Nəriman Həsənzadənin qadına məktubları Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Xalq şairi Nəriman Həsənzadənin “Qadına məktub” şeirini diqqətinizə çatdırır. 

 

Sizin qızınızla görüşürük biz,

Gedirik gah yolla, gah kənar izlə.

Bunu mən bilirəm, siz bilmirsiniz,

O gəlir sizin öz icazənizlə…

 

Tələbə yoldaşı, rəfiqəsi var,

İşi də çox olur, bəzən dərsi də

Mənəm qızınızın, necə deyərlər-

“Tələbə yoldaşı”, “rəfiqəsi” də…

 

Mən başa düşürəm, siz anasınız

Ürəyə sığışmır adi həyəcan

O, evə dönüncə nigaransınız

Evdə olanda da mənəm nigaran.

 

Bir ömür mənzili uzun, ya qısa…

Məhəbbət, doğmalıq-hansı qədimdir?

O sizin adicə qızınızdısa,

O mənim yeganə səadətimdir.

 

Siz də heyransınız, mən də bir qıza

Kimin qapısından o girməlidir?

Dünya elədir ki, biri tapırsa,

Biri, təbiidir, itirməlidir.

 

Duruluq rəmzidir sizin qızınız

Gözündən oxunur qəlbi, istəyi

Sizin bu sevdada uduzmağınız

Sizin borcunuzdur, mənim qismətim.

 

Sizin adınıza hörmət, ehtiram

Qadın qarşısında baş əyir aləm.

Mən də baş əyirəm, vidalaşıram-

Qızınız gələcək, mən getməliyəm…

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)