Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

26-cı dərc

Çəmənlik sahə həyətin divarı tərəfdən əvvəlcə sanki şişməyə başladı. Sonra isə sakitcə iki yerə bölünərək aralandı və yerin altından həyətin alaqaranlıq olan hissəinə gur işıq zolağı düşüb hər yanı işıqlandırdı. Bütün bunlar o qədər tez və səssiz baş verdi ki, bunu fikirləşərək düzəldən ustaya özlüyümdə afərin deməyə macal tapmadım. Əslində, fikrimcə, bu usta qırıqları tapılan dörd telefondan birinin sahibi, eyni tarixdə itkin düşərək axtarışı elan olunan dörd nəfərdən biri olmalıydı və ona artıq afərin lazım deyildi. Olsa-olsa ruhuna bir salavat göndərmək olardı ki, buna da indi mənim vaxtım yox idi. Cinayətkarlar şahid saxlamağı sevmirlər və buraya işləməyə gətirilən zavallı ustaların sonu əvvəlcədən bəlli idi.

Səhv ola bilməzdi. Yerin altına açılan pilləkənlər bayaq başına dövrə vuraraq gəldiyimiz, üstü kol-kos basmış köhnə yeraltı bunkerə aparırdı. Hər şey düz gəlirdi.

Rəşad və Babaxan qayıtmışdılar.

-Bunkerdə neçə nəfər var?

-İki, cəmi iki.

-Silahlıdırlar?

-Bi, bi, bilmirəm.

Rəşad üzərindəki əl qandalı ilə Babaxanın əllərini arxadan qandallayıb üzü üstə yerə uzatdı. Bu, əllərini bağladıqdan sonra ayaqlarının da hərəkət imkanlarını məhdudlaşdırmaq üçün lazım idi. Bayaqki mövqeyindən çıxaraq yaxınlaşan Layiqəyə ona göz olmağı tapşırıb Rəşadla birlikdə ehtiyatla yeraltı sığınacağa aparan pilləkənlərə tərəf getdik. Silahlarımız yenə də əlimizdə idi. Hər ikimiz gülləni ayağa vermiş, tətikləri dabana çəkmişdik. İkimiz də bilirdik ki, insan oğurluğu ilə məşğul olan dəstənin üzvlərindən hər şey gözləmək olar.

Əgər Babaxan yalan demirsə, iki nəfər olmaları yaxşı oldu. Qüvvələr nisbəti bərabərdir. Ancaq Babaxan bizi aldada da bilərdi. Bunu Rəşad da, mən də gözəl başa düşürdük…

 

* * *

Asissent əvvəlcə qızın əynindəki nazik, şəffaf gecə köynəyini çıxardı. Sonra alt paltarını da çıxarıb, güclü qolları ilə onu qaldırıb cərrahiyyə masasına uzatdı. Qoluna vurulan iynədən sonra qızın göz qapaqları əvvəlcə bir neçə dəfə titrədi, sonra o, dərin yuxuya getdi.

-Yat, bu sənin son yuxun olacaq. Ha-ha-ha.

Cəllad cərrah qarşısındakı çılpaq, huşsuz vəziyyətdə uzanmış qızı görəndə sanki bütün yorğunluğunu unutmuşdu.      

-Skalpel, -deyə növbəti dəfə köməkçisinə göstəriş verdi.

 

* * *

Son dərəcə ehtiyatlı tərpənirdik. Əvvəlcə mən enməyə başladım. Sonuncu pilləni də düşəndən sonra hər tərəfi gözdən keçirib başımın hərəkəti ilə “düş” işarəsi verdim. Bunu görən Rəşad, səs salmadan pillələri enib yanımda dayandı.

Sığınacağın içərisini gözdən keçirdim. Solda müxtəlif ölçülü, cərəyana qoşulmuş, zəif səslər çıxaran iri həcmli aparatlar, yəqin ki, drenaj sisteminə qoşulmuş iri su nasosu, bir neçə dolab var idi.

Orta boş meydança kimi saxlanılmış, sağ tərəfdə isə divar boyu otaqlar tikilmişdi. Cəmi beş otaq idi. Dördünün qapısı eynilə xəstəxana otaqlarının qapısına bənzəyir, bizə ən yaxın olan birinci otağın qapısı isə ikilaylı, iri bir qapı idi. Qarşısında, bir qədər kənarda dəmir masa qoyulmuşdu. Masanın üzərində dəstəyi olan iri dəmir qutu var idi. Axtardığımız adamlar elə bu otaqda idilər. Qapı səskeçirməyən materialdan olduğu üçün otaqdan səslər eşidilməsə də, yuxarı hissəsindəki ensiz uzun, zolaqşəkilli şüşədə kiminsə kölgələri oynaşırdı.

Solda, dolabların qarşısında, yerdə iki iri qara kisə var idi. Kisələrdən birinci otağa qədər yerə qan damcıları tökülmüşdü. Adətən bu kisələrdən müxtəlif hadisələr zamanı həyatını itirmiş insanların meyitlərinin daşınması üçün istifadə olunur. İlk baxışdan kisələrdə insan meyitlərinin olması şübhə doğurmurdu. Tez fermuar kilidli kisələrə yaxınlaşıb əvvəlcə birinin, sonra o birisinin kilidini aşağı çəkdim. Hər iki kisədəki kişi meyiti idi.

Cəld hər ehtimala qarşı əvvəlcə qapıları eyni olan həmin dörd otağı yoxladım. Otaqların üçü boş idi. Yalnız bir otaqda anlaqsız vəziyyətdə olduğu ilk baxışdan bilinən, əynində nazik xəstəxana paltarı olan, çarpayıda uzanmış bir kişi var idi. Qapını açarkən kişi heç mənim tərəfə baxmadı da. Bunkerin içərisindəki vəziyyətə qiymət verməyimizə cəmi iyirmi beş saniyə vaxtımız getdi. Nərmin heç yerdə yox idi.

Tək adam üçün nəzərdə tutulmuş, çarpayı ilə təchiz edilmiş dörd otaq, iki kişi meyiti, bir kişi isə otaqda. Deməli…

-Nərmin oradadır, birinci otaqda, cərrahiyyə masasında. Tələs, Rəşad, -az qala qışıqırdım.

Qapıya eyni vaxtda çatdıq. Mənim işarəmlə Rəşad qapının dəstək olan layını sürətlə özünə çəkib açdı. İçəri atılıb silahı artıq qarşısındakı qızın qarın nahiyyəsini kəsməyə başlamış, üst-başı qan içində olan adama tuşladım.

-Əllərinizi qaldırın, masadan aralaşın. Xəbərdarlıq edirəm, kim artıq bir hərəkət etsə, atəş açacağam.

Ardımca otağa girən Rəşad silahını ikinci adama tuşlayıb hazır vəziyyət aldı.

Gözümün ucu ilə cərrahiyyə masasında uzanmış qıza baxdım. Bu Nərmin idi. Qız huşsuz vəziyyətdəydi, göbəyindən yuxarıdakı, təxminən üç santimetrlik kəsikdən qan axırdı. Ona təcili kömək lazım idi. Nişangahda saxladığım adamdan gözümü ayırmadan qızın üstünü mələfə ilə örtdüm.

İndi tez bu adamları zərərsizləşdirib təcili yardım çağırmaq lazım idi. Nərmin hər an qanaxmadan həyatını itirə bilərdi.

Üst-başı və əlləri qan çində olan cərrah geri çəkilərək masadan aralansa da, hələ də skalpeli əlində saxlamışdı.

-Skalpeli yerə at, -ona əmr etdim.

Cərrah özü kimi üst-başı qan içində olan yoldaşına, Rəşadın silahla nişangahda saxladığı adama tərəf ani bir nəzər salıb, skalpeli sadəcə əlindən buraxmaq əvəzinə, barmaqlarının hərəkəti ilə onu bilərəkdən bir qədər irəli, Rəşadın dayandığı tərəfə tulladı. Skalpel cingilti ilə metlax örtüklü döşəməyə çırpılıb Rəşadın ayaqlarına tərəf sıçradı.

Bundan sonra baş verənlər isə çox gözlənilməz oldu.

Skalpel yerə çırpıldıqdan sonrakı ilk saniyədə üç atəş açıldı.

Bir anlıq kapitan Qasımlının fikrinin yayınmasından istifadə edən ikinci adam, haradansa çıxardığı miniatür tapança ilə Rəşada atəş açdı.

Ani olaraq fikri yayınsa da, gözünün ucu ilə onun hərəkətini sezən Rəşad durduğu yerdən bir qədər sağa meyl etdiyindən ürəyinə tuşlanan güllə onun sol çiyninə dəymiş, təcrübəli polis kapitanı yıxılarkən atəş açmağa imkan tapmış, gülləsi ona atəş açan adamın alnının ortasından dəymişdi, adamın beyni dağılaraq arxasındakı divara yapışmış, cansız bədəni isə döşəməyə aşıb ətrafında qan gölməçəsi yaratmışdı.

Üçüncü atəş mənim tapançamdan açılan atəş idi. Rəşadın gülləsi ilə eyni vaxtda atılan gülləm, cinayətkarın silah tutan qolunun sümüyünü dağıtmışdı.

Onun cansız bədəninə bir qədər maraqla baxdım. Nə qədər cəld tərpənsəm də, saniyənin onda biri qədər məni qabaqlaya bilmişdi. 

Yaralı Rəşad da yerə yıxılmışdı. Çiynindən qan fışqırırdı.

Qapalı otaqda açılan atəş səslərindən qulaqlarım cingildəyirdi. İrəli atılıb tapançanın dəstəyi ilə yerində donub qalan cərrahın boynunun dalına güclü bir zərbə endirdim. Cərrah huşsuz vəziyyətdə yerə çökdü.

Tez Qasımlıya yaxınlaşıb qalxmasına kömək etdim.

-Narahat olmayın, Bəxtiyar müəllim, çiynimdir, qorxusu yoxdur, siz qıza kömək edin.

Rəşad belə desə də, çiyninə dəyən güllə yerindən qan fış­qırmaqdaydı.

Oturduğu yerdə kürəyini divara söykəməsinə kömək etdim.

-Bir az döz, bunda da gözün olsun, -deyib, huşsuz vəziyyətdə yerdə qalmış cərraha işarə etdim və yuxarı qaçdım. Dəmirli həyətə girirdi. Layiqə Babaxanın başının üstündə dayanmışdı.

-Dəmirli, tez üç təcili yardım maşını çağırın, ikisi reanimasiya ləvazimatları ilə olsun. Rəşad yaralanıb. Əməliyyat qrupu köməyə gəlsin.

Dəmirli bayaqdan söndürdüyü əl radiostansiyasını kəmə­rin­dən çıxarıb işə saldı. Aparatda spesifik xışıltı eşidildi.

-Diqqət, diqqət, Mərkəz, danışan 16-71-dir, danışan 16-71-dir.

Polis bölməsinin növbətçisi dərhal cavab verdi:

-Mərkəz sizi eşidir, 16-71.

-Əməliyyatın keçirildiyi ünvana ikisi reanimobil olmaqla üç təcili yardım maşını çağırın. Polis zabiti yaralanıb. Təcili köməyə ehtiyacı olan daha iki nəfər var. Əməliyyat qrupu təcili hadisə yerinə yaxınlaşsın.

Rayon ərazisində xüsusi əməliyyatın keçirildiyi yer barədə mə­lu­matlı olan növbətçi zabitə əlavə nə isə deməyə ehtiyac yox idi.

Dəmirlinin radiostansiya vasitəsilə verdiyi məlumatı eşidən, bayaqdan əməliyyat qrupu ilə birlikdə yaxınlıqda gözləyən bölmə rəisi və əməliyyat qrupunun üzvlərinin maşınları düz həyətin qarşısında dayandılar. Maşınlardan düşən əməkdaşlar qaçaraq həyətə girdilər və Orxanın işarəsi ilə bunkerə endilər.

Az keçmiş təcili tibbi yardım maşınları da dalana daxil oldu. Əvvəlcə xərəkdə Nərmini, sonra Qasımlını çıxardılar. Hər ikisini reanimobillərdə yola saldıqdan sonra üçüncü xərəkdə anlaqsız vəziyyətdə olan, otaqda gördüyümüz kişini gətirdilər.

Bundan sonra qana bulaşmış xüsusi tibbi geyimi əynindən çıxarmış, əlləri arxasında qandallanmış qatil cərrahı yuxarı qaldırıb əməliyyat qrupunu gətirən xidməti maşının belə hallar üçün nəzərdə tutulmuş arxa hissəsinə mindirdilər.

Növbə Babaxana çatanda üzümü bölmə rəisinə tutub dedim:

-İcazənizlə, bu adamla təklikdə iki kəlmə söhbət etmək istərdim.

-Əlbəttə, Bəxtiyar müəllim.

-Babaxanın qolundan tutub qaldırdım və həyətdəki hovuzun yanına apardım. Hələ də qorxusundan bədəni tir-tir əsirdi.

-İndi sənə bir sual verəcəyəm, cəmi bir sual. Diqqətlə dinlə və mənə dəqiq cavab ver…

Qatil cərrahı və Babaxanı aparan maşın dalandan çıxanda rayon prokurorluğunun müstəntiqi və ekspert-kriminalistini gətirən maşın dalana döndü. Ölüm hadisəsi baş veribsə, prokurorluq əməkdaşlarının gəlişi mütləq idi. Bunkerin döşəməsində isə ən azı üç meyit uzanmışdı - nə qədər paradoksal olsa da, ikisi qurban, biri isə onların qatili. Ən azı isə ona görə ki, sığınacağa ancaq vizual baxış keçirmişdim və orada hələ hansı sürprizlərin üzə çıxacağını deyə bilməzdim.

Rayonun prokuroru və polis idarəsinin rəisinin də gəlişi gözlənilirdi.

Yenidən qayıdıb bunkerə düşdüm. Bunkerə düşən pil­lə­kən­lərlə üzbəüzdəki divara yaxınlaşıb divarın lambrin materialından çəkilmiş üzlüyünə toxundum. Lambrinlər möhkəm bərkidilmişdi. Ancaq ortadakı üç lövhəyə toxunanda sanki tüpürcəklə yapışdırılıblarmış kimi ləngər vurdular. Dartıb birini qopardım. Yaranmış yarıqdan başımı salıb sağa baxdım. Ehtiyat qapı arakəsmənin arxasında, sağ tərəfdə idi. Bəli, bu bunkerdə hər şey düşünülmüş şəkildə təşkil olunub...

Daha burada mənlik bir iş qalmamışdı.

Qayıdıb yuxarı qalxdım. Layiqə imkan tapıb qısa ətəkli tumanını çantasında gətirdiyi dizdən aşağı olan cins şalvarla əvəzləmiş, həyətdəki hovuzun kənarında oturub gözlərini bir nöqtəyə zilləmişdi. Deməsə də, bilirdim ki, Rəşadın yaralanmasından olduqca təsirlənib.

Saat 3 idi. Gecənin bitməsinə az qalırdı. Son gecənin…

 Polis hər-hansı geniş miqyaslı əməliyyat hazırlayıb həyata keçirirsə, bunu şifrəli ad altında keçirir. Daha polis sıralarında deyil, müstəqil detetktiv idim. Bu gecəki əməliyyat sırf mənim əməliyyatım idi, adı tək özümə məlum olan “Son gecə” əməliyyatım.

Yaxınlaşıb Layiqənin yanında oturdum. Əlimi əlinin üstünə qoyub sıxdım. Sonra göyə baxdım. Yaz səmasında ulduzlar sayrışırdı. Bir qədər səmaya gözəllik verən ulduzları seyr etdim. Heyif ki, yenidən baxışlarımı aşağı endirəndə bu gözəlliyi, insan xislətinin yaramazlıqlarının törətdiyi acınacaqlı mənzərə əvəz etdi. Az əvvəl xərəklərdə daşınan yaralılar, əlləri qandallı Babaxan, bir qədər aşağıda, bunkerin döşəməsində uzanmış meyitlər, ora-bura qaçışan insanlar…

Bu da geridə qalan bir gecə idi. Arzuları yeni çiçək açan Nərminin həyatına son qoyacağından təlaşlandığım gecə. Son gecə…

 Gecənin adı dəyişmədi. Sadəcə Nərminin, onun yaxınlarının iztirablarına son qoyan gecə oldu. Qanla başlayan gecə, səhərə qanlı hadisələrə son qoyulan gecə kimi qovuşdu. Bu dəfə də bacardım.

-Gedəkmi, ey mənim əvəzolunmaz köməkçim?

-Gedək, şef, -son günlərin gərginliyindən sonra ilk dəfə ikimizin də dodağı azca qaçdı.

Bölmə rəisi ilə də, digər əməkdaşlarla da sağollaşıb həyətdən çıxdıq. On addım getməmiş, Dəmirli məni səslədi.

Dayanıb yaxınlaşmasını gözlədim.

-Bəxtiyar müəllim, sizdən bir gecədə çox şey öyrəndim. İcazə verin, əlinizi sıxım. Mən bütün səhvlərimi başa düşdüm. Hətta yazıq bildiyim o avaranın əlindəki döyməni də nə vaxtsa hərbi xidmətdə olarkən döydürdüyünə inanmışdım.

-Sən bu gecə qalib gəldin, Orxan. Biz hamımız qalib gəldik. Qaliblərisə, mühakimə etmirlər.

İki güclü kişi əli bir-birini sıxdı.

Sonra Orxan farağat vəziyyəti alaraq, sağ əlini sağ gicgahına yaxınlaşdırıb təzim etdi.        

Eynilə farağat vəziyyəti alaraq, leytenant Dəmirliyə hərbi təzim etdim.

Daha sözlərə ehtiyac yox idi.

Bu, iki polis zabitinin bir-birinə olan ehtiramının təzahürünün zirvəsi idi. Bunun nə olduğunu ancaq keşiyində durduğu həmvətənlərinin həyatını xilas etmək üçün öz həyatlarnı qurban verməyə hazır olan polis zabitləri başa düşə bilərdi.

Vəziyyətə dərhal qiymət verərək gecə yarısına qədər evə get­məyib əməliyyat qrupu ilə birlikdə köməyə gəlmək üçün ya­xın­lıqda gözləyən bölmə rəisi, onun ağır iş günündən sonra, ailə­si­nin yanına çatdıqdan az keçmiş həyəcan çağırışı ilə yenidən işə çağırılan əməkdaşları, bu gecə yatmayaraq insanların keşiyində dayanmış neçə-neçə polis əməkdaşı bu təzimin nə ifadə etdiyini başa düşə bilərdi. Yalnız onlar - bu həyatı yaşayan insanlar…

Dalanın sonuna çatdıq. İnanmıram ki, bunkerdə açılan atəş səsləri buraya qədər çatmış olaydı, ancaq polis və təcili yardım maşınlarının sayrışan işıqları, yaralıları maşınlara daşıyan həkim və polis əməkdaşlarının səsinə ətrafdakı sakinlərin çoxu yuxudan oyanıb küçəyə çıxmış, bəziləri isə nə olduğunu öyrənmək üçün pəncərədən boylanır, bir-birini səsləyib nə baş verdiyini soru­şur­dular.

Xərəkdə bunkerdən qaldırılan Rəşad ona yaxınlaşmış Layiqəyə açarları verərək maşını işlədiyi polis bölməsinin həyətində saxlamağı xahiş etmişdi.

Maşının yanına çatanda Layiqə açarı mənə uzatdı. Düyməni basıb qapıları açdım, mühərriki işə salıb Layiqəyə, -Sən mühərrik qızana qədər otur, mən bir-iki zəng edəcəyəm, -deyib bir qədər kənara çəkildim.

Onun kimə zəng etdiymi eşitməsini istəmirdim.

Əvvəl dostum Nadirə zəng etdim. Nadir yuxulu səslə cavab verdi:

-Gecənizin bu vaxtı xeyirli olsun, Bəxtiyar müəllim.

Yuxudan oyatdığım Nadir saatın neçə olduğun bilmədiyi üçün məzəli formada salamlaşdı. Uzun müddət daxili işlər orqanlarında çalışan insanlar belə vaxtsız zənglərə öyrəşmiş olurlar.

-Sizin də, cənab polkovnik-leytenant.

-Mən ki, mayor rütbəsindəyəm, bilirsiniz.

-Bilirəm, ancaq indi dediklərimi dinləyib vaxt itirmədən lazım olanı etsəniz, polkovnik-leytenant rütbəsinə vaxtından əvvəl təqdim olunacağınıza əmin ola bilərsiniz. Söhbət “Qoca” ləqəbli qatı cinayətkardan gedir. Ümidvaram onun adını və soyadını deməyə ehtiyac yoxdur.

-Kaftar yenə üfüqdə peyda olub?

-Olub və əmin ola bilərsən, əvvəlki cinayətləri indikinin yanında sadəcə xırda xuliqanlıqla müqayisə edilə bilər. Bir saat vaxtınız var. Əks təqdirdə rütbənizlə bağlı təqdimatdan əlinizi üzün, cənab mayor.

-Başa düşdüm, dəyərli məlumat üçün sağ olun, əziz dostum.

Bundan sonrasını Nadirə izah etmək onu təhqir etməyə bə­ra­bər olardı. Yaxın dəqiqələrdə şəhərin bütün çıxışları bağlanacaq, Qocanın şəkilləri bütün polis orqanlarına göndəriləcək və son dərəcə təhlükəli olması, silahlı ola biləcəyi barədə xəbərdarlıq edilməklə saxlanılması üçün ciddi tapşırıqlar veriləcəkdi.

Fikrimcə, Qoca əgər hələ məlumatsızdırsa, tezliklə dəstəsinin ələ keçdiyini biləcək, o zaman ya tələsik ölkəni tərk etməyə çalışacaq, ya da əvvəlcədən hazırladığı məkanda quyu dibinə enərək aranın sakitləşməsini gözləyəcək. Hər iki halda zəruri tədbirlər görülməliydi ki, bunu da Nadirin edəcəyinə şübhəm yox idi.

Babaxanı yaxından görəndən sonra onun həqiqətən də qatı cinayətkar olmaması mənə məlum olmuşdu. Bu səbəbdən də məni narahat edən tək bir sualın cavabını almaq üçün onu kənara çəkib elə tək bir sual da vermişdim. Cinayətkar aləmin qaydalarını bilməyən Babaxan bildiklərinin hamısını mənə danışmış, belə bir cinayətin arxasında ancaq Qocanın dura biləcəyi barədə ehtimallarımı təsdiqləmişdi. Əsil adını bilməsə də, sadaladığı bütün əlamətlər Qocaya məxsus idi. Babaxanın açıq-aşkar ondan necə qorxması da göz qabağındaydı.

Babaxanın Qoca ilə görüşdüyü təxmini ünvan barədə dediklərini isə heç diqqətə almadan əhəmiyyətsiz bir şey kimi kənara qoymuşdum. Belə şeylərlə Qoca ancaq Babaxan kimilərini aldada bilərdi. Mənsə, Qocanın həmin ünvanda yaşamasından çox, indi haradasa lap yaxınlıqdakı evlərdən birinin pəncərəsindən baş verənləri seyr etməsinə daha çox inanardım. 

Sonra Gülünü yığdım. Gülü birinci zəngdə cavab verdi. Onun belə gecələrdə yatmadığını, saat neçə olur olsun, zəngimi gözlədiyini bilirdim.

Yenə də adətimiz üzrə salamlaşmadıq.

-May çayınız qalıb, Gülanə xanım?

-Qalıb, cənab detektiv, -Gülü həyəcanını büruzə vermədən mənim tonumda cavab verdi.

-Qırx dəqiqədən sonra.

-Qırx dəqiqə çoxdur, -bu sözüylə məni sevən bu qadın çox darıxdığına işarə edirdi.

-Yaxşı otuz beş, -deyib əlaqəni kəsdim.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(02.06.2023)