Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

23-cü dərc

 

* * *

Saat 00:45 idi. Cərrah qarşısındakı cansız bədənə baxıb,-Bunu yığışdır, on dəqiqədən sonra isə o birisini gətir, -deyə köməkçisinə əmr etdi.

Lazım olan orqanları çıxarıldıqdan sonra qurbanı ölümə məhkum olunduğundan digər cərrahi proseduralara ehtiyac qalmamışdı. Buna görə də əməliyyat cəmi əlli dəqiqə vaxt aparmışdı.

Onlar öz aralarında çox az, həm də hansısa xarici dildə danışırdılar. Daha doğrusu, təkcə həkim hərdən nəisə deyir, köməkçisi isə onun əmrlərini sözsüz yerinə yetirirdi.

Sifəti heç bir emosiya əks etdirməyən assistent yenə heç nə demədən gəncin cansız bədənini qucağına alaraq otaqdan çıxardı. Bir qədər irəlidə döşəməyə qoyub meyitləri yerləşdirmək üçün əvvəlcədən hazırladığı xüsusi qara kisələrdən birini götürdü.

 

* * *

Beynimi sakitləşdirmiş, fikirlərimi ardıcıllıqla düzməyə başlamışdım. Düşdüyüm vəziyyəti əsla həyəcan adlandırmaq olmazdı. Bu hiss ümumiyyətlə mənə yad idi. İndiyə qədər araşdırdığım cinayət işlərinin heç birində oxşar hisslər yaşamamış, son dərəcə soyuqqanlılıqla o işləri başa çatdırmışdım. Bu cinayətin araşdırmasında isə həm vaxtın azlığı məni sıxır, həm də sanki Nərmini xilas etməyə gecikəcəyimlə bağlı fikirlər ilk saatlardan rahatlıq vermirdi.

Deməli belə. Bütün versiyalarımı yoxladıqdan sonra onlardan ən arzuolunmazının, qızın insan orqanı alverçiləri tərəfindən qaçırıldığının üzərində dayandım. Həkimlərlə söhbətimdən məlum oldu ki, adətən belə insanları üç və ya dörd gün əməliyyata hazırlayır, onların bədəninə müxtəlif preparatlar, ən çox da mayelər yeridilir. Və ya dörd gün… Məhz bu “və ya” hər şeyi tərsinə qoyur, mənə son dərəcə lazım olan o dördüncü günü sual altına alırdı. Söhbət gənc bir qızın həyatını xilas etməkdən gedirdisə, bu müddəti belə işlərdə minimal müddət sayılan üç günlə hesablamalı, dördüncü gününsə heç adını da çəkməməliydim ki, mən elə belə etmişdim. Ancaq bu üç günün də tən yarısı keçdikdən sonra mənə müraciət olunmuşdu, qalan sutka yarım isə belə bir cinayətin açılması üçün sadəcə çox az vaxt idi.

Ancaq fakt faktlığında qalırdı, bu gün son, üçüncü gün hesab olunurdu. Son gün. Daha doğrusu, son saatlar, bəlkə də dəqiqələr. Bəlkə də artıq heç biri… Artıq dördüncü gün başlamışdı… Deməli son gün yox. Son gecə…

Olanları bir daha geriyə fırlayaq. Əlimizdə nə var? Qızı qaçıranın Babaxan olduğunu müəyyən etmişik. Bu işdə onunla olan sürücüdən kor-koranə istifadə edilmişdir və o, bu hadisələrin içərisində deyildir. Ancaq Tahir müəllimin evi qarşısında uşaqların dilənçiyə oxşatdıqları, Zabitənin sözlərindənsə əyyaş olduğu məlum olan sərgərdan böyük ehtimalla Babaxanın əlaltısıdır və belədirsə, deməli həm də cinayətkar dəstənin üzvüdür.

Yaxşı bəs, Babaxan qızı başqa yerdə gizlədirsə və ya qaçırdıqdan sonra onu kiməsə təhvil verərək bununla da öz işini bitirmişdirsə… Bu ərazi ilə də onu tamam başqa işləri bağlayırsa? Yox, düz gəlmir. Onun burada hər hansı bir işi, biznesi, yaşayış yeri olsaydı, sahə inspektorlarının gözündən yayınmazdı. Lap elə görüşdüyü qadın da. Polis bölməsindəki əməliyyat müşavirəsində iştirak etməyimin bir səbəbi də buna əmin olmaq idi. Babaxanı bu əraziyə bağlayan daimi bir səbəb yoxdur. O gah burada peyda olur, gah da uzun müddət buralara gəlmir. Bunu kapitan Qasımlı onun telefon koordinatlarının yerdəyişməsi tsiklləri ilə müəyyənləşdirməyə müvəffəq olub. Deməli, cəsarətlə demək olar ki, Babaxan haradasa buralardadır. Həmin məntiqlə Nərmin də.

Üstəlik də, nə maşınının, nə də özünün yerini müəyyən etmək olmur. Bu insan düşünülmüş şəkildə iz vermir. Maşınından istifadə etmir, mobil telefonunu söndürərək izlənə bilməməsi üçün hətta mobil nömrəsini də aparatdan ayırıb. İz verməməsi faktı da onun özünə qarşı yönəlmiş olur. Mən düz yoldayam. Yaxşı, bəs əlimdə olanlarla son hədəfi, həmin evin yerini necə müəyyən etməli?

Stop. Niyə bəs yalnız ev versiyasının üzərində dayanmışam? Bu da düzgun deyil. Bu ərazidəki hansısa obyektdən də belə məqsədlər üçün istifadə edilə bilər.

Baxışlarım maşının salonunun tavanında ilişib qalmışdı.

 

* * *

Həkimin dediyi on dəqiqə keçmişdi. Asissent birinci qurbanın cansız bədənini qara kisəyə yerləşdirmiş, növbəti qurbanın olduğu otağın qapısını açırdı.

Dəstədə hərənin konkret vəzifə bölgüsü var idi. Sonuncu meyiti də qablaşdırdıqdan sonra asissentin də işi bitmiş hesab olunacaq, həkimlə birlikdə buranı tərk edəcəkdilər.

Bundan sonrası Həsənağanın işi idi. O, öz maşınında gələrək şişmanın köməkliyi ilə bu cansız cəsədləri maşına yükləyib aparmalı, izləri itirməliydi.

Otağın qapısı səssizcə açıldı. Çarpayıda arxası qapıya tərəf uzanan kişi heç qapının açıldığını eşitmədi də. Asissent ona yaxınlaşıb çiyninə toxundu. Kişi uzandığı yerdə ona tərəf çevrilib gülümsədi. Asissent ardınca gəlməsini ona işarə edib qapıya tərəf getdi. Ona verilən dərmanların təsirindən bir növ zombiyə çevrilmiş kişi çarpayıdan qalxıb yöndəmsiz addımlarla onun ardıyca addımladı…

 

* * *

İlk dəfə idi ki, araşdırma zamanı yorğunluğun və yuxusuzluğun mənə güc gəlməsinə icazə vermişdim. Ancaq bu uzun çəkmədi və beynimi belə hallarda işləməyə başladığı rejimə kökləyə bildim.

Açar haradasa yaxında idi. Bunu hiss edirdim. Hər şey bu gün bitməlidir. Ya elə, ya belə, ikinci variant yoxdur. Bu qızı tapacağıma özümə söz vermişəm və sözümü tutacağam. Mütləq tutacağam. Açar, açar, açar…

Fikirləş, Bəxtiyar, fikirləş… Əgər Babaxan iz vermirsə, onun axtarışları bu nöqtədən sonra divara dirənibsə, onda hələlik onu bir kənara qoymalı, məsələyə başqa tərəfdən yanaşmalıyam. Onda haradan… İndiyənəcən yürütdüyüm mülahizələrimin davamı kimi, haradasa yaxınlıqdakı hansısa ev və ya obyektdə, böyük ehtimalla isə zirzəmisində gizli cərrahiyyə otağı fəaliyyət göstərməlidir. Bu mütləqdir. Heç bir oğurlanmış adamı hansısa dövlət və ya özəl tibb müəssisəsində diqqəti cəlb etmədən əməliyyat etmək mümkün deyildir. Bu işə gedən adamlar əvvəlcədən hazırlıq görməli, kifayət qədər sərmayə qoymalı idilər. Bu halda isə, çəkilən xərcləri ödəmək və qazanc götürmək üçün söhbət artıq bir nəfərin deyil, mütəmadi olaraq oğurlanan insanların orqanlarının çıxarılmasından gedə bilər ki, bu da Nərmini qaçıran cinayətkar dəstənin necə təhlükəli və geniş şəbəkəyə malik olmasından xəbər verir. Yaxşı, bəs sonra? Deyək ki, yaxınlıqda belə bir gizli laboratoriya fəaliyyət göstərir. Onda yenə də bu laboratoriya hansısa məkanda olmalıdır. Məkanısa nüəyyən edə bilmirəm. Yenə də bu yerdə hər şey dalana dirənir. Fikirləş, detektiv, fikirləş. O yeri, məkanı necə tapmalı? Stop...

Qəfil ağlıma gələn fikirdən necə çevrildimsə, qolum maşının şüşəsinə dəyib tap elədi. Onsuz da, bayaqdan sızıldayan qolumda dəhşətli ağrı hiss elədim. Ancaq buna əhəmiyyət verməyib cəld maşından düşdüm.

-Dəmirli!

Beş-altı addım aralıda dayanmış Dəmirli, -Buradayam, -deyib yanıma qaçdı.

-De görüm, rayonun işıq idarəsinin bu əraziyə baxan müfəttişini tanıyırsanmı?

-Əlbəttə, ərazimdəki bütün dövlət qurumlarının əməkdaşları ilə birbaşa əlaqəm var.

Bu cavan oğlanın gələcəyi çox ümidverici idi.

-Harada yaşayır?

-Yaxınlıqda olur.

-Onda təcili onunla əlaqə saxla, əgər evdədirsə, tez bir maşına minib özünü buraya çatdırsın, taksi pulunu mən verəcəyəm. Uzaqdadırsa, onda telefonu mənə ötür. Zəng çatmırsa və ya cavab vermirsə, onda evinə getməli olacaqsan. Cəld əlaqə saxla, cəld.

Vaxtım nə qədər az olsa da, yaxında yaşadığını öyrəndikdən sonra işıq idarəsinin işçisi ilə üzbəüz danışmağa üstünlük verdim. Cavabından asılı olaraq, özünün burada olmaması sonradan daha böyük vaxt itkisinə səbəb ola bilərdi. Üstəlik də gecə idi, yollar boş olduğundan özünü bura tez çatdıracaqdı.

Saata baxdım. Artıq saat 00:57 idi. Dəmirli tez telefonunu çıxarıb hansısa düymələri basdı. Telefonundan gedən zəng səsi gecənin sakitliyində aşkar eşidilirdi.

Bircə yatmayaydı, bircə cavab verəydi. İndi beynimdən keçən ancaq bu kəlmələr idi. Hə, cavab ver görək…

Nəhayət, yeddinci zəngdən sonra yuxulu kişi səsi cavab verdi.

-Xeyir ola, ay Orxan, nəisə olub?

-Olub, Kamil müəllim, olub. Ərazidəyəm. Təcili köməyiniz lazımdır, bununçünsə vaxt itirmədən Mərdanın dükanının yanına gəlməlisiniz.

Hər bir ərazidə qəribə adları ilə və hansısa əlaməti ilə tanınan bir neçə obyekt olur. Hətta İsmayıllı rayonunda Qadirin obyekti kimi məşhurlaşmış yol kənarı kababxanalardan biri onun ölümündən sonra rəhmətlik Qadirin obyekti kimi tanınmaqda davam edir. Mən də bir dəfə orada oturmuşam. Meşənin içində yerləşən bu kababxananın nə adı, nə də əsas yoldan dönmək üçün bir nişanı yoxdur. Ancaq elə qarşıma çıxan birinci adamdan rəhmətlik Qadirin obyektini soruşan kimi mənə elə nişan verdi ki, iki kilometr getdikdən sonra daha bələdçiyə ehtiyac olmadan birbaşa həmin kababxanaya aparan yola döndüm. Görünür Mərdanın dükanı da nə iləsə məşhurdur ki, Dəmirli küçə və ya ünvan əvəzinə oranı nişan verdi.

-Baş üstə, geyinim çıxıram.

-Taksi ilə gəlin, vaxt çox azdır.

-Başa düşdüm, gəlirəm…

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(30.05.2023)