“İşıqdan işığa qaralır ömür…” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət”in qələmdaşlarından olan sevilən şairimiz Ramiz Qusarçaylının tanınmış göz həkimi və şair olan Paşa Qəlbinurun doğum gününə ithafını oxucularımıza təqdim edirik. 

 

Ötən gün görkəmli alim, bənzərsiz şair Paşa Qəlbinurun doğum günüydü.  Gözümüzün işıq dostunu ürəkdən təbrik edir, nurlu ömrünün sağlam və uzun olmasını diləyirəm!

Bir gün dostum Paşaya zəng vurdum ki, sol gözüm yaşarır, nə edim, sağ olsun, dərmanın dedi... və bir də bu şeir yarandı. 

 

Sol gözüm yaşarır, Paşa Qəlbinur,

sol gözün ürəklə ilgisi varmı,

Sol gözümdə yaş var, 

sağ gözümdə nur,

ürəyin bu işdən bilgisi varmı...

 

Sol gözüm yaşarır, 

sağ gözüm baxır,

sol gözüm nə çəkir, sağ gözüm bilmir.

Ürəyim nə çəkir gözümdən axır,

gözümə baxmağa ürəyim gəlmir.

 

Üşənir sağ gözün işıq selləri,

sol gözün selindən gözüm su içmir.

Qırılır ürəyin işıq telləri

qara pərdələrdən sözüm su içmir.

 

İşıqdan işığa qaralır ömür,

işıq kölgəsində ümid əkirəm.

Qaşla göz arası göz gözü görmür,

qaşla göz arası işıq çəkirəm.

 

İşığı işığa toxumur daha,

gözün göz nişanı, ülgüsü varmı?

Özü yazdığını oxumur daha,

fələyin əlində silgisi varmı?..

 

Üz-göz baxışların rəngi qızarır,

itir üz qarası göz ağlığında.

Onsuz da dünyada işıq azalır,  

boğulur siyasi bataqlığında...

 

Bir gözüm sağçıdı, bur gözüm solçu,-

sağçıyla solçunun əlində qalıb 

işığın ayrıca ölkəsi varmı,

işığın xəlvəti bölgüsü varmı,

işığın “boz qurdu”, “ülküsü” varmı...

bir gözümdə yaş var,  

bir gözümdə nur,      

işığın işıqdan kölgəsi varmı...

 

İşığın işıqla nə ədavəti,-

işığın işıqla davası gedir,

acı göz yaşları gözümü yonur.

Vallah, ürəkdi də, bir gün bu sirri

soruşsa nə deyim, Paşa Qəlbinur...

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)