Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

20-ci dərc

Həyətdəki hovuzun yanında yerə uzanmış şişman tərpənmirdi. Onun başının üstündə dayanan Həsənağa əlindəki qabla hovuzdan su götürüb şişmanın üzünə çırpdı. Soyuq suyun təsirindən ayılan şişman yavaş-yavaş gözlərini açdı. Həsənağanı görüb ayağa qalxmaq istəyəndə şalvarı aşağı sürüşdüyündən ayaqları bir-birinə dolaşdı və yenidən yerə yıxıldı. Kəməri və düyməsi açıq olduğu üçün Həsənağa onu sürüyərək buraya gətirərkən şalvarı əynindən çıxıb ayaqlarına dolaşmışdı.

-Əclaf, başına qız qəhətdi, bu nə qələt idi eləmək istəyirdin, hə?

Bir qədər əvvəl gələn Həsənağa qapını nə qədər döysə də açan olmamış, şişmanın təkcə ona məlum olan nömrəsinə etdiyi zənglər də cavabsız qalanda nəsə bir şey olduğunu düşünərək həyəcanlanmış, alaqapı arxadan bağlı olduğu üçün məcbur olub “Pajero” markalı maşınını həyət divarına lap yaxın verərək maşının üstünə, oradan da kifayət qədər hündür olan divara çətinliklə dırmaşmış, hasardan sallanaraq həyətə düşəndə isə üst -başı sıyrılmışdı. Bundan sonra heç bir halda açıq qalmalı olmayan bunkerin girişinin açıq olduğunu görərək ehtiyatla, səs salmadan bunkerə enmiş, qapısı açıq olan otağa yaxınlaşarkən isə qızı çarpayıda uzanan, şişmanı isə şalvarının kəmərini açan görəndə hirsindən ağlını itirmiş, şişmanın boynunun dalına var gücü ilə bir yumruq endirmişdi. Sonra kifayət qədər fiziki gücə malik olan çəpgöz huşunu itirib yerə sərilən şişmanı sürüyüb hovuzun yanına gətirmiş və tez qayıdıb əvvəlcə qızın olduğu otağın, sonra isə bunkerin qapısını bağlamışdı.

-Qadanı alım, Həsənağa, bir qələtdi eləmişəm, vurma məni, -şişman həqiqətən nə qələt elədiyini indi, aldığı zərbələrdən ehtirası boynunun dalında baş qaldırmış ağrılarla əvəz ediləndən sonra başa düşməyə başlamışdı.

-Murdar, fikirləşmirsən ki, neçə gündür dərmanla saxlayırıq, altında ölərdi, nə cavab verərdik hə? Sənə söz verirəm, hər şey bitsin, bu elədiklərini şefə deyəcəyəm.

-Yooox, qurbanın olum, nə istəyirsən elə, bircə o bilməsin, -qorxudan şişmanın bütün ağrıları yadından çıxdı, dizləri üstə dikəlib iki əllə Həsənağanın ayaqlarını qucaqladı.

Əlinə düşən bu fürsətdən maksimum yararlanmağı qənimət bilən Həsənağa, -Yaxşı, buna sonra baxarıq, indisə dur şalvarının geyin, itil gözlərimdən. Axşam həkim gələndə hər şey həmişəki kimi hazır olmalıdı, arada fırlan Qarabalaya da de, gözü dörd olsun, bu gecə həlledici gecədir.

-Qarabala bilir, yerindədi, heç yana getməyəcək.

-Yaxşı, mən bir az dincələcəyəm.

Həsənağanın evə keçdiyini görən şişman cib dəsmalını hovuzun suyunda isladıb boynunu dalına qoydu. Boynunun dalındakı küt ağrı keçməmişdi…

 

* * *

Layiqənin bütün diqqəti məndə idi.

-Adətən belə məqsədlər üçün oğurlanan insanlar üç gün müddətində xüsusi tibbi hazırlıq mərhələsindən sonra əməliyyata salınır, lazım olan daxili orqanları çıxarıldıqdan sonra cansız bədənləri müxtəlif üsullarla yox edilir. Elmdə hər bir inqilab gözəldir. Elmi-texniki tərəqqinin nailiyyətləri həyatımızı xeyli asanlaşdırır. Elə xidmətindən istifadə etdiymiz müşahidə kameralarının köməyi ilə nə qədər cinayətlər açılıb. Təəssüf ki, nailiyyətlərlə bərabər tərəqqinin fəsadları da hansısa formada təzahür edir. Təxminən iyirmi il əvvəl kiminsə daxili orqanlarından donor kimi istifadə etmək məqsədi ilə oğurlandığını təsəvvür etməzdik. Amma indi görürsənmi? Cinayətkar aləm də yerində saymır.

Davam etdim:

-Beləliklə, qayıdaq hadisələrin lap əvvəlinə. Tahir müəllimin qardaşı Babaxan ucuz qiymətə satılan, yaxşı vəziyyətdə olan bir paltar dolabı alaraq sonradan, münasib vaxtı olanda gəlib evinə aparmaq məqsədi ilə qardaşının nisbətən yaxında olan həyətinə gətirir. Təxminən bir ay sonra yük maşını tutaraq, dolabı aparmaq üçün gələn Babaxan görünür özünü saxlaya bilmədiyi üçün əvvəlcə ayaqyoluna girməyə qərar verir. Ona görə də dolabı yükləməkdə ona kömək edəcək sürücüyə hələlik maşında qalmasını tapşırıb həyətə keçir və ayaqyoluna girir. O ayaqyolunda olarkən Tahir müəllimin məşğələdə fasilə verdiyi uşaqlar həyətə çıxıb ayaqyolunun yaxınlığında əkilmiş qızılgül kollarının yanında dayanıb söhbət edirlər. Onların söhbətini ayaqyolunun həyətə baxan nəfəsliyindən Babaxan eşidir. Uşaqların söhbətinin bir məqamında deyilənlər artıq cinayətkar qrupun üzvü olmasına heç bir şübhə olmayan Babaxanı maraqlandırır. Çünki söhbət sənədlərini qəbul komissiyasına vermək üçün uşaqların həkim müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış almalarından düşür. Tərlan hələ müayinədən tam keçmədiyini, Ləman isə qanazlığı olmasını bildirir. Nərmin isə tam sağlam olmasını deməklə özü də bilmədən məhz həmin ərəfədə qurbanını axtaran Babaxanın diqqətini cəlb edir. Onun sağlamlıq haqqında arayışını otağına baxış keçirərkən görmüşdüm və araşdırmanın lap əvvəlindən bunu vacib bir fakt kimi özümçün qeyd etmişdim. Xüsusi adamım vasitəsilə arayışı verən həkimi nəzarətə götüzdürsəm də, heç bir nəticə vermədiyindən həkimin üzərindən şübhələri götürmüşdüm. Adamımın apardığı araşdırma zamanı qızın tam sağlam olması barədə məlumatı cinayətkarlara həkimin ötürməsi barədə fikirlərim təsdiqlənməmişdi.

Davam etdim:

-Danışan qızlardan məhz hansının Nərmin olduğunu müəyyən etmək üçün orta boylu Babaxan ayaqyolunun kifayət qədər hündürdə olan nəfəsliyinin qıraqlarından tutaraq özünü yuxarı çəkir və Nərminin üzünü yadında saxlayır. Ancaq çoxdan silinmədiyindən toz basmış nəfəslikdə on barmağından onunun da izi qalır. Bu azmış kimi, nəfəslikdən sallanarkən əlini zədələyir və orada qan ləkəsi qalır. Ancaq nə barmaq izlərini, nə də qan ləkəsini silmədən çıxıb gedir. Araşdırdığımız məsələdə mənə aydın olmayan ən mühüm şey bu Babaxanın naturasıdır. İstər Rəşadın öyrəndikləri, istər öz müşahidələrim onun qətiyyən qatı cinayətkar olmadığını təsdiqləyir, elə indi buraxdığı səhvlər barədə dediklərim də. Heç bir peşəkar belə dəlilləri cinayət yerində qoyub getməz. İzlərinsə, ona məxsus olmasına heç bir şübhəm yoxdur. Heç burada daktiloskopik ekspertizaya və qanın yoxlanılmasına da ehtiyac qalmır. Ancaq gəl ki, bir diletant şəhərin ortasında cavan bir qızı qaçırmağa cəsarət edir və bunu çox düşünülmüş şəkildə həyata keçirir, az qala üç gün keçməsinə baxmayaraq qız hələ də tapılmayıb. Üstəlik də, müşahidə dairəmizə düşəndən sonra bu qədər vaxt keçməsinə baxmayaraq nə yol polisi onun maşınını aşkar edə bilir, nə də mobil operator olduğu təxmini koordinatları. Görünür, bunun da bir açıqlaması var və yəqin ki, sonda hər şey bilinəcəkdir. Bundan sonra isə Nərmin “Qabusnamə” kitabını axtarmasını və bunu avtomobil qəzasında həlak olmuş atasının arzusunu həyata keçirmək üçün etdiyini uşaqlara danışır. Qızı məhz bu yolla aldadıb tora salacağını başa düşən Babaxan, onun söhbətindən hər iki valideynini itirdiyini, qoca nənə və babasının himayəsində böyüdüyünü öyrənərək daha da arxayınlaşır. Fasilə bitdiyindən uşaqlar evə keçirlər, Babaxan isə çox güman ki, beynində hərəkət planını hazırladığından, uşaqlar evə keçdikdən sonra yenə də heç kim görmədən çölə çıxaraq sürücüyə getməsini, iki gün sonra, yenə də axşam saat 8-də gəlməsini tapşırır. Uşaqların söhbətindən onların bir də iki gün sonra növbəti məşğələyə gələcəklərini öyrəndiyi üçün…

Davam etdim:

-Düşünürəm ki, yük maşınıın sürücüsünü yola salan Babaxan küçədə bir qədər aralıda gəzişərək məşğələnin bitməsini gözləmiş, uşaqlar çıxaraq ayrıldıqdan sonra Nərmini haqlamış və hansısa yolla, onu şübhələndirmədən “Qabusnamə” kitabının onda olmasını bildirib onu qıza təklif etmişdir. Bu zaman həm də, uşaqlarla Nərminin yollarının ayrı olduğunu özü üçün müəyyən etmişdir. Hansısa başqa yerdə görüşməyə razılıq verməyən Nərmin kitabı məşğələdən çıxan vaxtda Tahir müəllimgilə gətirməyi xahiş etmiş, bəlkə də çox uzaqlaşmadığından qayıdaraq Tahir müəllimin qapısını Babaxana göstərmişdir və iki gün sonra orada görüşəcəklərini vədələşmişlər. Özünü sanki o qapını tanımayan kimi göstərən Babaxana da elə bu lazım idi. Çünki qızı küçədə qaçıra bilməyəcəyini gözəl başa düşən bu əclaf, onu qardaşının həmişə boş olan həyətində huşsuz hala gətirərək dolabın içində oradan çıxarmağı planlaşdırmışdı. Təbii ki, Nərmin artıq uzun müddət gəldiyi bu həyəti tanımadığı adamla hər-hansı kontakta getmək üçün, Babaxan isə qardaşının vərdişlərinə bələd olan birisi kimi cinayətini həyata keçirmək üçün ən təhlükəsiz yer hesab etmişlər. Ərazidəki müşahidə kameralarının videogörüntüləri ilə müəyyən olunur ki, Nərmin sonuncu məşğələdən çıxandan sonra uşaqlarla sağollaşıb həmişə getdiyi yolla evə yollanır. Lakin bir qədər gedəndən sonra dayanır, əlini cibinə atıb cib telefonunu çıxarır, baxıb yenidən cibinə qoyur və sürətlə geriyə qayıdır. Məncə, qızın kamera görüntülərinə düşməsində bir təsadüf rol oynayıb, Tahir müəllimin həmin gün məşğələni on dəqiqə tez yekunlaşdırması. Yoxsa böyük ehtimalla əlimizdə bu görüntülər də olmayacaqdı.

-Şef, bəlkə elə Babaxan şübhə doğurmamaqçün uşaqlar məşğələdən çıxanadək tez haradansa, deyək ki, kitab mağazasından bir neçə kitab alıb qayıtmış, yolda Nərmini haqlayaraq, ya da guya təsadüfən qarşısına çıxaraq özünü ona səyyar kitab satıcısı kimi göstərmişdir, ondan “Qabusnamə”ni soruşan Nərminə iki gün sonra gətirəcəyini bildirmiş və qəsdən hər şeyi elə yönəltmişdir ki, qız özü Tahir müəllmin həyətində görüşməyi təklif etsin?

-İstisna olunmur, buna bənzər bir neçə variant ola bilərdi ki, indi mən bunun üzərində dayanaraq vaxt itirmək istəmirəm. Ancaq mümkün variantdır, bəlkə də ən inandırıcısı.

Layiqə, indi danışdığım məsələni saf-çürük edərkən üzərində dayandığım ən ağlabatan versiyanı səsləndirdi. Bu variantı mən çoxdan fikirləşmişdim. Ancaq hələlik təsdiqi və inkarı olmayan bir variant kimi.

-Vədələşdikləri vaxt, yəni axşam saat 8-də Babaxan yük maşınının sürücüsü ilə Tahir müəllimin qapısı qarşısında görüşür. Təsadüfə bax ki, həmin gün Nərmindən ayrılandan sonra bir qədər aralaşan Tərlan və Ləman yolu keçərkən az qalır ki, Tahir müəllimin ünvanına yaxınlaşmaqda olan həmin yük maşını onları vursun. Bunu Ləmanın anası deyəndə eşitmişdim. Uşaqların evə tərəf getdikləri yolu öyrənib maşının hansı istiqamətdən gəldiyini müəyyən etdim. Bundan sonra maşının Tahir müəllimin ünvanından gedərkən kamera görüntülərinə düşməsi, ora gələrkən isə düşməməsi səbəbi aydın oldu. Sadəcə yük maşınının gəldiyi küçədə kamera yoxdur. Gəldiyi yolda nəqliyyatın hərəkəti bir tərəfli olduğu üçün isə sürücü başqa yolla qayıtmalı olub və dediyim istiqamətdə o ərazidə quraşdırılmış  kameranın əhatə dairəsindən keçib. Artıq diqqət cəlb etməməkçün Babaxan ora düz vaxtında gəlir. Özü də tək yox. Uşaqların getdiyini bilmədiyi üçün maşını evin qarşısında saxlayan sürücüyə yenə də gözləməyi tapşıraraq bir kənarda durub müşahidə aparır. Ancaq nədənsə uşaqlar çıxmır. Babaxanın ümidi üzüldüyü bir anda isə Nərmin həyətdən yox, əks tərəfdən, küçədəki tindən burularaq çıxır və tələsik həyətə tərəf yönəlir. Bu zaman hamıdan əvvəl ora gəlib gözləyən Babaxanın adamı, uşaqların dilənçiyə oxşatdıqları avara, qızın həyətə girməsini görməməsi üçün Babaxanın işarəsi ilə sürücüyə yaxınlaşıb bir bəhanəylə onun başını qatır. Düşünürəm ki, həmin avaranı cinayətin bütün detallarına həsr etməyi lazım bilməyiblər. O, yalnız lazım olan anda, işarə verilərkən sürücünün başını qatmaq, sonra isə dolabı maşına yükləmək üçün yaxınlaşmaq tapşırığı alıb. Çünki əsas plan haqqında məlumatlı olsaydı, uşaqların məşğələdən bir qədər tez çıxmalarını imkan tapıb bir yolla Babaxana deyərdi.

-Şef, bir sual verim.

-Ver.

-Axı hələ qocalar ilk dəfə buraya gələndə demişdilər ki, Nərminin telefonu sönmüş vəziyyətdə olub. Bu, sonradan polis əməkdaşlarının yoxlamaları ilə də təsdiqləndi. Bəs belədirsə, Nərmin niyə qəfildən telefonunu çıxarıb baxır və bundan sonra sürətlə geriyə qayıdır? Sönülü olan telefona niyə baxmalıydı ki?

-Polis əməkdaşları telefona gəlmiş zənglər barədə sorğu vermiş, lakin sönülü olmasını elə Səməd kişinin sözlərinə istinad edərək araşdırmağa ehtiyac duymamışlar. Bilirsən Layiqə, əgər Rəşad mobil operatora sorğunu poçtla göndərsəydi, cavabı ən tezi üç-dörd günə gələrdi. Tez məlumat almaq üçün o, rəsmi məktubu əlbəəl təqdim edib və oradakı tanışı vasitəsilə cavabın təcili verilməsini xahiş edib. Bu iş xeyli vaxt tələb etdiyindən ən vacib olanları - Nərminin telefonuna həmin ərəfədə gələn zəngləri araşdırmağı xahiş edib. Polis bölməsindən məni yığandan sonra aparatı Rəşada verəndə onun nə dediyini yadına sal. ”Mobil operator vasitəsilə Nərminin telefonuna son günlər gəlmiş zəngləri təhlil etdim”. Deməli, həmin vaxt artıq sorğunun cavabları gəlmiş və Rəşad onları təhlil etmişdir. Telefonun sönülü olması barədə isə sorğuda heç nə göstərilmədiyindən o barədə məlumat verilməmişdir. Əks təqdirdə, Qasımlının birinci sözü Nərminin telefonunun sönülü olmaması barədə olardı. Əvvəlcə mən də bu məlumatın rəsmi olduğunu düşünərək kifayətlənmişdim. Ancaq izahı olmayan heç bir şeyin olmadığını gözəl bildiyimdən və kapitan Qasımlının işlətdiyi o cümlədən sonra məsələyə başqa konteksdən yanaşdım. Məlumun olsun ki, Nərminin telefonu sönmüş vəziyyətdə olmayıb.

-Amma axııı?

-Bəli, məhz “amma”… Məsələ burasındadır ki, həmin vaxt telefon işlək olub da demək olmaz.

-Bu necə, olur şef?

-Bunu indi sənə izah edəcəyəm. Əslində bu tapmacanın cavabını əvvəlcə mən də tapa bilmirdim. Ancaq bəzi şeylər aydınlaşdıqdan sonra nəyin necə baş verdiyini müəyyənləşdirə bildim. Uşaqlar son məşğələ zamanı həmişəki kimi telefonlarını söndürdüklərini, Nərminin isə söndürməzdən əvvəl kiməsə mesaj yazdığını bildirmişdilər. Nərminin telefonundan heç bir mesaj getməməsi bizə məlumdur. O zaman bunun nə olduğunu çözməyə çalışdım və nəhayət ki, tapdım. Ancaq əvvəlcə sənə deyim ki, Nərmində fikir dağınıqlığı sindromu əmələ gəlməsi barədə şübhələrimi yoxlamalı idim. Himayəsində böyüdüyü qocalar bu şübhələrimi təsdiqlədilər. Görünür, son illər instituta hazırlaşdığı üçün gərgin çalışması onda beyin yorğunluğu yaratmış, Nərmin son zamanlar ən adi şeyləri belə unutmağa başlamışdır. Əvvəlcə sağlamlıq haqqında arayışını tapa bilməməsi barədə uşaqların dediklərini əsas götürdüm. Bu mənə məlum olan mənada telefonunu çıxarıb baxmasının izahı ola bilərdi. Ancaq uşaqların dediyi tək bir fakta əsaslanıb belə qərar verə bilməzdim. Qocalar belə halların tez-tez təkrarlandığını təsdiqlədkdən sonra isə telefon düyününü də çözdüm. Nərminin telefonu “Samsunq” markalı androiddir. Bu telefonlarda “Uçuş rejimi” deyilən bir funksiya var. Bu funksiyadan, adətən, təyyarədə uçarkən istifadə edildiyinə görə belə adlanır. Belə ki, funksiya işə salınarkən telefonlar işlək vəziyyətdə qalsa da, zəngləri və mesajları qəbul etmir, zəng etmək və mesaj göndərmək də mümkün olmur, lakin digər funksiyalardan, məsələn, oyunlar, video və şəkil qovluqlarından istifadə etmək olur. O cümlədən, zəngli saatdan da… Fikrimi tutdun?

-Tutdum şef. Deməli, son zamanlar fikir dağınıqlığından əziyyət çəkdiyini bilən Nərmin, məşğələdən sonra ona kitab gətiriləcəyini unudub getməməsi üçün zəngli saatını quraraq telefonunu bu rejimə qoymuş, söndürməməsini görməmələri üçün bunu gizlincə etmiş, uşaqlar isə bunu onun telefonu söndürməzdən əvvəl kiməsə mesaj yazması kimi başa düşmüşlər.

-Afərin. Hər şey dediyin kimidir. Üstəlik, mesaj göndərilərəkən spesifik siqnal səsi gəlir. Uşaqlar belə bir səs eşitmədiklərini dedilər.

-Ancaq bir şeylə razılaşa bilmirəm.

-O nədir elə?

-Əgər Nərmin uzun müddət axtardığı, satışda olmayan, çətin tapılan bir kitabı tapmışdısa, o, yerə göyə sığmamalı, səbirsizliklə məşğələnin bitməsini gözləməli, qısası bunu unutmaq nədir, heç bir dəqiqə də yadından çıxarmamalı idi.

-Razıyam. Adi halda hə. Ancaq təsəvvür elə ki, ciyəri yanan biri, çay içmək üçün çaydanı su ilə doldurub qaynamağa qoyur. Ancaq susuzluğunun get-gedə bir qədər də artmasına baxmayaraq, çaydanı qaynamağa qoyduğunu unudur. Çaydandakı su buxarlanıb qutarana qədər qaynayır, bunu Səlminaz nənə bir neçə dəfə aşkar edib vaxtında çaydanın altını söndürür. İndi mən soruşuram. İnsana bilavasitə daxildən gələn və get-gedə artan susuzluq hissi güclüdür, yoxsa bir kitabın gətiriləcəyinin sevinci? Bu tibbi məsələdir və burada biz yalnız gördüklərimizə əsaslanmalıyıq. Təəssüf ki, biz xəstəlikləri yox, xəstəliklər bizi seçir.

-Yaxşı bəs, ən azı “Qabusnamə”ni nəhayət ki, tapdığının sevincini uşaqlarla bölüşməli deyildimi?

-Düşünürəm ki, o bunu istəməyib. Fikrimcə, sirrini uşaqlara açmasına sonradan peşman olan Nərmin, bundan o yanasını onlarla bölüşməmək qərarına gəlib. Həm də axı bu uşaqlar onun yaxın dostları deyil, sadəcə məşğələ yoldaşlarıdırlar.

Layiqəni inandırdıqdan sonra fikrimə davam etdim:

-Beləliklə, məşğələnin on dəqiqə tez yekunlaşması, Nərminin kitabın gətiriləcəyini unudaraq evə yollanması hadisələrin cərəyanını bir qədər dəyişdirir. Axşam saat 8-də, daha dəqiq desək, doqquza bir neçə dəqiqə işləmiş həyətdə və ya həyət qapısının qarşısında kitabsatanla, əslində isə Babaxanla görüşməli olan Nərmin evə tərəf bir qədər getdikdən sonra telefonunun zəngli saatı çalır. O cəld əlini cibinə atıb telefonu çıxarır, zəngin səsini kəsib yenidən cibinə qoyur və unutduğu kitabsatanın çıxıb gedə biləcəyi qorxusu ilə sürətlə geri qayıdır. Tahir müəllimin evinə çatanda orada heç kimi görmür və təəssüf hissi ilə, bəlkə kitabsatanın onu Tahir müəllimdən soruşması ümidi ilə həyətə girir. Ancaq hər şeyi kənardan izləyən, bəlkə də  qızın tindən burularaq gəldiyini görüb elə yük maşınının arxasında gizlənən Babaxan, işarə verərək köməkçisi olan avaranın sürücünün başını qatmasından istifadə edib heç kim olmayan küçədə qızın dalınca həyətə girir və onun Tahir müəllimi səsləməsinə imkan verməyərək boş həyətdə xüsusi məhlul hopdurulmuş dəsmalı heç nədən şübhələnmədən onu yaxına buraxan qızın burnuna tutub bir neçə saniyənin içində onu yatızdırır. Bəlkə də həmin vaxt qızı tam arxayın etmək üçün Babaxanın əlində hansısa kitab da olub. Sonra qızı qucağına alaraq dolabın içinə yerləşdirir və eşiyə çıxıb guya təsadüfən orada olan avaraya oxşayan əlaltısını çağırır. Birlikdə dolabı küçəyə çıxarırlar, sürücü də yaxınlaşıb kömək edir və dolabı maşının yük yerinə qoyduqdan sonra küçəyə çıxan qonşu Zabitə ondan nəvəsinin dama düşmüş topunu götürməyə kömək istəyir. Yerinə düşməsə də, Zabitəyə yox deyə bilməyən Babaxan, özü ilə gətirdiyi köməkçisini topu götürməyə göndərir. Yeri gəlmişkən, məhz Zabitədən az qala kəlbətinlə çəkərək öyrəndiyim bu məlumatdan sonra Babaxanın izinə düşə bildim və mənim üçün hər şey yerini almağa başladı. Heç başqa qonşularla söhbət eləməyə ehtiyac qalmadı. Bundan sonra, o yük maşınını bizə məlum həyətə sürdürür, guya oradan götürəcəkləri digər mebellərin hələ gəlib çıxmadığını bildirib, ikiqat pul müqabilində sürücünün səhər tezdən gəlmək şərti ilə maşını qoyaraq çıxıb getməsinə müvəffəq olur. Bunu niyə etdiyini tam müəyyənləşdirə bilməsəm də, düşünürəm ki, izi itirmək və ya hər ehtimala qarşı, maşını müvəqqəti gizlətməklə sığortalanmaq istəyib. Əlbəttə o, içində Nərminin olduğu dolabı elə orada düşürüb sürücünü yola sala bilərdi. Bu halda dolabı sonradan evə aparmaq üçün yenə də yük maşını tutmalı idi. Artıq bu sürücünün xidmətlərindən istifadə edə bilməzdi bununçün. İkiqat məbləğ dedikdə isə, yəqin ki, qısa bir məsafəyə getməyə on yaxud on beş manata razılaşan sürücüyə otuz manat vəd etməklə onu razı salıb. Bu isə elə də böyük məbləğ deyil. Bəlkə də tamam başqa səbəbləri olub. İndiki halda bunu bilmək bizimçün heç nəyi dəyişmir. Sonra, markası və dövlət qeydiyyat nişanı bizə məlum olmayan digər maşında qızı özlərinə lazım olan, çox güman ki, tibbi avadanlıqla təchiz olunmuş xüsusi məkana aparırlar. Həmin məkanın yerini öyrənmək üçün yas yerində qohumlarından birinin Babaxana onu tez-tez heç bir şəhərkənarı evi, işinin də bilavasitə əlaqəsi olmadığı Zabrat qəsəbəsində görməsini bildirməsini əsas götürərək bəzi şeyləri yoxlatdırdım. Həmin qəsəbənin də yalnız əsas yolları kameralarla təchiz olunduğundan maşınının hərəkət marşrutu, eləcə də mobil operatorun son dövrlərə görə onun mobil telefon nömrəsinin yerdəyişməsi barədə məlumatları Rəşad vasitəsilə öyrəndim. Babaxanın Zabrat qəsəbəsində bəzi zamanlarda həddən çox görünməsi, bəzən isə çox az-az orada olması müəyyən olundu. Bu müddət son bir ildən bir qədər çox dövrü əhatə edir. Dolabı evinə apardıqdan sonra çıxıb gedən və indiyənədək tapılmayan Babaxanın maşını son dəfə də, Nərmin oğurlanan günün səhərisi elə o ərazidə qeydə alınıb. Bütün bunları əsas götürüb axtarışlarımızı o istiqamətdə davam etdirəcəyik. Təəssüf ki, maşının yalnız təxmini istiqamətini müəyyən edə bildiyimiz üçün bu böyük qəsəbədə onun getdiyi məkanı müəyyən etmək mümkün olmadı.  Vaxtın azlığı isə geniş axtarışlara imkan vermir. Ona görə də, bu axşam həmin ərazinin polis bölməsinin əməkdaşları ilə görüşüb müəyyən etdiyimiz təxmini, kifayət qədər geniş ərazidə Babaxanın və yəqin ki, elə Nərminin də olduğu dəqiq ünvanı aydınlaşdırmağa çalışacağıq.

-Bunu necə edəcəyik, şef?

-Tələsmə Layiqə, tələsmə, orada bilinər.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(24.05.2023)