“Bir zamanlar Ağdamda” - Emin Pirinin müharibə gündəliyindən Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə epistolyar janra müraciət edəcəyik. Qazi şair, sumqayıtlı, mərhum şairimiz Sabir Yusifoğlunun oğlu Emin Pirinin müharibə gündəliyi ilə tanışlığı davam etdirəcəyik.

 

 

EMİN PİRİ

 

MÜHARİBƏ GÜNDƏLİYİ

 

 

          I

          BİR ZAMANLAR AĞDAMDA

 

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

 

Elə fevral ayı olardı o əsgərin özünü gülləyə vətən etməsi…. "Sağ qalan varmı?!" şeirimdəndir bu parça. Elə şeirlər kitabımın adı da "Sağ qalan varmı?!" idi.

Ağdamda səngər həyatımız davam edirdi. Ötən ildən, Vətən müharibəsindən fərqli olaraq metr-metr səngər irəli çəkməyin sevincini yaşayırdıq. Hər dəfə bir neçə metr irəli səngər çəkmək bizə hansısa kəndi azad etməyin sevincini verirdi. Daha irəlidə post qurmaqsa sanki bir rayonu, şəhəri azad etməyin ekstazını yaşadırdı. Bu səngərlərin çəkilməsini zamana böləndə düşmən qarşısında gecələrlə səngər qazmaq sanki iynəylə eşələnmək idi. Bəzən bir neçə metr irəli səngər çəkmək günlərlə də deyil, aylarla zaman alırdı. Əlbəttə, bu səngər çəkmələr itkisiz başa gəlmirdi. Nəmirli və Şurabad kəndinin sol cinahı tərəfdə bu dəfə başqa bölməyə tapşırılmışdı səngər işi. Gecə vaxtı. Və snayper gülləsi bir gəlinliyi əbədi sahibsiz qoydu. Bir sevən qızın arzularını özüylə birgə apardı. Bəlkə də, düşmən silahında üşüyən güllə əsgər sinəsində qızınmağa yer axtarırdı. Beləcə bu şeirim meydana gəldi.

Həyat bu qədər fanidir, kiminsə sevərək oxuduğu, kiminsə həzz aldığı şeirlərin altında hansısa faciə, ananın göz yaşı və ya qan dayanır.

 

Tr-8-lə müşahidə apardıq. Bir əli cibində, birindəsə telefon qulağına söykəyərək hərəkət edir. Hərəkət edir deyirəmsə, gövdədən yuxarını görürük. Özünü o qədər itirib ki, düşmən valının arxasından çıxdığının fərqində deyil. Axı, adam kiminlə belə danışıb dünyanı unudub öz səngərini tərk edə bilər? Anasımı, sevgilisimi, bacısımı? Onun özündənrazı, tərki dünya olaraq harda olmasını unutması adamın ağlına yalnız sevgilisini gətirə bilir. İnsan onun etdiklərini sevgilisi ilə danışanda edə bilər...

Bu qədər danışmağıma baxmayın, bu qədər düşüncə bir an ərzində baş verir. Vuraq? Ani olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir? Bəlkə danışdığı adam anasıdır? Və həmin vurulsa... Ya da sevgilisi? Bu elə ən böyük sevgi qətliamı olar. Telefonun qarşısındakı şəxsin o vurulduğu an keçirəcəyi hissləri ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq? Danışdığımızsa sevgilimiz, anamızdırsa?

Bəlkə də, bütün bu düşüncələr bir saniyəlik zaman intervalı olmadan ildırım sürətilə beynimin bir guşəsindən keçir. Amma...

Erməni əsgəri ordadırsa, əminəm ki, bizi görsə, böyük sevinc hissi ilə vurardı. O burdadır ki, o ona görə vurar ki, bir azərbaycanlının vurulması onunçün medaldır, məzuniyyətdir, özgüvən hissidir, gələcəkdə karyerada yüksəlişdir, məclislərdə özünün və qohumlarının bu hadisədən genələ-genələ danışması, erməni TV-lərində bol-bol öz qəhrəmanlığından danışmaqdır.

Vuraq? Snayper başından nişan aldığını bildirir. Vur!..

Səngərdə əsgərlərimiz atışdan sonra "ura!" deyə qışqırır, sevinir, sonrasa ani boşluq. Rabitə ilə koordinatı verib məruzə edirik. Atəşkəs dövründə belə atışlar zamanı koordinat məruzə olunur, vurulmanın dəqiq olub-olmadığını gözləyirdik. Bizə lazım olan xəbərin təsdiqlənib-təsdiqlənməməsidir. Bir neçə saat gözləyir, bu hadisənin nə ilə sonuclanacağından səbrsizlənirdik. Amma nə deyilsə də, atışdan sonra onun necə yerə sərildiyinin gözümüzlə şahidi olduq, axı, - deyirəm özüm-özümə.

Axşama yaxın rabitə ilə xəbər verilir ki, verdiyiniz xəbər təsdiqini tapıb, vurmusunuz. Sevinclər yenidən artır... Qeyd olunası xəbərdir. Həmin gecəni aşağıdan gətirtdiyim yeyib-içməklə qeyd edirik. Bir növ səngərdə bu xəbərə əsl qonaqlıq verirəm. Ölüm xəbərinə sağlıqlar deməklə. Səhv etmirəmsə, Dövlət radiosunun axşam buraxılışıdır. Verilən xəbər sağlıqlarımıza qoşulur. Atəşkəs pozulub, düşmən təxribatının qarşısı alınıb, düşmən hərbi qulluqçusu "..." məhv edilib.

(Əlbəttə, istəyən şəxslər bu adı, yeri və s. arxiv materialına əsasən əldə edə bilər. Burada bu məlumatı, adı olduğu kimi vermək həm etik, həm də bəzi məsələlərə görə doğru olmadığından hallandırılmır).

Səngərin bir köşəsinə çəkilirəm. Kimsənin məni görməyəcəyi bir küncünə. Özümdən asılı olmadan ağlayıram. Bütün gecəni. Həm sevinmək, həm də ağlamaq. Axı mən kimə ağlayıram belə? Məni ağladan kimdir, hansı hisslərdir? Kimə ağlayıram belə? Ölən erməniyə, ölən sevgiyə, yoxsa nəyə? Bəlkə elə özümə? İçimdə qopan fırtınaya cavab tapa bilmirəm...

O gündən sonra yuxularımda kimsə, daha doğrusu, bir qız "alo, alo" deyərək qışqırır. Mənsə təngnəfəs, tər içində oyanır, mətbəxə keçir, su içir, bəzən ağlayardım...

 

II

SƏNGƏR ŞƏHİDİ

 

Tağım komandiri kimi iki kəndin qarşısındakı mövqeləri qorumaq bizim heyətin üzərinə düşür. İki həftədən bir yerdəyişmə olur. Gah bu iki kənddən birinin, gah da o birinin qarşısındakı səngərlərdə oluruq. Hər kəndin qarşısında üç post var. Hər tağıma üç post düşürdü. Bir postda bir tağım komandiri ilə bir manqa, digərində tağım komandirinin müavini(gizir) ilə digər manqa, üçüncü postdasa MAXE-nin başçılığı ilə üçüncü manqa. Bu üç posta postlar başçılığı dövründə üç kərə erməni vuruldu. Daha doğrusu, təsdiqlənən vurulmuş erməni sayı üç oldu.

Həmişə içimizdə bir qorxu vardı, bunun bir bədəli nə zamansa olacaq...

Təzə tərxis olunmuşdum. Bir neçə gün keçmişdi. Çavuşlarımızdan Məmmədova zəng etdim. Dəfələrlə zəng çatmadı. Zabit yoldaşımız Xantəmirova zəng etdim, Məmmədov şəhid olub cavabıyla qulağım cingildədi...

Bədəl verilmişdi...

Ağdam torpağı bərəkətli və bolsulu idi. Yağışlar vaxtı, qar əriyəndə bütün axıntı səngərə dolurdu. Bəzən səngərdə su dizə çatırdı. Beləcə, nə hərəkət etmək olurdu, nə də yemək təminatı düzəməlli. Çörək də belə havalarda palçıq qarışıq olurdu. Bir növ peç üstündə palçıqlı çörəyi yenidən bişirərək yeyirdik. Ac vaxtlarımızda restoranda yediyimiz çörəkdən daha dadlı idi o palçıq-çörək.

Hə, onu deyirdim, belə havalar, palçıqlı,yağışlı günlər ermənilər üçün ov vaxtı, qisas günləri olurdu. Çünki yağışdan sonra səngərlər, üstü, bermalar dağılır. Bizsə o səngərləri, bermaları yenidən düzəltməyə çalışırdıq. Belədə gülləyə tuş gəlməmək şans məsələsi olurdu. Bununçün gecə vaxtlarını seçirdik. Həmin dövrün texnoloji vasitələri indiki qədər deyildi, amma hər zaman gecə görmə cihazından istifadə etmələri mümkün idi. Necə ki, bəzən istifadə etmişdilər. Ya da təsadüfi səngər boyu səpələmə atəşə tutmaq.

Çavuş Məmmədov da belə günlərin birində boğazından vurularaq şəhid oldu.

 

III

EV YIXAN ŞƏRAB ÇƏNLƏRİ

 

Ağdamda sovet dövründə üzümçülüyün hansı formada inkişaf etdiyini bilirsiniz. Mövqelərin qarşısında iki böyük keçmiş çaxır çəni var idi. Hündürlüyü 10metrdən çox olardı. Gedəndə öyrənmişdim ki, adətən, o çənlərin üzərində ermənilər snayper yerləşdirir...

Elə snayper atışları da məhz ordan olurdu çox vaxt.

O çaxır çənləri çox evə od salmışdı...

Bəlkə, simvolikdir, şərab müharibəsiz də, mülki həyatda da çox evi yıxıb...

 

IV

BİZ QALDIRIRIQ, ONLAR VURUR

 

Üzümlük deyilən ərazi vardı. Səngər irəli çəkməklə həmin üzümlük ərazisində mövqemiz ermənilərin bölük dayaq məntəqisinin 26 metrliyinə çatmışdı. Gecələr orada "pasinka"lardan müşahidə postu qaldırırdıq. Səhərsə ermənilər oranı qumbaraatanlardan atəşə tuturdu. Belə hallar, belə "hərbi oyunlar" dəfələrlə təkrarlanırdı: biz gecələr qaldırırdıq, onlarsa gündüzlər vururdu...

 

V

AY PİRİ...

 

Gizirimiz, tağım komandirinin müavini Əmirxanovla hərbi münasibətlərdən əlavə, səngər dostluğum da vardı. Mənə qısaca olaraq Piri deyirdi. Ya da uzaqdan çağıranda "ay Piri". Bəzən bir-birimizi bərk çağıranda cəmi bir neçə metrlik məsafədə bizim adları, yəqin ki, ara-sıra eşidirdilər qarşı tərəfdə...

Üzümlük dediyim ərazidən keçəndə qarşı tərəfdən eşitdiyim səs tüklərimi biz-biz etdi. Ay piri, Ay piri, qışqırırdılar erməni valının arxasından.

Səngər həyatımdan sonra Piriyev Emin Emin Piri imzasına çevrildi beləcə. Piri adı gizirimizin mənə müraciətindən sonra doğmalaşmışdı. Qarşı tərəfdən səslənməsindən sonrasa "PİRİ" şeirlərimin imzasına çevrildi.

          

        VI

        KƏLMEYİ-ŞƏHADƏTİ BİLİRSİNİZ?!

 

Müharibədə eşitdiyim ən təsirli iki-üç cümlədən biri bu idi. Xeyr, mənim burda nə dindən, nə də hərfi mənalarından bəhs etmək niyyətim yoxdu. Amma o sual verilərkən onun altında yatan mənaların, faciənin, qürurun, şərəfindən gedir söhbət...Hə, necə olmuşdu?

9 oktyabr gecəsi, saat 00:00. Təcili çıxış əmri verilir. Çıxışlarımızın 90%i, fövqəladə səbəb olmasa, gecə yarılarına həmişə təsadüf edib. Səhər tezdən, 6 saatlıq gecə yolundan sonra 06:00 radələrində Daşkəsən kəndinə çatırıq. Hər şeyə dözmək olar, amma siqaretsizlik adamı məhv edir. Əslində, vərdiş də yox, vəziyyət adamı məcbur edir. Həyəcan, məsuliyyət... Amma heç bir qığılcım belə alovlandırmaq, işıq yandırmaq olmaz. Aydındı niyə. Siqareti buşlatımın içində yandırır, elə çəkirəm. O birilər də. Açığı, belə anda siqaret çəkmək ehtiyacının nə olduğunu hamı anlayır.

Yolboyu erməni meyitləri...Birinin yanında keçəndə müharibənin dəhşəti gözlərimdə daha da böyüyür. Düşmən polkovnik-leytenantının meyiti. Polkovnikin belə meyitinin ayaqlar altına düşməsi bu müharibənin heç bir zarafat sevmədiyini göstərirdi. Əsgər ayaqları altında olan polkovnik...

Eləsə bizim kimi leytenant və əsgərlərin bu müharibədən sağ qayıtması sadəcə möcüzə olardı...

Daşkəsən tərəfdə bizi XTQ qarşılayır. Təpə döşündəyik. XTQ polkovnik-leytenantı təlimatlandırır. Öncə alovlu, vətənpər sözlər...Sakaryadan, Çanaqqaladan birinci Qarabağ savaşına kimi. Sonda deyir: "Qan bahasına alınmış o torpaqlardan bir addım geri çəkilməyiniz vətənə xəyanət olacaq. Türk oğlu qurd olar, basdığı yer yurd olar."

Bu təlimat və çıxışdan sonra batalyonumuz kiçik heyətlə tapşırılan yerə doğru gedir. Yeni bir 5-6saatlıq piyada yolu bizi gözləyir. Hara getdiyimizsə bizə dəqiq deyilmir adlı olaraq. Bu da aydındı, hər hansı satqınlıq və s. təhlükəsizliyə görə.

...Nəfəsimizi dəririk. Təpə döşündə dərəyə məsafələrlə uzanırıq. Tərpənməyə halımız yoxdu. Rəsmi qaydada atəşkəs elan olunmağına baxmayaraq, şiddətli döyüşlər gedir. Hər iki tərəf bu vaxt top atışlarına daha çox üstünlük verir.

Bir neçə dəqiqə keçməmiş, təpə tərəfdən bir XTQ zabiti enir: bizə təcili 10-12 nəfər lazımdı. Hücum vaxtı ərazidə 3 şəhid,5 yaralı var. Onları ərazidən çıxarmalıyıq. Bir anlıq təəccübə düşürəm. Axı XTQ-nin özünün qaldığı mühasirədən bu əsgərlər necə onları çıxara bilər?! Canından başqa verməyə bir şeyi olmayan, müəyyən qədər təcrübəsizlərlə – onlara nisbətdə?

Davam edir: siz hücuma keçməyəssiniz indi. Amma hücum imitasiyası və atəş dəstəyi. Başları sizə qarışacaq. Bizsə yaralı və şəhidləri ərazidən çıxaracağıq.

Sondasa deyir, indi sizdən heç nə istəmirəm, kəlməyi-şəhadəti bilirsinizsə, bəsdi...

Bu cümlə artıq hər şeyin nə olduğunu deyirdi. Getməkçün hazırlaşan bu 10 əsgərə baxıram...Nə deyəcəyimi bilmirəm. Bu uşaqların yaxınlarına nə zamansa( özüm də sağ qalsam) necə şəhid olduqlarını danışmaq əzabı içimi bürüyür. Allahdan bir möcüzə gözləyirəm bu uşaqlarçün...

Digər bölməmizin də atəş dəstəyi ilə yaralı və şəhidləri XTQ ərazidən çıxarır-Rabitədə bu məlumat həmin zabitə verilir. Doluxsunmuş zabit sevinc içində dönərək:Ananız namaz üstündə olub, sağ qaldınız.

Əslində, "kəlmeyi-şəhadəti bilirsiniz" deməyi ilə öncədən nələr olacağı məlum idi.

Ondan sonra o zabitin dediyi o cümlə dilimizə düşdü . Bütün çıxışlarda deyirdik.

İstənilən halda altında yatan məna və ağırlığına görə indiyə kimi qulağımda cingildəyən ən dəhşətli cümlədir: KƏLMEYİ-ŞƏHADƏTİ BİLİRSİNİZ?!

Ara-sıra yenə eşidirəm...

 

 “Ədəbiyyat və incəsənət”

(12.06.2023)