Laçın vaxtlarımız - Emin Pirinin müharibə gündəliyindən Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə epistolyar janra müraciət edəcəyik. Qazi şair, sumqayıtlı, mərhum şairimiz Sabir Yusifoğlunun oğlu Emin Pirinin müharibə gündəliyi ilə tanış olacağıq.

 

 

MÜHARİBƏ GÜNDƏLİYİ

 

 

Emin PİRİ

 

 

LAÇIN VAXTLARIMIZ

 

 

I

Siqnaxda erməni evlərində

 

Müharibənin gedişində bizim batalyon Xocalı kəndləri, Şuşa uğrunda döyüşlərdə olsa da,hərbi hissəmizin digər batalyonu Laçın, dəhliz ətrafı döyüşlərdə idi.

Müharibənin bitməsi ilə bərabər ordu tərxis olunur, evə göndərilir xəbərləri yayılmağa başladı. Öz düşüncəmizlə deyirdik ki, müqaviləyə əsasən, boşaldılası rayonlar boşaldılmadan dövlət belə riskə gedib bizi tərxis etməz. Amma inananlar da var idi.

Müharibə bitərkən olduğumuz yüksəklikərdə qaldıq. Artıq ocaq qalaya bilir, şaxtanı birtəhər yola verməyə çalışırdıq. Mənim tağımımın olduğu mövqenin yaxınlığında erməni ferması var idi. Saymışdıq, 97 iri dana idi. Düzü, çörəksiz kabab yeməkdən iyrənməyə düşmüşdük müharibədən sonra.

15 noyabr öncəsi aşağı enəcəksiniz, ordansa Cəbrayıla gedəcəksiniz; deyilir. Amma 15 noyabrda Kəlbəcərin boşaldılmaması planları pozdu.

Hər ehtimala qarşı orda qalacaqsınız. Müqaviləyə əməl edilməsə...

Bu hadisələrin sonu necə olacaq, deyə düşünür, müxtəlif analizlər verirdik. Ən yaxşısı Ağdamı, 20 noyabrı gözləməkdir. Ağdamla bağlı xəbərləri gözləyirik. Kimisində təlaş, kimisində həyəcan... Yeni bir müharibə qarşımızdadırmı?

O xəbər gəlir, Ağdam boşaldıldı...

23 noyabr səhərisə bizə rabitəylə xəbər verilir ki, Siqnax kəndinə gəlin. Ora gedirik.

Müharibənin gedişində irəliləyəndə bir neçə saatlıq Siqnax kəndində olmuşduq. Həmin vaxtlar Siqnax ağır artilleriya hücumuna məruz qalırdı. Bu dəfə  azad insanlar kimi kəndi gəzmək, özümüzə yemək üçün nəsə tapmaq olardı. Hər tağım bir evdə özünə yuva qurur. Otaqların birində taxtda üç əsgərim, mənimçünsə ayrıca çarpayı ayırırlar.

Çıxaq, gəzək. Müharibənin verdiyi turizmdən bəhrələnək.

Əsgərlərin həvəsi daha çoxdu. Müxtəlif şəkillər çəkdirirlər.

Daha çox bir villa diqqəti çəkir. Sonradan öyrənirəm ki, bu villa qondarma respublikanın milli təhlükəsizlik xidmətinin müavini bir general-mayorun evidi.

Elə gözəyarı baxanda bu evin milyonlar, bəlkə də, daha artıq məbləğə başa gəldiyini açıq-aşkar görürsən.

Zirzəməsinə enir, otaqları gəzir, varlı həyatını özümçün beynimdə qaralayıram.

Çox qəribədir, bir gün milyonların bir əsgərin ayağı altında qala bilər. Qapını əliylə taqqıldatma şansı olmayan bir kasıb balası o qapını təpiyilə aça bilər...

Villanın yanında çəpərə alınmış ərazidə onlarla xırda buynuzlu və iribuynuzlu mal-qara var. Artıq kimindir, bilmədim...

Kəndin içindəsə donuzlar veyillənir. Sahibsiz...Heç bizlərdən də sahib çıxan yoxdu.

Axşama doğru əsgərlər evə turşular, kartof-soğan, ev quşları və.s ərzaq məhsulları gətirir. İki aydan sonra bir evdə yatmağın ləzzəti – bunu heç boş vermək olar?

Özümüzçün nələrsə bişiririk. Evin içidə ocaq qalayarıq. Nəhayət, isti yerdə yatacağıq.

Səhər kənddə şiddətli qar başlayır. Topxana meşələrində yaşana biləcək əlverişsiz şəraiti nəzərə alaraq təcili Cəbrayıla getməli olduğumuz deyilir.

Bir gecəlik rahat yuxumuz, isti ocağımız beləcə pozulur.

Gecəyarı artıq Cəbrayılın Daşkəsən kəndindəyik.

Çadırlarda qalacağıq...

 

II

Laçın boşaldılır, biz getməliyik

 

1 dekabr. Radioda ölkə başçısı İlham Əliyevin çıxışını dinləyirik. Laçın boşaldıldı.

Sevinc səsləri hər yerdən duyulmağa başlayır. Artıq müharibə tam bitdi, deyə bilərik, düşünürük...

Amma bizim hərbi hissənin Laçına gedəcəyi deyilir. Hazırlıqlar görülür. Siyahı tutulur. 24 yaşdan yuxarı əsgərlər Laçına getməyəcək. Onlar burdan tərxis olunacaq.

Bəs zabitlər? Onlar da yaşından aslı olmayaraq Laçına gedəcək. Orda təhvil-təslim edib silahları və əsgərləri təhvil verdikdən sonra 24 yaşdan yuxarı zabitlər tərxis ola biləcək.

Hazırlıq vaxtı nədənsə yadıma laçınlı dostları salıram. Qayıdanda onlara danışacaq xeyli söhbətim olacaq. Bəlkə də, onlarla daha doğmalaşacağıq...

Yadıma ilk olaraq məktəbdə sevdiyim laçınlı qız düşür. Sonrasa Rəşad Məcid, Şərif Ağayar...

Çünki Laçın haqqında söhbətləri, yazıları daha çox onlardan görmüşdüm. Daha doğrusu, ünsiyyətdə olduğum insanlar arasında.

Evdəkilərə, dostlara zəng edirəm, rabitə orda pisdi, əlaqəm olmasa, narahat olmayın.

Bunu xəbər verməyə bilməzdim. Yaxınlarım mən gəlməyənə kimi hələ müharibənin içindən çıxa bilməmişdilər. Heç indi də çıxmayıblar.

Bütün hazırlığımızı görüb yola düşürük...

 

III

Müharibənin qar uşaqları

 

Laçına gedirik...Birinci gündü. Qubadlıda Xəndək kəndində elə maşınlarda gecələməli oluruq. Evə zəng edirəm. Sonra bacım qızı Ləmanla danışıram. Bimirəm, necə təzaddırsa, müharibə adamın yadına daha çox sevdiyi insanları, xatirələri salır. Ən çoxsa uşaqlığını. Bəli, məhz uşaqlığı. Və ya həyatında olan uşaqları. Vəhşilik içində adam uşaq saflığı axtarır, uşaq təmizliyini üçün darıxır.

Hə, bacım qızı Ləmanla danışdım. Oraların necə olduğunu soruşdu. Ətraf Kiçik Qafqaz dağları, hər yan qar. Hər tərəf ağappaq qardı, dedim.

"Dayı, ordan gələndə mənə qar gətir də. Qartopu oynayaq" – dedi.

Uşaqlar müharibəyə də bəzən öz gözləriylə baxır. Bəlkə də, elə bilirlər, müharibələr uşaqların qartopu oynamaq istəyinə görədir. Bəlkə də, bu qartopu istəklərindən doğan müharibələrə görə özlərini qınayırlar. Amma nə bilələr ki, böyüklərin qartopu oyunu anaların, sevgililərin, bacıların göz yaşlarıdır.

Düzdü, özümlə qar gətirə bilmədim. Amma inanıram ki, bu ölkənin uşaqları yaxın gələcəkdə ürəkləri istədiyi qədər Qarabağ torpaqlarında qartopu oynayacaqlar. Özümlə gətirməsəm də, sizə ürək dolusu qar gətirmişəm, əziz uşqlar!

Elə bu kiçik yazını vaxtilə yazdığım "Əlcəkli qar" şeiri ilə bitirirəm.

 

Yağma, qar,

yağma,

əlcəyim olmasa da,

əllərim üşümür mənim.

 

Atamın

"daha yeddi yaşın var,

böyük kişisən,

heç kişi də əlcək taxar?!"

sözləri üşüdür məni.

 

Yalan danışmağı bacarmır atam,

dodaqlarının titrəməsindən,

gözlərinin dolmasından bilinir

ciblərinin yalanı.

 

Qar qardaş,

dünyanın ən təmiz

yalanı sənsən.

Qar qardaş,

mənə görə yox,

atama görə yağma,

ata oğul arasına girmə, qar.

 

Yağma,

çirkli əllər atmasın səni,

çirkli ayaqlar altında

əzməsinlər təmizliyini.

Təmiz dillər

çirklənməsin sənə görə,

yağma.

Uşaqların sızıldayan

barmaqlarında üşümə,

isti əlcəklərində qızın, qar.

 

...Uşaq əllərini özləmişdi qar,

qar vardı,

uşaqlar yoxdu;

müharibə qovmuşdu

yavruları torpaqlarından.

onların yerində

tanklar oynayırdı.

Qar ağlayırdı uşaqlarçün,

can verirdi

tankların

qanlı tırtılları altında.

Qar istəyir uşaqlar –

tanksız,

yalansız,

əlcəkli qar.

Yağırsansa, belə yağ, qar!

 

IV

Bura da bizim olacaq...

 

Birinci gün çıxmağımızın səbəbi odur ki, ikinci gün sülhməramlıların keçid məntəqəsində olaq. Yəni cüt günün səhərinə özümüzü çatdıra bilək. Tək günlər ermənilər, cüt günlərsə biz o yoldan istifadə edə bilirik.

Dəhliz qarşısında rus keçid məntəqəsində gözləyirik. Rusiya bayrağı...Qəribə oluruq. Müharibədən sonrakı gerçəkliyi indi-indi başa düşməyə başlayırıq.

Bəziləri ruslara sanki düşmən kimi baxır. Nə də olsa, ilk dəfədir belə rastlaşmaq.

Bizi buraxmırlar, – əsəbiləşən zabitlər olur.

– Başa düşün, biz burda sülhməramlıyıq. O biri heyət çatsın, sonra sizi aparacağıq. Öncə maşınlara baxaq.

Maşınlara baxırlar. Bir əsgər və toppuş rus zabiti maşınları gəzir.

Məsələ məlumdur. Silahlar ayrıca maşında olmalı, heyətsə ayrı maşınlarda: Laçın mərkəzində ermənilərin içindən keçəndə hər hansı hadisə baş verməsin deyə.

Maşınları yoxlayanda "ural"ların birinin kabinəsində avtomat görürlər.

– Olmadı ki... Bütün silahları yığışdırın.

Yenidən harda silah varsa, ayrıca maşına yükləyirik.

Yavaş-yavaş aramızda ünsiyyət yaranmağa başlayır. Zabitlər – Xəlilov,Şıxəliyev, Qayxılı rusca yaxşı bildiyindən onların vasitəsilə ünsiyyət qururuq, ya da ümumi danışırıq.

Əsgərlərlə söhbət əsnasında məlum olur ki, əksəriyyəti Şimali Qafqazdan, Krımdan və.s-dəndir. Hələ bəziləri Bakıda da olub. Qohumları olanlar var.

Qanımız qaynayır. Bilirsiniz, axı bura bizim torpaqdı və s. kimi söhbətlərə gediş edirik.

– Biz sadəcə qulluqçuyuq, bura göndəriblər, gəlmişik. İşimiz aranızda hər hansı hadisələrin baş verməsinin qarşısını almaqdır. Zabitlərdən biri "onsuz da bura da tam bizim olacaq" deyir. Ruslar gülümsəyir...

 

V

Laçın mərkəzində

 

Hər şey hazırdır. Önümüzdə bir zirehli rus maşını, arxamızdasa başqa zirehli maşın bizi müşayiət edərək aparır.

Laçının mərkəzinə enəndə bütün hərəkət dayanıb. Yol kəsişmələrində rus hərbçiləri gözə dəyir. Yəqin ki, hər hansı məsələ baş verərsə, qarşını almaq və ya qabaqlamaq üçün.

Laçından keçdikcə evlər, binalar gözümüzə dəyir. İşıqları yanır. Bir erməni belə çöldə görmürük. Amma hiss edirsən, o işığın yandığı evlərdən bəzən qorxa-qorxa boylananlar olur. Şəhərin özündən keçdikdə isə əsgərləri saxlamaq olmur. Aqressiya,əsəbvə s. Müharibədən çıxan əsgərin o anlarını anlamaq mümkündür. Mərkəz boyu söyüşlər...

Bir neçə xəbərdarlıqdan sonra, açığı, mane olmaq da istəmirsən, heç olmasa sözlə hirslərini, aqressiyalarını çıxarsınlar.

Buzlu, qarlı yolları kalon şəklində keçməksaatlarımızı alır. Nəhayət, ikinci keçid məntəqəsini keçirik. Artıq bizim ordunun nəzarət etdiyi ərazidəyik.

 

 

VI

Laçında son gecəmiz

 

Səhv etmirəmsə, ya Həkəri, ya da Hoçazsu çayının sahilləridir. Ermənilərin keçmiş istirahət mərkəzi olub. Qapıları, pəncərələri aparılıb. Özünəsə od vurub yandırıblar.

Orada məskunlaşırıq.

Ümumiyyətlə, çıxdıqdan sonra, demək olar ki, hər şeyi yandırıblar. Xəbərdarlıq edirlər ki, ehtiyatlı olun, bunlar rayonu boşaldandan sonra bəzi yerlərə mina da basdıra bilərlər.

Çay qırağında uzanıb yatmaq, ocaq çayı... Yenə də bacardıqca müharibədən sonra turist kimi təbiətdən həzz almağa çalışıram. Bir də Laçında nə vaxt olacamki?

...Silahları təhvil vermişik. Daha sonra əsgər heyətini. Düzü, zabitlər, əsgərlər kövrəlir. İlk dəfədir, zabit və əsgərin bir-birindən ayrıldığı üçün bu qədər kövrəldiyini görürəm.

Nə də olsa, müharibəni, döyüşləri bir yerdə keçiriblər...

...30 dekabr gecəsi. Sabah hər şeyi hazır edib çıxmalıyıq. Çünki 31 dekabr cüt gündü. Əgər 31 dekabrda burdan keçməsək, bir də iki gün sonra şansımız olacaq. Belədə bayramı da evə çata bilməyəcəyik...

30 dekabrda həmin keçmiş istirahət mərkəzində son gecəmizi keçiririk...

 

VII

Мы же все Кавказцы...

 

31 dekabr səhəri tezdən sülhməramlıların qapısını kəsdirmişik. 9 tamamdan tez buraxa bilmərik, deyirlər, – öncə məruzə edək, sizə zirehli maşın ayıraq, sonra.

Zarafatlaşırıq, söhbət edirik. Narahat olmayın, elə sürətli və tez edəcəyik ki, yeni il gecəsini öz evinizə çata biləsiniz.

– Мы же все Кавказцы, зачем нам враждовать? – zabit deyir.

Bəzi fikirlər içimi qıdıqlayır. Mustafaya deyirəm ki, soruş gör, onların təminatını ermənilər verir?

Ruslar tez etiraz edir, yox,hər şey bizə Rusiyadan gəlir. Ermənilərdən heç nə almırıq.

Deyirəm, ondan siqaret al, elə biləcəyik.

Rus əsgəri əminliklə siqaretini çıxarır, rus aksiz markası olan nazik Kent 4.

Bəlkə, dostluq naminə siqaretlərimizi dəyişək...

Cibimdən siqareti çıxarmaq istəyirəm, erməni "Akhtamar" siqareti.

Özüm özümə gülürəm, mən ruslara deyirəm, özümdə erməni siqareti...

Sürücülərimiz yaşlı kişilərdi. Rus zabiti məəttəl baxır. Zabitləmizsə sovet zarafatını edir: döyüşə qocalar gedir.

Söhbətlərdən sonra bizi buraxırlar. Bu dəfə Laçın mərkəzini gündüz vaxtı görməli oluruq...

Saatlar sonra Cəbrayıldayıq. Sənədlərimizi götürürük. Gecə isə artıq Sumqayıtdayam.

Amma qafqazlı sülhməramlı zabitinin sözləri ara-sıra qulağımda pıçıldanır:

Мы же все Кавказцы, зачем нам враждовать?

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)