Əlizadə Nuri: - Bir başı saxlamaq baş ağrısıymış… Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün cəlilabadlı ustad şair Əlizadə Nurinin “Bir başı saxlamaq baş ağrısıymış” şeiri ilə tanış olacaqsınız. 

 

 

Bunun harasına ömür deyəsən-

Arısı qəm yığan bir pətəkdir bu.

Güldana qoyduğun saxta gül ilə,

Baharı komanda keçirməkdi bu…

 

Məni də dünyaya uduzdurdular,

Bəs dünya allaha uduzar haçan?

Baxma ki, bu həyat belə qısadı 

Ömür-yol getməkdi  ulduzlaracan…

 

Bəlkə yer üzündən yaxındı sənə,

Baxma göy üzünün uzaqlığına.

Hər gün bir həqiqət ölür dünyada 

Min yalan yığılır başsağlığına…

 

Bir başı saxlamaq baş ağrısıymış,

Ölüb-arzusuna çatır adamlar.

Heç kimə üzməyi öyrətməyiblər-

Hər gün bu torpaqda batır adamlar…

 

Sevinc yalquzaqtək yaxına gəlməz,

Götürüb bəxtinə yamaq vurasan.

İlahi, bu dünya bar verə bilmir-

Bəıkə bu dünyaya calaq vurasan?!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)