Atanın danışdıqlarından yaranan inşa

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə azyaşlılara ünvanlanmış hekayələrinin dərcini davam etdirir. Növbəti hekayə “Sədaqət və Cəsarət” adlanır.

 

 

Qapının zəngi vuruldu. Kamran qapının gözlüyündən baxıb:

- Anacan, atam gəldi. –deyə sevinib, dərhal qapını açdı.

Ata dəhlizdə oğlunu qucaqladı, kefini soruşdu. Kamran riyaziyyat və ana dilindən beş aldığını dedi.  

- Nə gözəl. Afərin sənə. Həmişə dərslərinə belə davam elə. Söz verirsən?
- Başüstə atacan. Amma sən də mənə söz vermisən ki, dərs əlaçısı olsam mənə skeyt alacaqsan. 
- Əlbəttə, ağıllı oğlum, söz vermişəmsə, alacağam.

Ata əllərini yuyub nahar etmək üçün süfrə başına keçdi. Ana bişirdiklərini tez süfrəyə düzdü. Bu evin öz qayda-qanunu vardı. Ata işdən gələndən sonra bütün ailə süfrə başına yığılardı. Birlikdə şam edib, sonra söhbətləşərdilər.

Yeməkdən sonra Kamran atasına dedi:

- Ata Qurtuluş Günü ilə əlaqədar müəllimə bizə inşa yazmağı tapşırıb. Bu yaxın tarixdir. Bəlkə mənə bu haqda danışasan, bir də internetdən axtarmayım.

- Əlbəttə oğlum, qulaq as danışım. Bilirsən, ümummilli Lider Heydər Əliyevin tarixi rolu və xidmətləri misilsizdir. 1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini elan etsə də, 1993-cü ilə qədər dövlət qura bilmədi, vətəndaş qarşıdurması, Qarabağda torpaqlarımızın işğalı müstəqilliyimizin itirilməsi və respublikanın parçalanması təhlükəsi ilə üz-üzə qaldı. O  vaxt mən də sən yaşda idim. 1993-cü ilin iyun ayında Azərbaycan öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Öz içərimizdə də vətən xainlərinin sayı artmışdı. Onlar yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə müqəddəs torpaqlarımızı düşmənlərə təslim edirdilər. Xəyanətkarlıq baş alıb gedirdi. Rayonlarda, paytaxtımızın ayrı-ayrı məhəllələrində silahlı dəstələr hökmranlıq edirdi. Çörək mağazalarında növbə sıraları uzanıb gedirdi. Mən də qonşu uşaqlarla belə soyuq havada qutulardan açılmış karton parçalarının üstündə uzanıb çörək növbəmi gözləyirdim.  Xalq ümidsizlik içərisində idi. Sabaha inam qalmamışdı.

Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anlarda Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi, qurtuluş çırağı ümummilli liderimiz Heydər Əliyev oldu. Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı.

İnsanların, - “Heydər baba, qurtar xalqı bu bəladan”, - şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi. Ulu öndər Heydər Əliyev Azərbaycanı qardaş qırğınından qurtardı, vətəndaş müharibəsinin qarşısın aldı. Xalq Azərbaycanı olmazın bəlalardan xilas edən ulu öndərimiz Heydər Əliyevin ətrafında  daha sıx birləşməyə başladı.

Yadımdadır. Oktyabr ayının əvvəlləri idi. Bir gün gecə ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin xilası naminə televiziya ilə xalqa müraciət etdi. Gecə yarısı olmasına baxmayaraq yüz minlərlə adam dövlətçiliyin müdafiəsinə qalxaraq Prezident sarayı qarşısına toplaşdı. Mən də atamla ora getdik. Xalq və Heydər Əliyev birliyini görən qiyamçılar geri çəkilməli oldular. Tezliklə hökumət qüvvələrinin çevik əməliyyatları nəticəsində onların qarşısı alındı. Xalqın çoxdan arzusunda olduğu sabitlik və əmin-amanlıq bərqərar edildi.

Bax, oğlum, Qurtuluş Gününü bizə bəxş edən ulu öndərimiz öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan sədaqətli, cəsarətli bir şəxsiyyət, böyük Azərbaycanlı olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)