa səbəb olur. Ona görə də hamı onlardan uzaq gəzir. Əsasən, ayaqyolunu təmizləmək və sair kimi ən çirkin işləri onlara gördürürlər. Bu kateqoriyaya aid olan məhbuslara ikrah hissi o qədər güclüdür ki, hətta onların yemək yedikləri alüminium boşqabların yan tərəfində kiçik deşiklər açılır. Bu, ümumi yeməkxanada həmin boşqabların tanınması və  kiminsə boşqabı ilə səhv düşməməsi üçün edilir.  Çünki, kimsə bilmədən belə, onların boşqabında yemək yeyərsə, «bulaşmış»lardan hesab olunur və özünə hörmət edən məhbuslar dərhal onunla bütün münasibəti kəsirlər.

Bundan sonra gələn kateqoriya həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərdir ki, onları da digər məhbuslardan heç biri qəbul etmir, satqın, xəbərçi kimi tanıyırlar. Burada da hər şey aydındır.

Növbəti kateqoriya «mujik» kimi tanınan kişilərdir. Bu kateqoriyaya aid olanlar çoxluq təşkil etməklə, adətən hər-hansı təsadüf ucbatından həbsxanaya düşənlər, bir də ki, bilərəkdən törətdikləri cinayətə görə həbs olunsalar da, düzgün kişi kimi qalaraq həbsxana ierarxiyasında bundan o yana getmək fikri olmayanlardır. Məhz bu səbəbdən onlara, «kişi» kimi tərcümə olunan «mujik» adı veriblər. Onlar əsasən əməklə, fiziki işlə məşğul olur, günlərini saymaqla onlara kəsilmiş cəzanın müddətinin başa çatmasını və azadlıqda normal həyata qayıtmalarını gözləyirlər. Onların digər məhbusla yaranmış istənilən anlaşılmazlığa aydınlıq gətirmək üçün özlərini müdafiə etmək hüquqları olsa da, başqa heç bir məsələdə heç bir söhbətə qarışmağa ixtiyarları yoxdur. Hə, bir də, iki məhbus arasında yaranmış mübahisənin araşdırılmasında, əgər nəsə görüblərsə, şahidlik edə bilərlər…

Bunlardan sonra gələnlər «bərkgedən»lər, özlərini bir növ avtoritetli məhbus hesab edənlərdir. Rusiya həbsxanalarında bunlar «blatnoy»lar adlanırlar, yəni «hörmət sahibləri». Bax bu kateqoriyanın rolu həbsxana həyatında olduqca böyükdür. Əvvəla ona görə ki, onlardan yuxarıda yalnız və yalnız cinayət aləminin «elita»sı sayılan «lotu»lar dayanır və elə «lotu»ların elitaya gedən yolu da «bərkgedənlik»dən keçib. Deməli, bu kateqoriyadan olan hər bir məhbus, hər-hansı səhvə yol verməzsə və «oğru» qanunlarına riayət edərsə, gələcəyin potensial «lotu»su, başqa sözlə «qanuni oğru»sudur. Əgər «lotu»ların sayı yüzlərlə ölçülürsə, «bərkgedən»lər minlərlədir və kifayət qədər hüquqlara malikdirlər. Təbii ki, söhbət «həbsxana qanunları» adlanan, onların özləri özlərinə yaratdıqları hüquqlardan gedir. Bu kateqoriyadan olanlar, adətən, heç bir faydalı əməklə məşğul olmurlar, ancaq «bərkgedən» statusu almaq üçün də müəyyən tələblər var. Belə ki, azadlıqda olarkən hər hansı xidmət növü ilə bağlı əmək fəaliyyəti ilə məşğul olan, deyək ki, taksi sürücüsü, ofisiant, bərbər kimi başqalarına xidmət göstərənlər, o cümlədən hərbi xidmətdə olanlar həbsxanada bu statusu daşıya bilməzlər.

Onların «obşak» adlanan oğru kassasındakı pullardan müəyyən məqsədlər üçün istifadə etmək, həbsxanadaxili konfliktləri araşdırmaq, «lotu» olmayan yerdə «təqsirkar»lara cəza kəsmək səlahiyyətləri var.

Stop! Təqsirkar demişkən, bəlkə… Niyə də yox? «Cəllad»lar və «Torpeda»lar. «Cəllad»lardan başla. «Cəllad»lar oğru yığıncaqlarında «lotu»ların, başqa adda isə «qanuni oğru»ların kəsdikləri cəzanı yerinə yetirənlərdir və cinayət aləmində kifayət qədər yüksək statusa malikdirlər.  Hələ sovet dövründən onlar əsasən çox böyük müddətə, bəzən hətta iyirmi beş ilədək azadlıqdan məhrum edilmiş soyuqqanlı məhbuslardan seçilirdi. Həmin dövrdə uzun müddət ölüm hökmü tətbiq olunmadı. Elə buna görə də, belə böyük cəza müddəti bitənədək həyatda qalmasına heç bir ümidi olmayan məhbus kimisə öldürməklə heç nə ilə risk etmir, olsa-olsa ifşa edilərsə, iyirmi beş illik cəza müddətinin üzərinə bir neçə il də əlavə olunurdu ki, bu da onunçün heç nəyi dəyişmirdi.

Sonrakı illərdə sovet qanunlarında ölüm hökmünün tətbiq edilməsinə səbəb olan bir amil də elə bu oldu.

«Cəllad»lar öz statuslarını gizli saxlamır, heç nədən çəkinmədən bunu simvolizə edən döymələr gəzdirirdilər. Hamının ehtiyat etdiyi belə məhbusların istifadə etdikləri əsas döymələr, kapyüşon adlanan baş geyimində olan, əlində balta tutmuş cəllad şəkli, bəzi hallarda isə dişlərini qıcamış pələng və ya canavar rəsmidir.

Hətta «cəllad» olmuş bəzi məhbusların sonradan «qanuni oğru» adı alması halları da məlumdur. Bir sözlə, bu tip məhbuslar olduqca təhlükəlidirlər. Hələlik bunları bir tərəfə qoyaq və «torpeda»lara keçək.

«Torpeda»lar «cəllad»lardan fərqli olaraq, heç də qatil rolunu öz iradələri ilə seçmirlər. Onlar ən çox qumar borcu olub, həmin borcu vaxtında ödəyə bilməyənlərdirlər. Cinayət aləmində qumar borcu, nə qədər paradoksal səslənsə də, «müqəddəs» sayılır və onu ödəyə bilməyən borclu olduğunun əsarətinə keçir, bir növ, onun quluna, başqa sözlə «torpeda»sına çevrilir. Bu zaman o «sahib»inin istənilən, hətta kimisə öldürməsi barədə tapşırığını da qeyd-şərtsiz yerinə yetirməlidir ki, borcu bağışlanılsın. Bir borca görə «torpeda»ya çevrilən, bir tapşırığı yerinə yetirməklə «torpeda»lıqdan çıxmış olur. Tapşırığı yerinə yetirməyənin özünü ən yaxşı halda fiziki ölümdən daha betər olan, «üzdəniraq»ların yanına atılmaq kimi mənəvi ölüm gözləyir. İstəmədiyi halda bu vəziyyətə düşsə belə, bunun nə olduğunu gözəl anlayan «torpeda», «üzdəniraq» olmaqdansa, verilən tapşırığı yerinə yetirməklə kiminsə qatili olmağa üstünlük verir.

«Torpeda»lar tərəfindən planlaşdırılmış qətllər adətən gecə saatlarında, hamı yatdıqdan sonra həyata keçirilir. «Torpeda»lar haqqında da bu qədər.

Yaxşı bəs buradan nə nəticə çıxarmaq olar? Yenə də stop! Day-dayın oğlu da gecə saatlarında qətlə yetirilib. Bunu dəqiq bilirəm. Burada «cəllad»dan çox «torpeda» dəst-xəttinə oxşarlıq müşahidə olunur.

Əgər belədirsə, deməli Day-dayın oğlunun qətli arxasında, böyük ehtimalla, elə ilk dəqiqələrdən düşündüyüm kimi, həyatlarının çoxunu dəmir barmaqlıqlar arxasında keçirmiş, azadlığa çıxsalar belə, yenə də həbsxana qanunları ilə yaşayan, başqa yaşam tərzini təsəvvür etməyən və ya xislətlərinə görə başqa cür yaşamaları mümkünsüz olanlar durur.

Bəli, çayxanada da, indi də apardığım təhlillər əsasında gəldiyim nəticələr heç də ürəkaçan deyil. Ən azından, əminəm ki, keçmişdə törədilmiş bu qətllə bağlı araşdırma olduqca «maraqlı» bir araşdırma olacaq…

Ömründə heç kimdən və heç nədən qorxmayan polkovnik Dadaşzadənin hələlik «yatmış əjdahanı» oyatmamaq üçün son dərəcə ehtiyatla davranmasını da bura əlavə etsək, ehtimallarım həqiqətə bir qədər də yaxınlaşır.

Təcrübəli əməliyyatçı heç vaxt yersiz addımlar atmır, hadisələri nə tələsdirir, nə də bir saniyə gecikməyə qoymur. Yalnız əgər qarşı tərəfi «tərpətmək» və səhv etməyə vadar etmək lazımdırsa, onda qəsdən özünü büruzə verir və səhvin nə vaxt buraxılacağını gözləməyə başlayır.

İndiki halda kim olduğunu belə tam müəyyən etmədiyimiz qarşı tərəfin hələ ki, yatması bizim xeyrimizə idi. Yatmış düşmənin başının üstünü qəfildən almaq daha asan olur…

Elə yatmış demişkən, məncə, bu günlük bəsdir. Yatmaq, səhərə gümrah olmaq lazımdır.

Qalxıb televizoru və işığı söndürüb yataq otağına keçdim. Yorğun olduğum üçün yəqin ki, tez yuxuya gedəcəkdim.

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(13.06.2023)