“Səndən nifrət edirəm” nə deməkdir axı? – Aygün Əziz Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə TRİBUNA rubrikasıdır, Aygün Əzizin mülahizələri  ilə tanışlıqdır.

 

 

 

TRİBUNA

 

 

Aygün ƏZİZ

 

 

DİLİMİZİN ANASINI AĞLATMIŞIQ

 

Dilin canlı orqanizm kimi daim inkişafda olub özünü yeniləməsini hamımız bilirik. Bu, qaçılması mümkün olmayan labüd bir proses olmaqla bərabər, həm də, olduqca böyük əhəmiyyət kəsb edir. Çünki lüğət tərkibinə yeni söz, ifadə almayan dil yavaş-yavaş ölgünləşir. Üstəlik, indiki texnologiya əsrində hər bir dil yeniliklərə qucaq açmalıdır. Dilin lüğət tərkibi nəinki bir qərinə, yaxud yarım əsrdən bir böyüməli, əksinə, hər il yeni söz və ifadələrlə zənginləşdirilməlidir.

Amma dilə yeniliklərin gətirilməsi ona xələl gətirməməlidir. Hazırda dilimizin zənginləşməsi, təəssüflə qeyd etməliyəm ki, yeni yaranan, icad olunan və yaxud özümüzdə olmayan sözlərin gətirilməsi ilə deyil, oturuşmuş söz və ifadələrin seriallar, inteqrasiya və ya hər hansı bir səbəbdən başqa sözlərlə uğursuz, əksər hallarda isə anlaşılmazlıq yaradan alternativlərin dilə “yamaq” edilməsi yolu ilə baş verir. Bunlar isə haqlı olaraq dilin təəssübünü çəkən qələm əhlində və dilçilərdə, habelə əhalinin yaşlı təbəqəsində çaşqınlığa səbəb olur.

Birinci böyük problem türk serial qurbanlarının "sayəsində" yaranıb. Üstəlik, hətta dünya ədəbiyyatı nümunələrinin Azərbaycandilinə  tərcüməsi olduğu halda, kitabın türk dilindəki versiyasını axtaranlar özləri dilə düşmən kəsilənlərdir. Oxuyanların arasında bizim tərcümələrin bərbad olduğunu deyib türkcə varianta qaçanlar yalançıdırlar.Niyə bu qənaətə gəlmişəm?İzah edim. Düzdür, bizdə tərcümələrdə qüsurlar ola bilər; bu, normal haldır. Dünya ədəbiyyatının kütləvi tərcüməsinə son iki dekadada təkan verilib.Amma biz məsələlərə hər zaman bir prizmadan yanaşdığımıza görə və məişətdə də, həyatda hər görülən işə ağız əyməyə meyilli olduğumuz üçün yaxşı tərəfdən heç nəyi görə bilmirik.Belə xəbislik, paxıllıq bizi qabağa aparmayacaq.Necə ki, hələ də yerimizdə sayırıq, hətta deyərdim, dala gedirik.Azərbaycanca tərcüməyə göz süzdürüb, türkcə dünya ədəbiyyatı oxuyan gənclər guya özləri türk dilini bilirlər? Əsla! Onların türkcə biliyi "nasılsınız, efendim?, iyiyim, teşekkür ederim"-dən o tərəfə keçmir. Yaxud türk kanallarında evlilik və şou-biznes proqramlarına baxmaqdan ibarətdir. Belə döşünə döyənlərin əlinə türkcə elmi ədəbiyyat ver, yaxud siyasi və ya elmi bir TV verilişinə baxmağı xahiş et, gözlərini döyə-döyə qalacaqlar. Bu abzasa haşiyə olaraq qeyd edim ki, bir dəfə Seymur Baycan türk dilində dünya ədəbiyyat nümunələrinin tərcümədə nə günə salınmasından geniş araşdırma apararaq təhlil etmiş və haqlı olaraq belə tərcümələri tənqid atəşinə tutmuşdu.S.Baycan qeyd edirdi ki, təhriflərə yol verilir, tərcümələrdə yanlışlıqlar olur.Və Azərbaycan oxucusu belə nüanslardan bixəbərdir.

Həm şifahi, həm də yazılı dilimizi ən bərbad hala salanlar əsasən gənc nəslin nümayəndələridir.Bir çox orta nəsil TV aparıcılıarı və hər yerindən duran jurnalistlər də bu işə yamanca "qol qoyublar".Ən çox qıcıq doğuran özümüzdə olan sözlərin türk dilindəki qarşılığından istifadə edilməsidir.

Misallar verim:

qoşulmaq – qatılmaq

sürtgəc – rəndə

köhnəlmək, xarab olmaq, təzəliyini itirmək – yıpranmaq

çəkmə – çizme

filan – falan

uşaq salma – düşük

yarış – yarışma

siyirmə – çəkməcə

tarakan – hamam böcəyi

dabanlı – topuklu

arıqlamaq – kilo vermək

kökəlmək – kilo almaq

yumşaq – yumuşaq

tonal krem – krem-baza

pomada – ruj

mahnı – parça ("Filankəsin ifasında bir parçaya qulaq asaq")

xalça – kilim ("xalça" xovlu olur, "palaz" və "kilim" isə bizdə xovsuz xalçaya deyilir. Amma türk dilində hər ikisinə "kilim" deyilir.Hacət varmı belə lüzumsuz əvəzə?)

ürək bulanma – mədə bulanma

zibil – çöp

hüzn – hüzün

palto – mont

alt paltarı – iç geyimi

soyuducu – buz dolabı

odekolon – kolonya

sənətkar – sənətçi

yazıçı – yazar

ağız dadı – damaq dadı

işləmək – çalışmaq ("Filan yerdə işləyirəm" yerinə "Filan yerdə çalışıram" demək nə dərəcədə doğrudur? "Çalışmaq" bizdə "cəhd etmək" sözünün sinonimidir.)

ifrat – aşırı

məcbur etmək – zorlamaq ("zorlamaq" bizim dildə kiminləsə iradəsi əleyhinə zorla cinsi əlaqədə olmaq deməkdir)

əlləşmək (məs. xəstəliklə) – boğuşmaq ("boğuşmaq" bizim dildə heyvanlara, əsasən yırtıcılara aid işlənən sözdür)

sağanaq – çərçivə

cığallıq etmək – oyunpozanlıq etmək

xor görmək – küçümsəmək

alçaltmaq – aşağılamaq

məşğul – yoğun (“yoğun” sözünü bizdə “məşğul” mənasında işlədənlər var.)

görməzliyə vurmaq – görməzdən gəlmək

zəng etmək – telefon etmək

görüş– randevu

təsadüfən – şans əsəri (“Filankəs şans əsəri sağ qaldı” nə deməkdir axı? “Filankəs təsadüfən/təsadüf nəticəsində sağ qaldı” demək ayıbdır?!)

imtina etmək, rədd cavabı vermək – geri çevirmək

foto – fotoqraf (bizdə “fotoqraf” şəkil çəkən adam deməkdir, türk dilində isə “şəkil, foto”)

zənəxdan (yanaqda və ya çənədə batıq) – qəmzə (türk dilində sifətdə bu cür batığa “qəmzə” deyilir, bizdə isə “qəmzə” “naz, işvə” mənasında işlənir.İndi “Üzündəki qəmzə onu daha da cazibədar edirdi” dilimizdə nə qədər gülünc səslənir).

emosional təzyiq, hisslərlə oynama – duyğu sömürücü

hopdurucu – əmici

cirə (ədviyyat növü) – kimyon

xəstəliyə tutulmaq/yoluxmaq – xəstəliyə yaxalanmaq/bulaşmaq (misal: Cinsi yolla bulaşan xəstəliklərin yoluxma təhlükəsi…”

Əvvəlki vaxtlardan “Kesar əməliyyatı” kimi qəbul edilmiş ifadə son illər bir neçə versiyada işlənir.“Qeysər əməliyyatı”, “Qeysəriyyə əməliyyatı” və nəhayət, türk dilindən keçmə “Sezaryen əməliyyatı” formalarında rast gəlinir.Bu, həqiqətən, biabırçı bir haldır.

Başqa nümunələrə nəzər yetirək. Bu misallarda da dilin qrammatika qaydalarının kobud şəkildə pozulmasının şahidi oluruq:

1. Allah atanA/ananA/dostunA və s. rəhmət etsin (ismin yönlük halında) – Allah atanI/ananI/dostunU rəhmət etsin (ismin təsirlik halından istifadə olunur və bu, bizim qrammatika qaydalarını pozur)

2. "Nifrət etmək" feili ismin yönlük halını tələb etdiyi halda türk dilinin təsiri altında artıq xeyli adam bu feili ismin çıxışlıq halı ilə işlədir. "SənƏ/filankəsƏ nifrət edirəm" yerinə "SənDƏN/filankəsDƏN nifrət edirəm" deyir.

3. Özüm şəxsən neçə il əvvəl bir azərbaycanlı jurnalisitin müsahibinə "Sizdən belə bir sual SORMAQ istəyirəm" dediyini eşitmişəm. Bizim dildə "sormaq" "soruşmaq" feilini əvəz edə bilməkdən çox uzaq məna daşıyır.

4. "Gəncə Teatrının "Dəlilər"i paytaxtımızda performans sərgilədi"... ("performans" sözünü əvəz etmək ücün bizdə "ifa, oyun, nümayiş, icra, tamaşa" kimi kontekstə uyğun sözlər var. "Sərgiləmək" sözü isə, ümumiyyətlə, mövcud deyil.)

5. "Xəstəliklə boğuşan Musa Yaqub...".("Boğuşmaq" yırtıcı heyvanlar haqqında işlədilən və "qapışmaq, bir-biri ilə tutaşmaq" və məcazi mənada "dalaşmaq, dava etmək" deməkdir."Boğuşmaq" sözünü burada yazmaq nə dərəcədə düzgündür?!)

6. "...bitimə 6 tur qalmış..." (Dilimizdə "bitim" sözü yoxdur.)

7. "Fasiləsiz televizor izləmək..." ("izləmək " sözünün dilimizdə mənası "arxasına düşmək, izi ilə getmək" və "aramaq, axtarmaq" deməkdir.)

8. “Şikayət etmək” feilindən sonra ismin çıxışlıq halı işlənməli halda təsirlik halından istifadəsi halları var (“OğlunDAN polisə şikayət etdi” əvəzinə “OğlunU polisə şikayət etdi” kimi xətalar az deyil.)

9. "Hərbi lisey direktorunun laqeyd formada cavabı nəticəsində xəyallarım "suya düşdü". Yəqin, "ümidlərim boşa çıxdı" demək istəyiblər.Təəssüf ki, “xəyal qırıqlığı yaşamaq” kimi ifadə də populyarlaşıb. Halbuki bu ifadələrin dilimizdə “məyus olmaq”, “ümidləri boşa çıxmaq”, “xəyalları puç olmaq”, “xəyalları alt-üst olmaq” kimi bədii cəhətdən gözəl, rahat anlaşılan alternativləri var.

10. Tez-tez “şiddətlə tövsiyə edirəm” cümləsinə rast gəlirik. “Şiddət” sözünü “israr” ilə əvəz etmək bizim üçün daha dolğun səslənir.

11. “Dodaq uçurdan” ifadəsi çox geniş yayılıb. Halbuki bunun türkcədəki variantı “dudak uçuklatan”dır.“Uçuq”la “uçurtmaq” sözlərinin fərqinə belə varmadan bunu dilimizə gətirib bu formada işlətmək hansı savaddan xəbər verir? Üstəlik də, türkcə “dudak uçuklatan” ifadəsini özümüzdə olan “mat qoyan, heyrətə salan, məəttəl qoyan, dəhşətə gətirən” kimi ifadələrlə əvəz edə bilərik.

12. Son illər müxtəlif nüfuzlu saytlarda belə “dünyaca məşhur” ifadəsindən geniş istifadə olunur. Dilimizdə “ca” qoşması miqdar məzmunu verir.Min il, ondan daha əvvəl də belə olub, təqlid pəhləvanlarının səylərinə baxmayaraq, bundan sonra da belə olacaq:

 

"Kitabi-Dədə Qorqud"a müraciət edək:

"Uruz burada soylamış, görəlim, xanım, nə soylamış; aydır:

A bəg baba!

DəvəCƏ böyümişsən, köşəkCƏ aqlın yoq!

DəpəCƏ böyümişsən, darıCA beynin yoq!

Hünəri oğul atadanmı görər, ögrənər,

yoxsa atalar oğuldanmı ögrənür?"

 

Bir məşhur bayatıda isə belə deyilir:

 

Əzizinəm gül əllər,

Ağ biləklər, gül əllər,

DəryaCA ağlın olsa,

Yoxsul olsan, güləllər...

 

Əgər "dünyaca məşhur" "dünyada məşhur"dursa, onda "dəryaca ağlın" "dəryada ağlın", "dəvəcə böyümüsən" "dəvədə böyümüsən" və s. deməkdir? Gülünc deyilmi?

13. Anda feili bağlama şəkilçisini də –dığında ilə əvəz edirlər. Məsələn, “pəncərəni açanda” yerinə “pəncərəni açdığında” yazırlar.Niyə?Bu, ortaq türkcəyə xidmət etmir axı.

Belə misallardan çox gətirmək olar. İstənilən xəbər saytlarına elə ani nəzər salanda gözə sataşacaq dərəcədə çoxdur və getdikcə də artır.İnsafınız olsun! Axı bu qədər də olmaz.Misallara baxsanız, vəziyyətin, doğrudan da, acınacaqlı olduğunun fərqinə varacaqsınız.

Bu yazıda dilimizə vurulan yaralardan bəhs edərək hamının diqqətini cəlb etmək, dilimizin təmizliyini, düzgünlüyünü qorumaq üçün hamımızın səfərbər olmağımızı istərdim.Dilin təəssübünü çəkmək olduqca böyük məsuliyyət tələb edən bir öhdəlikdir.Bu, hamımızın ümdə vəzifəsi olmalıdır.Kimsə yaxasını belə şeylərdən kənara çəkirsə, düşünüb-daşınmadan dilimizin qayda-qanunlarına tabe olmayan söz və ifadələrdən istifadə edirsə, bunun qarşısı alınmalıdır.Heç bir vəchlə dilin başına bu cür oyun açılmasına yol vermək olmaz.

Bəlkə, elə türkcə deyək ki, yaxşı başa düşsünlər bizi? O zaman dialın gəldi: "Yetər artıq!”

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)