“Birazdan başlanar soyuq bir savaş” - Güneyli Mehdi Sırdaşın şeirləri Featured

Rate this item
(6 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizləri Mehdi Sırdaşın poeziyası ilə tanış edəcək. 

 

Sırdaş təxəllüsü ilə tanınan Mehdi Kupal 1991-ci ildə Təbrizdə doğulmuşdur. O, Təbriz universitetində İngilis ədəbiyyatı üzrə təhsil almışdır. Şeir və ədəbi tənqid mütəxəssisidir. 2005-ci ildən şeir yazmağa başlamışdır. 

 

 

BİLMƏSƏN DƏ, BİLMƏMİSƏN!

 

Varlığına bürünmüşəm,

Bilməsən də, bilməmisən!

Sevincindir işim, peşəm

Bilməsən də bilməmisən!

 

Xımında odlu ad mənəm,

Ağzında tamlı dad mənəm,

Uçmağına qanad mənəm,

Bilməsən də, bilməmisən!

 

Sıtqadığın duadayam,

Hər atdığın davadayam,

Sığındığın yuvadayam,

Bilməsən də, bilməmisən!

 

Sonunda son yolun mənəm,

Son çəkilən qolun mənəm,

Sağın mənəm, solun mənəm,

Bilməsən də, bilməmisən!

 

Bayıldıcı laylayınam,

Taleyinəm, bal ayınam,

Yaslı-yaslı naynayınam,

Bilməsən də, bilməmisən!

 

Söz verib, söz saxlayıram,

İlqarı düz saxlayıram,

Son günə üz saxlayıram

Bilməsən də, bilməmisən!

Kim bilib ki, sən biləsən?!..

 

 

YARA

 

Dayanma vur, vur yenə, vur!

Hər nə yaran vardı mənə.

Mən yaralar övladıyam

Yaran etibardı mənə.

 

Həyatım nəzirdi yara,

Sanma rahatdı sanmışam.

Düzün dilərsən mələyim,

Mən yaradan yaranmışam.

 

Rol oynamaq gərək deyil,

Aramıza düşüb ara.

Mən səndən küskün deyiləm,

Gələn gəlir qəlbi yara.

 

Halal-halal halallaşıb,

Ayrılaraq haram oldun.

Düzməcəmi tamamlayıb,

Sən ən böyük yaram oldun.

 

Damğalayıb həyatımı,

Buraxdın ortalıqlara.

Səndən anladığım olub,

Yara, yara, yara, yara...

 

 

GƏLƏCƏK BİZİMDİR

 

Bir qərib duyğudur qonağım bu gün,

Siz allah qoymayın, ürəyim gedir!

Çox zaman sürməyib bizim sevgimiz,

Şirin arzularım, diləyim gedir.

 

Birazdan başlanar soyuq bir savaş,

Küləklər dondurar yollarımızı.

Qasırğalar bizə şillə atsa da,

Gəlsənə açmayaq qollarımızı!

 

Sözünü tutmadın, oyun pozuldu,

İçimdə fitnəni doğub gedirsən.

"Gələcək bizimdir" nə tez unutdun?

Süd əmər sevgimi boğub gedirsən.

 

Tanrının utancı düşür gözümdən,

Sənsə kirpiyimdən yerə axırsan.

Duzlu əllərini göyə qaldırıb,

Yalvarıb-yaxarıb kimə baxırsan?!

 

Mələklər göz vurub səni səsləyər,

Sənsə qanadlanıb göyə uçursan.

Qaranlıq sarayda buraxıb məni

Hansı xarabaya işıq saçırsan?!

Hansı xarabaya?..

 

 

SƏNƏ UDUZMAQ

 

Məni səndən doymaq daha da gözəl,

Daha da gözəldir əlinlə yazmaq.

Ağzınla danışıb, gözünlə görmək,

O qədər gözəl ki, sənə uduzmaq!..

 

Yenə də gözəldir bitib qoynuna,

Sabahdan-sabaha dizində qalmaq.

Əlində yetişib əfsanələşmək,

Ayağından düşüb izində qalmaq.

 

Bilmirsən nə qədər təmiz duyğudur,

Səndən qurtarmamaq, şəfa bulmamaq.

Dərdinə bulaşmaq, döşəyə düşmək,

Sağlığa dolmamaq, doldurulmamaq.

 

Gözəllik bitərmi yazmaqla səni?

Saymaqlar nəhayət yarıya varar!

O qədər gözəldir məndəki huş-baş,

Yarıdan geriyə saymağım da var.

 

 

SƏNİ NAMAZ QILIRAM

 

Ağzından damlayıbdır,

Bir damla pətəklərə.

Nəfəsin toxunubdur,

Sanki kəpənəklərə.

 

Başından şal düşəndə,

Qaranlıq qaralıbdır.

İnci-inci dişlərin,

Dağlardan qar alıbdır.

 

Sənə niyyət eyləyib,

Səni namaz qılıram.

Ağlım başımdan gedir,

Qunutda yıxılıram.

 

Göz ol tanrılığından,

Mənə təkcə sən gərək.

Səndən ayrılmaq üçün,

Beş arşın kəfən gərək.

 

Qarşına çıxmağımdan,

Utanıb üzdən üzüm.

Gecə-gündüz gözümdən,

Axıb gecə-gündüzüm.

 

Səni görüb duyandan,

İçimdə əlamandı.

Nəsə demək istədim,

"Nəsə"m ağzımda yandı!..

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)