Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

1-ci dərc

 

1990-cı il, may ayının 24-ü. Saat 21:00.

Şəhər kənarında yerləşən tanınmış restoranın geniş salonunda, ortada açılmış tək bir masanın arxasında əyləşmiş adamlardan başqa heç kim yox idi. Ola da bilməzdi. Bu restoran, «oğru yığıncağı»nın keçirilməsi üçün üç gün əvvəldən bu tarixə bron edilmişdi. Axşama qədər qapıları bağlı saxlanılmış restoran, az əvvəl qonaqların gəlişinə yaxın açılmış, həm çöl, həm içəri tərəfdən silahlı adamlar tərəfindən qorunurdu.

Masada doqquz nəfər oturmuşdu. Avtoritetlərinin göstəricisi olan, çiyinlərinə döydürdükləri səkkizguşəli ulduz döymələrini əyinlərindəki bahalı libaslar gizlətsə də, onların əl barmaqlarındakı döymələr hamısının zəngin kriminal keçmişə malik olmalarından xəbər verirdi.

Masanın üstü cürbəcür yeməklərlə, içkilərlə dolu idi, ancaq heç kim süfrəyə əl uzatmağa tələsmirdi. Vacib bir məsələ ilə bağlı təşkil olunmuş «yığıncaq» öz qərarını verənədək süfrəyə toxunmaq, xüsusilə spirtili içki qəbul etmək olmazdı. Bunu, bu insanların özləri üçün yaratdıqları «oğru» qanunları tələb edirdi. Bütün qərarlar ayıq başla verilməli idi.

Onlardan başqa burada üç nəfər də var idi. Orta yaşlı bu üç nəfər ayaq tərəfdə masadan bir qədər aralıda dayanmışdı, hər üçü olduqca həyəcanlı görünürdülər.

Nəhayət, masanın lap başında oturmuş, statusca hamıdan yüksək mövqe tutması aşkar hiss olunan zəhmli adam üzünü yaxınlıqda durmuş, onları qorumaq üçün hazır vəziyyətdə dayanmış idmançı görkəmli gəncə tutub dedi:

-Bunları yola sal, getsinlər.

Üstlərindən ağır bir yük götürülmüş kimi dərindən nəfəs alan bu üç nəfər, ikinci dəfə deyilməsini gözləməyib, sürətlə restoran zalını tərk etdilər.

Zəhmli adam uzun-uzadı onların arxasınca baxdıqdan sonra üzünü masadakılara tutub dedi:

-Yığışdıq, dinlədik, araşdırdıq. Hamı eşitdi. İndi hərə öz fikrini bildirsin.

-Günahkardır!

Ən birinci ondan sağ tərəfdə oturmuş «Xan» ləqəbli avtoritet dilləndi.

-Günahkardır!

Onunla üzbəüz oturmuş «Ağbaş» ləqəbli avtoritet də öz hökmünü səsləndirdi.

-Günahkardır!

-Günahkardır!

-Günahkardır!

Beləcə, masadakı səkkiz nəfər eyni hökmü verib, doqquzuncu, son söz sahibi olan zəhmli adamın nə deyəcəyini gözlədilər.

Adam, hökmləri dinləyib bir qədər fasilə verdi, sonra yumruğunu masaya vurub amiranə səslə hamının gözlədiyi son qərarı səsləndirdi:

-Müqəddəs olana xəyanət etməyi düşünən baş da, müqəddəs olana uzadılan əl də kəsilməlidir. Üç günün tamamında hökm yerinə yetirilsin.

Bu sözlərdən sonra məclisə böyük bir sükut çökdü. Kriminal aləmdə «söz» sahibi olan, onlarla ağır məsələlər araşdırılan yığıncaqlarda iştirak etmiş, az əvvəl yenə ən ağır qərarı vermiş masadakıların azı yarısı verdikləri qərarın doğruluğuna tam əmin deyildilər. Ancaq bunu dilə gətirib az əvvəlki üç şahidin dediklərinin əksini sübut etmək üçün əllərində heç bir dəlilləri yox idi. Bu aləmdə, sübutu olmayan söz dilə gətirilmirdi…

 

 

* * *

    

       2020-ci il, may ayının 16-sı. Saat 16:20…

 

Ofisin qapısını içəridən bağladım, işıqları söndürüb pəncərələrin pərdələrini yarıya qədər endirdim. Alaqaranlıq otaqda masanın arxasına keçib kresloma əyləşdim.

Ofisdə tək idim. Bir neçə gün əvvəl yekunlaşmış, qaçırılmış qızın axtarışları ilə bağlı keçirdiyim əməliyyatdan sonra köməkçimə işə çıxmamasını, bir qədər dincəlməsini tapşırmışdım. Həmin əməliyyat zamanı, məhz köməkçim Layiqənin bacarığı sayəsində bizə lazım olan məkana son anda daxil ola bilmişdik. Layiqə, təbiətin ona bəxş etdiyi qadın cazibəsi və əsil aktrisalıq istedadı ilə cinayətkarları vadar etmişdi ki, qızı saxladıqları hündür hasarlı, dəmir darvazalı məkanın qapısını açsınlar.

Olduqca çətin keçən bu əməliyyatda ən son anda, hər şeyin saniyələrlə ölçüldüyü bir vaxtda gənc qızın həyatını xilas edə bilmişdik, həmin məsələni mənimlə paralel araşdıran polis zabiti isə  ağır güllə yarası almışdı.

Bu əməliyyat barədə əvvəlki söhbətlərimdən mən kifayət qədər tanınıram. Tanımayanlar üçünsə, kiçik bir tanışlıq verim. Mən Bəxtiyaram. Hər iki mənada. Həm adım Bəxtiyardır, həm özüm. Hər insanın həyatda bir amalı, bir missiyası olmalıdır. Mənim də missiyam cinayətkarlıqla mübarizə aparmaq, darda olan insanlara kömək etməkdir. Bax elə həyatda bu yolu tutduğum üçün özümü bəxtiyar, başqa sözlə, xoşbəxt hesab edirəm. Əzilən bir insanın dadına çatdıqdan, yaxud ölüm təhlükəsində olan birinin həyatını xilas etdikdən sonra daxildən gələn o hissi sizlərə heç cür izah edə bilmərəm. Bunu başa düşmək üçün yalnız özünüz o hissi yaşamalısınız.

Hə, bir də ki, mən həyatda öz ağlımla yaşayıram. Özümün özüm üçün yaratdığım, başqaları üçün anlaşılmaz ola biləcək, lakin doğruluğuna tam əmin olduğum prinsiplərlə. Ümumiyyətlə, bu kontekstdən yanaşsaq, iki cür yaşam tərzi var. Həyat hisslərlə yaşayanlar üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır. Həyata komediya kimi baxmaq, mənim təbiətimə daha uyğundur. Heç vaxt ruhdan düşməmək, həmişə nikbin olmaq və rastlaşdığım çətinliklərdə də nə isə tapıb gülümsəmək, ən əsası isə ləyaqətlə yaşamaq – budur mənim kredom.

Bəzən qəhrəman olmaq üçün bircə an bəs edir, ləyaqətli insan olmaq üçünsə bir ömür lazımdır.

Bir neçə il əvvəl qatı cinayətkarı zərərsizləşdirərkən aldığım güllə yarasından sonra sağ qolumdakı ağrılar səbəbindən çox sevdiyim peşəmdən, polis sıralarından ayrılmağa məcbur olmuşdum. Ancaq mən məğlub olmağa öyrəşməmişəm və həyatın mənə bəxş etdiyi bu «sürpriz»lə qətiyyən barışmaq fikrim olmadığından on səkkiz il ərzində polis sıralarında mayor rütbəsinə qədər qalxaraq əməliyyatçı kimi yiyələndiyim təcrübəmi detektiv fəaliyyətində istifadə etmək qərarına gəldim. Təxminən bir il əvvəl detektiv agentliyi açdım, bir müddət sonra isə az əvvəl haqqında sizə danışdığım Layiqəni özümə köməkçi götürdüm. İşlədiyi müddət ərzində Layiqəyə heç vaxt «belə etmə» demədim, həmişə «bax, belə et» dedim və hər fürsətdə təcrübəmi onunla bölüşdüm. Nəticədə Layiqə, qısa müddət ərzində çox yaxşı bir detekiv köməkçisinə çevrildi. 

Bu bir il ərzində Bakı şəhərində baş vermiş, uğurla araşdırdığım bir neçə gurultulu cinayət hadisəsindən sonra «Nizami» metrosu ilə üzbəüzdə yerləşən ofisim müəyyən dairələrdə detektiv Bəxtiyar Nəzərlinin ofisi kimi, Layiqə isə detektiv köməkçisi kimi məşhurlaşdı. Məncə, bu qədər tanışlıq kifayət edər.

Bu gün isə, bir qədər əvvəl, həftənin eyni günündə və saatında görüşməli olduğum agentimlə, daha doğrusu onun kuryeri ilə görüşmüşdüm. Kuryer adi tumsatan idi. Mənə lazım olan məlumatları agentim kağız parçasında bu tumsatana verirdi, o da kağız parçasını «Beloçka» tum paketinin içərisində yerləşdirirdi. Müəyyən olunmuş vaxtda «Dram teatrı»nın qarşısına gələn tumsatan bükərək ona verdiyim əlliliyi alır, lazım olan tum paketini mənə verirdi.

Əgər tumsatan gəlməzsə, deməli həftə ərzində maraq doğuran hər-hansı hadisə baş verməmişdi. Ona görə də bir qədər gözləyib, çıxıb gedir, növbəti həftənin eyni günündə və saatında yenidən təyin olunan yerə gəlirdim.

Tumsatana verdiyim əlli manat, olduqca dəyərli olan bu məlumatların müqabilində çox simvolik bir məbləğ idi. Həm də, belə qənaətə gəlmişdim ki, bu elə tumsatanın əziyyətinə görə ona çatan halal zəhmət haqqıdır. Məlumatları verən insan isə, hər kimdirsə, onun heç nəyə ehtiyacı yoxdur. Buna baxmayaraq, bu iş üçün qat-qat çox məbləğ tələb olunsaydı belə, onu ödəyəcəkdim. Bunu etməyə dəyərdi.

Bəzən, hazırlanan hansısa cinayət barədə aldığın məlumatla kiminsə həyatını xilas etmiş olanda, başa düşürsən ki, bu atdığın addım heç bir pulla müqayisəyə gəlməz. Pul ağıllı insan üçün yalnız bir vasitədir. Otuz doqquz illik həyatımda yiyələndiyim bu və bir çox bunun kimi müsbət keyfiyyətlərə görə öz təbiətimlə yanaşı, az qala ömrümün yarısını həsr etdiyim polis peşəsinə də  borcluyam. Təəssüf ki, bir çox ağılsız insanlar pulu məqsəd kimi qəbul edərək həyatda özlərinə yeganə meyar seçirlər.

Mənə əməliyyat işinin incəliklərini öyrətmiş müəllimim, polis polkovniki Arif Dadaşzadədən miras qalan bu müəmmalı agentin kuryeri ilə indiyə qədər heç bir görüşü buraxmamış, onun hətta bir neçə həftə ardıcıl gəlməməsinə baxmayaraq, növbəti həftə təyin olunan vaxtda görüş yerində olmuşdum. Bu gün də onunla görüşmüş, indi aldığım tum paketindən çıxan kiçik kağız parçasını qarşımdakı masanın üzərinə qoyub baxır, cırıb tullamağa tələsmirdim. Bu dəfəki vərəq parçasında hər-hansı məlumat yox, görüş yeri yazılmışdı. Görüş yeri isə, mənim öz şəxsi agentlərimlə görüşdüyüm, təkcə özümə məlum olan, Bakının sakit parklarından birinin lap dərinliyində yerləşən çayxananın ünvanı idi. Saat 20:00-da məni orada gözləyəcəkdilər. Bu çox maraqlı idi…

Bu görüşə getməyə bilməzdim. Axşama hələ çox var idi.

Kağız parçasında olan ünvanı kompüterdə yazıb printerə verdim. Sonra tum paketindən çıxan kağız parçasını cırıb əvvəlkilər kimi unitaza atdım, suyu buraxdım. Görüşə bir saat qalmış ünvan yazdığım vərəqi Layiqənin masasının üstünə qoyub ofisdən çıxdım. Bu, hər ehtimala qarşı atılan addım idi. Əgər orada məni təhlükə gözləyirsə və mənə nəsə olarsa, son olduğum yer barədə məlumat vermiş olacaqdım, heç nə baş verməzsə, səhər Layiqədən tez gəlib kağızı götürəcəkdim.

      Adətim üzrə ətrafı nəzərdən keçirmək üçün görüş yerinə bir qədər tez gəlmişdim.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(09.06.2023)